Fərid Muradzadənin "Acılı xatirələr"i -Hekayə

04-05-2020 11:06
"Özündən kiçik iki qardaşından fərqli olaraq o, həyatı dərk edirdi və bu erkən dərketmə onun uşaqlığını əlindən alır, ağır bir yük olaraq çiyinlərini əzir, onun uşaq ürəyinə əzab verirdi..."

Dalidag.az Fərid Muradzadənin bir hekayəsini təqdim edir:

                                                           ACILI XATİRƏLƏR

Ramin, bu 40 illik ömrümün 28 illik dostudur. Biz təkcə şad günlərin dostu deyil,ağrılı-acılı,  dərdli-qəmli, kədərli-möhnətli, enişli-yoxuşlu yolların sınağından keçmiş dostlarıq. Onunla ilk tanışlığımızdan bəri bizi ortaq edən, dost edən düşüncələrimiz, həmfikirliyimiz, bir-birimizi gözəl anlamağımız bu gün də davam edir. Dostum hər zaman deyir ki,, biz səninlə ruh əkizləriyik". Bu həqiqətən  də belədir. Aradan ötən illər bizlərdə forma,zaman və məkan baxımından   nəzərə çarpacaq qədər dəyişikliklər etsə də dostum mənim nəzərimdə elə 92-ci ildəki Ramindir-zaman axarında cismani dəyişikliyə uğrayıb dəyişmiş bığlı-saqqalı uşaq. Vaxt tapan kimi görüşürük. Son günlər isə məlum pandemiya səbəbindən  cismani görüşmək imkanımız olmasa da virtual olaraq görüşüb həmsöhbət oluruq. İki gün əvvəl zəngləşmişdik. Əvvəlcə mənim yazdığım bir yazını müzakirə etdik, sonra bir az zarafatlaşdıq və sonda yenə də həmişəki kimi ,,ənənəmizə" sadiq qalaraq bizim üçün ömrümüzün sonuna qədər unudulmayan ağrılı-acılı, məşəqqətli, arzularımızın öldüyü, əldə edə bilmədiklərimizin, itirdiklırimizin həsrəti ilə dolu və müharibə dövrünün qurbanı olan uşaqlıq illərimizə səyahət etdik. Onun danışdığı bir əhvalat məni çox mütəəssir etdi və bu hekayəni yazmaq qərarına gəldim.   Müslüm əmi hündürboy, cüssəli, düz qamətli bir kişi idi. Zavodda çalışsa da ənənəvi sənətkarlıqdan da kənarda qalmırdı. O, həm bacarıqlı, əl qabiliyyəti gözəl ev təmiri ilə məşğul olan sənətkar,həm də səliqəli ayaqqabı ustası idi. Gənclik illərində keçmiş Sovetlər birliyinin bir çox şəhərlərində olmuşdu. Qazancı yaxşı olduğu üçün bankda yaxşı məbləğdə pulu da var idi. Lakin o pullar onu bir o qədər də maraqlandırmırdı. O pulların hesabına nə bir ev nə də bir maşın almadı. Alverçi tanışlarının yalvar- yapışlarına da fikir vermədi. Hansı ki, o şəxslər Müslüm əmiyə pulu ilə onlarla şərik iş qurmağı təklif edirdilər. Onların alver təklifləri Müslüm əminin ağlına batmırdı. O zamanlar sadə Sovet vətəndaşları kimi o da dünya içində fərqli bir dünya olan böyük SSRİ -nin bir gün parçalanıb məhv olacağına inanmırdı və onlar əmin idilər ki bu hökumətdə heç bir zaman işsizlik problemi, ərzaq qıtlığı yaşanmaz... Ancaq qəfil yellər əsdi,  dünyanın dəyirmanı tərs fırlanmağa başladı. Nəhəng imperiyanın zəif nöqtələri aşkara çıxdı. Çernobıl faciəsindən sonra artıq imperiya daxilində inamsızlıq artmağa Sosialist respublikada azadlıq ideyaları cücərməyə başladı. Əfqanıstan müharibəsində də fiaskoya uğrayan SSRİ höküməti daha əvvəlki qaydalarla idarə edə bilmirdi. İdarə olunanlar bə idarəçilər arasında kəskin nizamsızlıq yaranmışdı. Engelsin dediyi kimi,, yuxarılar əvvəlki qaydada idarə edə bilmir, aşağılar isə əvvəlki qaydalarla idarə olunmaq istəmirdilər". Məhz belə qarmaqarışıq bir dövrdə illər ərzində torpaqlarımıza sığınıb yerlərini daha da möhkəmləndirən ermənilər Azərbaycan torpaqları üstündə bərqərar edilən Ermənistandan azərbaycanlıları zor gücünə qovdular. Birdən-birə təsəvvürlərinə  belə gətirə bilməyəcəkləri bir vəziyyətə düşən azərbaycanlılar əsasən Bakıya və Azərbaycanın ikinci və üçüncü böyük şəhərlərinə üz tutdular. Soyuq bir noyabr günündə Müslüm kişinin də qapısını taqqıldatdılar. Öz doğma ocaqlarından qovulan qohumları bu şəhərdə gümanı gələn qapı kimi onun qapısını döymüşdülər. Az müddət ərzində Müslüm kişinin səxavətindən istifadə edən qohumlar onun bankdakı pulunu qaytarmaq şərtilə alıb özlərinə ev aldılar və illər sonra o məbləği artıq dəyərini itirmiş milli valyuta ilə geri qaytardılar. Daha qaytarılan pulların bir dəyəri yox idi. 90-cı illər idi. Ehtiyac qapını  ağzını kəsdirmişdi. Ailədə əməlli başlı sıxıntı hiss olunurdu. Zavodlar bağlanmış, müəssisələr öz fəaliyyətini dayandırmış, iş yerləri olduqca məhdudlaşmışdı. Valideyinlər övladlardan, övladlar da valideynlərdən utanırdı. Ramin evin böyük övladı idi. Vaxtından tez həyatın acılarını dadırdı. Özündən kiçik iki qardaşından fərqli olaraq o, həyatı dərk edirdi və bu erkən dərketmə onun uşaqlığını əlindən alır, ağır bir yük olaraq çiyinlərini əzir, onun uşaq ürəyinə əzab verirdi. O illərin əzabını hamımız yaşamışıq. Buz kimi otaqlar, nazik, nimdaş əyin-baş, yarıac-yarıtox günlər, cəbhədən hər gün gələn meyit maşınları, xaos, özbaşınalıq, pulluların əyləncə həyatı və bol süfrələri, kasıb məzlumların kasıb süfrəsi, boynubüküklüyü və s. Ağrılı,əzablı illər idi. Dərsdən qayıdan Ramin eyvanda dayanıb aşağı-həyətə baxırdı. Fikirli idi. Nüşabə ana uşaqlar üçün günorta yeməyinə kartof-yumurta qaynatmışdı. Balaca qardaşları dinməzcə yeməklərini yeyib bir kənarda oynayırdılar. Ramin isə yeməyə əlini də vurmadı. Yumurta yalnız evin 3 uşağına çatmışdı. Anası onu nə qədər dilə tutsa da o, əlini yeməyə vurmadı. Nüşabə ana Ramini ovundurmaq üçün axşam atalarının işdən gələndə yumurta alacağını desə də Ramin inadından dönmədi. Axşam işdən qayıdacaq atasını gözləyirdi. Axşam da oldu, ata da işdən qayıtdı, amma... Səhəri gün dərsdən qayıdandan sonra yenə eyvana çıxıb nəsə bir çarə axtarırdı. O, ailə üzvlərinə kömək etmək istəyirdi. Dodaqaltı öz-özünə,-kaş ki, mən də böyük olardım, işləyərdim, -dedi. Həyətdə elə onun yaşda olan velosiped sürən oğlanları görəndə ürəyi sızıldadı. Ramin də tay-tuşları kimi iki təkərli velosiped istəyirdi, amma buna imkan yox idi. Aşağıdakı velosiped sürən xoşbəxt uşaqları bir daha görməmək üçün üzünü çevirəndə ani olaraq gözləri eyvandakı şkafa sataşdı. Şkafın üstü və içi müxtəlif növ içki şüşələri ilə dolu idi. Müslüm əminin bəlkə də aylar, illər ərzində içdiyi içkilərin unudulub atılmayan çeşidli içki şüşələri onun gözlərinə pul şəklində görünməyə başladı. Bir andaca ,,işə" girişdi. Bütün içki şüşələrini yuyub təmizlədi( çirkli şüşəyə nisbətən az pul verilirdi) Sonra onları bir kisəyə doldurub yaxınlıqdakı mağazaya apardı. Sayıb təhvil aldıqdan sonra pulunu verdilər. Elə sevinirdi ki... dünəndən bəri evdə ehtiyac duyulan yumurtaları alacaqdı, həm də bir ,,kletka". Qaçaraq mağazaya girdi. Yaman növbə vardı. Yumurtaları aldıqdan sonra çörək də almağı qət edti. Ona elə gəlirdi ki artıq böyüyüb. Olduqca sevincli idi. Aldığı yumurtaları qutu qarışıq başında tutmuşdu. Çörək növbəsi çatmışdı. Pulu çıxarmaq üçün əlini cibinə apardı. Yumurtaları sındıracağından qorxduğu üçün əlləri titrəyirdi. Odur ki, çörəyin pulunu ödəyəndə bir az ləngidi və bu ləngimə dəqiqələrdir ki növbədə olanları hövsələdən çıxardı. Bu dəm hansısa mərdimazarın onun başına vurduğu qapazdan özünü itirdi. Qapaz səsi ilə birlikdə beynində eşitdiyi qabıq xırçıltısı onu keyləşdirmişdi. Əmin idi ki, bircə dənə də yumurta salamat qalmadı və o zənnində yanılmamışdı. Uşağın nitqi tutulmuşdu. Qışqırmaq istəsə də səsi çıxmırdı. Səssizcə yanğı ilə yanağı boyunca üzüaşağı axan isti göz yaşı üz-gözünə yapışmış yumurta sarısına qarışmışdı.  

Fərid Muradzadə 
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-05-2020 11:06
Baxış sayı: 3596
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını