Ədəbiyyatımızın Bəxtiyar Vahabzadəsi- ölümündən 11 il ötür...

13-02-2020 10:28
Şairlər, qələm adamları, ömrünü sözə bağışlayanlar ölmür. Cismani yoxluqları hər oxunan kitablarında, şeirlərində... yaşayan ruhlarında təzədən var olur,əbədiləşir.

Bu gün şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın Əməkdar incəsənət xadimi (1974), Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət Mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000) Bəxtiyar  Vahabzadənin cismən yoxluğunun 11 ili tamam olur.

Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: “Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.Ruhu şad olsun!

MƏN TÜRKƏM


Sən bizi aldatdın illərdən bəri,
Mən çərxi-fələkdən dərs götürmüşəm.
Özgə anasından süd əmənləri,
Özgə qulluğunda duran görmüşəm.

Bəsdir dözdüyümüz ölümdən betər,
Köhnə bazardakı o köhnə nırxa.
Milləti yüz yerə caladın, yetər,
Yüz arxın suyunu qatma bir arxa.

Əslimi, nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən,
Mən ilk qaynağımdan türk oğlu türkəm!

Sübutdur, dəlildir, ağlın qibləsi,
Dəyişə bilərsən adımı ancaq.
Canım çıxanadək qəlbimin səsi,
“Türkəm” – gerçəyini pıçıldayacaq.

DÜNYANIN


Baş çıxarmaq həm çətindir, həm asan 
İblisindən, mələyindən dünyanın. 
Adəm satdı bir buğdaya cənnəti, 
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq, 
Yaşamadım bir sevdamı yarımçıq. 
Əzab adlı dəyirmandan narın çıx, 
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm, 
O təpədən bu təpəyə yüyürdüm. 
Niyə qorxum kəfənindən? 
Nə gördüm 
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər, 
Ölümümüz axan vaxta borc ödər. 
Arxasınca palaz kimi sürüdər 
Bərk yapışsan ətəyindən dünyanın.

ÖMÜR

Deyirlər, çox azdır yüz il, əlli il,
İnsana bir ömür kifayət deyil.
Hələ isitməmiş öz yerimizi
Ölüm cəllad olub haqlayır bizi.

Deyirlər, şirindir dadı dünyanın,
Kaş iki olaydı ömrü insanın.
Nola, çalışsaydıq ömrün birində,
Sonra əylənəydik biz digərində.

Hərə öz ömrünə bir cürə baxmış,
Hərə bu dünyanı bir cürə anlar.
Cahanda bəs nədən zövq alacaqmış
Zəhmətin özündən zövq almayanlar?

Yüz-yüz ömür belə azdır doğrusu
Bir ömrü insana az sayanlara
Haramdır bu hava, haramdır bu su
Əylənmək eşqilə yaşayanlara.

Yaşamaq, yanmaqdır, yanasan gərək,
Həyatın mənası yalnız ondadır
Şam əgər yanmasa, yaşamır demək
Onun da həyatı yanmağındadır.

Ömrü az olsa da, qartal yenmədi
Dedi, səmalarda öz oylağım var.
Ömrün azlığından gileylənmədi
Ömrü insan kimi başa vuranlar.

«Bu dünya beş gündür»,- deyib hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var.

YAMAN DARIXMIŞAM


Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim...Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı...

Yaman darıxmışam...Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam...Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı 
Zamana ən uzun ölçü sanardım...

Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...

BİR SALAMA DƏYMƏDİ


Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?
Heç üzümə baxmadan yanımdan necə keçdin?
Sən eşqin salamını qorxuyamı deyişdin?
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun.
Şirin gülüşlərimiz, acı fəğanlarımız
Bir salama dəymədi?
Qayğılı anlarımız, qayğısız anlarımız
Bir salama dəymədi?
Sən neylədin, bir düşün!
Yalnız indi anladım; ah, sən daha mənimçün
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!…
Qop ey tufan, əs ey yel! Xəzəl olum, tökülüm
Düz beş il ürəyimdə
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən gülüm,
Bəs nə oldu? Bu həsrət bir salama dəymədi?
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadın!
Niyə sənin yolunu məhəbbətin kesmədi?…
Qazancımız de, bumu?
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır!

Dalidag.az




Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 13-02-2020 10:28
Baxış sayı: 3543
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını