Kəlbəcərin yanıqlı səsi- Bala Ədalət- VİDEO

01-02-2020 21:26
Bu gün Azərbaycanın mənəvi dəyərlərindən olan, saz-söz sənətinin ünlü siması, Kəlbəcərin yanıqlı səsi Aşıq Ədalət Dəlidağlının doğum günüdü. Dalidag.az bu münasibətlə dəyərli sənətkarı təbrik edir, ona sağlıqlı ömür və yaradıcılıq uğurları arzulayır. Səsiniz Kəlbəcərdən gəlsin, Ədalət Dəlidağlı!

Ədalət Dəlidağlı 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olub. Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar “Bala Ədalət” Qəmkeş Allahverdidən, 1993-1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, “Şöhrət” ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs almışdır.
Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlamışdır. Ona ilk uğuru gətirən 1989-cu ildə Gəncədə keçirilən “Gənc ozan” müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən “Ozan-folklor” müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur. Bu Ədalət Dəlidağlının Azərbaycandan kənarda qazandığı ilk uğuru olmuşdur.
2006-cı ildə “Azərsun”un keçirdiyi “Ozan” müsabiqəsində birinci yerə layiq görülmüşdür. Onun sənətdə qazandığı bu uğurlar rəsmi dövlət qurumları tərəfindən də diqqətə alınaraq, 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülür.
Ədalət Dəlidağlının bütün saz-söz məclislərində öz yeri var, özünəməxsus şirinliklə ifa etdiyi saz havalarıyla saz-söz pərəstişkarlarının ruhunu oxşamaqda, ovsunlamaqdadır. Onun səsləndirdiyi saz havalarında Murov dağlarının əzəməti, nigarançılığı, nisgili və bir də bizlərə ünvanlanan qınağı gizlənib sanki. Qol-boyun olduğu sazında Kəlbəcərin ruhunu, itirilmiş torpaqlarımızın xiffətini və bir də canımızı ruhumuzdan ayıran “Ruhani”sində həm də o torpaqlara dönmək ümidini yaşadır bizə Ədalət Dəlidağlı. Tanrı Kəlbəcər yaylalarını “Ruhani”siz qoymasın. Allah “Bala Ədalət”ə Dədə Şəmşirin ruhunu şad etməyi nəsib etsin, Ulu sazımızın Kəlbəcərdən hicrətinə son qoysun!

Dalidağ.az



Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr / Video
Tarix: 01-02-2020 21:26
Baxış sayı: 4910
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını