"Kəlbəcərdə mənə "maşın həkimi" deyirdi: işıqlı adam - Əvəz Cəfərov

29-05-2021 15:39

Əvəz Bəhmən oğlu Cəfərov haqqında 
 
El deyimində gözəl bir söz var, “İşıqlı adam”. Bu sözü eşidəndə nədənsə həmişə Əvəz həkim xəyalımda canlanır. Tanıyanlar bilir ki, yaraşıqlı, normal bədən quruluşuna malik olan bu gözəl insan həm gözəl həkim, nevropatoloq, həm də gözəl lətifələr sahibi idi. Demək olar ki, rayonumuzda hamı onu öz doğması kimi tanıyırdı.
Allah rəhmət eləsin, Allah o dünyasını versin. İndi Haqq dünyasındadı. Ruhu şad olsun!
Əvəz həkimlə bağlı qucaq-qucaq xatirələrim var. İnşallah imkan olduqca gələcək kitablarımda da bu haqda dolğun yazıların olacaq. Burada isə ixtisarla bir neçə xatirəmizi vermək istəyirəm.
Həkimin çoxlu dostları var idi. Bunlardan demək olar ki birinci sırada Əli Səfərov. Rayonumuzun hörmətli ağsaqqaallarından biri, Bəhmən Vətənoğlu, Məmməd Aslan və təbii ki, öz qardaşları, xüsusən Vaqif həkim. Demək olar ki həmişə onları bir yerdə görərdin. Bundan başqa onun sənətkarlara xüsusi hörməti var idi ki, bu dostluğa öz dediyi kimi onları da əlavə etmişdi ki, çox zaman lazım olurdular. Bunlardan Əbilov Əbil Qədir oğlu, Sahib müəllim, hansı ki, yaxşı dülgər idi. Maşın ustası, “Matoris Tahir” (olduğu kimi daha təbiidir) və mən. Mən o zaman mühəndislik diplomumu tərgidib maşın ustası kimi çalışırdım. Bu işi gözəl bildiyimdən həyətimdə şəraiti olan sexlərim var idi. Bu mənə imkan verirdi ki, istədiyim vaxt seximi bağlayıb hara isə dostlarımla gedə bilirdim. Deyərdim ki, bəlkə də ömrümün ən mənalı günlərini o zaman yaşamışam.
Ona görə də iş yerim məhlədə olduğundan, həm də Rayon xəstəxanası bizim evə yaxın olduğundan Əvəz həkimlə hər gün görüşürdük. O işdən çıxanda həmişə mənim seximə gələrdi. Həmişə də seximdə səliqəlilik yaratmaq mənim şakərim idi. Yeri gəlmişkən onu da deyim ki, usta işləyən zaman bacardığım qədər təmiz geyinərdim. Tanıyanlar bilir ki, mən heç vaxt iş kanbizonu geyinməmişəm. Bunu da mən özüm üçün bir mənəvi gözəllik hesab edirdim.
Bir axşam Əvəz həkim yanıma gəldi ki, gəl gedək bizə tərəf. Onsuz da işini qurtarmısan. Yəqin ki, mərkəzi küçədə Əbili də görəcəyik. Onu da götürək bizə gedək. Televizora baxdıracağam. Mən də seximi bağladım, birlikdə rayonun mərkəzinə tərəf yollandıq. Həqiqətən də bir az getmişdik ki, gördük Əbil əlində sumkası qarşımıza gəlir. Əbil ali təhsilli mühədis idi və Elektrik şəbəkəsində “Açılmadan mühafizə” şöbəsinin rəisi idi. Həm də televizor, radıo və soyuducu ustası kimi rayonda məşhur idi. Nə isə yoldan da usta Sahibi götürdük Əvəz həkim gilə gəldik.
                                             Birinci hekayət
Biz həyətdəki böyük yemək stolunun arxasında əvvəlcə çay süfrəsinə əyləşdik. Əvəz həkim ata-baba məhləsində bağlı baxçalı böyük bir həyətdə, qardaşı Vaqif həkimlə ayrı ayrılıqda gözəl üslubda tikilmiş evlərində yaşayırdılar. Hətta uşaqlar arasında o qədər mehribançılıq var idi ki, adlarını belə dəyişik salardıq. Həkim də həyətdə, böyük “Riqonda” radiosunun birini, hətta həyətdə televizor da qoymuşdu ki, lazım olanda həyətdə qulaq asmaq, baxmaq imkanı olsun.
Bir az keçmiş yemək-içmək gəldi. Gözəl abi-hava var idi. Radioda da gözəl müsiqili proqram gedirdi. Əbil sumkasını açdı, alətlərini götürdü və radionun arxasını açmağa başladı. Əvəz həkim dedi ki, nə iş görürsən?
Əbil dedi ki, həkim səs xışıltılı gəlir, səs filtrlərini tənzimləyəcəm, əlavə xışıltı sizi yormasın. Həqiqətən də bu işi o çox gözəl bacarırdı. Radionun səsini tənzimləyəndən sonra bir az hallı olan Əbil üzünü həkimə tutub dedi:- Həkim, qabaq tərəfdəsiniz, baxın görün televizor necə göstərir? Bizi gülmək tutdu. Əvəz həkim dedi:-
Əbil çox yaxşı göstərir, amma gəl bir yüz də vur, bax onda ağlın tamam başına gələcək. Hələ bilmirsən ki, arxasını açıb işlədiyin radiodu, yoxsa teleizor.  Əbilin özü də bizə qoşularaq güldü. Allah rəhmət eləsin hər ikisinə də!
                                     İkinci hekayət
Onda mən minik maşınlarının təmirinə baxırdım. Həyətdə özümün şəxsi təmir sexlərim var idi. Bir bazar günü Əvəz həkim maşınsız gəldi. Soruşdum ki, maşın hanı? Dedi ki tormoz şlankı deşilib. Evin yanında qalıb. Dedim ki, niyə bura gətirmədin? Dedi ki, tormozu olmayan maşını mən necə gətirə bilərdim? Gedək düzəlt. Təbii ki, seximi bağladım, həkimlə birlikdə onun jiqulisinin yanına gəldik. Dedim ki, otur sür gedək. Dedi ki, tormozsuz maşını mən necə sürüm?  Dedim ki, onda sən mənim maşınımı sür, mən də sənin. İkimizin də maşını ora getsin. Dedi olar. Amma Əvəz həkim bilmirdi ki, həmin gün mənim maşınımın da tormozu nasazdı. O maşınıma oturdu, yola düşdü. Mən də onun jiqulisi ilə arxasınca arxayın gəldim sexə. Bu həkimdə çox maraq doğurdu. Mən gülürdüm. Dedi ki, niyə gülürsən? Dedim ki, həkim, harda görmüsən ki, maşın ustasının öz maşınında tormoz olsun. İstəyirsən yoxla. Mənim maşınımın vəziyyəti sənin maşınından pisdi. O əvvəl inanmadı, sonra maşına oturub yoxlayanda gördü ki, mənim maşınımda da tormoz yoxdu. Gülüşdük. Dedim bax, görürsən, sən də tormozsuz maşını istəsən idarə edə bilərsən. Maşını təmir etdikdən sonra Əli dayı gəldi. Görüşdük. Əvəz həkim maşını yolda yoxladı. Sonra yanımıza gəldi və dedi:-
Əli kişi, kim nə deyir desin, maşında tormoz yaxşı şeydi. Əli dayı güldü və əlavə etdi:- 
Əvəz həkim, təkcə maşında yox, elə insanda da bəzi anlarda tormoz çox yaşı şeydi. Hamımız güldük. Allah hər ikisinə də rəhmət eləsin. Heyif o gözəl günlərdən.
                                  Üçüncü  hekayət
Yenə də öz seximdə idim. Rənmətlik Əvəz həkim öz maşını ilə gəldi. Salam-kəlamdan sonra dedi:-
Həkim, maşınımın başı ağrayır.(O mənə maşın həkimi deyirdi çox vaxt) Səhər çox çətinliklə işə salıb, qaldırıb yanına gətirmişəm. Onun həmişə belə zarafatlarına artıq öyrənmişdik. Həm də öz dadı-duzu var idi. Gülə-gülə maşını arxası tərəfə seximə verdim. Dedi ki, mən deyirəm ki, maşınımın başı ağrıyır, sən də arxasını sexə verirsən. Baş tərəfini sexə salaydın də. Dedim ki, həkim darıxma, tələsmə. Axı siz mənə həkim deyə müraciər elədiniz? Dedi ki, hə də siz də maşın həkimisiniz. Dedim ki, o qədər dostluq etmişik ki, axırda mən də həkimlər kimi etməliyəm axı. Sonra yenə Əvəz həkimə müraciətlə dedim:- 
-Həkim, mən ölüm düzünü de, Siz başı ağrayan xəstənin başına iynəni vurursunuz, yoxsa arxasına? O bərkdən gülərək dedi:- 
Hə bax bunu düz dedin, çox vaxt xəstənin arxasına iynəni vururuq. Dedim ki, mən də elə edirəm də. Zarafata hamımız gülüşdük. Sonra aydınlaşdırdım ki, sexin qabaq tərəfi daha işıqlı olduğundan belə etdim. Həm də maşını sexdən onda daha rahat özün çıxara biləcəksən. Əvəz həkimlə dostluqdan çox şey əxz eləyərdik. O həm gözəl, mənalı söhbətləri, həm balaca özünəməxsus lətifələri, həm də səxavəti ilə hamıdan fərqlənirdi. 
Dediklərimi hər bir Kəlbəcərli təsdiq edə bilər ki, bizimlə bir məclisdə yemək stolunda olanda, hələ bir dəfə də icazə verməyub ki, stolun haqq-hesabını biz ödəyək. Həmişə ya Əvəz həkim, ya da Səfərov Əli ödəyiblər. Allah hər ikisinin ruhunu şad eləsin!
                                     Dördüncü  hekayət
Bir gün gözəl payızın gözəl günlərindən biri idi. Axşam tərəfi yenə də Əvəz həkim, Əbil Qədir oğlu,  və Sahib müəllim üçü də birlikdə maşınla yanıma gəldilər. İşim qurtarmışdım. Əvəz həkim dedi:-
Yusif, öz maşınını saxla, gəl mənim maşınımla Əbili aparıb evlərinə təhvil verək, birdən yolda azıb eyləyər. Mən də razı oldum. Dedi ki, amma maşını sən idarə  edəcəksən. Bu çox vaxt belə olurdu. Sükan arxasına keçdim. Yola düşdük. Hamı tanıyırdı, ona görə bilirlər ki, Əbil şəhərin “aşağı düz” deyilən ərazisində olurdu. Gedəndə Əvəz həkim dedi ki, birbaşa gedək Çay kəndə, maşını "zapravka" edək sonra gələndə Əbili düşürərik. Mən də etiraz etmədim. Ancaq RTS adlanan ərazidən bir az aşağı keçmişdim ki, gözüm benzinin göstəricisinə sataşdı. Baxdım ki, maşının bakı siləbə-silə doludur. Dedim ki həkim niyə bizi aldadırsan, axı benzin bakında siləbə-silə göstərir. Dedi:-
Yusif, özümüzü balaca "zapravka" edək, sonra gələrik. Əsas özümüzük. Mən nə deyirəm ona qulaq asın. Çarəmiz qalmadı.
Dördümüz də Tərtər çayının kənarında yerləşən, həmişə getdiyimiz gözəl bir məkana getməli olduq. Əvəz həkim dedi, Yusif, maşının yük yerini aç, gör orada nə var. Mən jiqulinin yük yerini açdım. Maşının yük yerində adamdan başqa nə desən var idi. Ən maraqlısı isə Tərtər çayından təzəcə tutulmuş, söyüd çubuqlarına səliqə ilə düzülmüş çay qızıl balığı. Özü də yalan olmasa hər biri az qalardı ki, yarım kilo ola. Bax, Əvəz həkim belə gözəl dost, belə səxavətli idi. Nə isə oturub yaxşı yeyib içəndən sonra yenə də maşını mən sürəsi oldum. Artıq gecə idi. Birinci dəfə yolda Əbilin evi idi deyə ondan ayrıldıq. Sonra Sahib müəllimi evlərinə aparıb, həkimi öz evlərinə gətirdim. Dedim ki, həkim, bax gətirdim. İndi də sən məni apar mənim evimdə düşürt sonra gəl. Güldü ki, ayə bacarsaydım elə özün sürüb gələrdim də. Sən maşınla evinə get, səhər işə gələndə səndən alacam. Eləcə də etdim.
Səhər tezdən baxdım ki, Əvəz həkim həyət darvazasında durub məni səsləyir. Həyətə çıxdım. Evə dəvət etdim. Həyətə yendi. Qapıda  yaxşı şəraitim var idi, çardaqda da stol-stul olurdı. Hətda samovar və manqalım da öz qaydasında olardı. Bizə gələnlər bilirdi, Əyləşib çay içirdik. Birdən dedi:-
Yusif, sən Bəhmən Vətənoğlunun o təzə şerini bir də de. Dedim:-

...Bir deyilsiz, beş deyilsiz, yüzsünüz,
Dəvələrin boynu kimi düzsünüz.
Bir elin ki, ağaları sizsiniz,
Inək kimi sağılmasın, neyləsin!..

O vaxtkı bəzi vəzifəlilərə yazmışdı, rəhmətlik. Həkim dedi ki, görürsənmi, şair belə olar, lap atalarına od qoyub! Mən də təsdiq etdim. Birdən gözləmədiyim halda Əvəz həkim dedi, sən canın bu şeiri elə et ki, həkimlərə ünvanlı olsun. Yəni təkcə həkimləri tutsun. Fikirləşdim və fikri tutdum. Amma çox qəliz gəlirdi. Dedim ki, həkim, axı mən bütün həkimlərlə demək olar ki, dostam, həm də anam uzun müddət onlarla bir yerdə çalışıb. Onda hörmətdən düşərik axı?
Dedim ki, həm də çox qəliz gəlir. Dedi ki, elə qəliz olsun da. Narahat olma deyərik ki, Əvəz həkimin yaradıcılığındandır. İnanacaqlar. Nə isə məcbur oldum dedim:-

Bir deyilsiz, beş deyilsiz, yüzsünüz,
Dəvələrin boynu kimi düzsünüz.
Bir elin ki, həkimləri sizsiniz?!
Halvaları qazanlarda qaynayar,
Mollaları çirtiq vurub oynayar!

Bilirsiniz həkimə necə lzəzzət elədi?! Bu bənd də qısa müddətdə rayonumuzda marağa səbəb oldu. Sonra da dedim ki, həkim, sizə yaraşan bir şeir də həsr etmişəm, özünüzə ünvanlı. Dedi ki, de mən də eşidim. Dedim, həqiqətən də çox bəyəndi. Dedim ki, həkim, hər şey, yemək-içmək də yaddan çıxır. Amma bu yazdıqlarımız nə vaxtsa kimlərinsə oxuduğu maraqlı kitablardan birinə çevriləcək. Axı onda da gündəliklər yazırdım. Heyiflər olsun ki, hamısı düşmən tapdağında əsir qaldı. Yenə də yaddaşıma minnətdaram ki, yadımda saxlaya bilmişəm:-

Hər ürəkdə odası var,
Xoş sözü, xoş sədası var.
Həkimin öz dünyası var,
Heç kimə bənzəməz həkim.
Bir dünyadı, Əvəz həkim!

Hikmətləri qoşa-qoşa,
"Danəndədi" dost- tanışa.
Bütün Əvəzlər yığışa,
Ən başdadı Əvəz həkim.
Yoxdu sənə əvəz, həkim!

Talehi yazan Xalıqdı!
Qismətin “Qızıl balıqdı”
Xəstələrin duvalıqdı,
Dava-dərman əbəs, həkim!
Yoxdu sənə əvəz, həkim!

Dostluq adlı cəmiyyətsən,
Başdan-başa xoş niyyətsən!
Özün boyda bir hikmətsən,
Yoxdu sənə əvəz, həkim,
Əvəz həkim! Əvəz həkim!

Yusif Hüseyn
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 29-05-2021 15:39
Baxış sayı: 3678
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını