Planetimizdə neçə Yeni il bayramı var?

31-12-2019 14:37

Yeni il bayramı

Yeni il Bayramı — ilin sonuncu günündən növbəti təqvim ilinə keçid ilə əlaqədər keçirilən ən populyar bayramdır. Dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Hər şeyin əvvəli olduğu kimi bu bayramın da öz tarixçəsi var. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir.

Yeni il nə vaxt olur?

Görəsən, planetimizdə neçə Yeni il bayramı var? Bu, heç də asan sual deyil.
Əvvəlcə, Yeni ili, ənənəvi olaraq, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qarşılayanlardan başlayaq: bunlar MDB məkanı ölkələri, Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya, Kanada, ABŞ, Finlandiya və bir çox başqa ölkələrdir. Bunun ardınca Yeni il yanvarın 14-də Yunanıstana qonaq gəlir və Müqəddəs Vasili günü adlanır. Uşaqlar çəkmələrini səxavətli Vasilinin onların içinə hədiyyə qoyacağı ümidi ilə sobanın yanına qoyurlar və arzularına çatırlar.
Sonra Ay təqviminə uyğun Yeni il gəlir. Onun dəqiq tarixi yoxdur, çünki yazın ilk təzə Ayı (hilal) çıxanda qeyd olunur. Ay təqvimi ilə Yeni il bayramını Çində, Malayziyada, Vyetnamda, Sinqapurda, Koreyada, Monqolustanda və Asiyanın digər ölkələrində, habelə buddizmə sitayiş edənlər keçirirlər.
Müsəlmanların Hicri təqvimi ilə Yeni il birinci ayın ilk günü daxil olur. Bu tarix hər il dəyişir.

Sonra hər il gecə ilə gündüzün bərabərləşdiyi gün — martın 21-dən 22-nə keçən gecə qarşıladığımız sevimli Novruz bayramı gəlir. Novruz Əfqanıstan, İran və Pakistanda, Orta Asiya respublikalarında və ölkəmizdə qeyd olunur. Növbəti gün, martın 22-də Yeni il Hindistanı haqlayır. Qeyd etmək lazımdır ki, Hindistanda Yeni il kimi qeyd olunan səkkiz tarix var. Aprelin 1-də — zarafatlar və oyunlar günündə Yeni ili Odessada və Birmada qarşılayırlar. Aprelin 13-də Yeni il Şri-Lankaya və Nepala, 14-də isə Laosa gəlir. Mayya tayfaları Yeni ili iyulun 16-da qeyd edirdilər. Cibuti və Nigerdə Yeni ili avqust ayında, Suriyada sentyabrın 1-də, Efiopiyada sentyabrın 11-də,Qambiyada oktyabrın 7-də, Yəməndə noyabrın 18-də, Okeaniyada və Havay adalarında noyabrın ortalarında qarşılayırlar. Yəhudilər Yeni ili (Roş xa-Şana) Tişrey (sentyabr) ayının1-ci və 2-ci günü qeyd edirlər.
Oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Hellouin (Samayna) adı ilə məşhur olan kelt Yeni ilini Şotlandiya, İrlandiya və Men adasında qarşılayırlar.
Yeni ili nə vaxt bayram etmək başlıca şərt deyildir. Əsas odur ki, qarşıdan gələn hər Yeni il insanlara xoşbəxtlik bəxş etsin.

Yeni il bayramının tarixi

Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda “qul ağaya çevrilərmiş”. Yeri gəlmişkən, “Karnaval” sözü babil dilindən tərcümədə “gəmi-dəniz” deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü — İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.
Yanvar (latınca «Yanvarus») qədim Roma ilahisi Yanusun şərəfinə adlandırılmışdır.Qriqori təqvimində ilin 1-ci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilmişdir. Rusiyada I Pyotrun fərmanına əsasən Yuli təqviminə keçilmişdir. Həmin fərmana görə yanvarın 1-i — İsa peyğəmbərin təvəllüd günü ilin əvvəli kimi qəbul edilmiş və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlanmışdır.
1918-ci ildə Sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilmişdir. Beləliklə, Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılmışdır. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilmişdir. Azərbaycan Respublikasında illərin hesablanması üçün əvvəlki kimi, yenə Qriqori təqvimindən istifadə olunur. Buna müvafiq olaraq, yanvarın 1-i istirahət günü kimi qeyd edilir.
2006-cı ildən başlayaraq, yanvarın 1 və 2-si bayram günləri hesab edilir və iş günü olmayan istirahət günləri kimi qeyd olunur.

Dalidag.az



Kateqoriya: Karusel / Sosium
Tarix: 31-12-2019 14:37
Baxış sayı: 3820
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024