Qızılaxtaran yazıçı

17-10-2019 13:57
1897-ci ildə Kanadanın Yukon deyilən ərazisində, Klondayk çayında qızıl tapılması haqqında xəbər bütün Amerikaya yayıldı. Alyaskanın adam ayağı dəyməmiş geniş əraziləri minlərlə yoxsul adamı və xəyalpərvəri cəlb etdi. O vaxtlar yazıçı kimi qələmini yenicə sınamağa başlayan Cek London da onlardan biri idi. Amma qızılaxtaran olmazdan əvvəl o, çox işin qulpundan yapışmışdı.
 
Ehtiyac təhsilini başa çatdırmasına imkan verməmişdi. Onun universiteti həyatın özü idi və o, əsərlərində keçdiyi həyat universitetindən danışırdı.
Cek London Alyaskada varlanmadı, amma oxucularını Şimal ilə tanış edən çox qiymətli material topladı. Ağacdan tikilmiş, buz bağlamış yaşayış yerləri, qırx dərəcə şaxta, bitib qurtarmayan qütb gecələri, güclünün qalib gəldiyi münaqişələr, ölüm riski ilə müşayiət olunan həyat. Yazıçının “Şimal hekayələri”nin qəhrəmanları - ağdərili qızılaxtaranlar və yerli hindilər belə şəraitdə yaşayırdılar.
Cek Londonun “Şimal hekayələri”nin başlıca mövzusu qızıl deyildi, insan uğrunda mübarizə idi. Bu, qəhrəmanlıq mövzusu idi. 
Sonra yazıçının hekayələri ərsəyə gəldi: “Canavar oğlu”, “Onun atalarının tanrısı”, “Şaxtanın uşaqları”, “İnsana inam”, “Ayüzlü”, “İtirilmiş sima”, habelə “Qarlar qızı” (1902), “Dəniz canavarı” (1904), “Martin İden” (1909). Romanları bu əsərlər yazıçıya böyük şöhrət gətirdi. Cek London məhsuldar yazıçı idi. O, gündə 15-17 saat işləyirdi və özünün heç də uzun olmayan yazıçı ömründə 40-dək kitab yazmışdı. 
Cek Londonun ən məşhur hekayələrindən biri olan “Həyat eşqi”  insan ilə təbiətin qarşıdurmasından söz açır. Yazıçı hekayənin qəhrəmanının Alyaskanın ərazisindən keçib hündür və gövdəli ağacların bitdiyi və yeməyin bol olduğu Hudzon körfəzinə gedən yolunu təsvir edib. Amma bu yerlərə çatmaq üçün buzla örtülmüş səhradan keçib getmək lazımdır.
Onun ayağı ağrıyır, paltarları yırtılıb, tüfəngini və astarının içərisinə kibrit gizlətdiyi papağını itirib. Oxucuya elə gəlir ki, bu insan ölümə məhkumdur. Amma insan ölümə tabe olmur və salamat qalır. Təbiətlə savaşda insan qalib gəlir. “Həyat eşqi” təkcə mərdlik və dözümlülük haqqında deyil, həm də satqınlığın nə böyük bəla olması haqqında hekayədir, çünki hekayədə insanın məşəqqətli yolu yoldaşı onu qoyub gedəndən sonra başlayır. 
Cek Londonun “Ağ Diş” povesti də “Şimal hekayələri” ilə bağlıdır. Amma bu dəfə povestin qəhrəmanı Ağ Diş ləqəbli köpəkdir. C. London Ağ Dişin hekayəsini onun psixologiyasını həssaslıqla açaraq elə yazır ki, Ağ Dişin bütün hərəkətləri, mərhəmət və nəvaziş hissinin bütün canlı varlıqlar üçün necə böyük rol oynadığı oxucuya bəlli olur. Ağ Diş məhəbbətə məhəbbətlə cavab verməyi öyrənir, lazım gələndə isə həyatını qurban verir. 
Cek Londonun ən şairanə və gözəl əsəri “Böyük evin kiçik sahibəsi” romanıdır. Bu əsər qeyri-adi dərəcədə gözəl, cəsarətli, zərif, təmiz qəlbli qadın barədədir. O, ömür-gün yoldaşına olan duyğularının ölməyə başladığını hiss edəndə,  bu məhəbbəti qoruyub saxlamaq üçün əlindən gələni edir. Bir gün malikanəyə ərinin ən yaxşı dostu gəlir. Qadın başa düşür ki, həyatına yeni ehtiras gəlib və o, nəyin bahasına olursa-olsun, hətta həyatı hesabına bu ehtirasa qalib gəlməyə hazırdır. 

Dalidag.az




Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 17-10-2019 13:57
Baxış sayı: 3541
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını