Canavar Rəşad - Ötərxan Eltac yazır

23-09-2022 10:30

Rəşad Rəşid oğlu Quliyev 1983-cü il sentyabrın 23-də Bakı şəhərində dünyaya göz açdı. Paytaxtdakı A.Xəlilov adına 263 nömrəli tam orta məкtəbi bitirdikdən sonra Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsilini davam etdirdi. Daha sonra isə  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinin müdavimi oldu. Çünki atası oğlunu hərbçi görmək istəmişdi. 
Onda hələ 6 yaşı vardı Rəşadın.

Rəşad təhsilini müvəffəqiyyətlə bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində cəbhə bölgəsində xidmətə başladı. Silahlı təxribatların qarşısını almaq üçün dəfələrlə düşmənin arxasına keçərək lazımi məlumatları əldə etdi. Ölümə meydan oxudu hər zaman, keçdiyi yol, cığır, kolluq, meşəlik, sərt yoxuşlar tamamilə minalansa da qorxmadı, çəkinmədi.
Polkovnik-leytenant Rəşad Quliyev 2016-cı ildə 4 günlük Aprel savaşında - Cəbrayıl-Füzuli istiqamətində mənfur düşmənə qarşı vuruşan dəstələrin önündə idi. Lələtəpə yüksəkliyinin silahlılardan təmizlənməsində fədakarlıq göstərən Rəşad sinəsini əsgərlərə sipər eləmiş, “Sizi qorumaq boynumun borcudur, çünki qarşıda hələ çox döyüşlərimiz olacaq – külli Qarabağ bizi gözləyir” – demişdi.
Hələ illər öncə Aprel savaşında göstərdiyi igidliyə görə “Canavar” ləqəbini alan polkovnik-leytenant Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də də ön xətdə idi. Çünki çoxdan gözlədiyi gün gəlib çatmışdı. Lələtəpədə, Günnütdə, Tovuzda baş verənlərdən sonra daha da amansız olmuşdu düşmənə qarşı. İllərdən bəri düşmən caynağında inləyən torpaqların, Polad Həşimov kimi generalın, qorxubilməz azman oğulların itkisi ilə barışmayan Canavar Rəşad qisas hissi ilə kükrəyirdi.  
Mətanət ana, “oğul, artıq təqaüd vaxtındır, bu gündən sonra övladların üzünü doyunca görər” – deyəndə 2020-ci ilin avqust ayı idi.
-Anacan, haqlısan, heç illərin necə sürətlə gəlib keçdiyindən xəbərim olmadı. Amma bir az da səbir elə, çünki sentyabrda üzü Qarabağa gedəcəyik. Axı çoxdandır bu günü gözləmişəm. Torpaqları azad edən kimi yanınıza dönəcəyəm, - dedi Rəşad. 
Mətanət ana tezliklə müharibənin olacağına inanmasa da, oğluna uğurlar, qələbələr dilədi.   
Rəşad məsuliyyətli, tədbirli komandir olmaqla yanaşı, həm cəsur kəşfiyyatçı, həm də mahir nişançı idi. Ağlı, dərrakəsi, fəhmi ilə sanki olacaqları öncədən duyur, ərazilərə yaxşı bələd olduğu üçün düşmənin hansı istiqamətdən hücum edəcəyini təyin edərək, öncədən tədbir görürdü. Hətta bütün mövqeləri xəritələşdirib komandanlığa təqdim etmişdi. Heç zaman yanılmamışdı Rəşad. Ona görə də silahdaşları ona inanır, güvənirdi. Hətta erməni polkovnikini UAZ-ı ilə birgə məhv etdiyi gün gözlənilən təhlükənin qarşısını almışdı.
2005-ci ildən taleyini səngərə bağlayan Rəşad Quliyev hansı posta daxil oldusa, orada bir işarə qoydu. Artıq o işarənin kimə məxsusluğu gün kimi aydın idi. Hətta işarəni görən düşmən qüvvəsi də “Canavar burada olub”, - düşünərək xoflanırdı. Kabusa çevrilmişdi Canavar, ona görə də başına pul ayırmışdılar. Snayperlər onu axtarırdı. 
Torpaqlarımızın birliyi, bütövlyü uğrunda neçə-neçə oğullarımız öz canına qıydı. Ona görə qıydılar ki, onlardan sonra gələnlər xoşbəxt və firavan yaşaya bilsinlər. Bu cənnət diyarımızda onların adlarını yaşatmaq şərəfinə nail olsunlar. İnanırıq ki, tarixin yaddaşına hopan o qəhrəman oğullarımız hər zaman qəlblərdə yaşayacaq - polkovnik-leytenant Rəşad Quliyev kimi. Və beləcə, ölümləri ilə ölməzlik qazanan həmin oğulların yazdığı qəhrəmanlıq dastanı min illər keçsə də yaddaşlardan silinməyəcək 
Tariximizin şərəfli səhifəsini gələcək nəsillərə çatdırmaq üçün 44 güünlük Vətən müharibəsində şahidi olduqlarımızı yaddaşın süzgəcindən keçirib vərəqlər üzərinə sərməyə çalışdıq. Qəhrəmanımızın anası Mətanət Quliyeva, rabitəçi Ervin Cavadov və snayper Rauf Salayevlə birgə xatiratları sözləndirdik. Və beləcə, öncə Mətanət ana ilə Rəşadlı günlərə döndük.
-İlk baxışdan nə qədər sakit görünsə də, qaynar təbiətli idi Rəşad. Heç nədən çəkinməz, qorxmaz, usanmazdı. Məhəllə uşaqları ilə futbol oynayar, qurşaq tutar, dövrünün ən maraqlı oyunlarını oynayaradı, həmişə də başçı, aparıcı, lider olaraq seçilər, fərqlənərdi. 
O, qorxu nə olduğunu anlamırdı. Dəfələrlə yıxılıb zədə alsa da, fərqinə varmır, sanki belə olmalıymış kimi yoluna davam edərdi. Dördüncü mərtəbədəki qonşunun bağlı qapısını açmaq üçün beşinci mərtəbədən su borusu və məhəccərin köməyi ilə enəndə də qorxu hiss eləməmişdi 11 yaşlı Rəşad. 
Mətin, qürurlu, əyilməz olduğu kimi həm də xeyirxahlığı ilə seçilirdi.
Uşaqların ən əyləncəli oyunu “Dava-dava” oyunu idi. Hər kəs sevərək oynayır, qarşıdakı düşməni məhv etmək üçün yüz əməldən çıxırdılar. 
O gün qarşılaşdığım hadisə məni çox heyrətləndirmişdi. Uşaqlar Rəşadı xərəyə uzadıb harasa aparırdılar. Görəsən yıxıldımı balam, ağır zədə aldımı, bəs niyə xəbər vermirlər mənə, ya Rəbbim özün kömək ol, düşüncəsi ilə xərəyə tərəf qaçdım. Ay uşaqlar, nolub axı, bu nə hərəkətdir, həyəcanımı gizlədə bilmədim.
Hamı bir ağızdan dilləndi:
-Rəşad şəhid olub!
Onda zənn elədim ki, bu bir oyundur. Sən demə, oyun zamanı xeyli düşmən məhv ediləndən sonra bir döyüşçümüz şəhid olmalı imiş, onu da Rəşad seçib. Artıq o vaxtdan uzun zaman ayırsa da bizi, 40 yaşını haqlamış həmin uşaqlar Rəşadlı günləri vərəqləməkdə mənə kömək edirlər. Onlarla qarşılaşanda mən də gənclik dövrümə qayıdır, bəxtəvər günlərin şirinliyini dadıram. Çünki onların hər biri Rəşadımın uşaqlıq dünyasının şəhdi-şirəsidir, çünki Rəşadımın ürəyi onlarla bir döyünüb, uşaqlıq sirlərini bir-biri ilə paylaşıb, eyni sinifdə eyni səhnəni bölüşüb, eyni havanı udublar. Onların yaddaşında Rəşadımın uşaqlıq xatirələri, dəlisov çılğınlığı, hökmü, qətiyyəti, səmimiyyəti və mehribanlığı özünə yer seçib. 
Rəşad hələ uşaqlıqdan şəhid olmaq üçün hazırlamışdı özünü. Çünki Qarabağda baş verən o dəhşətli qırğınlar yetişməkdə olan gənc nəslin yaddaşına həkk olunmuşdu. Düşmənin necə məkrli və hiyləgər, zalım və qəddar olduğunu, zaman-zaman torpaqlarımıza göz dikdiyini, himayədarlarına arxalanaraq silahlı təxribatlar törətdiyini bir zaman kitablardan oxuyan gəncliyimiz, artıq erməni vandalizminin canlı şahidi oldu. Ona görə də yetişməkdə olan nəsil düşmənə nifrəti ilə seçildi, qisas hissi ilə tərbiyələndi.
***



Rəşad atasını itirəndə altıca yaşı vardı. Atası onu hərbçi görmək istədiyi üçün mən də onun arzularını həyata keçirməyə çalışdım – Mətanət ana sözünə bir qədər ara verdikdən sonra aramla dilləndi:
-Ay kişi, Rəşadı hansı sahədə görmək istəyərdin?
-Hərbçi olsun, vətəninə, xalqına layiqli övlad kimi böyüsün.
Sənin peşənin (indiki Texniki Universitetin Avtonəqliyyat fakultəsini bitirmişdi, heyif ki, cəmi 36 il ömür yaşadı) davamçısı olsa necə? 
-Xeyr, mən Rəşadı hərbçi görmək istəyrəm, -demişdi Rəşid kişi.
Cəmi üç gün sonra həyatla vidalaşan ata, ailəni başsız qoysa da, Mətanət ana bütün çətinliklərə sinə gərərək həm ailəni ayaqda tutmağa çalışdı, həm də Rəşadın hərbçi olması üçün əlindən gələni əsirgəmədi, axı həm də bu bir vəsiyyət idi.
İllər ötdü. Rəşad Heydər Əliyev adına Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirib Beyləqandakı “N” nömrəli hərbi hissədə xidmətə başlayanda Mətanət ana sevinc göz yaşlarını saxlaya bilmədi. Çünki həyat yoldaşına söz vermişdi ki, Rəşadın hərbi təhsil almasında yaşıl işıq olacaq. Artıq Rəşid kişinin ruhu şad idi. Oğlunun çiynundə qoşa ulduz parlayırdı.
  Düşmənlə üzbəüz səngərdə dayanan komandir Rəşad Quliyev qisas hissi ilə döyüş əmrini gözləyirdi. Və inanırdı ki, bu dəfə heç bir qüvvə Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyəcək. Səbirsizliklə gözlənilən an nəhayət ki, yetişdi. Ordumuz bütün cinahlardan düşmənin üzərinə yeridi. Ötən illər ərzində polkovnik-leytenant rütbəsinə qədər yüksələn Rəşad Quliyev öz dəstəsi ilə ön sırada yer almışdı. Snayper Rauf Salayev də komandiri ilə çiyin-çiyinə idi.
Rauf üçün o günləri xatırlamaq, o anları sanki yenidən yaşamaq qədər ağır idi. Mətanət ana Rəşadlı günləri xatırladıqca, sanki Raufun canından can qopurdu. Göz yaşları içində qıvrılır, hislərini dilə gətirməkdən çəkinirdi elə bil. Amma susmaqla nəyi isə izah etməyin mümkünsüz olduğunu bilən Rauf yanağının nəmini sildi. 
Mənə elə gəlirdi ki, Raufun gözlərindən süzülənlər adi bir damla deyil, güllənin qırmaları idi. O qırmalar göz giləsindən çıxaraq düşmənin köksünə saplandıqca Rauf sanki bir rahatlıq tapır, için-için dincəlirdi. 
-Füzuliyə çatanda oktyabrın üçü idi. Düşmənin strateji nöqtədə keçilməz bir postu vardı. Həmin postun yaxınlığında mövqe seçdik. Artıq hava qaralmaqda idi. Həm də güclü yağış yağırdı. Əslində, yağışı biz istəmişdik uca Rəbbimizdən, çünki neçə gün idi ki, susuzluqdan əziyyət çəkirdik. Yağış suyunda dincələn, bəlkə də titrəyən ruhumuzla baş-başa idik. Hətta su ehtiyatımızı da götürmüş, matırları doldurmuşduq. Hərə bir tərəfdə səngərə qısılmışdı, yağış dayanmaq bilmirdi. O ki var islanmışdıq. Üstəlik də gecənin rənginə bələnmiş payız küləyi vücudları titrədirdi. Ay qaçıb gizlənmişdi, ulduzlardan da xəbr yox idi. Bəlkə də zülmətin yorğanını başına çəkib yatmışdılar. Gecə yarıdan keçmişdi. Saatın əqrəbləri rəqəmləri tapdalaya-tapdalaya irəliləsə də, dan yeri ağarmaq bilmirdi. Çünki təpədən-dırnağadək islanan oğullar qurulanmaq üçün Günəşin doğmasını gözləyirdilər. Elə bu an canlara bir hərarət gəldi, havada sayrışan güllələr az öncə soyuqdan titrəyən vücudları hərəkətə gətirdi. Haradasa 400 metrlik məsafədə iki tərəf arasında güclü döyüş gedirdi. Amma hansı tərəfin erməni, yaxud bizimkilər olduğunu anlaya bilmədiyimiz üçün kömək edə bilmirdik. Çarəsiz halda izləməkdə ikən üçüncü tərəf də döyüşə qoşuldu, amma yenə də hansı tərəfin bizə məxsus olduğunu ayırd edə bilmədik. Təxminən iki saatlıq atışmadan sonra dan yeri ağarmaqda idi. Artıq güllə səsləri tək-tək eşidilirdi. Elə bu an yaxınlıqda qaraltı sezdim. Komandir köməkçisi yanımda idi. Qaraltını ona da göstərdim. Dərhal silahını götürüb səngərdən çıxdı, “dur” əmri verib parolu soruşdu. 
-Mənəm, narahat olmayın, Rəşad Quliyev. Məhz indi aydın oldu ki, komandir Quliyev az öncə seyr etdiyimiz döyüşə üçüncü tərəf kimi təkbaşına köməyə gedibmiş. Bax belə oğul idi Quliyev - qorxmaz, cəsur, mərd və məğrur.
***
Rabitəçi Ervin Cavadov amansız savaşların hədiyyəsi olan qəlpələri xatirə olaraq vücudunda gəzdirir. “O qəlpələrin verdiyi ağrılar dost itkisindən dəhşətli deyil”, deyən Ervin acıları içinə çəkə-çəkə nə qədər şux görünməyə çalışsa da, baxışlarının dərinliyindən qürur qarışıq bir nisgil boylanır. Beləcə, Qələbə və itkilərimizin əmanəti olan bu acılı-şirinli hisslər ömrün sonuna kimi onu müşayiət edəcək. 
Ervin yaddaşını səhifələməyə çalışdı.
-Cəbrayıl dairəsi deyilən yerin ətrafı tək-tək ağaclardan ibarət idi. Qurumuş, kəsilmiş kötüklərdən hiss olunurdu ki, vaxti ilə hər tərəf sıx meşəlik olub. Ağacların arasında isə seyrək yaşayış evləri varmış. Bu ətrafda cəmlənməyə çalışırdıq. Mövqe seçmişdik. Rabitə cihazı Vidadi Cabbarova məxsus olsa da, bir-birimizi əvəz edirdik. Çünki cihazı çiyində gəzdirmək elə də asan deyildi. Artıq şər qarışmışdı. Qarşıdakı insanın hiss və həyəcanını duymaq mümkünsüz idi. Mövqeyimizə doğru addımlayırdıq ki, eşidilən səs qulaqlarımızı silkələdi. Hamı bir nəfər kimi dayanıb səs gələn tərəfə qulaq şəklədi. Düz eşitmişdik, kimsə bizi çağırırdı.
-Qelin bura, qelin bura!
Hamı təəccüblə bir-birinə baxdı. 
-Düzünü desəm, getmək istədim, komandir icazə vermədi. Görürsən ki, fərqli ləhcədə danışır, səbirli ol, dedi. Əslində komandirin ayıq-sayıqlığı, səbri, ağıllı taktikası o gecə hər birimizi ölümdən xilas elədi. Çünki o səsə tərəf getsəydik tələyə düşəcəkdik. 
Axı bu vaxtı kim ola bilərdi, “niyə bizi çağırır, özü niyə gəlmir” kimi fikirlər beyinlərdə dolaşmaqda ikən komandir Quliyev dilləndi:
-Sən kimsən?
-Yaxın qelin, deyaram, kimsə cavab verdi.
Komandir işarə ilə başa saldı ki, hər kəs hazır olsun, qarşıdakı ermənilərdir. Bir qədər irəliləyib eyni anda atəş açdıq, səs gələn istiqaməti darmadağın elədik. Artıq səs kəsilmişdi. 
Obaşdan həmin yerə baş çəkdik. Məlum oldu ki, düşmənin 4 nəfər Xüsusi Təyinatlısı yerindəcə gəbərdilib. Bir gün öncə həmin istiqamətdə hərəkət etməməyimiz üçün xəbərdarlığın mənasını indi anladım. Sən demə, ağacların arasındakı evlərdə düşmən qüvvələrinin, dəqiq desək 12 nəfərlik dəstənin gizləndiyindən Xüsusi Təyinatlılarımız xəbərdar imiş. 
Növbəti gün qruplara bölünüb fərqli istiqamətlərdə mövqe seçməli idik. Yolumuz kəndin içindən keçdiyi üçün komandir ehtiyatlı olmağımızı tapşırdı. Çünki evlərdə silahlıların gizləndiyini təxmin edirdi. Biz də ehtiyatla irəliləyir, hərdən qapıdan içəri boylanaraq, “şərəfsizlərdən kimsə var burada, gizlənən varsa çıxsın, alçaq olsanız da narahat olmayın, öldürməyəcəyik” deyə-deyə evlərə baş çəkir, şübhəli məqamları araşdırırdıq. Növbəti evlərdən birinə girəndə taqqıltı gəldi, amma kimsə görünmürdü. Sağa-sola göz gəzdirdik, televizor altlığının yanında kiminsə gizləndiyi gözümüzdən qaçmadı. Yaxınlaşdıq, həddən artıq kök, ağır çəkili bir qadın idi. Bizi görən kimi göz yaşlarını saxlaya bilmədi. Ya sahibsiz biri idi, ya da kök olduğu üçün qaça bilməmişdi. Düzü, yerindəcə gəbərtmək istədim, çünki Xocalıda silahsız əhalinin başına gətirdikləri müsibətlər gözüm önündə canlandı. Amma komandir Quliyev erməni qadınını qərargaha təhvil verilməsini istədi. “Bizimki silahlılardı, əliyalın insanlarla işimiz olmaz” - dedi.
***
Rəşadın qəhrəmanlığı dilə-dodağa sığmır. Onun qorxmazlığı, diribaşlığı, etibarı, sədaqəti və mehribanlığı bir yana, əsgərlərə olan diqqət və qayğısı sanki bir ata nəvazişi kimi qiymətləndirilir. O, ailədə də hədsiz qayğıkeşliyi ilə fərqlənirdi. İndi də “Rəşad başqa oğul idi” kəlməsi dillərdə dolaşır. 
Aprel savaşında Rəşadın iştirakından heç xəbərim olmayıb, ta ki Fəxri Fərmanlarla təltif olunana qədər. Qurduğu planlardan, atdığı addımlardan kiminsə xəbəri olmazdı. Ona görə də onu “Canavar” adlandırırdılar. Axı canavar qorxmazlığın, cəsarətin rəmzidir.
Bütün vəhşi, hətta ən qəddar yırtıcı heyvanlarda da qorxu hissi var. Ayı, şir, bəbir kimi vəhşilər qaranlıqda sezdiyi tappıltının kimə, yaxud nəyə aid olduğunu təyin edənə qədər gözləmə mövqeyi seçir. Yalnız tam əmin olandan sonra şikarına hücum edir. Amma canavar belə deyil, eşitdiyi tapılltı ən yırtıcı heyvana məxsus olsa belə üzərinə yeriyir. Qorxu, ürkünün nə olduğu ona yaddır. Rəşad da belə idi, canavar kimi... 
O, motoatıcı olmaqla yanaşı, həm də peşəkar kəşfiyyatçı idi. Təxminən on iki il bundan əvvəl Gülüstandan bir video göndərmişdi anasına. Orada dağılmış evlərin üzərində - havada ürək şəkli çəkmiş, öz adını anasının adı ilə birgə həkk eləmişdi ürəyin içinə. Yəni demək istəyirdi ki, bu dağılmış evlərin başı üzərində döyünən ürək sahibi bir gün torpaqlarımızı yağı düşməndən azad edərək ürək kimi bütövləşdirəcək. Axı o buna qadir oğul idi.
Silahdaşlarının dediyinə görə sakitlik olan kimi darıxması tuturdu Rəşadın. “Durun keçək o tərəfə” deyib yol alırdı işğalda inləyən torpaqlara sarı. Sədləri elə ustalıqla keçirdi ki, heç minaların da xəbəri olmurdu. Hara baş çəkirdisə, orada özünəməxsus bir iz, nişanə qoyub geri dönürdü.
...O gün Müdafiə nazirliyindən gələn nümayəndə ərazidə erməninin 20 postu olduğunu söyləsə də kapitan Quliyev “bu mümkün deyil” deyə israr etmişdi. Ona görə də postların yerini bir daha dəqiqləşdirmək, xəritələşdirmək üçün bir neçə nəfərlə kəşfiyyata çıxmış, dəqiq və səhih məlumatlarla sübut etmişdir ki, bu ərazidə deyildiyi kimi 20 post yoxdur. Nöqsansız xidmətləri nəzərə alınaraq, məhz həmin gün Rəşad Quliyev mayor rütbəsi ilə təltif olundu. 
Rəşad Ağcabədidəki “N” nömrəli hərbi hissədə çalışırdı. Harada olsa ərazinin xəritəsini çəkər, düşmən mövqelərinin hansı gücə malik olmasını göstərər, hansı mövqelərin hücum təhlükəsi ilə üzləşəcəyini işarələyərdi. Onun bu qabiliyyəti general Polad Həşimovun diqqətindən yayınmamış, hətta əlini Rəşadın kürəyinə vuraraq “halal olsun” demişdi. O vaxtdan sonra aralarında isti münasibət yaranmışdı. İllər sonra Şəmkirdə xidmət keçən general Həşimov Rəşad Quliyevi öz yanına baş əməliyyat rəisi vəzifəsinə dəvət etdi. Təəssüflər olsun ki, cəmi bir həftə sonra Tovuz istiqamətində baş verən toqquşmada namərd gülləsi vətən sevdalı generalın ürəyini birdəfəlik susdurdu. 
O gün generalın itkisi ordumuz üçün ağır bir zərbə olsa da, qisas alacaqlarına and içən oğulların arasında Rəşad Quliyev də vardı. Hələ ali hərbi məktəbi bitirərkən “Məzun”da bir ifadənin qeyd edilməsini fotoqrafdan xahiş eləmiş, “Ən böyük arzum torpaqlarımızın işğaldan azad edilməsidir” demişdir, arzusuna da çatdı.
***
Mətanət ananın yanağında təbəssüm çiçək açmışdı. Qəlbindən keçənləri sözləndirməklə rahatlanmaq istəyirdi sanki. Odur ki...
-Sentyabrın ilk həftəsi idi. Evə gəlmişdi Rəşad. Uşaqlarının əlindən tutub bazara aparanda o qədər sevinmişdim ki... Məktəbli geyimi və xeyli ləvazimat almışdılar. Qızların sevinci yerə-göyə sığmırdı. Çünki bütün istədikləri alınmışdı, həm də axı birinci sinfə qədəm qoyacaqdılar...
Elə bu arada səfərbərlik idarəsindən zəng gəldi, Rəşad himə bəndmiş kimi dərhal yola düşdü. 
İlk tədris günü bacılar atasız yola düşdülər. Mətanət ana oğlunun məktəbli illərini xatırladı. Axı o da atasız getmişdi. Əli ilə ürəyini tutdu. Elə sancırdı ki... Düşündüklərini dilinə gətirməkdən xoflandı Mətanət ana. Bir az da özünü qınadı, niyə belə düşündüyünü kəsdirə bilmədi. Gözlərini silib nəvələrinin arxasınca tələsdi. Qulaqları titrədən səs-küyün içində bəd fikirlərdən qurtulmağa çalışdı. Bacardımı...
Mətanət ana tədrisin ilk gününü videolaşdırıb oğluna göndərdi. 
-Ay maşallah, məktəbli geyimi nə gözəl yaraşır bu dəcəllərə, heyif ki, həmin gün orada ola bilmədim, demək istəyirdi ki, əlaqə kəsildi. Amma...
Bir neçə gündən sonra bütün ailəmiz bir süfrə başında idik. Rəşadın hər gəlişi toy-bayram idi bizim üçün. Çünki həm də arxa-dayaq sandığımız, ümid yerimiz, güvəndiyimiz tək kişi idi Rəşad. Həm gün maşınını satıb kredit borcunu bağladı, kəm-kəsir işləri həll etdi. Sonra boynumu qucaqlayıb: “Ana, maşına görə narahat olma, yazda gələndə təzə bir maşın alacağam, bax onda səni doyunca gəzdirəcəyəm”, dedi. Sonra yanımdan durub üzbəüz oturdu. 
-Nə fərqi var, ay oğul, yan-yana oturmuşduq da.
-Yox, ay ana, üzünə baxaraq danışmaq istəyirəm.
Sən demə, oğlum sonuncu dəfə baxırmış mənə.
***
O gün öncə birinci tabor, sonra ikinci, daha sonra isə üçüncü tabor yola düşməli idi. Son məqamda Rəşad irəli çıxaraq, “mənim taborum döyüşə tam hazırdır, icazə verin öncə mən gedim” dedikdən sonra ilk addım üçün razılıq aldı.
-Cəbrayılın mərkəzindən bir az aralıda düşmənin hərbi hissəsi yerləşirdi. Yalınqat hasarın arxasında tutduğumuz mövqe elə də etibarlı deyildi. Yəni yalnız qəlpələrdən qoruna bilirdik. Rəşad Quliyev hərbi hissə komandiri ilə məsləhətləşdikdən sonra “kim ürəklidirsə, mənimlə gəlsin, posta qalxmalıyıq” dedi. Bu onun taktikası idi. Hər döyüşə girəndə könüllü seçim edirdi. Hətta ilk dəfə bölüyün qarşısında çıxış edib demişdi ki, “mən nə qədər ki, sağam, nə qədər ki, şəhid olmamışam, bir nəfərin də burnu qanamayacaq”. O qədər çevik, diribaş idi ki, tanıdığım gündən nə onun yatdığını gördüm, nə də yemək yediyini.
Oktyabrın beşi idi. Günəş göyün solmuş yanağında paslanmış qapaq kimi görsənirdi. Buludlar küləkdən qorunmaq üçün özünü buraxmışdı hava boşluğuna. Yalnız ayaq altda əzilən yarpaqların xışıltısı, bir də hərəkət etdikcə kitelə sürtülən silahların yaratdığı səs eşidilirdi. Altı-yeddi nəfərlik dəstənin biri sağ, digəri isə sol tərəflə irəliləyirdi. Rəşad həmişəki kimi yenə də öndə idi. Rauf sözünə davam etdi.
-Nəhayət, hərbi hissənin beş addımlığına qədər yaxınlaşdıq. Kimsə bizə tərəf əl qaldırıb, səhv etmirəmsə, “Arif” deyə çağırırdı. Kim ola bilərdi, axı oradakılar ermənilər idi. Bir anlıq susduq. Komandir dilləndi:
-Kimsən? 
Cavab gəlmədi.
Əmin olduq ki, ermənidir. Komandir işarə ilə “atəş sərbəstdir”dedi.
Biz həmin yaraqlıya atəş açanda yuxarı mərtəbədən kimlərinsə baxdığını gördük. Gülləbaran edilən pəncərələr cilik-cilik olub yerə səpələnirdi. Artıq ermənilər susmuşdu, yan-yana səliqəsiz düzülmüş leşlər naşı bir rəssamın əl işinə bənzəsə də, qisas hissimizə məlhəm idi. Orada çox ləngiyə bilməzdik, qarşıdakı mövqeyə çıxmaq üçün əmr almışdıq. Həm də Xüsusi Təyinatlı Qüvvələrimizin yaxınlıqda olmasından istifadə edib işin davamını onlara tapşırdıq. 
Binanın giris qapısı zəncirlənmidi. Həm də iri qıfıl vardı. Komandir Quliyev avtomatın qundağı ilə qapını qırdıqdan sonra posta girdik. Həmin gün hava dumanlı, çiskinli idi. Döyüş getdikcə şiddətlənirdi. Digər bir bölüyümüz də əks istiqamətdə düşmənlə üzbəüz idi. Minaatanlar hər tərəfi oda qalayırdı. Hər dəqiqəsi ölüm olan post strateji nöqtədə olsa da, düşmənlə əhatələnmişdi. Komandir dərhal əmr elədi ki, hər kəs səngərə girsin. Özü isə təpənin başında yaşıllıqlar arasına uzandı. O gecə sübhə qədər yatmayan komandir hər tərəfi müşahidə elədi. Mövqelər müəyyən edildikdən sonra qarşı tərəfin susdurulması üçün obaşdan lazımi zərbələr endirdik. Yaxınlaşmaqda olan sursat dolu yük maşınını partlatdıq. Oda qalanan maşın aşıb çaya düşdü. Hətta o partlayışdan kimsə salamat qurtula bilmədi. Tab gətirməyən düşmən öz mövqelərinə çəkilməklə yanaşı, döyüşü dayandırmağa məcbur oldu. Post tamamilə nəzarətimizə keçdi.
***
Qarşıdakı yüksəklikdən bizə atəş açırdılar. Qaranlıq olduğu üçün aydın görünməsə də istiqaməti düzgün təyin eləmişdik. Komandir əl qumbarasını atan kimi bir nəfər havaya tullandı. Dərhal atəş açdım. Yanı üstə fırlanıb yerə çırpıldı. Gedib baxmaq istədim. Komandir “ehtiyatı əldən vermək olmaz, bu kafirlər çox hiyləgərdi, gözlə” dedi. Bir qədər sonra gəlib baxdım ki, həqiqətən də hədəfi yaxşı seçmişəm. Orada möhkəmləndik və məlum oldu ki, düşmənin ən böyük silah-sursat anbarından biri orada yerləşirmiş. Top mərmiləri, birdəfəlik tank əleyhinə raketlər, AQS və daha nələr... nələr. 
Komandir əli ilə işarə etdi, Cavadov, o qülləni görürsən?
-Bəli.
-O qüllə Cəbrayılın mərkəzidir, inşallah maksimum sabah axşama qədər oranı da alarıq, dedi. Amma haradan biləydik ki, komandir həmin qüllənin altında şəhadətə ucalacaq.
*** 
O gün komandir hər kəsdən bir xahiş etdi, əslində, bu həm də bir əmr idi: “Gəlin kişi kimi döyüşək, hətta yeri gəlsə şəhid olaq, amma bundan sonra analar şəhid xəbəri eşitməsin”. 
Oktyabrın altısı idi hər tərəfdən minaatanların qəlpəsi yağırdı. Səngərlərdə ac-susuz döyüşürdük. Hava da çox isti idi. Bu məqamda heyrətə gələcəyimiz bir səhnəni heç vaxt unuda bilmərəm. Komandir Quliyev UAZ-a minib düşmənin hərbi hissəsinə tərəf sürdü. Sən demə, gecə ikən harada hansı obyekt varsa hamısını bir-bir nəzərdən keçirib, hətta marketlərin yeri dəqiqləşdirib. Ora nə məqsədlə getdiyini geri döndükdən sonra anladıq. Şirə, rulet, kolbasa və əlinə nə keçmişdisə yığıb maşına doldurmuşdu. Həqiqətən də minaatanların yağışı altında heç kim o riskə getməzdi. Bunu yalnız o bacardı. Əsgərin ac və susz qalmaması üçün ölümə doğru addımladı. Maraqlı idi, bəlkə də möcüzə idi ki, UAZ heç bir gülləyə, mərmiyə tuş gəlmədən geri dönə bildi. 
Ervin xəyallar aləmindən ayrılıb fikrini tamamlamağa çalışdı.
-Cəbrayılın dairəsində idim. Xəbər gəldi ki, hərbi hissə komandirinin əmri ilə bizdən öndə olan qrupa yetişməliyəm. Elektrik qülləsinin arxasında hündür bir təpə vardı. Sülhməramlı bölük həmin istiqamətdən irəliləyərkən atəşə tutulmuşdu. Nə irəli getmək, nə də geri çəkilmək mümkün deyildi, çünki hər tərəfdən ovuc içi kimi görünürdü. Elə bu an düşmənin dronu başımızın üstdən keçdi. Təbii ki, məlumatları toplayıb arxaya ötürürdü. Həmin dəqiqə 120 mm-lik minaatanlardan bizi vurmağa çalışdılar. Xüsusi Təyinatlılarımızın bir zabiti vardı, hansı ki, o istiqamət üzrə cavabdeh şəxs idi. Bu arada məlumat gəldi ki, filan istiqamətdən yerin altından düşmən qüvvələri qarışqa sürüsü kimi çıxır. Onun qarşısını almaq üçün tədbir görülsün. Dərhal hərbi hissə komandirindən qüllədə hansısa bir qrupun olub-olmadığını soruşdular. Komandir “yox” dedi.
Xüsusi Təyinatlıların komandiri (adını unutmuşam) əsəbi halda: “Sənin məlumatın varmı ki, biz o yüksəkliyi almaq üçün nə qədər şəhid vermişik?! Dərhal bir qrup göndərin oranı tutsun.” Ora hündür olduğu üçün Cəbrayılın giriş-çıxışına nəzarət etmək mümkün idi. 
O gün xidmət yoldaşım rabitəçi ........................... orada yox idi. Bəlkə bu bir qismət idi, onu mən əvəz eləyirdim.
Hərbi hissə komandirinə dedim ki, əgər icazə verirsinizsə mən də komandirim Rəşad Quliyevlə getmək istəyirəm. Etiraz eləmədi. Dərhal yola düşdük. Biz yüksəkliyə qalxdıqca hər tərəfimizə minaatan mərmiləri səpələnsə də, əhəmiyyət vermir, irəliləyirdik. Sülhməramlıların texnikalarının yanına çatanda bir zabitlə (mayor idi) qarşılaşdıq. Daşın yanında oturub siqaret çəkirdi. 
-Bu mərmi yağışı altında hara gedirsiniz, deyə soruşdu.
-Yüksəkliyə çıxmalıyıq, orada mövqe qurmaq üçün əmr gəlib, - komandir Quliyev dilləndi.
-Görmürsünüz mərmi necə yağır?! Ora girmək ağılsızlıqdı, - deyib güldü.
Əslində, düz deyirdi, mən bunu hiss eləmişdim. Komandir də ölümə addımladığını yaxşı bilirdi, ancaq əmri yerinə yetirmək üçün addımlamalı idi. Qeyri-ixtiyarı dilləndim:
-Cənab polkovnik-leytenant, özünüz də yaxşı bilirsiniz ki, biz ölümə gedirik.
Gülümsündü, sonra əlini çiynimə qoyub dedi:
-Mənimlə ölümə getməzsən?!
-Cənab komandir, sizinlə nəinki ölümə, oradan da oyana gedərəm. Ən azından bilim ki, yanımda sizin kimi bir oğul var. Və söz verirəm ki, siz harada olsanız üç addım sizdən öndə olacağam, - dedim. Və mən düşünürəm ki, verdiyim sözə görə mən bu gün ayaq üstəyəm. 
Nə isə... Xeyli irəlilədik, artıq yüksəkliyə çox az qalmışdı. Orada silahlıların olduğunu hiss etdim. Mənə elə gəldi ki, düşmən qüvvələri bizdən qabaq oranı zəbt eləyib. Orada silahlıların olduğunu komandirə bildirəndə “təşvişə düşmə, indi dəqiqləşdirərik” dedi. Arxaya məlumat verdik, dərhal cavab gəldi ki, vurun! Biz atəş açsaq da xoşəxtlikdən hədəfləri vura bilmədik. Sən demə, XTQ üzvləri imiş, əməliyyatdan geri dönərkən düşmənin başqa bir istiqamətdən etdiyi hücumun qarşısını almaq üçün mövqe seçiblər. Hətta şəhid və yaralıların olduğunu söyləyib kömək istədilər bizdən. Biz kömək məqsədi ilə onlara tərəf addımlamaqda ikən nələrin baş verdiyini özüm də anlamadım. Gözümü açanda bədənim torpağın altında idi. Öncə elə bildim ki, minaya düşmüşəm. Qışqırdım ki, mənə kömək edin. Komandir məndən üç addım arxada idi. Onu köməyə çağırdım, nə qədər qışqırdımsa, hay verən olmadı. Artıq səsim titrəyirdi, gözlərim görsə də özümü idarə edə bilmirdim. Bu anda könüllülərdən bir nəfər yaxınlşadı. Komandiri soruşdum, arxadadır dedi. “Sən nə danışırsan, mən onu səsləyəm, hay verməyə, bu mümkün deyil”-dedim. Xahiş etdim ki, məni arxaya çevirsin. Çevriləndə komandirlə göz-gözə gəldik. Həqiqətən də aramız üç addım idi. Bir anlıq bir-birimizlə baxışdıq. Ağır-ağır nəfəs alırdı. Təəssüf ki...
Dəyəri sözə sığmayan torpaq sevgisi, valideynə, insana, insanlığa olan dəyər bir fərdin içində göyərirsə, həmin fərd azadlıq uğrunda canını qurban verməyə hazırdır. Hələ 11 yaşında “Dava-dava” oyunu zamanı şəhidliyi seçən Rəşad xərəkdə hara qoyulmuşdusa, o gün torpaqlarımızın azadlığı uğrunda şəhadətə qovuşan Rəşadım Azərbaycan bayrağına bükülərək həmin yerdə çiyinlərdən endirildi. Mətanət ana göz yaşlarını saxlaya bilmədi. 
Motoatıcı taborun motoatıcı tağımının komandiri vəzifəsindən motoatıcı taborun komandiri vəzifəsinə qədər yüksələn Rəşad Quliyev qorxmazlığı və cəsarəti ilə qəhrəmanlıq tarixi yazdı. Döyüş sona çatmamış ali məqama ucalsa da, silahdaşları onun və bütün şəhidlərin qisasını alaraq, torpaqlarımıza hakim oldular. Düşmən ordumuzun qarşısında diz çökdü. 
Nümunəvi xidmətlərinə görə illər öncə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" və "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə mükafatlandırılan polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyev 44 günlük Vətən Müharibəsində də cəsarəti, diribaşlığı, qorxmazlığı ilə düşmənə meydan oxudu. Göstərdiyi şücaətlər nəzərə alınaraq, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu. 
Dərya və İnci adında iki övladı əmanət qalıb Rəşadın. Aytən xanım ciyərparalarını - o əmanətləri qorumaq üçün Quliyevlər ailəsinin işığını alovlandırmaqla bərabər, Mətanət nənənin nəsihəti gözlərə nur, dizlərə təpərdir. İnanırıq ki, atalarının şərəf tarixini vərəqləyən körpələr hansı soyun daşıyıcısı olmaqla fəxr edib, qürur duyacaqlar. Və bu qürur dastanı dillərə keçib oba-oba, el-el dolaşacaq.


Ötərxan ELTAC
Dalidag.az









Kateqoriya: Karusel / Qarabağ
Tarix: 23-09-2022 10:30
Baxış sayı: 3316
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını