Reklam
Sənət yanğısı və ya "Nəsillər tanısın, Tofiq Bayramam"
21-08-2020 18:57
Kimdi Tofiq Bayram? Bu sualla mühazirə dediyim auditoriyalarda dönə-dönə tələbələrə, tədbirlərdə, görüşlərdə dinləyicilərə müraciət etsəm də, qənaətbəxş bir cavab ala bilməyib təəssüflənmişəm. 60-80-ci illər Azərbaycan ədəbiyyatının, poeziyasının ən aparıcı simalarından biri olan bu görkəmli, vətənparvər şairi, əsl ədəbiyyatın, sənətin, musiqinin təssübkeşini təəssüf ki, indi müasir gəncliyimiz tanımır. Özü də təkcə onumu? Tofiq Bayramın vurğunluqla şeir həsr elədiyi görkəmli qələm adamlarını, bəstəkarları, rəssamları necə, lazımi səviyyədə tanıyanlar varmı? Bunun günahkarı hər şeyi üstünə yaxdığımız zəmanə ilə birlikdə həm də elə bizim özümüz deyilikmi?
Eldə belə bir deyim var: “Nədən qorxursansa, başına gəlir”. Tofiq Bayram “Ucuzlaşmış kitablar mağazasında” adlı şeirində ucuzlaşmış kitabları “naşı sənətkarların öz sağlığında yazılan nekroloqu” adlandırır, hələ o zaman “ən yüksək qonorar həzm edən şəxslər”in kitablarının ucuzlaşmasını fəlakət kimi təqdim edir, qoca kitab satıcısının dili ilə deyirdi ki, ay oğul, dövlətin, xalqın pulları bu kitabları nəşr etməklə havaya sovrulur. Həmişə dəyərli söz sorağında olan tələbkar şair öz əsərlərinin dili ilə özünə belə deyirdi:
Varaqlar çırpınır: - Yaxın gəl, dinlə!
Ürəksiz, ilhamsız az qaralt bizi.
Gördün isinmirik hərarətinlə,
Heç kimə göstərmə, oda at bizi!
Yandır öz əlinlə nə qədər vaxtdır,
Gözdən uzaq olaq, əllərdən iraq.
Yoxsa ki, özgəsi yandıracaqdır,
Üstəlik sənə də tənə vuracaq.
Taleyin nə olar düşsən o günə?
Kitaba ən ucuz söz niyə qonsun?
Sənin ki, çökməyib torpaq üstünə,
Bizim üstümüzə toz niyə qonsun?
Özünə həddindən artıq tələbkar, əsərlərinin gələcək taleyindən narahat sənətkar şeirini bu misralarla bitirirdi:
Dükandan çıxıram səssiz, ahəstə,
Fikrimdə öz qayğım, öz acılarım...
Deyirəm, ay mənim oxucularım,
Gəlməyin, gəlməyin qəbrimin üstə.
Bir gün ucuzlaşsa şeir kitabım,
Gəlin qəmli-qəmli siz bu dükana.
Gəlin, o kitabı axtarın, tapın,
Mənim qəbrim bilib yas tutun ona.
Öz-özümə təəssüflə dedim ki, bu sarıdan narahat olma, gözəl şairimiz, indi elə bir kitab mağazası varmı ki, oxucular gəlib sənin “ucuzlaşmış” kitablarını da alalar? İndi dəyər meyarları dəyişib... Ucuzlar baha “sırınır” xalqa, elə bil dəyərlilərdən söhbət açmaqdan da qorxurlar, çünki müasir gənclik əsl sənət adamlarını tanısa, o “baha” təqdim olunanların ucuzluğu, daha doğrusu, dəyərsizliyi aydınca görünə bilər axı?!
Tofiq Bayram bədii sözün ilahi gücünə inanır, elə buna görə də yaradıcılığa olduqca böyük dəyər verirdi. Onun şeirlərinin əksəriyyətində, xüsusən, “Zorla şair olmazsan”, “Dağlar və şairlər”, “Şair haqqında düşüncələr”, “Bədxahlarıma”, “Dost töhməti”, “İllər boyu”, “Gəlin açıq danışaq”, “Öz adın olsun” və s. Tofiq Bayramın şeir sənətinə estetık münasibəti, poeziyanın səfərbəredici gücünə inamı öz bədii əksini tapmışdır.
Qənaətlərimi əsaslandırmaq üçün bəzi nümunələr gərirməyə ehtiyac duyuram: “Yox, qafil, yarımçıq sənətkar olmaq Ağırdır yarımçıq doğulmaqdan da”; “Bir qoşma deməklə dağdan, arandan, Şairlik olmayır, ad-san olmayır. Dəmiri əridən, qaya yarandan Şairin zəhməti asan olmayır”; “Gəzirsən, saçların dönür gümüşə, Tapdığın qızıldan qiymətli olur”; “Həyat daha şirin olur şairə Ən gözəl şeirini yaradan zaman”, “Bəlkə şair olmuş hər kəsdən əvvəl İlk dəfə ürəyi ağrıyan insan?”; “O gərək can qoya, ürək əridə, Qəm ona əbədi bir yük olubdur. Dərdi böyük xalqın şairləri də Sənətdə həmişə böyük olubdur”; “Bir şair köksünə dəyən mərminin Qəlpələri dəyir bütün bir xalqa”; “Bütün insanların ən böyük andı Deyirəm, qoy şair vicdanı olsun” (“Şair haqqında düşüncələr”); “Təzə bir şeirlə cavab verirəm Səssiz güllələrin ağrısına mən”; “Bədxahı tapılmaz istedadsızın, Ortabab şairin rəqibi olmaz”; “Tərif sərxoşunu top da ayıltmaz, Diksinməz, üstünə qonan şeh olsa. İlham bir qonaqdır, küsdü, qayıtmaz, Sənətkar özündən müştəbeh olsa”; “Hamar yollar ilə gələn şairin Əvvəli tərifdir, sonu faciə”; “Mənim cəbhəm kimi möhkəm cəbhə yox, Atəş nöqtələrim odlu sətirlər” (“Bədxahlarıma”); “İnan ki, həqiqi sənətkarların özü bir yerdədir, sözü min yerdə”; “Şairlik döyüşdür, rahatlıq deyil, Yürüş meydanıdır, yarış meydanı” (“Dost töhməti”). - Ayrı-ayrı şeirlərdən seçib götürdüyümüz bu misralar Tofiq Bayramın bədii yaradıcılığa münasibətini, ümumiyyətlə, sənətdən umduqlarını göstərmək baxımından maraq doğurur. Bu misraların hamısını geniş şəkildə şərh eləməyə o mənada lüzum yoxdur ki, onların hər biri şairin düşüncələrinin, prinsiplərinin, sənətə münasibətinin mahiyyətini açmaq gücündədır. Ən maraqlı cəhət ondan ibarətdir ki, Tofiq Bayram bütün səntkarları bəşəriyyətin taleyinə cavabdeh bir varlıq kimi təqdim edir. Ona elə gəlir ki, bədii sözün, ümumən sənətin gücü ilə “mənəm-mənəmlik”dən, “mənim-mənimlik”dən, müharibələrdən, qırğınlardan, hər cür fəlakətdən qurtarmaq mümkündür. Ona görə o, BMT-nin iclas salonunun şeir salonuna dönməsini arzulayır. “Üryan gəzə-gəzə milyon körpələr Şinel tikirsiniz milyon əsgərə” qənati də çox düşündürücüdür:
Sizə nəğmələrdən hörərik çələng,
İnsanlar, nəğmə də bir səadətdir.
Xalqı ucaltmayıb nə top, nə tüfəng,
Xalqı ucaldan da şeir, sənətdir.
Vətəndaş şairlər, böyük şairlər,
Kəlmələr alovdan, oddan yoğrulsun!
Şairlər hər xalqın rəhbəri qədər
Milyon talelərə cavabdeh olsun.
Şeirdə meteor gücü var bəlkə,
Şeir daşdan keçən qurşun kimidir.
Nəğməsiz bir millət, şairsiz ölkə
Sərkərdəsiz qalan qoşun kimidir.
Tofiq Bayram Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Səttar Bəhlulzadə, Mirzə Fətəli Axundov, A.Puşkin, Nazim Hikmət, Səməd Vurğun, Rəsul Həmzətov, Əli Kərim kimi ayrı-ayrı sahələrin, dövrlərin adamlarına – ruhuna zövqünə yaxın şəxsiyyətlərə şeir həsr edəndə də, ayrı-ayrı məqamlarda onları xatırladanda da ilk növbədə bu yaradıcı insanların sənətinin timsalında ümumi musiqidən, rəssamlıqdan, ədəbiyyatdan söhbət açmağa çalışır, əsl sənətin meyarlarını poeziya dili ilə müəyyənləşdirməyə cəhd göstərirdi. “Vicdan imtahanı” şeirində Tofiq Bayramın öz müəllimlərini – “Nəzmlə şeirin fərqini” ona öyrədən Mikayıl Rəfilini, Şıxəli Qurbanovu, İsmayıl Şıxlını və başqalarını məhəbbətlə xatırlaması da göstərir ki, şairin ədəbi zövqünün formalaşmasında kimlər iştirak edib.
Şeirdən uzaq düşmək, dəyərli, oxucuların ürəyini riqqətə gətirən əsərlər yaza bilməmək şairi yamanca qorxudur. Bütün yaradıcılığı boyu belə olub. Ancaq xəstə yatdığı, həkimlərin ona yazmağı qadağan etdiyi bir vaxtda gizlicə qələmə alınan “Köhnə şeirlərimlə söhbət” əsəri yaradıcı adamın hiss və həyəcanlarını poetik bir vüsətlə əks etdirir. Ömür bahasına can verdiyi şeirlərini dünyada yeganə dövlət-varı hesab edən şair sənət yollarında keçdiyi maraqlı məqamları poetik detallarla əks etdirir, “beş-altı sətirlik şerinə” görə sevinə-sevinə bir topa qəzet aldığını, sinəsinin “nəğmələrin doğum evi” olduğunu, söz kürsüsündə qartala döndüyü günləri xatırlayır. İndi isə:
Əlimdə tutar yox qələmdən tuta,
Qələmə nə var ki, dərd mənim olur.
Stolum qaralıb dönür tabuta,
Ağaran vərəqlər kəfənim olur.
O mən deyildimmi təbim gələndə,
Hazırdım daş üstə oturub yazım?
Elə ki, qurudu qələm əlimdə
İstərdim qanıma batırıb yazım.
Şairi öz ölümündən çox yazdığı əsərlərin vaxtsız ölümü qorxudur. Ancaq yazdığı əsərlərin yaşarılığına inanır və şeirini bu misralarld bitirir:
Sizə şəkər verib bal qatmaq üçün
Əlləşdim, canımı şəkər tez aldı.
Sizin ömrünüzü uzatmaq üçün
Artdı qan təzyiqim, ömür qısaldı.
Məlhəmim sizsiniz, ey şeirlərim,
Siz mənə ən doğma, ən əzizsiniz.
Sənət dünyasında boş qalmaz yerim,
Özümdən sohrakı həyat sizsiniz.
Bu gün şairin öz bədii dəyərini itirməyən şeirlərini, poeamalarını, tərcümə əsərlərini oxuyanda, sözlərinə yazılmış mahnıları dinləyəndə adam hiss eləyir ki, Tofiq Bayram öz qənatində yanılmırmış, onun poeziyamızda, ədəbiyyatımızda özünəməxsus, əvəzolunmaz yeri var imiş...
Bu məqaləni yazmaq fikrinə düşəndə Tofiq Bayramın çap olunan kitablarını yenidən oxudum. Etiraf eləyirəm ki, elə bil bu şairi yenidən tanıdım. İndi günün reallığı ilə bağlı bəzi mübahisəli məqamlar olsa belə, onun fikir və düşüncələri də, bədii təqdimatı da bənzərsizdi, gözəldi, mükəmməldi... Tofiq Bayramın şeir və poeamalarında dil və ifadə qüsuru tapmaq çətin məsələdi. Onun bədii siqləti ilə seçilən əsərlərinin əksəriyyəti məzmunca da öz aktuallığını saxlayıb. Çünki Tofiq Bayram ömrü boyu ümumiyyətlə haqq-ədalətdən, bəşəriyyətin ümumi qayğı və problemlərindən yana-yana söhbət açıb. Özü də ən maraqlı və təqdirolunası cəhət odur ki, Tofiq Bayram bütün dünya hadisələrinə Azərbaycanın maraqları prizmasından nəzər salıb və öz duyğu və düşüncələrini xalqın arzuları kimi ümumiləşdirməyi bacarıb... Onu təkcə mənsub olduğu xalqın deyil, bütün bəşəriyyətin problemləri narahat edib, düşündürüb. “Son məzar” şeirində müharibəyə, tökülən qanlara nifrət motivləri güclüdür. O, bütün silahların məhv etməyi, onların “lənətlənmiş ölü tək dəfn edilməsini” arzulayır...
Tofiq Bayram bütün yaradıcılığı boyu Azərbaycan xalqını ləyaqətlə təmsil edən görkəmli ziyalıları məhəbbətlə, fəxarət duyğusu ilə yad etdiyi, onların yüksək insani keyfiyyətlərini təblğ elədiyi kimi (“Azərbaycan dünya gəzir”, “Gözəllik aşiqi”, “Üzeyir Hacıbəyovun ev muzeyində düşüncələr”, “Vurğun yaşayır”, “Vaqifin məqbərəsi önündə”, “Ölməz sənətkar”, “Mayestro Niyazinin xatirəsinə”, “Fikrət Əmirovun xatirəsinə”, “Aynur, Firuzə, Nigar”, “Vüqar zirvəsi” və s.), xalqımızın sadə, saf, təmiz, ədəb-ərkanli insanlarını da eyni sevgi ilə tərənnüm edir, onları öz əsərlərinin qəhrəmanına çevirir (“Qoca daşyonan”, “Təzə evdən səs gəlir”, “Atanın arzusu”, “Ay keçmiş cəbhəçi”, “Kitabxanaçı”, “Əsgər anası”, “Bakı fəhləsi”, “Xilaskar”, “Şəfqət bacıları” və s.). Onun poeziyasında yalnız özünü düşünən, mənəvi-əxlaqi dəyərlərimizə arxa çevirən nankorlar isə çox sərt şəkildə tənqid hədəfinə tuş gəlir. “Yavaş gəz” şeiri bu baxımdan səciyyəvidir. Burada şeirə-sənətə biganə, özünə bəzək-düzək vərən, mənəviyyatca yoxsul, azərbaycanlı kimi doğulsa da, yad bir məxluqa çevrilən qız amansız tənqid hədəfinə çevrilir:
...Vətən bulvar deyildir
Əylənəsən içində.
Bəs sənə ar deyildir –
Şıq geyinib keçəndə
Baxırsan ögey kimi
Natəvanın üzünə?
Kaş ata qələmini
Bata nankor gözünə.
O da Azər qızıdır,
Sən də Azər qızısan.
O elin ər qızıdır,
Sənsə bifər qızısan...
“Volokardin”, “Sən özünü düşünürsən”, “Sən niyə doğulmusan”, “Nankor”, “Bədxahlarıma” və sair şeirlərdə milli simasını itirənlərə amansız, barışmaz münasibət özünü qabarıq şəkildə göstərir.
Tofiq Bayramın “Ay anam Bakı”, “Azərbaycanım”, “Dağlar” və sair şeirlərində Azərbaycan təbiəti məhəbbətlə tərənnüm olunur. Qoşma formasında yazılan “Azərbaycanım” şeirində xalqın tarixi taleyi məsələsi ön planda dayanır:
Yüz illər uğrunda sinə gəribdir
Koroğlular nəsli, Azərbaycanım.
Qan ilə yuyulan yaşıl düzlərin
Qış olub hər fəsli, Azərbaycanım.
Düşdün fatehlərin işgəncəsinə,
Quzğun cynağına, qurd pəncəsinə,
Fəryadın qarışdı zəncir səsinə,
Min aslan qəfəsli Azərbaycanım.
Ağrın bizim olub, dadın özgənin,
Axdın ciblərinə yadın, özgənin,
Özün odlar yurdu, odun özgənin,
Çıraqları hisli Azərbaycanım...
Tofiq Bayram təbiət cisimlərini obrazlaşdırmağı bacaran və sevən şairlərimizdəndir. Bu baxımdan onun “Dağ döşündə”, “Kəhər atla söhbətim”, “Ərik ağacı” və sair şeirləri səciyyəvidir.
“Uşaq və dəniz” şeirində maraqlı cizgilərlə rəsm edilmiş pezaj - dalğalı dəniz fonunda uşağın bədii portreti yaradılır. Günün çıxması ilə üfüqlərin od dutub yanmasını, qızıl şəfəqlərin qızıl balıq kimi ləpələrin qoynunda üzməsini, sahilə pələng tək cuman ləpələrin sahildən quzu tək qayıtmasını təsvir eləyəndən sonra şair bədii təsvirin istiqamətini sahildə oynayan uşağın üstünə yönəldir. Şəfəqlərdən üzü nurlanan körpə dalğalara sarı iməkləyir, elə bil ki, əl uzadıb günəşi dənizdən almaq istəyir:
Yenə göy sulara al şəfəq düşür,
Yüyürüb gəl deyir, o, yenə gəlmir.
Əl atır, ovcundan çıxıb sürüşür,
Bu necə balıqdır, əlinə gəlmir?
Gözündə qorxudan görünmür bir iz,
Qalxır, ləpələri qaldırsın deyə.
Köksündə gəmilər oynadan dəniz
Oyuncaq görünür indi körpəyə...
“Ərik ağacı” şeirində öz səxavətini, bar-bəhərini, kölgəsini kimsədən əsirgəməyən ağac bədii obraz səviyyəsinə qaldırılır. Şeirdə “yerdə adamları, göydə quşları yayda öz nemətiylə doyduran” ağacla onu əkib-becərən, “il boyu nazını çəkən”, “ağacın bir budağı qırılanda elə bil qolları yanına düşən” insanın həm zahiri görkəmi, həm də səxavəti, daxili dünyası paralel şəkildə bədii təsvir obyektinə çevrilir:
Başına dolanıb əlində qayçı,
Kəsib seyrəldərdi ilk bahar çağı.
Bir qız qamətiydi, bir gəlin saçı
Onun sığal görən qolu, budağı...
Maraqlı cəhət budur ki, bu ağacın budağından yüyrüyü asılan uşağın böyüməsi də səciyyəvi cizgilərlə öz əksini tapmışdır:
Yuxu da, nağıl da düşdü beşikdən,
Dəyişdi gözümdə bu həyət-baca.
Bir gün körpəliyim düşdü beşikdən,
Dəcəl uşaqlığım qalxdı ağaca...
Sonra tufan nəticəsində ağacın kökündən aşmasının və bunun insanlara təsirinin bədii əksi Tofiq Bayramın bir şair kimi həssaslığından, müşahidəsinin dəqiqliyindən, bədii mənalandırma ustalığından xəbər verir:
Şaxlar bir-birinə dəydi şaqqaşaq,
Dolu budaqların azaldı yükü.
Ərik ölməmişdi, hələ sağdı, sağ,
Onu saxlayırdı rişəsi, kökü...
Mən də titrəyirdim küncə qısılıb,
Ay aman, gözümə nələr görünür:
Anamın əlləri göydən asılıb,
Yaralı budaqlar yerlə sürünür...
Burada müəllif səciyyəvi cizgilərlə göylərə yalvaran, “Bəladan hifz elə, bol meyvəsini Dərib qapı-qapı nəzir paylaram” - deyən ananın da bədii obrazını yarada bilmişdir.
“Xatirə ağacı əlindən gedən” müəllifin hiss və həyacanlarının ümumi sözlə yox, səciyyəvi detalla bədii əksi adamı düşündürür:
Mən də şərik idim o qəmə, dərdə,
Torpağa çökmüşdü ağac köhlənim.
Beşik üzüquylu qalmışdı yerdə,
Yıxılan körpəlik çağımdı mənim...
Ümumiyyətlə, fikirlərini ümumi nəzməçiliklə yox, detallar vasitəsilə vermək Tofiq Bayramın ədəbi üslubunun aparıcı səhətlərindəndir. Məsələn, şairin “Çadra” şeirində ucqar bir dağ kəndinə qostrola gedən aktyorlar “Sevil” tamaşasında istifadə etmək üçün kənd adamlarından çadra istəyirlər. Məlum olur ki, bir dənə də olsun çadra yoxdur. Məhz bu detal Cəfər Cabbarlı sənətinin təsir gücünü göstərən maraqlı bir vasitəyə çevrilir. Yaxud:
Otaqda boş qalıb gümüş çarpayın,
Küncdə bir kitabı yel varaqlayır.
Naxışlı fincanda soyuyur çayın,
“Vağzalı” çalınır, anam ağlayır. –
Güzəl bir mahnı bəstlənən “Anam ağlayır” şeirindəki “boş qalan gümüş çarpayı”, “kitabı varaqlayan yel”, “naxışlı fincanda soyuyan çay” detalları qəhrəmanların daxili dünyasını açmaq vasitəsinə çevrilir. Yaradıcılıq nümunələrinin əksəriyyətində olduğu kimi şair bu şeirdə də təzadlı qarşılaşmalardan, müqayisələrdən istifadə edir:
Ortada quş kimi süzür gəlinlər,
Qızlar oğrun-oğrun yar soraqlayır.
Gülür, fərəhlənir toya gələnlər,
“Vağzalı” çalınır, anam ağlayır.
Ümumiyyətlə, Tofiq Bayramın şeirlərində metaforalardan, təşbehlərdən, metonimiyalardan və s. bədii təsvir vasitələrindən yeri gəldikcə istifadə olunur. Onun ənənəvi şeir formalarında yazdığı müxtəlif mövzulu şeirlərdə məzmun və forma vəhdəti bədii uğur meyarına çevrilir. Tofiq Bayramın istər aşırma qafiyəli, müxtəlif ölçü və təqtili heca şeirlərində, istər qoşma və gəraylılarında, istərsə də “səkkizlik”lərində forma elə bil ki, bədii məzmunun boyuna biçilib. Ənənəyə bağlılıq, eləcə də ondan yaradıcı şəkildə bəhrələnmə bacarığı şairin ədəbi üslubu üçün ən aparıcı cizgilərdəndir.
Tofiq Bayramın ədəbi irsi onun “Ana təbəssümü” (1961), “Mənim şair xalqım” (1963), “Sizi düşünürəm” (1964), “Azərbaycan dünya gəzir” (1965), “İnamım, əqidəm” (1969), “Gərək elə yanım” (1971), “Azərbaycan deyəndə” (1974), “Səninlə görüşəndə” (1977), “Əsrin oyunu” (1974), “Könlümdə yaşayanlar” (1980), “Məsləkim-silahım” (1984), “Ay gecikən məhəbbətim” (1987), “Seçilmiş əsərləri” (2005) kitablarında toplanmışdır. Bundan başqa onun bir sıra tərcümə əsərləri də nəşr olunmuşdur. A.Tvardovskinin “Üfüqlərdən üfüqlərə”, “Yaddaşın hökmü” poemaları, SSRİ məkanında yaşayan bir sıra tanınmış insanların əsərləri, o cümlədən Rəsul Həmzətovun iki kitablıq şeirləri və s. Tofiq Bayramın tərcüməsində yeni həyat, dilimizdə vərəndaşlıq hüququ qazanmışdır. Tofiqin tərcüməsində Rəsul Həmzətovun “Əziz dostum məndən küsüb incidi, Ayrılıb yad kimi çıxdı evimdən” misraları ilə başlayan şeirinə bəstələnən mahnı dediklərimizə əyani sübutdur.
1934-cü ildə dünyaya gəlib, 1991-ci ildə dünyasını dəyişən Tofiq Bayramın arxivində çap olunmayan əsərləri qalıbmı, qalmayıbmı onu bilmirəm, lakin onu bilirəm ki, bu bənzərsiz şairimizin ədəbi irsi hələ lazımi səviyyədə tədqiq olunmayıb, haqqında sanballı məqalələr, monoqrafiyalar nəşr edilməyib. Hətta tərcümeyi-halında belə dəqiqləşmlər aparmağa ehtiyac var. Məsələn, kitabdan kitaba, vikipediyaya keçən məlumatların hamısında yazılır ki, Tofiq Bayram 1964-1968-ci ildə “Ulduz” jurnalında işləmişdir. 1967-ci ildən nəşrə başlayan “Ulduz” jurnalında Tofiq Bayram necə 1964-cü ildən işləyə bilərdi axı? Hətta onun “Ədəbiyyat və incəsənət” qəzetində, “Yazıçı” nəşriyyatında işləməsi tarixlərində də dəqiqləşmələr aparmaq lazımdır. Dəqiq bilirəm ki, “Ulduz”da şeir şəbəsinin ilk işçisi Hikmət Ziya olub. Ancaq bu vəzifədə lap az işləyib. Hikmət müəllimin əmək kitabçasında bu haqda qeyd olsa belə, həmin fakt tərcümeyi-halına düşməyib. Hikmət Ziyadan sonra Məmməd Araz, o, məsul katib vəzifəsinə keçəndən sonra isə “Ulduz”da şeir şöbəsinin müdiri vəzifəsində Tofiq Bayram çalışıb. Tofiq Bayram həm Cabir Novruzun, həm də Akif Hüseynlinin “Ulduz”da baş redaktor işlədiyi vaxtlarda həmin vəzifədə çalışırdı. Hətta Əhməd Cəmilin redaktor təyin edildiyi ilk günlərdə belə Tofiq Bayram “Ulduz”da işləyirdi. Sonra Tofiq Bayram “Ədəbiyyat və incəsənət” qəzetinə şöbə müdiri getdi, onun yerinə isə İsa İsmayılzadəni təyin elədilər. Təəssüf ki, təkcə Tofiq Bayramın yox, adlarını çəkdiyim qələm adamlarının da tərcümeyi-halında ədəbiyyat tariximizin reallığı naminə həmin illərin faktlarının dəqiqləşməsinə ehtiyac vardır.
Tofiq Bayram haqda bir də nə vaxt yazıb-yaza bilməyəcəyim ehtiyatkarlığı, onunla bağlı bir neçə xatirə cizgiləri verməyimi də zərurətə çevirdi. Tarix, gün dəqiq yadımda olmasa da, bir dəfə bizim “Göyərçin” jurnalında Tofiq Bayramdan söhbət düşdü. Dedilər ki, infarkt keçirib. Şükür, indi yaxşıdır. Xəstəxanadan çıxıb. Sonra Tofiq Mahmudla Hikmət Ziya mənə dedilər ki, Tofiqgilə gedirik, istəyirsənsə, səni də apara bilərik. Birlikdə Tofiq Bayramgilə gedik. Qapını həyat yoldaşı açdı. Gələnlərin kimliyini bilən Tofiq müəllim yatağından qalxıb, bizımlə görüşdü, sonra yenə çarpayısına uzandı. Ordan-burdan söhbət elədilər, zarafatlaşdılar. Birdən Tofiq Bayram soruşdu:
-Ay Hikmət, gözlərim bir az yaxşı görmür. Sizinlə gələn bu oğlanı tanıya bilmədim.
Hikmət Ziya dedi ki, Tofiq, tanış ol, Rafiq Yusifoğludur, gözəl şairdir, bizim redaksiyamızda şöbə müdiri işləyəyir.
Tofiq Bayram gözləmədiyimiz halda yatağından qalxıb, məni qucaqlayanda, öpə-öpə “ay sənə qurban olum” deyəndə hamımız çaşıb qaldıq. Xahiş elədik ki, yatağına uzansın, ona həyəcanlanmaq olmaz. Bir az sakitləşəndən sonra Tofiq Mahmud şaqqanaq çəkib güldü, Hikmət müəllim soruşdu:
-Ay Tofiq, sən Rafiqi hardan tanıyırsan ki?
-Necə hardan tanıyıram, o mənim dostumdu, kiçik qardaşımdı. Onunla o qədər maraqlı günlər keçirmişik ki...
O vaxt heç ağlıma da gəlməzdi ki, bu, mənim Tofiq Bayramla son görüşüm olacaq...
Redaksiyaya qayıdanda Tofiq Mahmud dedi ki, mirzə, mən bilməzdim ki, Tofiq Bayram səni bu qədər çox istəyirmiş...
Yol boyu Tofiq Bayramla necə tanış olmağımdan, onunla dostluğumun tarixçəsindən danışmağa başldım...
Birinci kursda oxuyurdum. ADPU-da şeir gecəsində tanış olduğum Məmməd İbrahim (Məmməd Araz) mənə demişdi ki, redaksiyamıza gəl, şeirlərini gətir. O, məni elə ilk gündən yaxşı qarşılamış, dənizə həsr elədiyim bir neçə şeiri seçib götürmüşdü. Tez-tez redaksiyaya gedir, Məmməd əminin söhbətlərini dinləyirdim. Bir dəfə redaksiyaya gedəndə Məmməd müəllimin yerində başqa bir adamın əyləşdiyini gördüm. Salam verib, Məmməd İbrahimi soruşdum. Dedilər ki, Məmməd müəllim indi məsul katib otağında əyləşir. Məlum oldu ki, Yasif Nəsirli başqa işə keçdiyindən, onun yerinə Məmməd İbrahimi, Məmməd müəllimin yerinə isə Tofiq Bayramı təyin ediblər. Məmməd Arazdan şeirlərimi soruşanda dedi ki, indi o işə Tofiq Bayram baxır, get onun yanına.
Beləcə, Tofiq Bayramla ilk tanışlığım başldı. Kimliyimi dedim, Məmməd müəllimin şeirlərimi seçib götürdüyünü söylədim. Ona təqdim olunan seçilmiş şeirlər qovluğunu açıb, mənim yazılarımı tapdı, oxudu və bəyənmədi. Çox dilxor olsam da, bir söz deyə bilmədim. Tofiq Bayram mənim könlümü almağa çalışdı, harada oxuduğumu soruşdu. Məsləhət verdi ki, çoxlu oxuyum, axtarışlar aparım, redaksiya ilə əlaqələrimi üzməyim...
Onun məsləhətlərinə qulaq asmaqdan başqa çarəm yox idi. Tez-tez redaksiyaya gedir, Tofiq müəllimin söhbətlərini dinləyir, şairləri necə qarşılayıb yola salmalarını görürdüm. O dövrün ən məşhur şairlərinin yazılarını bəyənməyib geri qaytarması məni təəccübləndirirdi. Hətta adını çəkmək istəmədiyim bir məşhur şair israrla bir neçə şeirini də oxumasını xahiş edəndə Tofiq Bayramın necə hirsləndiyini, ona dediyi sərt sözü indi də yadımdan çıxara bilmirəm. Tofiq Bayram həmin adama dedı ki, ay bədbəxt, zibildən ya bir qaşıq yedin, ya bir vedrə, nə fərqi var ki?! Sənin yazıların zibildi...
Tofiq Bayram bax belə Tofiq Bayram idi. “İlhamın gələndə sevdiyin qızın bəzən görüşünə gedə bilmirsən” deyən şair bu sahədə heç kəsə, hətta sevgilisinə, ən əziz adamına belə güzəştə gedən deyildi...
Axır ki, uzun get-gəldən sonra Tofiq Bayram ilk şeirlərimi bəyəndi, seçib redaktora təqdim elədi və bundan sonra mənimlə dostlaşdı, “İnamım, əqidəm” və “Gərək elə yanım” kitablarını avtoqrafla mənə hədiyyə eldi. Birinci avtoqraf adi idi (“Rafiq Yusifoğluna ən şirin həyat və yaradıcılıq arzuları ilə müəllifdən xatirə”. Bakı, 02.12.1969), ikincidə isə Tofiq Bayram yazırdı: “Dostum Rafiqə ən səmimi həyat və yaradıcılıq arzuları ilə. Qoy sənin təmiz poetik nəfəsin, pak təbiətin həmişə uğurlu, həmişə sevindirici olsun. Hörmətlə, Tofiq Bayram. 04.10.1971”
Tofiq Bayram istedadlı cavanlarla oturub durmağı, onlarla zarafatlaşmağı çox sevirdi. Mənə zarafatla dediyi: “Usuboğlu, millətin kasb oğlu”, “Gözəl yerdir Sumqayıt, Rafiq, ora cum qayıt” sözlərini, “Nə vaxtandır şair dostm Şamxala, Əmircanda axtarıram xam xala” bəzəməsini və onun cavabının doğurduğu gülüşü indi də təbəssümlə xatırlayıram...
Tofiq Bayram görüşlərə, tədbirlərə gedəndə çox vaxt bizi də özü ilə aparardı. Onun “Zaporejets”ində gəzmək, zarafatlaşmaq ayrı bir aləm idi. Sumqayıtda 5 nömrəli fəhlə yataqxanasında onun “İnamım, əqidəm” kitabının müzakirəsində, eləcə də digər tədbirlərdə çıxışının sürəkli alqışlarla qarşılanmasını yaxşı xatırlayırm... Onun sevgi şeirləri sayca az olsa da, “Qadın ürəyi”, “Cavanlığım”, “Ay gecikən məhəbbətim” və s. o dövr gəncliyinin dilinin əzbəri idi.
Tofiq Bayram gözəl şair, tərcüməçi olmaqdan başqa, həm də ədəbiyyatımızın, mədəniyyətimizin ayıq-sayıq keşikçisi idi... Sözün ucuzlaşması onu çox qorxudurdu:
Günbəgün qızılın artır qiyməti,
Hökmünü göstərir zərə, gümüşə.
Ariflər həqiqi şeiri, sənəti
Qızıla bərabər tutub həmişə...
Çalınsın dünyada həyəcan zəngi,
Hamı şair olub keçəndə başa.
Qızıl bahalaşsın, vay o gündən ki,
Yazanlar bollaşa, söz ucuzlaşa...
İndi, uzaqgörən şairi qorxudan “yazanların bollaşdığı, sözün ucuzlaşdığı” bir zamanda, nəsrimizi, peziyamızı, dramaturgiyamızı, tərcümə səntimizi çayırların, qanqalların, alaq otlarının basdığı, “pis-yaxşı” meyarlarının itdiyi bir vaxtda Tofiq Bayram kimi istedadl, dilimizin incəliklərini gözəl bilən, ana dilimizin saflığını qoruyan şairlərin, ədəbiyyat təəssübkeşlərinin yeri aydınca görünməkdədir. Tofiq Bayram kimliyindən, nəçiliyindən asılı olmayaraq heç bir istedadsız qələm sahibinin “cızmaqaralarının” mətbuata çıxmasına imkan verməzdi. Ədəbiyyat, poeziya, xalqımızin dili, mədəniyyəti onun üçün bir müqəddəs məbəd idi...
Ruhu şad olsun, bütün şeirlərində sənət yanğısı hiss edilənTofiq Bayramın! “Gərək elə yanım, külümdən belə Nəsillər tanısın Tofiq Bayramam” - deyən şairin yaradıcılıq nümunələri indi də adamı kövrəldir, səfərbər edir, düşündürür. Onun çeşidli, rəngarəng janrlı yaradıcılıq nümunəlri indi də öz bədii dəyərini itirməmiş və itirməyəcəkdir... Ona görə ki, kiminsə arzusu və istəyindən asılı olmayaraq, Tofiq Bayram ədəbiyyat tariximizdə özünəməxsus yeri və rolu olan istedadlı şairlərimizdən biridir... Onun öz səsində yaddaışma hopan bu misralar elə bil ki, böyük şairin özünətəsdiq harayıdır:
Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanım, külümdən belə
Nəsillər tanısın: Tofiq Bayramam!
Rafiq Yusifoğlu,
şair, Əməkdar mədəniyyət işçisi,
filologiya elmləri doktoru, professor.
20.08.2020
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 21-08-2020 18:57
Baxış sayı: 41 191
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02