Aydın Canıyevin "İlahi İntihar"ı (Hekayə)

03-11-2019 12:03
Dalidag.az Aydın Canıyevin hekayəsini təqdim edir: 

                                                      İlahi İntihar

– Ölüm sənə nə yaraşır!
Düz iyirmi il idi bu fikri-hökmü gözləyirdi. Bütün fərasəti-gücüylə, iddiası-istəyiylə buna çalışmışdı. Nəhayət, atası son gəlişində hal-əhval tutandan, durumunu öyrənəndən sonra ürəkdən, ağrısız-əzabsız bu fikri dilinə gətirmişdi. İlk dəfəydi atasından yerlə göy qədər razı qalmışdı:
– Hər şey yaxşı olacaq, narahat olma…
– Harada? Qəbirdə?
– Hə…
Anasının dizinə baş qoyub bir az saçını sığallamağını xahiş elədi. Xoşu gəlirdi anasının əlləri düzümlü saçlarını oxşayanda. Anasıyla söhbətin sonu belə bitdi:
– Allah səni aparsaydı, nə yaxşı olardı! Ona görə yox ki, bizə verdiyin əziyyətinə dözmürük. Yox! Daha sənin əzab içində çabalamağından günümüz-güzəranımız zəqqum olub! Ölsəydin, canın qurtarardı!
Ürəkdən şaqqanaq çəkdi. Anasının göz yaşları sifətinin çopurlarında gölməçələnirdi.
– Daha mənə görə göz yaşı tökməzsən. Hər şey yaxşı olacaq…
– Harada? Haçan?
– Qəbirdə!
Anasından – otuz il qabaq oğlunun sağ qalması, xəstəliklərdən qurtulması naminə yeddi qapıya dilənçiliyə gedən, yeddi yerdən ot otlayan bu bəy nəvəsi xanım-xatın arvaddan indi eşitdiyi fikir onu dünyaya gətirmək xoşbəxtliyindən onu dünyadan getmək xoşbəxtliyinə qovuşdururdu!
İyirmi il idi anasından bunu gözləyirdi! Görünür, iyirmi il lazım olur ata-ana ömür boyu arzuladığı oğlanlarından ağrısız-əzabsız əl götürsün, itirmək qorxuları keçsin, ölümünə yanmasın…
Qardaşıyla məsələ məlum idi: hələ subay vaxtlarından “səni oğlum qədər sevirəm” dediyi qardaşının gözündən özünü tələbə vaxtı bir damla yaş edib salmışdı. Ən azından ağıllıydı, hiss adamı deyildi qardaşı…
***
İki metrlik boyu olan atasını bircə dəfə sınan görmüşdü: nənəsi öləndə. Atasının sınmağı onu da sındırmışdı! Atası nənəsi üçün qəbir qazanda büzüşmüşdü. O an atasının nə qədər büzüşdüyünə, balacalaşdığına şahid olmuşdusa, ondan sonrakı bütün dönəmlərdə də onu elə gördü! Yox, atasının o vəziyyəti görüntü kimi yaddaşında qalmadı, atası həyata elə ona göründüyü kimi davam elədi! Qırxca günə o görüntü əbədiləşdi!
Atası daha gülmürdü!
Atası daha onlarla maraqlanmırdı!
Atasının vecinə deyildi ev-eşik, toy-düyün!
Deyingən olmuşdu. İştahı qaçmışdı! Enerjili, iş-güc adamı olsa da, pensiyaya çıxıb oturmuşdu evin içində.
Kəndin himini qoyan bir nəslin, onun ilk kəndxudasının şəcərəsinin övladı kənd içinə çıxmırdı. Özünü adam içinə çıxası görkəmdən çıxarmışdı. Elə vəziyyətdə adamı heç qəbrə qoymurlar…
***
Bəy nəslindən olan anasını ağlı kəsəndən qara paltarda gördü. Ağlının kəsməyinə qalsaydı, gərək anası al da geyinəydi, şal da! Hərdən anasının onunla bir yaşında olarkən çəkdirdiyi şəkli götürüb xatırladırdı:
– Məni bu arvadla tanış elə, haralardadı?
– Ölüb…
– Haçan?
– Dədəsi öləndə…
Dəpdəqiq bilirdi ki, şəkildəki bu dünya gözəli onun doğma, doğma, doğma anasıdı! Yaşı otuza çatmamış saçları ağappaq ağaran, səsi yetimləşən, boyubatmış anası. Anası səsini qaldıranda bütün kənd bilirdi ki, Həsənin qızı babasıgildən qayıtmayan oğlunu çağırır – atasıgillə evlərinin arası iki kilometrdən çoxuydu…
İndi o səs yox idi!
İndi kəndin ağbirçəklərinin iyirmi yaşından özlərinə tay tutub xeyirdə-şərdə yanlarında, ocaq üstündə, süfrə başında oturtduqları o qadın qara paltarların içində itmişdi!
Arada anasının rəfiqələrinin (nəyə görəydisə, anasının rəfiqələri onu çox istəyir, onunla çox şit zarafatlar edirdilər) “ay şorgöz, sən bizə altdan yuxarı baxma e, bundan bir şey çıxmaz, atana de anana baxsın, bəlkə bir bacın da oldu! Onbir dayı-xalan, bir o qədər də əmi-bibin var. Səninsə bircə qardaşın…” demələrini ənkərmirdi. Elə bilirdi növbəti zarafatlarıdı. Amma onların bu zarafatları axır vaxtlar tez-tez təkrarlanırdı!
Çox sonralar, daha doğrusu, həyatı “başa düşəndə” biləcəkdi ki, ev iki göz ola-ola, oğlanları niyə o biri otaqda yox, ailəlikcə bir evdə yatırmışlar…
***
İstər atasının dostlarının, istərsə də anasının rəfiqələrinin “nə əcəb iki uşağınız var” replikalarına dədəsindən eşitmişdi: “voleybol, futbol komandası düzəltməliyəm?”
***
Həddən artıq laqeyd, belə demək olarsa, laqeydlikdən də çox, ürəksiz adam idi. Kiminçünsə darıxmaq, nə üçünsə narahat olmaq onluq deyildi. İlk dəfə – atası öz anasını, anası da öz atasını dəfn edəndən bir il sonra – Bakıda ağlına gəlmişdi ki, görəsən, valideynləri neyləyir? Onda həm atasının yumaq görkəmi, həm də anasının yaşlı görüntüsü onu kövrəltmişdi. Durub üç yüz kilometr yolu üç saata gəlməkdənsə, evə əməlli-başlı məktub yazmışdı – elə bil əsgərlikdəydi!
Onda ağlına gəlmişdi: Atamla anamı çiynimdə qəbrə aparmaram!
***
Bakıda yaxşı işi vardı. Atıb getdi kəndə. Qərarı qətiydi: zərrə-zərrə, qətrə-qətrə valideynləri özündən küsdürsün. Bunu elə etsin ki, onların da səhhəti pozulmasın, əhvalları dəyişməsin. Ağıla gəlməyən və mümkün olmayan bütün səhvləri o qədər ustalıqla edirdi və valideynlərinə etdiyi səhvlərin “düzgünlüyünü” elə başa salırdı ki, gəl görəsən! Özünə şahid Allahı gətirirdi: “hər şərdə bir xeyir var, bax mən belə eləməsəydim, elə olardı”.
Allah, din-iman tanıyan valieynləri də din-imandan, Allah məsləhətindən başqa, həm də öz ciyərparaları üçün dözürdülər.
Öyrəşirdilər!
Növbəti zıppıltılar onlar üçün sürpriz olmurdu!
Amma bir işi də var idi ki, dədəsini ona ayrı yol göstərməkdən də məhrum eləyə bilmişdi:
– Demirdin subay qızla, kəbinli arvadla işin olmasın, demirdin polis-məhkəmə-prokuror məni sənə görə çağırmasın? Bax, elədiyim işlərin heç biri onlarlıq deyil ki? İndi mən neyləyim, Allah belə məsləhət bilir!
Dədəsi də bilirdi ki, başlasa izah eləməyə Allahın sənin işlərindən xəbəri yoxdu, sənə ayrıca məsləhət buyurmayıb, onda başlayardı Qurani-kərimin bütün surələrindən ayələri sitat gətirməyə…
Nəticədə dədəsi “nə adam kimi adamsan, nə şeytan kimi şeytan, gözümə görünmə” deyirdi. Bu isə ən azından üç il ata ocağında görükməmək demək idi!
***
…Ötən üç ilə kənddəkilərdən, ondan-bundan evdən xəbər tuturdu. Ona sinif yoldaşları, kəndliləri çatdırırdılar evlərində onun üçün darıxmaqlarını.
İş elə gəirmişdi ki, sinif yoldaşı məşuqəsinin yanında eşitdirmişdi ki, get evə dəy! Məşuqəsi də götürüb aparmışdı… dədəsigilə. Dədəsi doğrudan da inanmışdı ki, iş yoldaşıdı (ancaq anasına başa düşdüyü dildə zarafatla “gəlininə çox iş tapşır” deməyə imkan tapmışdı)!
Daha üç il ötmüşdü!
Yenə də eyni mənzərə! Bu elə hesab edirdi ki, evdəkilər day onçun darıxmazlar! Yox! Bu dəfə dayısı həyatının növbəti sevgilisinin yanında giley eləmişdi!
Yenə də məşuqəsi aparmışdı onu dədəsigilə!
Növbəti üç ildə anası bəhanə onu tapmışdı ki, a bala, adımı qızına qoyubsan, gətir bir sifətini görüm!
Özünə məhəbbəti valideynlərinin ürəyindən çıxarmaq, onların nifrətini qazanmaq üçün bu dəfə əl atdığı buydu: sonbeşik qızına anasının adını qoysa da, anası üç yaşını keçmiş bu qızcığazı hələ də görməmişdi!!!
***
On ildi belə davam edirdi. Atasıyla hər dəfə söhbəti normal başlayırdı, axırda elə eləyirdi ki, növbəti “sürgün hökmü” oxunsun. Lakin bu dəfə alınmırdı. Axır naəlac qalıb “bicliyə” əl atdı:
– Vallah, imkan yoxdu – nə yaxşı olmağa, nə adam olmağa! Bax, imkanım olsa, hər gün maşınla üç yüz kilometr yolu gəlib, ayağını yuyar, yemək-içməyini verər, yorğanını sərərəm, səhər tezdən də durub nahar elətdirər, üzünü öpər, geri qayıdaram! Bax, hər gün belə edərəm! İndi mən neyləyim ki, Vladivostoka da gedirəm iş dalınca, çörək sərhədi vizasız-zadsız keçir Yaponiyaya!
Elə bilirdi dədəsi bundan sonra onu “paçka” gəldiyinə görə acılayacaq, ancaq:
– Mənim balam, mən rüşvət almadım, o boyda işdən çıxıb fəhləlik etdim ki, siz oxuyasınız, yaxşı yaşayasınız, siz də belə… Mən nə bilim ki, zamana belə olacaq. Səndən heç nə istəmirəm ki! Çalış özünçün, ailən üçün, dostların üçün yaxşı ol. Anamın ruhu haqqı, ata canı, səndən heç nə istəmirəm..
***
Əgər əvvəlki on ildə dədəsinin “sürgün hökmü”nə görə illəri bada verib zaman qatili olmuşdusa, indi də dədəsinin dərdə dözüm göstərməyinə görə utandığından gəlməyəcəkdi!
Atasına deyə bilmirdi ki, qurban olum, elə mən də heç nə istəmirəm, söy məni, qov məni, çıxart məni ürəyindən, darıxma mənim üçün, narahat olma ki, qoy rahat ölüm! Mən bu dünyanın xətrinə dəyməyindən yox, Allahın hökmünün şiddətindən qorxuram. Ona görə də istəyirəm ki, sənin gününə qalmayım!
Sən ananı dəfn edəndən sonra hər şeydən keçdin!
Mən özümü tanıyıram axı! Sən olmayandan sonra mən yeyib-içə bilrəm, deyib gülə bilərəm, “axmaq qadınlara” xoş söz deyə bilərəm, onları sığallayıb oxşaya bilərəm!
Mən özümü tanıyıram axı!
Anamdan sonra da elə…
Mənim sizə olan sevgimlə hisslərim və ağlım tərs mütənasibdir!
Mən atanın necə yaxşı, ananın necə yaxşı olmağını sizdən öyrəndim, gördüm, yaxşı ataları, yaxşı anaları görəndə, onlar haqqında eşidəndə onlara hörmətlə yanaşmağım sizdən gəldi!
***
…O bilirdi ki, onsuz da o dünyaya heç kəs heç nə aprmır!
Nəyi vardısa da hamısını xərclədi!
Bircə sevgisindən başqa!
Allahın ona belə lütfünün, belə böyük mükafatının müqabilində belə sevə bilmək qabiliyyəti verdiyinə görə Allaha yorulmadan səcdə edirdi: Allah da bilirdi ki, onun Allaha olan sevgisi valideynlərinə sevgisindən qat-qat nəhayətsizdir!
***
…Bu gün Əzrayıl İlahinin heç görmədiyi halını gördü: bu bir möminin, əməlisalehin, başqa bağışlanmışların Onun dərgahına qovuşmağından xəbər vermirdi!
Bu bir kafirin, münafiqin, zinakarın, müşrikin də hökmü verilən ərəfə deyildi!
Bu heç böyük zəfərin, ya da dağıdıcı bir fəlakətin olacağına işarə də deyildi!
Amma Əzrayıl ürəyiylə hiss edirdi ki, bu nə ölüm kimi ölümdən, nə də savab kimi savabdan xəbər deyil!
Əslində isə…
***
Onu bu dünyada heç kim heç vaxt görməyəcəkdi! İyirmi il səbirsizliklə gözlədiyi istəyinə çatmışdı. Bundan öncə isə imkan tapıb qardaşına mesaj yazmışdı: “Heç vaxt Allahdan heç nə istəmə. Alın yazısına redaktələr etmək olmaz! Hər gün səcdədə ol və başına gələnlərə görə min bir şükür et!”
***
…Üstünə onu kül edəcək benzini töküb odu çəkmək istəyəndə ağlına gəldi ki, bu gün cümə günüdü. Onun sorğu-sualdan zəhləsi gedirdi. Təbəssüm içində qürur duyduğu həm də oydu ki, o, bu dünyanın heç nəyini sevmədi – tutulmadı! Hətta boyu boyda qəbir yerini də!
Əmin idi ki, qiyamət günü onu qınayan, irad tutan, hətta öz aralarında durumuna görə lağ edən dostları, məşuqələri, düşmənləri belə heyrət edəcək! Və başa düşəcəklər ki…
Eh-h! O, heç bu dünyanı vecinə aldı ki, o da ola adamları!
***
…İlahinin nurundan ətrafa əsrrəngizlik yağırdı!
Adətən… indi isə nəinki bütün mələklərin, heç Əzrayılın bu ölümdən xəbəri yox idi!
İntihar artıq baş tutsa belə…

Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 03-11-2019 12:03
Baxış sayı: 3556
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını