Reklam

""Ceyran bulağı"nın suyundan başıma çəkəcəm, yanan ürəyimin atəşini söndürə bəlkə..." - Aşıq Hikmət/MÜSAHİBƏ
09-12-2020 14:52

Qeyd edək ki, Hikmət Ziyad oğlu Həsənov 29 fevral 1980-ci ildə Kəlbəcər rayonunun Şurtan kəndində anadan olub. Tanrı ondan istedadı əsirgəməyib. Uşaq yaşlarından aşıq yaradıcılığı ilə məşğul olub. 1993-cü ildə Kəlbəcər işğal olunduqdan sonra minlərlə soydaşımız kimi o da məcburi köçkün həyatı yaşayıb. 28 ilə yaxındı Ağdaş rayonunda məskunlaşıb. İllərin ağrısı, yurd həsrəti onun ifasına da yansıyıb, səsinə bir ayrı yanğı çöküb.
Dalidag.az əməkdaşımızın Kəlbəcərli aşıq Hikmət Həsənovla müsahibəsini təqdim edir:
-Aşıq Hikmət, artıq "ayrılıq nəğmələri"ni oxumağın sonu çatdı. İllərdir qəmə sarılan ruhunuz, sazınız indi - Kəlbəcərə qovuşmaq məqamında hansı havaya köklənib?
- Doğru deyirsiz, illərdir yurd həsrəti könlümüzü ancaq qəmə kökləmişdi. Könlün gülmürsə, sazın da gülmür, sözün də. Çox şükür indi Kəlbəcərimiz işğaldan azad olunub, qovuşmağımıza az qaldı. Ruhu dilləndirən gözəl aşıq havalarımız çoxdu. Ancaq ürəyimdən ilk olaraq, yurd yeri havası üstündə Ənvər Rzanın “Nə yaxşı görüşdük, nə yaxşı yenə” rədifli qoşmasını oxumaq keçir. Və bundan sonra sənət evimi qələbə ruhlu, şən şeirlər, nəğmələr bəzəyəcək.
-Kəlbəcərin işğalı sözsüz ki, hər bir rayon sakininin yaddaşında acı izlər buraxdı, hər kəsin həyatından qara xətt kimi keçdi. Ancaq yurd itkisi yaradıcı adamlara ikiqat ağır oldu: hər gün oranı xatırladılar, yazdılar-yaratdılar, oxudular, nəğmələr qoşdular. Siz yaranızı nə ilə sarıdınız, ağrınızı necə sakitləşdirdiniz bu illər ərzində?
- Bəli, çox acı və ağrılı bir tarix yaşadıq. 28 ildən artıq doğma yurda həsrət qalmaq heç nəyin ovuda bilməyəcəyi ağır dərddi. Ruhumuzu yaraladı nisgil, iztirab dolu bu illər. Pərən-pərən düşdü elimiz-obamız. Özümüzdən, sözümüzdən olduq. Hamı kimi məni də göynətdi bu ağrı. Çox çətin keçdi ayrılıq illəri. Biz yaradıcı adamlar digərlərinə nisbətən daha həssas olduğumuzdan yaralarımız da daha dərin oldu. Ovunmaq üçün saza-sözə sarılırdım. Ancaq sazım inlədi, sözüm nalə çəkdi. Ruhumu göynətdi yazdıqlarım, oxuduqlarım. Bircə təsəllim içimdəki inam hissi idi, bir gün Kəlbəcərə dönəcəyik deyirdi daxildən bir səs. Və bu gün o möcüzə baş verdi, Kəlbəcəri yuxularda yox, gerçəkdə görə bilmək diəyimizə çatdıq.
-Kəlbəcərin fərqli ədəbi mühiti, eləcə də dərin köklərə bağlı aşıq məktəbi var. Yəqin ki, öz ənənəsi olan aşıq məktəbini gələcəkdə inkişaf etdirmək, yaşatmaq fikrindəsiniz?
-Ümumiyyətlə, Kəlbəcər öz gözəlliyi, əsrarəngizliyi ilə necə fərqlənirsə digər bölgələrimizdən, burdakı ədəbi mühit, saz-söz sənəti də digərlərini təkrarlamır. Aşıq Qurban ənənəsinə söykənən, Dədə Şəmşir sənətindən bəhrələnən aşıq məktəbi bu gün də yaşamaqda və fəaliyyət göstərməkdədir. Neçə-neçə adlı-sanlı imzalar məhz bu məktəbin yetirməsidi. Mən də bu sənətin davamçısı olaraq məktəbimizi inkişaf etdirmək, yaşatmaq üçün əlimdən gələni edirəm. Və gələcəkdə bu ənənəni Kəlbəcərdə davam etdirməyi düşünürəm.
-Saz-söz sənətinin sirlərinə necə yiyələnmisiniz, ustadınız kimdi? Neçə ildi aşıq kimi fəaliyyət göstərirsiniz?
-Biz kəlbəcərlilər saza, sözə beşikdəykən alışmışıq. Uşaqlıqdan aşıqlarımızı dinləmişəm, aşıq havalarına, şeiriyyətə vurğunluğum məni bu sənətə bağlayıb. Təbii ki, istedad, bacarıq olmasa bu sənətdə addımlamaq mümkün deyil. Sənətə vurğunluq, sevgi nailiyyət qazanmaq üçün təkan amilləridi. Çox aşıqlarımızla məclilislərdə olmuşam. Məktəb keçdiyim, dərs aldığım fərdi müəllimim olmayıb. Ancaq ustad aşıqlardan bəhrələnmişəm
-Başdan-başa müqəddəs ocaq olan Kəlbəcərə dönəndə ilk olaraq haranı ziyarət etməyi nəzərdə tutmusuz?
-Vallah, Kəlbəcərə qayıtmaq möcüzə kimi gəlir mənə. Hislərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Mənfur düşmənin yurd yerlərimizdə törətdikləri vandallıqlar adamı dəhşətə gətirir. Amma nədə olsa dağlarla görüşə tələsirəm. Qayıdan kimi əvvəlcə ulularımızın məzarlarını, uçmuş, dağlmış evimizi ziyarət etmək istəyirəm. Sonra "Ceyran bulağı"na gedib bumbuz suyundan başıma çəkəcəm, illərdir nisgildən yanan ürəyimin atəşini söndürə bəlkə...
-Yaradıcılığın əsas şərtlərindən biri də öz yolunun, dəsti-xəttinin olmasıdı. "Şirin barmaqlarınız", xoş avazınız var. Başqalarından fərqlənmək üçün bunlar bəs edirmi, ya istedadınızın biz bilmədiyimiz tərəfləri də var?
-Bəli, düz buyurursuz, yaradıcılıqda fərqlənmək, öz yolunun olması uğurun açarıdır. Sənətə gəldiyim gündən bu mənim amalım olub - təkrarçı olmamaq, öz yolunu yaratmaq. Dinləyicilərdən özünəməxsus ifa tərzimin, könülləri dindirən xoş avazımın olmasını eşitmək çox xoşdur. Hardasa amalıma çatdığımı deməyə əsas verir. Dəyəriniz üçün sizə də təşəkkür edirəm.
Söhbətləşdi: Sevinc Qərib
Dalidag.az



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
