Reklam
Almanların başına pul qoyduğu azərbaycanlı yəhudilərə niyə dəstək oldu?
04-11-2019 15:43
Alman Reyxi üçün xüsusilə təhlükəli cinayətkar" sayılan qəhrəman "əclaf" Mişel kimdir?
"
Bu insanlar barədə indiyədək çox yazılıb, deyilib. Hətta onların əməlllərindən bəhs edən film də çəkilib. Lakin 1977-ci ildə italyan kinorejissor Enso Kastellari, 2009-cu ildə isə amerikalı Kventin Tarantinonun lentlərində II Dünya Savaşı illərində Fransa və İtaliyada faşistlərə divan tutmuş diversiya qrupundan yetərincə bəhs olunmayıb. Daha doğrusu, nasistləri hürkütməyi bacarmış bu insanlar barəsindəki əsərlərlə bədiiliklə həqiqət o qədər qarışdırılıb ki, nəyin nə və kimin kim olduğunu anlamaq qayət çətin işə çevrilib.
Amma danılmaz həqiqət odur ki, yəhudilərin qisas dəstəsi kimi tanınan "Qəhrəman əclaflar" olub və yüzlərlə faşisti, həmçinin nasistlərin xidmətində olanları cəhənnəmə vasil edib.
İndiyədək çox az yerdə deyilmiş yeganə gerçəklik də var.
O, Fransa və İtaliyada 1942-1945-ci illərdə adı dillərdə dolaşan diversant dəstəsinin sıralarında azərbaycanlının da döyüşməsidir.
Həmin şəxs "qəhrəman əclaf" Məhəmməd Qurban oğlu Dadaşovdur.
"You killing four - the end of the war"
- Sizə dediklərimi anladınızmı?! Qarşınıza qoyulan məqsəd çox sadə, amma çətindir. Fransadakı partizanlar arasında faşistlərə divan tutmaq istəyən yəhudilər az deyil. Amma onların arasında diversiya işini yaxşı bacaracaq, peşəkar döyüşçüləri barmaqla saymaq olar. Siz belə adamları tapmalı, seçməli, dəstənizə qatmalısınız. Faşistlərə qarşı tamamən amansız olmalı, bu it uşaqlarına zərrə qədər rəhm etməməlisiniz. Harada faşist görsəniz öldürün. Kral Riçardın sözlərini sizə xatırladıram: "You killing four - the end of the war!" Yəni "Hamını öldürsəniz - müharibəyə son!".
... Polkovnik Qreqori MakKuin Fransanın Brest şəhərində diversant dəstəsinin üzvləri ilə söhbətini belə bitirdi. Dəstə 1942-ci ilin iyunun 15-də Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat və xüsusi əməliyyatlar idarəsinin rəhbərliyinin göstərişi ilə yaradılmışdı.
Fransa və İtaliya ərazisində faşistlərə qarşı döyüşmək üçün toplanan adamların hədəfləri də bəlli idi. Onlar Fransada birinci növbədə SS zabitləri və əsgərlərini, İtaliyada isə "duçe" Benito Mussolinin say-seçmə qvardiyası sayılan "Faşio Stampa"nın üzvlərini öldürməliydilər.
Təbii ki, hədəflərin hamısını məhv etmək mümkün deyildi.
Amma dəstə mümkün qədər çox faşist öldürməyə çalışmalıydı.
Bacardıqları qədər qəddar, acımasızcasına!
Elə öldürməliydilər ki, onların əməlləri barədə səs-səda faşistlərin arasında yayılmalı, onlar hürkməliydilər.
Britaniyanın Müdafiə Nazirliyi dəstə üzvlərinin sağ qalacağına güvənmirdi.
Elə dəstədəkiləri də həyatları çox maraqlandırmırdı.
Onların yeganə məqsədi faşistlərdən qisas almaqdı.
Məhv edilmiş ailələri, işgəncələr altında ölən və krematoriya sobalarında yandırılmış əzizlərinin uğrunda vuruşacaqdılar bu diversantlar.
Onların hamısı yəhudilərdi.
Bir qədər sonra dəstə iki yerə bölündü. 14 nəfər İtaliyada, 12 nəfər isə Fransada döyüşməyə başladı.
İtaliyada faşistlərə divan tutan yəhudilər özlərini "Bastardi senza gloria", yəni "ləyaqətsiz əclaflar" adlandırdılar.
Qrupa ilk baxışdan niyə belə əcaib ad seçilməsinin səbəbini britaniyalı polkovnik dəstənin komandiri Yakov Sinarellidən soruşanda o, demişdi: "Cənab polkovnik! Bizim ləyaqətimiz faşistlərin öldürdükləri ailələrimizin nalələrində kül oldu. Biz indi faşistləri insan kimi yox, əclaf kimi öldürəcəyik".
Mişel - ölümün qoynundan çıxıb yenidən mübarizəyə doğru
... 1941-ci ilin dekabrında Belarusun qərbində əsir düşmüş Məhəmməd Dadaşov üç ay Qomel yaxınlığındakı əsir düşərgəsində saxlanandan sonra digər əsirlərlə birlikdə mal-qaranın daşındığı vaqonlara mindirildi. Alman əsgərlərinin təpik və qundaq zərbələri ilə vaqonlara "yönləndirdikləri" əsirlərdən yerə yıxılanı, ya da əmrləri gec yerinə yetirəni dərhal güllələyirdilər.
Qomel dəmiryolu stansiyasının perronu sanki meyitxana idi: hər tərəfdə əsirlərin qanlı cəsədləri vardı.
"Yükləmə" başa çatdı, qatar tərpəndi.
Dadaşov hara aparıldığını bilmirdi.
Yalnız bildi ki, iki həftə çəkən yolda vaqondakı 86 əsirin 52 nəfəri aclıqdan, soyuqdan öldü.
Sağ qalanları Fransanın Lion şəhərindən 110 km aralıdakı əsir düşərgəsində düşürdülər.
Və Dadaşovun burada ikinci əsirlik həyatı başladı.
Üç ay sonra isə düşərgədəki iki fransalı yəhudi - Tanrı, onlar yəhudi olduqlarını faşistlərdən necə gizləmişdilər, kimsə bilmirdi - qaçmaq istədiklərini dedilər.
Hamıya yox - yalnız sovet əsiri olan beş nəfərə.
O beş nəfərin də dördü kommunistdi, biri də Ümumittifaq Kommunist (bolşevik) Partiyasına daxil olmaq üçün ərizə yazmış 23 yaşlı Dadaşov.
Aprelin 4-də 6 nəfər düşərgədən qaçır: əsirlər şəhər kənarındakı daş karxanasına aparılanda onlar maşınların meşədən keçməsini gözləyir, sonra axırdakı maşında iki faşist əsgərini boğaraq yerə atılır və özlərini ağaclığa salırlar.
İtlər hürüşür, faşistlər maşınları dayandırıb qaçanların dalına düşürlər.
4 əsir güllələrə tuş olur, iki nəfərsə qurtula bilir.
Onlardan biri Jakob adlı yəhudi, digəri də düşərgədəki fransızların "Mişel" dedikləri Məhəmməd Dadaşovdu.
Qaçanlar düz 11 gün meşələrdə dolanır, kəndlərə yaxınlaşmaqdan və ələ keçməkdən qorxaraq insanlardan aralı dururlar. Amma sonda gizlənən əsirlər "mak"ların əlinə keçir.
"Maklar və ya fransızca "magius" adlananlar Fransada faşist işğalına qarşı vuruşan partizanlardı.
Liondan 160 km aralıda Jakobla "Mişel"i tutan partizanlar onların kimliyini öyrənir və anlayırlar ki, meşədə halsız ələ keçirdikləri, aclıqdan və yorğunluqdan canlı skeletə oxşayan bu adamlardan biri fransalı yəhudi, digəri isə Sovetlər Birliyindən olan "yarıkommunist" əsgərdi.
Jakobla Məhəmməd partizanlara qoşulur və vuruşmağa başlayırlar.
1942-ci ildə Fransada faşistlərə qarşı əlahiddə yəhudi diversiya dəstəsi yaradılanda da Jakob ora qoşulan ilk "qisasçılar"dan biri olur.
Fəqət, o, ölüm və qada sınağından keçirdiyi dostu "Mişel"dən ayrı düşmək istəmir, Dadaşov da dəstəyə qoşularaq dönür "ləyaqətsiz əclaf"a.
Bu dəstə qəhrəmanlıq və cəsarəti, ələlxüsus da faşistlərə qarşı amansızlığı ilə ad çıxaracaq; Fransanın hər yerində tanınacaq, Parisdəki alman işğal administrasiyasının "Axtarılan cinayətkarlar" siyahısında ilk yerlərdən birini tutacaqdı.
Bütün bunlar sonra olacaqdı.
Hələliksə Jakobla Məhəmməd "Ləyaqətsiz əclaflar" dəstəsinin digər üzvləri təki Fransadakı müqavimət hərəkatının simvolu olan Lotaring xaçına and içərək son nəfəslərinədək faşistlərə qarşı vuruşacaqlarını dedilər.
Məhəmməd müsəlman olduğundan başqa dəstə üzvləri kimi xaçı öpmədi: sadəcə, "and içirəm" söylədi və hamı da onun niyə belə etdiyini anladı.
Laryej əməliyyatı: alman svastikası alnınıza yazılıb!
"Ləyaqətsiz əclaflar"ın Fransada ilk əməliyyatı Laryej departamentində, ispanlardan ibarət 14-cü partizan korpusunun döyüşçüləri ilə birlikdə oldu.
"Əclaflar" SS taqımının yolla irəlilədiyini görərək onları San-Klüm dərəsində mühasirəyə aldılar. Daha doğrusu, "əclaflar" dərənin iki tərəfindəki qayalıqlarda gizlənərək avtomat və pulemyotlarını aşağı tuşlamışdılar.
Karvan da dar dərə ilə keçəndə faşistlər üçün cəhənnəm başlandı.
Səkkiz saat davam edən atışmadan bir faşist də sağ çıxmadı, 6 partizansa yaralandı.
Gülləbaran səngiyəndən sonra "Ləyaqətsiz əclaflar" aşağı endilər, ölü faşistlərin başlarını kəsərək torbalara yığdılar və aparıb dərədən kənara, Laryejin cənubundakı majistral yolunun kənarına atdılar.
Faşist Almaniyasının qəzetləri bunu "fransız kommunistlərin vəhşi əməliyyatı" kimi dəyərləndirmişdi.
Üç gün sonra, axşam saat 8 radələrində Fua şəhərindəki SS əsgərlərinin yığışdığı "Melua" kafesində 11 faşist güllələndi.
Onların hamısının alınlarında bıçaqla alman svastikası kəsilmişdi.
Dörd gün keçdi, Laryen şəhərciyinin yaxınlığında 16 faşist pusquya salınaraq güllələndi.
"Ləyaqətsiz əclaflar" yalnız bir nəfəri sağ qoymuşdular.
Qorxudan dili pəltək vuran bu əsgər almanların kazarmasına çatanda alnının dərisində kəsilmiş svastikadan axan qan üzünü örtmüşdü.
O, "əclaflar"la qarşılaşdıqlarını dedi.
Laryendəki əməliyyata başçılıq edən Jakob 4 faşisti öldürən Dadaşovun əsl qəhrəman olduğunu söyləmişdi.
"Əclaflar" sonralar Parisdə alman generalı fon Şaumberq, şəhərin komendantı general fon Ritterin də aradan götürülməsində fərqlənmişdilər.
Lakin bu da çox sonralar olacaqdı.
Rejin qırğını: : yemək-içmək, yoxsa gülləbaran?
Fransanın Tuluza şəhərində almanların böyük hərbi hisssi, 5 kazarması vardı. "Ləyaqətsiz əclaflar" da bu hissələrdən birinə hücum etmək fikrinə düşsələr də, sonradan planlarını dəyişdilər və zabitləri hədəf seçdilər.
Fransadakı yəhudilərin partizan hərəkatı olan "Organisation Juvie de Combat"ın kəşfiyyatçılarından faşist zabitlərinin şəhərdə haraya toplaşmaları barədə müfəssəl məlumatlar alandan sonra onlar "Rejin" partizan zonasına daxil olaraq əməliyyata başladılar.
İlk əvvəl yəhudi partizan Sara Knutla görüşən Jakob Ayzenberq və ya sadəcə, "Jakob" Tuluzadakı "Qağayı" restoranının planını aldı.
Sonra "Ləyaqətsiz əclaflar" şəhərə girərək hücuma hazırlaşdılar.
1943-cü ilin martın 18-i Tuluzadakı faşistlərin qara gününə döndü.
Restoranda ofisiant, qulluqçu və xidmətçi kimi "işləyən" partizanlar "Qağayı"nın zabitlərlə dolmasını gözlədilər.
Axşam saat 21-də qapılar çöldən bağlandı.
Hamısı "Ləyaqətsiz əclaflar" dəstəsinin üzvləri olan "ofisiant" və "xidmətçilər" restoranın zirzəmisində gizlətdikləri silahlarını çıxararaq zala girdilər.
Etinasız olaraq, həmişəki kimi əylənən faşist zabitləri hər tərəfdən atəşə tutulanda onlar silaha əl atsalar da, artıq gec idi.
"Qağayı"da həmin gecə 46 alman zabiti öldürüldü.
Ağır yaralanıb yerə yıxılanların da ikisinin alnına bıçaqla svastika çəkildi, qalanları isə güllələnib "aşsüzən"ə döndərildi. Həmin əməliyyatda "Mişel" Məhəmməd Dadaşov 7 faşisti cəhənnəmə vasil etmişdi.
Almanların qorxulu yuxuları - ləyaqətli "ləyaqətsizlər"
"Ləyaqətsiz əclaflar" Tuluzadakı əməliyyatdan sonra çox məşhurlaşdılar. Fransadakı alman işğal administrasiyası onların hər birinin başına 200 min alman markası pul qoymuşdu.
Məhəmməd Dadaşov isə "Alman Reyxi üçün xüsusilə təhlükəli cinayətkar" sayıldığından onun ələ keçməsində yardımçı olacaq şəxsə 270 min alman markası vəd edilmişdi.
Fəqət, fransızlar bu qəhrəmanların ələ keçməsini istəmirdilər. Tam əksinə, "ləyaqətsizlər"ə yardım etməyi hər kəs özünə şərəf işi bilirdi.
Fransadakı Müqavimət Hərəkatının rəhbərlərindən biri, "Abbat Pyer" kimi tanınan Anri Antuan Qrues yaşadığı Liondan Parisə, Fransa Milli Azadlıq Hərəkatının Siyasi Şurasının üzvü və Lüksembürq Kommunist Partiyasının sədri Lüi Şarl Marksa yolladığı məktubunda yazırdı: "Əziz dost, and olsun Tanrıya ki, bütün Fransada "Ləyaqətsiz əclaflar"dan ləyaqətli insanlar az-az tapılar. Onlar faşistlərdən qisas almaqla yanaşı, onların canlarına qorxu və təşviş salıblar. İndi az qala hər alman əsgəri Fransa torpağında gəzərkən "Ləyaqətsiz əclaflar"la qarşılaşmaqdan qorxur. Məndə olan məlumatalara görə, onların arasında Sovet İttifaqından olan müsəlman əsir də var. Bu, belədir və Tanrıya dua edirəm ki, o qəhrəmana heç nə olmasın".
2007-ci ilin yanvarın 22-də dünyasını dəyişən, məzarı Normandiyadakı Estevil şəhərində olan "Abbat Pyer" 1944-cü ilin fevralında "Ləyaqətsiz əclaf"lardan Jakob və Məhəmməd Dadaşovla görüşəndə hətta kövrəlmişdi. Partizanların sərt xasiyyətinə görə "Dəmir adam" dedikləri abbatın göz yaşlarını görənlər çaşmışdılar.
Abbat isə ölümə meydan oxuyanların ağlasığmaz cəsarətinə heyran qaldığını deyirdi.
"Hansısa fövqəladə işi görmək üçün fövqəladə insan olmağa nə gərək?! Baxın bu adi insanlara: onlar adi qisasçılar yox, həyatlarını başqalarına qurban verənlərdir", - abbağ demişdi.
"Bir yerdə ölək"
"Ləyaqətsiiz əclaflar" 1994-cü ilin iyun ayına qədər faşistlərə qarşı vuruşdular, Reyxin yüzlərlə əsgər və zabitini öldürdülər. Təbii ki, faşistlər bu dəstəni nəyin bahasına olursa-olsun məhv etməyi artıq ən ümdə məqsədlərindən biri sayırdılar.
Fransadakı "Le Fracs-Tireurs" partizan hərəkatının üzvləri olan "frantirer"lərlə birgə əməliyyat "ləyaqətsiz əclaflar"ın son qisası oldu.
Franş-Konte vilayətinin Yuxarı Sona əyalətində 65 nəfərlik SS dəstəsini pusquya salan "əclaflar" özlərinin faşist pusqusuna düşdüklərini bilmədilər.
Mühasirəyə alınmış partizanlar son gülləyədək vuruşdular və onlarından bir nəfər də əsir düşmədi.
Jakob Ayzenberq və Məhəmməd Dadaşovla birlikdə 6 "əclaf" isə dəstə üzvlərinin yerdə qalanının və "frantirer"lərdən onlara qatılmış 8 nəfərin həlak olduğunu görəndən sonra geriyə çəkilərək taxıl zəmisinin içindəki anbara sığındılar.
Onlar "Birlikdə ölək!" hayqırdılar və anbarı mühasirəyə alan faşistlərin üstünə yeridilər.
... "Ləyaqətsiz əclaflar"ın harada dəfn olunduğu bilinmir. Bolondakı döyüşdə həlak olmuş partizanlar, o cümlədən Məhəmməd Dadaşovun cəsədi maşınlara dolduruldu, əsir düşərgələrindən birinə aparıldı.
Deyilənə görə, onların hamısı krematoridə yandırılıb.
Faşistlər "Ləyaqətsiz əclaflar"ın meyitlərindən də qorxurdular sən demə.
Foranş-Konte sakinləri isə indi də "Mişel"i unutmayıblar.milli
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 04-11-2019 15:43
Baxış sayı: 4625
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02