Reklam

Kəlbəcərin tarixi keçmişinin yazılmamış səhifələrində adı qalan ziyalı
21-03-2021 14:56

Zülfüqarlının ilk ali təhsilli müəllimi
Qafar Umud oğlunu təkcə doğma kəndində deyil, Kəlbəcərdə də ziyalı kimi tanıyırdılar. Bir zamanlar dövri mətbuatda – qəzet və jurnallarda, eləcə də televiziya verilişlərində zəhmət adamlarının adı daha tez-tez çəkilər və onların həyatının örnək olması barədə ağızdolusu söz açılardı. Tarla əməkçilərinin, fermada çalışanların gərgin işindən bəhs edən sil-silə verilişlər hazırlanar, nümunəyə çevrilmiş insanların özləri barədə danışılardı. Lakin, nədənsə, onların tarixi keçmişi barədə bir kəlmə olsun belə söz açılmamasının səbəbləri, sanki kimsəni maraqlandırmazdı. Bunun da əsl səbəbi müstəqil olmamağımzdan, dövlətimizin hansısa bir imperiyanın tərkibində və ya boyunduruğu altında olması imiş. Bunu çox sonralar öyrəndik. Yetmişillik sovet rejimindən qurtulan müttəfiq respublikaların hər birində «dillərə vurulmuş qıfıllar» açıldı. Onu müstəqillik, azadlıq eşqi ilə yananlar açdılar. Bundan sonra kimin kim olduğu üzə çıxdı. Məhz bundan sonra öyrəndik ki, bizim çox qədim, ulu bir keçmişimiz olub. Bu zəngin keçmişimizin hər səhifəsi bir qəhrəmanlıq epoxası imiş. Tarixdən bizə çox həqiqətlər məlum deyilmiş. Hətta, XIX-XX əsrlərdəki dəhşətli qırğınlar barədə də gələcək nəsillərimizin xəbəri olmayacaqdı, əgər müstəqilliyimizi, nəhayət ki, bərpa etməsəydik. Arxivlərimiz dil açandan sonra bir sıra tarixi şəxsiyyətlərimizin üzə çıxması ilə biz özümüzü bir daha yaxından tanımağa və tanıtmağa başladıq. Xalqımızın keçdiyi tarixi yol isə, ümumiyyətlə, çətin və məşəqqətlərdən keçməli olub. Bu illər və əsrlər ərzində baş verənlər xalqımızın inkişafı və tərəqqisində, mənfi və müsbət mənada mühüm əhəmiyyət daşımışdır. Müstəqilliyimizin bərpasından sonra xalqımızın tarixi keçmişinin araşdırılması və üzə çıxarılması mühüm məsələlərdən biri kimi öz aktuallığı ilə diqqəti cəlb etməyə bilməzdi. Bu baxımdan hər nəslin belə şəcərəsinin araşdırılmasına başlandı. Doğrudur, burada da ifrata varıldı: ümimmilli və ictimai əhəmiyyət daşımayan hadisələr də qələmə alındı. Lakin bu kiçik tarixlərin içərisində xalqımızın keçmişi ilə bağlı mühüm əhəmiyyət daşıyan məsələlər də az deyildi. Kəlbəcərin tarixi ilə bağlı aparılan araşdırmalarda da xalqımızın dünəni barədə xeyli zəngin məlumatlar üzə çıxmışdır. Məsələn, rayonda elmin, təhsilin inkişafında əməyi olanlar barədə məlumatlar əldə edilmiş, bu dağlar səltənətinin dəfələrlə yadellilər tərəfindən işğala məruz qalmasının qarşısını alanların tanıdılması istiqamətində xeyli materiallar toplanmışdır. Kəlbəcərin tarixi keçmişinin indiyə kimi yazılmamış səhifələrində xeyli ziyalımızın da adları qalmaqdadır. Belələrindən biri də 1926-cı ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuş Atakişiyev Qafar Umud oğlu idi.

Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
