Səndən ayrılanda, dağlar, cavandım...

05-10-2022 15:24
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
Qasım Qasımzadə


Kəlbəcərin İstisu sanatoriyası ərazisində qaynağa aparan yol kənarında bir qaya vardı. 1991-ci ilin bir yay günündə o qayanın fonunda Qasım Qasımzadə ilə şəkil çəkdirmişdik. Öz təşəbbüsü idi, demişdi atası ilə vaxtilə burada şəkil çəkdirib, indi istəyir məhz burada, bu qayanın yanında ikimizi də əbədiləşdirən bir ailə fotomuz da olsun. 
Ödənişi edəndən sonra fotoqraf ünvanımızı yazmışdı. Nə oldusa, foto gəlib çatmadı. İstisudakı Qasım müəllimli həmin yay indi günlərimizi xatırladıqca gözlərim önündə elə məqamlar şəkillənir ki, düşündüm hələlik bir qismi yazıya alınsa, min belə itkin fotonun nisgilini ovudar.
…1991-ci ilin iyulu idi. Qasım Qasımzadə ilə birdən ağlımıza düşdü gedək İstisuya. Kəlbəcərə aparan Ağdərə yolu erməni silahlılarının nəzarətində qalırdı. Qasım müəllim o zamanlar Kəlbəcərin Azərbaycan ziyalıları arasında simvolu sayılan əzizimiz Şamil Əsgərova telefonla zəng etdi, vəziyyəti soruşdu. Oraya hansı yolla, necə gedə bilərik deyə söhbətləşdilər. Şamil müəllim bizim üçün Ağdama QAZ-69 göndərəcəyini, həmin maşınla oradan Kəlbəcərə Murov üzərindən gedəcəyimizi dedi. 
Ailəliklə yola düşdük. 
Xatirimdədir, Murovda aşırımın bir yerində qar örtüyü təəccübümüzə səbəb olmuşdu. Maşından enib qarla əl-üzümüzü də yumuşduq. Qasım müəllim bir yaşlı nəvəsi Humayı qucağına alıb qar ərintisinin sulandığı bir yerdə onun corablarını çıxarmış, ayaqlarını buzlu suya salmışdı. 
Təəccüblə: 
- Xəstələnər, axı. - demişdim. 
Hələ ayağı yer tutmayan körpəsini bu dağlarla doğmalaşdırmaq istəyirmiş kimi:
- Heç nə olmaz, əksinə, ələ düşən məlhəm deyil, - demişdi.
Kəlbəcərə çatdıq. Şamil müəllimgildə gecələdik. Ertəsi gün İstisu sanatoriyasında yerləşdik. 
İstisu artıq əvvəlki deyildi, nimdaşlaşmış, gəlib-gedənləri xeyli azalmışdı. Deyirdilər ermənilərlə sərhəddə atışmalar da baş verir. Tanışlarımızdan orada yalnız yazıçı İsi Məlikzadə dincəlirdi. Gözəl günlər keçirdik. Bizə ara-sıra baş çəkən Şamil müəllimin iltifatı da öz yerində.
…Bir gün təkbaşına dərə uzunu axan çaya enirəm. Deyirəm çay kənarı ilə üzü yuxarı bir gedim, görüm yol məni haralara aparıb çıxarır. Bir müddət gedəndən sonra baxıram çay kənarı deyilən şey artıq yoxa çıxıb: sular nəhəng, sıldırım qayalıqların arası ilə hay-küylə axır, qayaların üstünə çıxmaq da mümkün deyil. Paltarımı bir daş üstündə tərgidib girirəm həmin dağ çayına. 
Deməli, hər iki tərəfdən sərt qayalar, ayaqlarımı çay daşları incidə-incidə axara qarşı gedirəm. Çayın ən dərin yeri sinəmə çatar, ya çatmaz. Elə bil içindən çay axan vahiməli dar dalana düşmüsən, qayaları sürtən suların şırhaşırında gedirsən, gah sağa dönməlisən, gah sola. 
Qərara gəlmişəm, bacardığım qədər getməliyəm. Çaylı dalanla xeyli gedəndən sonra qəfil sola burulmalı oluram. Və bircə anda “surətin gördükdə, ey büt, lal eylər məni...” misrasında deyilən başıma gəlir. 
Bumbuz suyun içində donub qalmışam… heyrətdən. Müdhiş bir mənzərə! İçi ilə gəldiyim çayın sularını çox ucadan yerə tökən füsunkar bir şəlalə… Töküldüyü yerdə iri, dairəvi bir hovuz da yaradıbmış. Yaranmış təbii su hövzəsinin bir kənarı daşlarla örtülü quru sahədir. 
Özümə gəlib suya baş vururam, üzə-üzə ehtiyatla yaxınlaşıb şəlalə ilə əl tutmaq istəyirəm. Tökülən sular daş ağırlığında. Əl ilə salamlaşmaq, əlbəttə, qətiyyən mümkün deyil. Şəlalə bu halıma sanki uğunub gedir, fasiləsiz gurultuları ilə qəhqəhə çəkir. Aldığım həzdən bayılmaq dərəcəsindəyəm. Yenə də xoşhallana-xoşhallana ora-bura üzürəm. Bir az dincimi alım deyə həmin quru sahəyə çıxıram. 
Oturmuşam iri bir daşın üstündə. Şəlaləni təpədən dırnağa süzmək üçün başımı bir daha yuxarı qaldıranda nə görsəm yaxşıdır?! Lap yuxarıda, sağ tərəfdə iri bir kaha. Sözün açığı, vahimələnirəm. Canıma üşütmə düşür: qayalıqlar arası belə kahalarda ancaq vəhşi heyvan yaşaya bilər. Şəlaləylə vidalaşıb gəldiyim yolla geri qayıtmağa qərarlıyam. Halıma yenə də bərkdən gülür, deyəsən. “Əlvida!” deyib aralanıram.
Sanatoriyaya dönən kimi gördüklərimi Qasım müəllimlə bölüşürəm. Onu da maraq götürür. Axı necə ola bilər, illərlə gəldiyi yerlərdir, amma belə bir gözəllikdən xəbəri yoxmuş. 
Ertəsi gün şəlalə ziyarətinə birlikdə gedirik.
- Sənin guya hər guşəsini bildiyin yerlərə bələdçiliyi mən edirəm, -  deyə onunla zarafatlaşıram. 
Bir söz demir, gülür. 
Deməli, eyni qaydada, eyni marşrutla gedib şəlalə ilə görüşürük. Qasım müəllimin də kahadan, deyəsən, gözü su içmir. Deyə-gülə çayın içi ilə qayıdırıq, gəlib çıxırıq paltarlarımızı qoyduğumuz yerə. Bu dəfə hazırlıqlı gəlmişik, dəsmalla qurulanırıq da. Təklif edir çıxaq əsas yola, üz tutaq dağlara sari, yorulunca gəzişib qayıdarıq.
Döngələrin birində yoxuşluq başlayır. Deyir:
- Ardımca gəl, kəsə yol var, yoxuşa qalxmaqdansa, yol kənarındakı cığırla gedib çıxarıq yoxuşun bitdiyi yerə. 
Arxasınca düşəndə dəhşətə gəlirəm. Dar cığır, uçurumlu sıldırımın düz kənarı. 
- Qorxuludur, getmə!
- Sənə deyirəm dalımca gəl də, qorxağın biri..., - indi də o zarafatlaşır mənimlə.
Bir-iki addım atıram, gözlərim qaralır. Aşağıda dibsiz uçurum. Çöməlib otururam. Elə bu vəziyyətdə də ördək addımları ilə bir az dal-dalı gedib ayağa dururam. 
Yola çıxıram. Qasım müəllim gözdən itib. Bərk nigaranam, yaşlı adamdır, uçurumun qırağı ilə necə gedə bilər. Cığır dar, bərkimiş torpaq zərrəcikləri ölçüsündə xırda-xırda daş dənələri də çığırı sürüşkən hala salıb. Azacıq sürüşdünsə, kəllə-mayallaq yuvarlanasısan daşlı-kəsəkli uçurumun dibinə. Dəhşət həyəcan içindəyəm. Dilimdə dua qaça-qaça yoxuşu çıxıb enirəm ki, kəsə yol dediyi o nəhs çığırın əsas yolla qovuşağına tez çatım, onu sağ-salamat görüm, ürəyim sakitləşsin. 
Uzaqdan görürəm yol üstündə dayanıb, məni təbəssümlə süzərək gözləyir, ürəyim yerinə qayıdır. 
Qasım müəllimə yaxınlaşanda yanımızdan belləri boxçalı iki yaşlı kənd qadını keçir. Biri ona “əhsən sənə” deyir. Dərhal anlayıram hansı çığırdan yola çıxdığını biliblər. O da məni həmin qadınlara  göstərib yenə dolamağından qalmır:
- Baxın, bu gənc oğlansa qorxdu, arxamca gəlmədi. 
Qadınlar bizdən aralanırlar.
- Nəyə lazım idi sənin bu risqli şıltaqlığın, - deyə onu qınağa tuturam. 
Vecinə deyil. Kefi kökdür.
Yolumuza davam edirik. Bir də baxırıq yolun sol yandan söykəndiyi dağ döşündən üzü aşağı xırda daşlar hellənir. Dayanıb diqqətlə yuxarılara zillənirik. Bir-iki dəqiqə keçmir, gözümüzə qoyun sürüsünü arxasınca aparan keçilər dəyir. Yəqin edirik ki, daş məsələsi bu keçilərin işidir, dar cığırlarda ayaqları altından çıxan daşlar sərt enişdə qarşısına çıxan daşları da yerindən qoparır, beləcə üzü aşağı daş axını yaranır. Təbiətin bu mənzərəsi də zövq vericidir. 
Tələsmirik, istəyirik çobanı da görək. Çoban da kim ola? Balaca bir uşaq. Böyüklərə xas əda ilə salamlaşır. Hal-əhval tutub kimliyimizi ona deyirik. Yeddi yaşı var. 
Qasım müəllim ondan soruşur: 
- Bəs qorxmursan bu dağlarda qabağına erməni-filan çıxar?
Uşaq ötkəm-ötkəm:
- Erməni kimdir axı bizim qabağımıza çıxa?
- Əhsən! - uşağın sözləri Qasım müəllimə ləzzət edir.
Ona nə isə verməliyəm deyə ciblərimi eşələyirəm. Əlim dəmirə dəyir, çıxarıb baxıram, dəmir nişandır. İndi nə nişan olduğu, nəyə görə cibimdə gəzdirdiyim yadımda deyil. Düşünürəm, yəqin dəyərli bildiyim bir şey imiş ki, cibimdə gəzdirirmişəm. 
Hədiyyəmi ona uzadıram:
- Məndən sənə yadigar qalsın. 
Nişanı əlinə alıb baxır, üstündəki yazıları ona anlatmağa çalışıram. Üzündə çox məmnun ifadə var. Mən də sevincliyəm. Qasım müəllimin “Allah saxlasın səni” duasıyla ondan ayrılırıq. Yolboyu o uşağın özünü, ədalarını, “erməni kimdir axı bizim qabağımıza çıxa?” sözlərini müzakirə edirik.
Xeyli yol getmişik, yorğunuq. 
- Bəlkə geri dönək, necə bilirsən? - deyirəm.
- ... Nə hərəmizə bir atın yeridir, gəzintimizi at belində yaxşıca davam etdirərdik. 
Təsəvvür edin, elə bunu demişdi ki, iki atlı yaxınlaşıb atlarından enir. 
Biri Qasım müəllimə:
- Dayı, gəl atı min, - deyir. 
Mat-məəttəlik, bu da sənə möcüzə! Həqiqətən, çaş-baş qalmışıq: 
-Bu kişi elə indicə at arzulayırdı, sizi də Allah yetirdi, - deyirəm. 
Qasım müəllim tərəddüdsüz qalxır atın belinə. Digər gənc də öz atını mənə təklif edir. İmtina edirəm. Qasım müəllim at belində, üçümüz də piyada yolumuza davam edə-edə söhbətləşirik. İki qardaş olan bu gənclər deyirlər bizi sərbəst buraxan deyillər, mütləq onların obasını ziyarət etməliyik, onlara qonaq olmalıyıq. Qasım müəllimə işarə edirəm razılıq versin. O da şərt qoyur:
- Amma elə çayınızı içib qayıdacağıq.
Dağ döşü ilə aram-aram qalxırıq. Qarşımıza bir qəbirstanlıq çıxır. İzah edirlər, yaylaqda rəhmətə gedənlərin qəbirstanlığıdır. Nəhayət, onların yan-yana düzülü alaçıqları olan obasına çatırıq. 
Gənclər bizi atalarına “qonaqlarımızdır” deyə təqdim edirlər. Hiss edirik ev yiyəsi gəlişimizdən məmnun deyil. Hərçənd çalışır bunu biruzə verməsin. 
Macəramızı ona danışırıq. Alaçıqda bizə çay süfrəsi açırlar. Bir stəkan çayımızı içib tələsməli olduğumuzu bildiririk. 
Gənclər də ki kefcil uşaqlar:
- Yox, dayı, sizi buraxdı yoxdu, bu qədər yol gəlmisiniz, şərəfinizə quzu kəsməsək olmaz. 
Qasım müəllim şərtini onlara xatırladır, ayağa dururuq. 
- Onda sizi sanatoriyaya qədər özümüz ötürməliyik.
- Yox.
Əl çəkmirlər ki, çəkmirlər. Atalarının niyə narahat olduğunu artıq anlamağa başlamışıq. Bizdən xahiş edir sanatoriyaya çatan kimi onları başa salaq ki, dərhal geri qayıtsınlar, kababxanaya-filana baş vurmasınlar. 
Xülasə, gənclərin müşayiətilə gəldiyimiz yolla geriyə dönürük. Bu dəfə biz ikimiz at belində, onlar piyada. Yolboyu başlarına gələn maraqlı əhvalatları danışırlar. Həqiqətən, macəraçı imişlər. Üstəlik də çox igid. 
Sanatoriyanın ərazisinə çatıb atlardan düşürük. Yüyənlərini veririk sahiblərinə. Qasım müəllim az qala yalvarırcasına:
- Siz allah qayıdın obaya, atanız siz sarıdan çox narahatdır, - deyir. 
- Narahat olma, dayı, - deyə atlarına qırmanc çəkib aralanırlar. 
Bir az gedib atlarının başını bir anlığa bizə səmt döndərib əl yelləyirlər. Toranlıq düşüb artıq. Arxalarınca baxırıq. Gəldiyimiz yola yox, başqa səmtə üz tutublar. Qasım müəllimin “Allah qorusun” deyə dua etməkdən başqa çarəsi qalmır. 
Deyirəm:
- Yaxşı uşaqlardır, duyğulu uşaqlardır, bir vaxtlar yəqin sən də onlar kimi olmusan, ona görə də quşları qonubmuş sənə… Səndən ayrılanda, dağlar, cavandım, indi görüşünə qoca gəlmişəm. Eləmi?
Sakitcə:
- Hə... - deyir.















Nəriman Qasımoğlu


***


GƏLMİŞƏM...

Səndən ayrılanda, dağlar, cavandım,
İndi görüşünə qoca gəlmişəm.
Qayğılar üstümə düşdü – talandım,
Üzümə üz tutub borca gəlmişəm.

Diləyim çoxsa da, gəl əsirgəmə,
Nə arzu eləsəm, yoxumdur demə.
Qaytar sən bu dəmdən məni o dəmə,
Düşmüşəm yamanca suça, gəlmişəm.

Mehribandır obaların, ellərin,
Şəfalıdır çiçəklərin, güllərin,
Məlhəm olsun deyə sərin yellərin
Sinəmi mən aça-aça gəlmişəm.

Xatirəmin güllərini üzməyə,
Cığır örtən otlarını əzməyə,
Haraylayıb gəncliyimi gəzməyə,
Yollarını quca-quca gəlmişəm.

Zəri alçı duran bəxtə-naxışa,
Möhkəmcə yaddaşa, möhkəmcə huşa,
Cağbacağ dişlərə – üyüdən daşa,
Yapdığım küt gedir, saca gəlmişəm.

Baxışda tüğyana gələn dənizə,
Qırışsız alına, gözlüksüz gözə,
Çəliksiz əllərə, əsməyən dizə,
Bükülməyən qola-qıça gəlmişəm.

Yanaqda közərən laləyə, gülə,
İlanı yuvadan çıxaran dilə,
Dayı dedirtməyən qapqara telə,
Hələ dən düşməyən saça gəlmişəm.

Damaqdan getməyən dada-ləzzətə,
Qızlar bəyəndiyi boya-qamətə,
İti, şux yerişə, taba-taqətə
Möhtac qalıb, uça-uça gəlmişəm.

Tövşümək bilməyən odlu nəfəsə…
Durnanı havada saxlayan səsə,
Tükənməz nəşəyə, bitməz həvəsə,
Hünərə, qüdrətə, taca gəlmişəm.

Ömrün zinətini illər alıbdı,
Mahir oğru kimi bir-bir çalıbdı.
Bircə sən verdiyin vüqar qalıbdı,
Hüzuruna başı uca gəlmişəm!

Qasım Qasımzadə


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 05-10-2022 15:24
Baxış sayı: 3660
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını