Reklam
Dünyanın ilk uçan adamı Abbas İbn Firnas
21-12-2019 15:45
Bugünkü dünyada əyləncə xarakterli balaca uçuş aparatlarından (dronlardan) sərnişin və ekipaj üzvləri daxil olmaqla 960 nəfəri daşıya bilən Airbus A380 təyyarəsinə qədər o qədər çox uçuş alətləri, o qədər çox uçuş vasitələri icad edilib ki gəl görəsən... Hətta günümüzdə ən etibarlı nəqliyyat hava yolu və təyyarələr hesab edilir. Bəs görəsən ilk dəfə uçmaq istəyən kim olub? Ya da ilk dəfə insanın səmada quşlar kimi süzülərək uçması nə vaxt və harada reallaşıb? İlk dəfə belə bir təcrübəni kim yaşayıb? Həmçinin ilk dəfə insanın səmada süzülərək uçmasını təmin edən həmin alət nədən ibarət idi?
IX əsrdə Əndülüsün Toledo və Kordova kimi mühüm şəhərlərində musiqi, sənət və xüsusilə elm dövrün digər ölkələri ilə müqayisədə çox inkişaf eləmişdi. Bu minvalla Əndülüsdəki 800 illik müsəlman mədəniyyətinin izlərini və təsiri bugünkü İspaniya və Portuqaliyada görmək olar. Hətta II Abdurrahman taxta keçəndə hər yandan müsəlman alimlərini Əndülüsə çağırmışdı. Bu dövrlərdə yaşamış alimlərdən biri də “müasir aviasiyanın öncülü” sayılan Abbas İbn Firnasdır. Hələ Rayt qardaşlarından 1024 il əvvəl miladi 850-ci illərdə Əndülüsdə Abbas ibn Firnas insanın müəyyən alətlərin köməyi ilə uça biləcəyini göstərmişdir.
Abbas ibn Firnas 810-887-ci illərdə yaşamış bərbər əsilli bir İslam alimidir. Dövrün elm və mədəniyyət paytaxtlarından biri olaraq bilinən Əndülüsdə yaşamışdır. Əndülüsün Ronda bölgəsindəki kəndlərdən birində dünyaya gəldiyi söylənir. Kordovada böyümüş və burada təhsil almışdır. Gənc yaşlarında fəlsəfə, kimya, astronomiya və ədəbiyyat sahəsindəki bilgilərə yiyələnmişdir. İbn Xəyyan “əl-Müqəddəs” adlı əsərində Abbas İbn Firnasa aid bəzi şeir nümunələri vermişdir. Elmi və ədəbi nailiyyətləri sayəsində Kordovada I Hakəmin sarayına girmiş və II Abdurrahman və I Muhamməd dövrlərində də bu mövqeyini qorumuşdur.
Ronda qayaların zirvəsində bir qala-şəhər olduğuna görə buraya qartal yuvası da deyirlər. “Rundi” təxəllüslü (Rondalı, Rondada dünyaya gələn) bir sıra müsəlman alimləri var ki, bunlardan biri də Abbas İbn Firnas ər-Rundidir. Tarixi mənbələrdə Abbas ibn Firnasın uçuşlarından birini də məhz bu yüksək qayalıqlar üzərində yerləşən qala-şəhər Rondanın yamacından özünü boşluğa buraxaraq gerçəkləşdirdiyi söylənir. Bu qədim və qayaların üzərində qurulmuş Ronda şəhəri Əndülüs Əməvilərinin 800 illik hakimiyyətdən sonra ispanlara buraxdığı ən son qalalardan biri idi.
Müasir aviasiya dedikdə ağıla daha çox 1867-1948-ci illərdə yaşamış amerikalı Rayt qardaşları (Uilber Rayt, Оrvil Rayt) gəlir. Ancaq Rayt qardaşlarından 300 il əvvəl, 1609-1640-cı illərdə yaşamış müsəlman türk alimi Həzərfən Əhməd Çələbi də düzəltdiyi qanadlarla uçmağı bacarmışdır. Əndülüsdə yaşamış Abbas İbn Firnas isə xələflərindən çox-çox əvvəl, hələ 810–887-ci illərdə üzərində heç bir güc qaynağı olmadan hava axımlarından və coğrafi şərtlərdən faydalanaraq uça bilən hava aləti düzəltmişdi.
Abbas İbn Firnas hava aləti düzəldərək ilk uçuşunu edəndə, ona baxan insanlar özünə qəsd edəcəyini düşünmüş, o isə bir müddət havada qaldıqdan sonra yerə enmişdir. Abbas İbn Firnas bu ilk uçuşunu 875-ci ildə Kordova məscidinin minarəsindən atlayaraq gerçəkləşdirmişdir. Qədim Yunanda özünə qaz tükündən qanadlar düzəldərək uçan ilk insan İkar (İkaros) əfsanəsindən sonra uçmağı bir alətlə gerçəkləşdirən Abbas İbn Firnas olmuşdur. Ancaq yerə sərt eniş eləmiş və kürəyindən yaralanmışdı. Abbas ibn Firnas uçuş alətinin quyruq hissəsini manevr etmək üçün kifayət qədər dizayn eləməmişdi.
1903-cü ildə amerikalı Rayt qardaşları ilk uçuş təcrübələrində 12 saniyə havada qalmış və 37 m məsafə qət edə bilmişdilər. Son təcrübədə isə onların uçuş aləti 59 saniyə havada qalmış və 260 m məsafə qət etmişdi. Bütün bunları göz önünə alanda Abbas İbn Firnasın miladi 875-ci ildəki uçuşlardan birində zədə alması olduqca başa düşüləndir.
Təbii ki söhbət bir insanın dünyada ilk uçuşundan getdiyinə görə burada Abbas ibn Firnasın uçuş alətinin pərvanələrinin olmasından, motorundan söz gedə bilməzdi. Burada ilk dəfə uçmaq hissinin, belə bir duyğunun müəyyən metodlarla reallaşdırma cəhdindən və bu cəhdin uğurla nəticələnməsindən söhbət gedirdi. Bəlkə də günümüzdə Abbas ibn Firnasın icad etdiyi uçuş alətlərinə bənzər, ya da daha mükəmməlini internetdən sifariş vermək, bir neçə aylıq kursdan sonra da aldığımız həmin uçuş alətləri ilə bir dağ yamacından atlayaraq havada süzülmək olar. Ancaq bütün bunları son 100-150 illik aviasiya təcrübəsinin verdiyi bilgiyə əsaslanaraq edəcəyik. Ancaq uçuşla bağlı heç bir bilgi, heç bir təcrübə olmayan bir dövrdə bunun nə qədər iddialı və nə qədər təhlükəli olduğunu anlamaq olar.
Abbas ibn Firnasın düzəltdiyi qanadlarla ilk dəfə uçmağa cəhd etməsi sanki böyük bir qar topunun dağ aşağı diyirlənməyə başlaması idi. İnsanın uçuş hekayəsi olan bu qar topu gün gələcək böyüyərək hər 90 dəqiqədə bir dünyanı dövr edən bir futbol meydançası böyüklüyündəki beynəlxalq kosmik stansiyaya və bu kimi digər vasitələrə çevriləcəkdi. İnsan uçmağı öyrəndikdən sonra haralara gedib çıxsa da, günün birində “bəs ilk uçan insan kim idi?” sualını verəndə ağıla Abbas İbn Firnas gələcək. Qeyd edək ki, Abbas ibn Firnas uçuşla bağlı aviasiya tarixində ilk addımı atsa da, bu gün İslam dünyasında onun yolunun layiqilə davam etdirildiyini demək olmaz.
İnsanın səmalardakı səyahətini başladan Abbas İbn Firnas bir çox icad və kəşfiylə müasirlərinin diqqətini cəlb eləmiş və dövrün hökmdarı tərəfindən ona “həkimul-əndülüs” (Əndülüsün hikmətli adamı) ünvanı verilmiştir.
İcad etdiyi qanada oxşar alətlərlə uçmaya cəhd edən Abbas ibn Firnas elm tarixində həm də astronom, kimyaçı, şair, fizikaçı olaraq tanınır. Kimya, fizika və astronomiya sahələrində araşdırmalar aparan alim bir-birindən fərqli bir çox sahədə çalışdı. Suların axış sürətini ölçə bilən və “əl-Makata” adını verdiyi bir su saatı icad etdi. Sadəcə misirlilərin kristal kəsməyi bacardığı bir dövrdə daşları kəsərək kristal əldə etməyin mümkün olduğunu gördü. Bununla da İspaniya Misirdən kuatz, yəni qaya kristalı almamağa başladı. Abbas İbn Firnas hələ miladi IX əsrdə şüşə sənətinin öncülü olmuşdur. Elə bu şüşəni insanların istifadə etdiyi eynək halına gətirən də məhz Əndülüs İslam mədəniyyətinin yetirməsi Abbas ibn Firnasdır. Özünə məxsus metodlarla bəzi daşlardan şüşə emal etmə yolunu tapmışdır. Mənbələrdə Abbas İbn Firnasın İslam musiqisini İspanya cəmiyyətinin mənimsəməsində böyük səyi və rolu olduğu qeyd edilir.
Abbas ibn Firnasın dünya elm tarixində adının yazılmasına səbəb olan ən əsas hadisə isə uçma aləti düzəldərək, bununla uçan Rayt qardaşlarından 1024 il əvvəl parça əvəzinə quş qanadları taxdığı bir alətlə uçmaya cəhd etməsi olmuşdur.
Alman elm tarixçisi Sigrid Hunke: “Abbas İbn Firnas düzəltdiyi bu uçma aləti ilə İkarın (İkaros) röyasını gerçəkləşdirdi” demişdir. İkar (İkaros), Yunan mifologiyasında quşların lələklərindən qanadlar düzəldərək onu arı mumu ilə belinə bağlayan və bununla da uçmağa çalışan gerçək həyatda olmayan bir personajın adıdır.
Bağdadda bir hava limanına, İspaniyada bir körpüyə və Ayda diametri 89 km olan bir kraterə “Abbas ibn Firnas” adı verilmişdir. Amerikada Corc Vaşıqton universitetinin müəllimi və kafedra müdiri olan Philib K. Hitti “Ərəb Tarixi” əsərində müsəlman elm adamı haqqında belə demişdir: “Abbas ibn Firnas ilk dəfə elmi metodlardan istifadə edərək uçmağa cəhd edən şəxsdir”.
XX əsrdə müsəlman ölkələri aviasiya texnologiyalarını, təyyarələri hələ də təbii sərvətləri qarşılığında digər ölkələrdən almağa davam edir. Sadəcə bu hal belə Abbas İbn Firnas, ya da Həzərfən Əhməd Çələbi kimi ömrünü uçmağa həsr etmiş müsəlman elm adamlarının yolunu layiqilə davam etdirə bilmədiyimizin göstəricisidir.
Abbas İbn Firnasın elmi nailiyyətlərini həzm edə bilməyən saray şairi Mumin İbn Səid bir şeirində onu belə lağa qoymuşdu:
“Uçuşunda Ankadan daha sürətli idi.
Özünü kərkənəz tükləriylə qaplamış adam”.
Nə qəribədir ki, bu şeir Abbas İbn Firnasın uçuşuna dair tarixi dəlillərdən biri olmuşdur. Adını elm dünyasına həkk edən Abbas ibn Firnas 887-ci ildə Kordovada dünyasını dəyişmişdir.yeniavaz.com
Nazim Mustafayev
Kateqoriya: Karusel / Sosium
Tarix: 21-12-2019 15:45
Baxış sayı: 2888
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02