“Bir də uşaq olaydım yaşımın bu çağında” - 75-in MÜBARƏK, USTAD

13-08-2020 12:45

Bəhmən Vətənoğlunu yetirən-bitirən ocağın istisi Türk dünyasını bürüyüb, ilhamlı sözlərlə. O  müqəddəs Ocaqdan   boylanan sinəsinə sözü köz kimi basıb yandıranlardan biri də ömrü uzunu uşaq olmaq istəyində bulunan, bu gün 75 yaşlı uşaq kimi əzizlənən İqbal Çəplidir-İqbal Babanı deyirəm. Bir xudmani məclisdə dostları şəninə badə qaldırıb, biz isə...

İqbal Çəpli Kəlbəcərdə əliqələmlilər arasında özünəməxsusluğu ilə seçilən şairlərimizdəndir. İlk kitabını "Uşaq olmaq istəyirəm"... mən nəşr etdirib, ön szöünü də özüm yazmışam. O zaman bilmişəm və duymuşam ki, Ağdabanlı Qurbandan, Dədə Şəmşirdən, Sücaət və Bəhməndən, Qəmkeşdən və İdris müəllimdən, o nəsildən olan şairlərdən... burada şeirləri və ümumi yaradıcılıqları ilə tanış olduğunuz Yusif Hüseyndən başlamış, Allahverdi Dönməzdən başlamış Əlövsət Saldaşa, İslam Əzimova, Zərraf Şirinova, Kamil İsa Təbibə və s. sırasında ön sıralarda dayanan SÖZ adamıdır. İqbal müəllim həm də dil-ədəbiyyat müəllimidir. Dilimizin və ədəbiyyatımızın keşiyində dayanan ağsaqal şairimizə cansağlığı və yaradıcılıq uğurlarının davamını arzulayıram. şair qardaşımız Yusif Hüsynə ürəkdən-candan SAĞ OL , QARDAŞ,-deyirəm. Ustad qələm adamını unutmadığınız üçün...
Mən də haqqında  söz açdığım “Bir də uşaq olaydım yaşımın bu çağında” kitabın yazdığım ön söz yerindəki “UŞAQ OLMAQ HƏVƏSİ, YURD NALƏSİ?” məqaləmi sizlərə təqdim edirəm, istəkli kəlbəcərlilər, poeziyasevərlər...

Məhəmməd Nərimanoğlu

***
UŞAQ OLMAQ HƏVƏSİ, YURD NALƏSİ?

Bu istəklə kim yaşamayıb ki? Amma bu arzu niyə məhz uşaqlığına əli çatmayanların qəlbində pöhrələyir, onu bilirik axı. Ömrün elə çağında və elə kövrək anlarında adam uşaqlaşmaq istəyir ki:

Bir də uşaq olaydım
ömrümün bu çağında,
Anam layla deyəydi,
mənə öz qucağında...

Şərhə ehtiyac olmasa ad, niyə İqbal Çəplinin uşaq olmaq arzusuna bir çıraq tutmaq pis olmazdı. Uşaqlığımız əlimiz çatmayan, daha geri dönməsi mümkün olmayan illərdə qalır. Qəlbi incə hisslərlə yüklənmiş könül sahiblərinin isə uşaqlıq illərinə qayıtmaq arzusu duyğulanmaqdan, o illərin həsrətindən doğur: axı, qələm və söz adamının öz dünyasıl var, adilərdən fərqli olaraq.
İqbal müəllim əgər Kəlbəcərdə də bu misraları yazsaydı, məncə, bu qədər təsirli və inandırıcı olmazdı. Müəllifin də uğuru, qələbəsi sözü zamanında və məkanında demək ustalığıdır. Söz var ki, lirikadan uzaqdır, lakin həyatı dərk etmək üçün dərsdir. Söz də var ki, “ucundan tutub ucuzluğa gedirlər”. İndi sözlərimizin belə - qiymətsiz edildiyi bir məqamda sözə dəyər gətirmək o qədər də asan deyildir. Bu çətinlik məngənəsində SÖZÜN UCALIĞI İqbal Çəplinin şeirlərində öz əksini tapmışdır.
Mətləbdən uzaq düşməyək. İqbal Çəpli qələmə aldığı kövrəık misralarına bir atc qoyub: “Uşaq olmaq istəyirəm – yaşımın bu çağnda”. Bundan müdrik, bundan fəlsəfi və bundan sadə, rəvan, axıcı ifadə tapmaq olarmı ki, dünənini – istədiyini dilə gətirəsən? Uşaq olmaq istəyən şair təkcə o dağlarda at oynatdığı, qara telini darayıb gizlicə görüşə  tələsdiyi illər üçün darıxmır. Altı ildir ki, (Məqalə 2001-ci ildə yazılıb, kitab çapa hazırlananda, indi isə 25-ci ildir ki, Kəlbəcərsizlik ağrıları ilə baş-başayıq-M.N.) yurd-yuvasından perik düşmüş qanadıqırıq quş kimi, İqbal müəllim görün bir həsrətini necə bağrına basıb Kəlbəcər əvəzdən əzizləyir:
Bir də uşaq olaydım,
Amma kəndimizdə kaş.
Gör kəndimiz nə vaxtdan
Qalıbdı tamam bomboş!

Bir də uşaq olsam,
Onda nə dərdim vardı.
Bir də kəndim olsa,
Ata-anam olardı.

Bircə yol da girərdim 
anamın qucağına,
Bir kösöv də qoyardım 
Atamın ocağına...

Bir də kəndimiz olsa,
Mən də uşaq olardım.
O kəndə gedə bilsəm,
Başına dolanardım.

Körpə uşaq da olsam,
Ölüb orda qalardım.
Bax, onda mən Vətənə
əsl oğul olardım!

Əziz oxucu, mən İqbal Çəpli ilə Kəlbəcərsiz günlərimizin birində, bir vaxtlar çal-çağırı ilə sovet xalqlarının istirahət zonası kimi tanınan, indi isə kimsəsizləri, yurd-yuvası dağıdılanları qoynuna alaraq kimsəsizləşən Hacıkənddə tanış oldum. Dünəni barədə söz açmamışdan öncə onu deyim ki, yeri gəldi-gəlmədi, bir fikri tez-tez işlədirlər: “..indi hamı şair-yazıçı olub”. Bu, mənə belə gəlir ki, qəlbiqaralıqdan, xəbislikdən başqa bir şey deyildir.
Bir vaxtlar haqq-ədaləti dilinə gətirən söz sərraflarını “dilindən” asdıqları üçün tariximiz də saxtalaşdırılıb, ədəbiyyatımız da millilikdən uzaq -  “beynəlmiləlləşib”. Ədəbiyyatımızın korifeyləri dünyanın söz xəzinəsinə inci də verib, dürr də. “Hər yazan Molla Pənah olmaz”. Bu  fikridə biz işlədirik. Demək, özümüzün özümüzə tənqidi münasibətimiz var və bu pis hal deyildir. Özündənrazılıq bədbəxtçilikdir ki, o da bizim yazarlarımıza xas olan keyfiyyət deyil. Lakin bir məqamı da unutmaq olmaz ki, ilahi bu millətin qəlbinni o qədər pak yaratmışdır ki, orada saf duyğulardan savayı bir şey yoxdur. Siyasətimiz çox hallarda siyasi yox, bədii sözün gücünə güvənib. Tarix boyu belə olub: Koroğlumuz da, Babəkimiz də, Şah İsmayılımız da qılıncla sözü əkiz bilib. Çünki hər ikisi qoşalaşanda qələbə çalınıb.
İqbal Çəpliniun şeir yazmağını da mən təbii qəbul edib, “əşşi, o dərədə Bəhmən olan yerdə...” fikri ilə razılaşmıram. Doğrudur, hər qələm sahibinin öz dəst-xətti vardır. İqbal müəllim də öz cığırı ilə addımlayır və inanıram ki, bu yolu gələcərdə alaq otu basmayacaq.
İqbal müəllimlə istərdim ki, etdiyimiz qısa söhbəti sən də oxuyasan, əziz oxucu.
-Bəlkə özünüzü yaxından tanış edəsiz, İqbal müəllim.
-1947-ci il avqust ayının 12-də Kəlbəcərin Çəpli kənmdində anadan olmuşam. Səkkisilliyi kəndimizdə, orta məktəbi isə 1966-cı ildə yanşaqda almışam. 1967-ci ildə Gəncə Dövlət  Pedaqoji Universitetinin (o zaman H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu adlanırdı) Dil-ədəbiyyat fakültəsinə daxil olub, 1971-ci ildə təyinatla Kəlbəcərə müəllim göndərilmişəm. Bir ildən sonra hərbi xidmətə çağırılmış, qayıtdıqdan sonra Lev, Seyidlər kəndlərində orta məktəb müəllimi, 1978-ci ildə Çəpli kənd orta məktəbinin direktoru işləmişəm. 1979-1988-ci illərdə Çəpli  kənd XDS-nin sədri vəzifəsində çalışmışam. 1988-ci ildən 1993-cü il aprel ayının əvvəllərinə kimi – Kəlbəcər ermənilər tərəfindən işğal olunanadək, Aşıq Ələsgər adına kolxozun sədri olmuşam...
İqbal müəllim  Kəlbəcər rayonu 99 saylı orta məktəbində  çalışır,  Kəlbəcərdə doğulmayan kəlbəcərli balalarla baş-başadır.
Şeir yazmağa hələ orta məktəb illərindən başlayıb. Kəlbəcərdə qalan var-dövləti – 150-dən artıq gəraylı, qoşma, təcnis, divani, müxəmməs, lirik lövhələrdən ibarət sərbəst şeirləri qalıb. Əldə olunan,  ilk kitabında oxuduğunuz şeirləri son illərinkidir.
El şairinin yaradıcılığı ilə baş-başa qalandan sonra onun qəlbinin dərinliklərindən süzüklüb gələn söz bulağından təşnə sinəmi soyutmaq istədim. Nə gözüm doydu, nə qəlbim. Dibanisindən başlayıb, bayatılarınadək sıxdım köksümə-Kəlbəcər təravətli,  yurd-yuva nisgilli yanğılarını. Özüm də od aldım. Hər şeir növündən bir nüminə verməklə fikrimi əsaslandırmaq istəyirəm:
İqbal, ömrüm keçdi, belə pissə, yaxşısa da,
Pis qohum pis yaradı, qurban olum yaxşı yada.
Buraxmadım ətəyini, dedim yetər yaxşı dada,
Bu dünyada bircə olan Pərvərdigarı gözlədim.
(“Gözlədim”, divani)

Sənin ilk məhəbbətin
bir bahar bənövşəsi,
Tez açıldı, tez soldu,-
beş gün oldu nəşəsi.

Mənim ilk məhəbbətim
bir dənizmiş - sonu yox.
 Tükənməyən iztirab,
ömrümə sancılan ox.

Dünyanın kədər yükü
çiynimə yüklənəndə
Qəlbim qəmə bələnib,
qəm üstə köklənəndə

İlk eşqim də qarışıb
bir yandan yük olub mənə,
İstəmişəm atmağı,
bacarmamışam yenə,

Baxışları ndan hopub
gözlərimin kökünə.
Qanımla axıb gedib
ürəyimin təkinə,

Qoy çıxmasın qəlbimdən
nə qədər ki mən varam,
Nə köhnəlməz, nə ölməz –
mən nə qədər yaşaram.
(“İlk məhəbbətim”, sərbəst şeir)

1975-ci ildə ailə qurmuş İqbal İsmayılov ilk məhəbbətini elə ilk oxucusu hesab edir.
Onun qələmə aldığı şeirləri “nə ələkdən ələdik, nə də xəlbirdən keçirdik”. Amma insafsızlıq olardı ki, o dediklərini biz də deməyək:
Mən şair deyiləm, özüm bilirəm,
Şairlərin qəlbi bir xəzinədi.
Hər qoşma yazandan şairmi olar,
Şair divani yazar, bir qoşma nədi?!
Yaxud;

Şair Nizamidi, şair Füzuli,
Şair Nəsimi tək soyulsun gərək.
Yazdığı Vurğunun əsəri kimi,
Oxucu qoynuna qoyulsun gərək.

Mən şair deyiləm, özüm bilirəm,
Şairlərin qəlbi əsim-əsimdi.
Şair olmaq üçün qoşma yazmıram,
O da bu sənətə bir həvəsimdi...
Bura qədər nə dedim, necə dedimsə, bilmədim. Bildiyim odur ki, İqbal Baba ancaq öz nəvələrinin yox, onu sevən oxucularının da BABAsıdır-şair babası, müəllim ustadı.
75 ömrün elə çağıdır ki, doğrudan da uşaqlaşmağa doğru gedirsən! Amma sizi elə, əlinizə qələm alandan “uşaq olmaq həvəsli” şair kimi tanıdıq, qardaş! 80-də, 90-da, 100-də TƏBRİK eləməyə gecikim, bax beləcə -uzaqdan da olsa, ürək sözlərimi gül buketi edib sizə ünvanlayım. Hər ikimizə də cansağlığı dilədim, day neynim, mən olmasam kim bu sijilləmə TƏBRİKİ Sizə yazardı? 
De sağ olun, sağlıqla qalın, inşallah, 80 illiyinizdə mən də o süfrədə olum, amin!
Sinən bir ümmandı, şeir-sənətlə,
Yaman çağlayırsan şirin söhbətlə.
Çox da üzmə bizi dərdi-möhnətlə,
Göyçəmizdən, Kəlbəcərdəm soraq ver,

Yaylaqları yoxlamğa gedəkmi?
Çəmən-çiçək qoxlamağa gedəkmi?!
Düşmən bağrın oxlamağa gedəkmi?!
Şahbazlardan, Dilqəmlərdən soraq ver!

Qələm əldə, söz dilində, ay ustad,
Od sinəndə, köz dilində, ay ustad,
Misraları düz dilində, ay  ustad,
Bu şadlığa yüzcə-yüzcə vuraq, ver,
 
Hardan alaq o dağların havasın?!
Görərikmi bir də zövqü-səfasın!!
Bilirsənmi  Məhəmmədin cəfasın?!
Gecələrim zülmətdədi, çıraq ver!
Dərdimi yazmağa mənə varaq ver!

                        Məhəmməd NƏRİMANOĞLU,
                         Bakı,  12 avqust 2020-ci il



Kateqoriya: Karusel / Sosium
Tarix: 13-08-2020 12:45
Baxış sayı: 4739
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını