"Sağlığında öz haqqını ala bilmədi"- Yusif Hüseyn Mehdixan Kəlbəcərli haqqında

12-10-2019 15:11
Ağlımı başıma qaytar, ay Allah,
Niyə öz başımı kəssin öz əlim?!
Böyük bir millətə töhmət olmasın
Çirkin arzularım, çirkin əməlim.
Mehdixan Kəlbəcərli

Mehdixan Kəlbəcərlinin şeirlərini hələ gənclik illərimizdən sənətkarların dilindən eşidərdik..Aşıqlar, xanəndələr o zamanlar Mehdixan müəllimin bir şerini bütün məclislərdə oxuyardılar və biz də heyrətlə qulaq asa-asa əzbərləyərdik. Elə o zamandan yaddaşımda necə qalıbsa eləcə sizə təqdim edirəm dostlar:

Hökmüm işləsəydi fələk hökmü tək,
Mən insan ömrünü yüzə yazardım,
Öz ağlımla hər nə varsa düşünüb,
Baxmazdım şeytana, sözə yazardım.

Tərlanlar yurduna qoymazdım sarı,
Bərabər bölərdim, dövləti, varı,
Hörməti azaldan köhnə paltarı,
Cındır libasları təzə yazardım.

Ağartmazdım cavanların saçını,
Döndərməzdim yapalağa laçını,
Qanana verərdim zərli qamçını,
Qanmazı noxtaya, bizə yazardım.

Mərdləri Rüstəmi-zal eyləyərdim,
Namərdi qocaldıb çal eyləyərdim.
Əğyarı möhnətə qul eyləyərdim,
Sevəni sevdiyi qıza yazardım.

Əqrəb tək pünhanda yatanları mən,
Haqqı nahaqlara satanları mən,
Dostların arasın qatanları mən,
Ömürlük zindana cəza yazardım.

Ədalət yolundan çaş ürəklərə,
Nəmli torpaq kimi yaş ürəklərə,
Xain ürəklərə, daş ürəklərə,
Zəhərlə sulanmış nizə yazardım.

Mehdixan hər zaman el dərdi çəkər,
Dolanar başında qəmli kölgələr,
Əlimdə ixtiyar olsaydı əgər,
Nə yazsam, a dostlar, sizə yazardım.


TƏRCÜMEYİ HALINDAN QISA ARAYIŞ:

Mehdixan Kəlbəcərli.. (İbrahimov Mehdixan Həmid oğlu) Kəlbəcərin Zar kəndində 1940 cı ildə kolxozçu ailəsində anadan olmuşdur. 7 illik məktəbi öz kəndlərində qurtarandan sonra təhsilin Kəlbəcər Orta məktəbində 1957 ci ildə başa vurmuşdur..Ailə vəziyyətinin çətinliyinə görə ali təhsilini bir neçə il sonra alıb.

ŞAİRİN XATİRƏLƏRİNDƏN:


Orta məktəbi qurtarandan sonra ailə vəziyyətimizin ağırlığı imkan vermədi ali təhsil alam. Atam və anam xəstə olduğundan, qardaş-bacılarımın kiçik olduğu üçün ailəmizi bir müddət mən dolandırmalı oldum. Nəhayyət 1965 ci ildə çox çətinliklə də olsa Gəncə Dövlət Pedaqoji İnstitunun Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil oldum. Ali məktəbdə oxuyarkən seçilən və sevilən tələbələr sırasında oldum. Həm şeirlərimə, həm də yaxşı oxuduğuma görə müəllimlər və tələbələr arasında mənə doğmalıq göstərənlər, qeydmiə qalanlar, sevgi göstərənlərlə yanaşı ayağımı çəkənlər də olurdu. Beləliklə 1969 cu ildə institutu fərqlənmə diplomu ilə bitirdim.İnsitutda saxlamaq istəsələr də qalmadım..Qayıdıb öz doğma kəndimizdə müəllimlik sənətimi işlətdim. Sonralar kənd məktəbində direktor oldum. Onu da xatırladım ki, ilk şerimi 7 ci sinifdə müəllim mənə 4 qiymət yazarkən etiraz əlaməti olaraq müəllimimə yazmışdım.
1993 cü ildə Kəlbəcər işğal oldu..və bütün yazdıqlarım da digər Kəlbəcərli şairlərin yazdıqları kimi viranə yurdda əsir qaldı. Bunu bütün Kəlbəcərlilər bilir ki, 20 nəfət kənd sakini ilə mən 43 gün mühasirədə qalandan sonra hansı çətinliklərlə ələ keçmədən çıxmışıam..O, 20 nəfərdən 15 nəfərimiz ölümün pəncəsindən xilas ola bildik....O ərəfədə gözüm Kəlbəcərdə olan çox müsibətlərin şahidi oldu ki..bunları da oxucularım zaman-zaman şeirlərimdən oxuyub duyacaqlar. San ki, taleh məni qəsdən mühasirəyə salmışdı ki, yurdumun başına açılan müsibətləri öz gözlərimlə görüm. Və elə o gündən də Mən özümə Kəlbəcərli təxəllüsünü götürdüm:

Aman Allah..Bu gün yenə
Başda Vətən havası var.
Neyləmişəm talehimə,
Mənə zülmü-cəfası var.

Hicran ilə yanır canım,
Sönməyimə yox gümanım..
Nə təbibim, nə loğmanım,
Nə dərdimin davası var.

Ömrü keçdi imtahanla,
Barışmadı bu dövranla..
Öz bəxtinin Mehdixanla,
Bir ömürlük davası var..


Məlum Qarabağ hadisələrindən sonra şairin qəlbi qan ağlayır. Mühasirədə qaldığı günlərdə ağlar bir qələmlə elə üzünü dağlara tutub deyir:

Anam dağlar, can şirindi, bağışla,
Bir dəstə gül bağla, yola sal məni.
Bilirəm, mənimlə gedən deyilsən,
Bir doyunca ağla, bağışla məni...

Saf idin, pak idin əməllərinlə,
Niyə vidalaşdın bəs ellərinlə?!
Könül kitabımı öz əllərinlə
Gəl özün varaqla, yola sal məni...

Duyuram, insantək qovrulub yanma,
Kimsəni özüntək vəfalı sanma...
Daha bəsdi, belə müşkül dayanma,
Sinəmi az dağla, yola sal məni...

Hələ çox gözləri tutubdu şöhrət,
Bir gün yuxusundan oyanar millət.
Götür bu şerimi, qoynunda gizlət
Bir yadigar saxla, yola sal məni.

Dayan dərd önündə pəhləvan kimi,
Əyilmə, bükülmə qəlbi qan kimi...
Sən də bu dünyada Mehdixan kimi
Bir Haqqa bel bağla, yola sal məni...


Mehdixan Kəlbəcərlinin köçkünlükdən sonra yeddi kitabı nəşr olunub..Həsrət dolu poemaları, məsnəviləri, ustadnamələri, qoşmaları, divaniləri, gəraylıları klassik poeziyamıza bəhrələnmiş sənət əsərləridir desəm yanılmaram.. Hamısı da həqiqətdən danışan, dərdlərimizi özümüzə xatırladan yaradıcılıq nümunələridir. Əfsuslar ki şairin gəncliyində yazdıqları bütün şeirləri, digər Kəlbəcərli şairlərimizin yaradıcılığı ilə birlikdə yurdlarımız kimi əsirlikdə qaldı.
Şairin yaradıcılığında valideyinlərə hörmət, dosta sədaqət, yurda məhəbbət həmişə özünü göstərir:

Əlləri qabarlı fəhlə olsada,
Çox şeylər yadigar atamdan qalıb.
Padşahların əli çata bilməyən
Xəzinə, xəzinadar atamdan qalıb.

İnsanları doğru yola səsləmək,
Çirkin işi, bəd əməli pisləmək,
Böyük yaradana inam bəsləmək,
Sədaqət, etibar atamdan qalıb.

Düzlük, saflıq dolandırmaq qanında,
Dili dolaşmamaq haqq divanında,
Dinib-danışmamaq böyük yanında,
Evində hökmüdar atamdan qalıb.

Heç vaxt sürünməmək var ayağında,
Dəyanətli olmaq zor ayağında,
Çətin zamanlarda dar ayağında,
Əlçatmaz bir vüqar atamdan qalıb.

Öz içində el oduna qalanmaq,
Yeri gəlsə, bu yolda da talanmaq,
Yoxsul olanda da uca dolanmaq,
Dözüm, səbir, qərar atamdan qalıb.

Hərarətlə sevmək doğma elini,
Xoş niyyətlə sıxmaq dostun əlini,
Ana-bacı bilmək qızı-gəlini,
Müqəddəs arzular atamdan qalıb.

Mehdixanam, eşqim, saf məhəbbətim,
Xoş sözüm-söhbətim, şer-sənətim,
Düşmənə nifrətim, dosta hörmətim,
Qəlbimdə hər nə var, atamdan qalıb.


Mehdixan müəllim ağırtaxtalı şairlərimizdəndir. Danışığının yerini bilən, insanlarla ünsiyyət qurmağı bacaran gözəl bir el ağsaqqalı olub. Yaradıcılığının əsas xətti isə yağı tapdağında qalan əsir dağlarımızdır:

Öyrəşibdir gözüm, könlüm binadan,
Dağlara tükənməz məhəbbətim var.
Əlim çatmır, ünüm yetmir hələlik,
Qəlbimi göynədən hərarətim var.

Çıxmaz xəyalımdan o çağlar mənim,
Əksimi saxlayar bulaqlar mənim,
Məkkəm, Mədinəmdi o dağlar mənim,
Andıma, əhdimə sədaqətim var.

Anlayan kəslərə söz açım nədən,
Yaşaya bilərmi bir ruhsuz bədən?!
Unuda bilmərəm o dağları mən,
Bir cüt qoşa məzar əmanətim var.

Mehdixanın könlün kimsə yapacaq,
Yolundakı qayaları çapacaq,
Yusifini qoca Yaqub tapacaq,
Dözümümdə səbrim, dəyanətim var.


Bütün bu olaylara baxmayaraq yenə də şair bu şerinin son bəndində deyiyi kimi..inanır ki biz o yurdlara yenidən qayıdacağıq..
Yenə də qayıdıram şairin xatirələrinə:
Soy köküm haqqında onu da dəqiq deyə bilərəm ki bizim tayfa dədə-babadan “Türklər” adlandırılıb. Bu da mütləqdir ki dədə-babalarımız Türkiyədən gələnlərdən olub.
Anam Xıdırova Tavat Bayram qızı 1960 cı ildə 47 yaşında dünyasını dəyişib. O da bütün nənələrimiz kimi dili bayatılı, oxşamalı idi..
Atam Əmralıyev Həmid İbrahim oğlu 1989 cu ildə 85 yaşında vəfat etdi. Allah bütün ölənlərimizə qəni-qəni rəhmət eləsin..Hər iki valideynim doğma Zar kəndində torpağa qoyulmuşdu. Əgər qismət olsa ilk ziyarətim onların qəbri olacaqdır..Amin..İnşallah..
Əqidəmə gəldikdə isə İnanc yerim yalnız tək olan Allahdır..Allahın varlığına özüm kimi inanıram..

PS. Mehdixan müəllimin doğulduğu Zar kəndi Kəlbəcərdə Məhşur Keyti dağının ətəyində geniş düzənlikdə yerləşirdi..Bütün fəsilləridə insanları kimi gözəl idi..Oxuduğum tarixi kitabların birində yaddaşımda qalan bir nüansı sizlərlə bölüşürəm dostlar:- “Makedoniyalı İsgəndər həmişə öz ordusu və qəflə-qatır karvanı ilə Kəlbəcərin Zər şəhərindən qızıl və üyüdülmüş qızıl tozu aparardı”...İnanıram ki bu da bir həqiqət olub..Çün ki o dağlar qızıl yataqları idi..və elə dağılmış belə karxanaların nişanəsini bütün Kəlbəcərlilər gözləri ilə görmüşdülər..
Şair ömrünü bir bəndində necə də möhtəşəm deyib sağ olmuş:

Anadan olandan sevinci kəmdir,
Yaxın sirdaşları dəftər-qələmdir!
Kədərdi, nisgildi, dərddi, ələmdir,
Taleyin sovqatı, baxtın baratı!
Görəsən, budurmu şair həyatı?!


Şair 2 aprel 1993 il dəhşətlərini öz gözələri ilə görüb və bunu da şerinin dili ilə oxuculara çatdırır:

Aprelin ikisi - dəhşətli bir gün,
Bir dilbər mahalın solduğu gündür.
60 min insanı bir gün içində,
Taleyi çöllərə saldığı gündür.

Mən razı olardım ürəkdən inan,
Görəydim düşmənlə min qanlı savaş.
Ancaq qapanaydı gözlərim mənim,
O dəhşətli günü görməyəydim kaş.

Həmin gün saraldı, soldu çəmənlər,
Düşmən tapdaģından, yad nəfəsindən.
Az qaldı fələklər tökülsün yerə,
Insan naləsindən, güllə səsindən.

Həmin gün yurdumun hər tərəfində,
Qapılar bağlandı, ocaqlar söndü.
Cıxdı məhvərindən dünya bir anlıq,
Taleyin təkəri geriyə döndü.

Elə bil bir anda xəzana düşdü,
Həmin gün bağbansız qalanda bağlar.
Soyundu əynindən ağ xalatını
Qara libasını geyindi dağlar!

Həmin gün insanlar düşdü çöllərə
Neçə xanimanlar qurulu qaldı.
Nə yaman güclüymüş xəyanət, Allah?!
Əhrimən Hürmüzə qələbə çaldı.....

Həmin gün xörəyim sobamın üstə,
Boşqabım stolda düzülü qaldı.
Günahım nə imiş görəsən, Allah!
Çayım da süfrədə süzülü qaldı.

Həmin gün bağlandı, tutuldu yollar,
Qolları bağlandı mərd insanların.
Ayaqlar altına düşdü ləyaqət,
Əydi qamətini dərd insanların!

Atasız-anasız qalan körpələr,
Beşikdə gül kimi soldu kimsəsiz.
Taqəti olmadı çıxa bir yana,
Köməksiz qocalar qaldı kimsəsiz.

Həmin gün dağlardan vüqarlı atam,
Qəfildən düşmənin əlinə keçdi.
Anam da sümürüb üzüyün qaşın,
Bir damla ehtiyat zəhəri icdi.

Həmin gün babamda qolları bağlı,
Nifrətlə tüpürdü göyün üzünə,
Bacım da özünü qayadan atdı,
Namusdan bir heykəl yapdı özünə.

Həmin gün mənim də bağlandı yolum,
Yanımda olmadı qohum, qardaşım.
Gördüyüm dəhşətli mənzərələrdən,
Bir günün içində ağardı başım.

Bu zaman dağların zirvəsində mən,
Dağılan elləri haraylayırdım.
Yaralı şir kimi düşüb qəfəsə,
Xilaskar əlləri haraylayırdım.

Daş qəlbli insanlar cavab vermədi,
Səsimi göylərə yaydı qayalar.
Sanki dilə gəlib dedi ki, bəsdi,
Ahımdan, naləmdən doydu qayalar.

Həmin gün yurdumun qara bayramı,
Heç zaman yaddaşdan çıxmasın gərək.
Həmin gün quşlar da qanad çalmasın,
Həmin gün çaylar da axmasın gərək.

O günün verdiyi acı dərsləri,
“Sinə döyə-döyə” danışam gərək.
Dəryada balığa, çöllərdə quşa,
Beşikdə körpəyə danışam gərək.

O günün qisası alınmayınca,
Danışıb gülməyə çağırman məni!
O günün qisası alınmayınca,
Nə məni bağışlan, nə də kimsəni!

Ömrümün üstünə, ey ömür yazan,
Qürbətdə olduğum günləri sayma.
Hicranın əlində bir yarpaq kimi,
Saralıb-solduğum günləri sayma.

Nəğməli bulaqdan, sonalı göldən,
Nərgizli dağlardan, laləlı çöldən,
Qohumdan-qardaşdan, obadan-eldən,
Aralı qaldığım günləri sayma!

Kimsəsiz çöllərdə qalıb avara,
Mənliyi, varlığı çəkilən dara.
Baxıb ulduzlara, baxıb yollara,
Xəyala daldığım günləri sayma.

Yerin də, göyün də ağası sənsən,
Əyilib, bükülüb yalvarıram mən...
Vətən göylərinə boylanıb hərdən,
Bulud tək dolduğum günləri sayma.

Ey fələk, düz dolan, sən Mehdixanla,
Bəsdir, aldatdığın bir boş gümanla.
Ömrümün üstünə ahla-fəqanla,
Bu yola saldığım günləri sayma!

Hörmətli dostlar! Gözəl ağsaqqal, etibarlı dost, səmimi insan, gözəl şair Mehdixan Kəlbəcərli hazırda ömrünün 79 ilini arxada qoyub, müvəqqəti olaraq Bakı şəhərində məskunlaşıb. Yenədə bəzi özündən razı şairlərə xatırladım ki, Mehdixan müəllim şair kimi tanınanda biz təzə-təzə qələm tuturduq və yeni -yeni qafiyələr axtarırdıq... Gəlin bu gözəl şairin, gözəl ağsaqqalın şeirlərini də məclislərdə, məktəblərdə gənc nəslimizə əlavə oxularda bir daha xatırladaq..Onsuz da Mehdixan müəllim də digər gözəl şairlərimiz kimi öz sağlığında öz haqqını ala bilmədi. Olmazmı ki məktəblərimizdə şairin görüşünü təşkil edək..Nə isə...Şairin təsirli bir şeri ilə bu yazıma da sonluq vermək məqamı çatdı.Onsuz da zamanın süzgəci həmişə ədalətli olub..Sənətdə sürünənləri tarixin yaddaşından silib. Şairin “Bu gecə” şerini də sizlərə ərməğan edirəm:

Aman Allah, yenə çılğın xəyalım,
O dağlara yollanmışdı bu gecə.
Gözlərimin önündəydi doğma yurd,
Yuxularım ballanmışdı bu gecə.

Behiştə dönmüşdü o dağ, o dərə,
Alqış təbiətdə olan hünərə.
Elçi göndərmişdi asiman yerə,
"Göy Qurşağı" sallanmışdı bu gecə.

Mənimlə göz-gözə durmuşdu nələr?!
Çiçək toplayırdı nazlı körpələr.
Güneylərdə alışmışdı lalələr,
Ləçəkləri xallanmışdı bu gecə.

Yolumu çaşdıran dağ dumanıydı,
Eşitdiyim neyin ah-amanıydı.
Yaylaq zamanıydı, köç zamanıydı,
Göy Atım da nallanmışdı, bu gecə.

Yanımda yatmışdı bir xallı ceyran,
Başımın üstündə süzürdü tərlan.
Deyəsən yenə də şair Mehdixan,
Yuxusunda allanmışdı bu gecə.

Yusif Hüseyn, şair- tədqiqatçı, 
“Qızıl Qələm” mükafatı laureatı.
12 oktyabr 2019 cu il.


Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 12-10-2019 15:11
Baxış sayı: 31 773
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını