"27 ildir Kəlbəcər baharı bizsiz qarşılayır, biz onsuz fəsillərə alışdığımız kimi..."- Maksim Nəbiyevlə MÜSAHİBƏ

01-04-2020 18:41
İnsan Vətəni, doğulduğu yurd yeri ilə bütün olur, tam olur. Kim olursa olsun, harda olursa olsun, vətəndəki qədər özü ola bilmir insan. İndi əl çatmayan o qədər yurd yerlərimiz var ki, bürünüb həsrətinə için-için göynəyirik.Təqvimdə ağrı adlı aylar, günlər sıralanır, ildönümlər, anımlar utancverici qara rəngiylə ömrümüzdən ömür alır. Torpağın oyandığı, təbiətin bir özgə gözəlliyə qucaq açdığı baharın gəlişi baxışı yollar çəkən, üzü dağlara adamların- məcburi köçkün adıyla kiçilən yurd aclarının dərdini ikiqat təzələyir. O yerlərin baharı da bir başqa, bayramı da bir ayrı... 27 ildir Kəlbəcər baharı bizsiz qarşılayır, biz onsuz fəsillərə alışdığımız kimi. Bizsizlik dərdini ovudacaq kimsəsi yox, bizim Kəlbəcər ağrımızı duyanlar olmadığı kimi... Kəlbəcərin işğal günü ərəfəsində qürbətdə yaşayan kəlbəcərli soydaşımız Maksim Nəbiyevlə dərd bölüşməyə çalışdım. 
                                                                                                                                              Dalidag.az-ın əməkdaşının Rusiyada yaşayan əslən Kəlbəcərdən olan Maksim Nəbiyevdən aldığı müsahibəni təqdim edirik:

-Salam, Maksim bəy! Salamım Vətən doludu, bilməm, hiss etdinizmi? 

-Salam, Sevinc xanım! Əlbəttə ki, bir doğmalıq, istilik hiss etdim... 

-Çoxdan Rusiyadasınız?

- Xeyli vaxtdır Rusiyada yaşayıram. Artıq 20 ildi.

-Yaşamaq üçün qürbəti seçməyiniz hansısa məcburiyyətdən doğub?

-Əlbəttə, heç kim məcbur olmasa, öz doğma el-obasını, vətənini qoyub Rusiyaya gəlməz. Eləcə də mən. 90-cı illərin ortalarında respublikamızda yaranan ictimai-siyasi vəziyyət və işsizlik problemi çətinliklərlə üzləşdirdi bizi. Bu səbəbdən, çoxları kimi mən də heç harda iş-güc tapa bilmədiyimdən, məcbur olub çörək dalınca qürbət ellərə üz tutdum. O vaxtdan Rusiyada yaşayıram. Burda iş qurmuşam. Tanrı özü kömək olsun, Azərbaycanda sabitlik hökm sürsün, iş yerləri çoxalsın. Heç olmasa gələcəkdə övladlarımız gəlib öz xalqımıza xidmət eləsin. Üç övladım  var, hər üçü ali təhsillidir. Məcburən Rusiya xalqına xidmət edirlər.

-Bir zamanlar qürurla çəkdiyimiz Kəlbəcər adı 27 ildir ruhumuzu göynədir. İşğal günü ərəfəsindəyik. Kəlbəcər ağrınız nə rəngdədi?

Əslində biz Kəlbəcərdən atamın işi ilə əlaqədar daha erkən çıxmışdıq. Bu hardasa mənim uşaqlıq illərimə təsadüf edir. Uşaqlığımı keçirdiyim o gözəl məkana bir də müharibə başlananda döndüm. Keçmiş resbublika prokuroru Eldar Həsənov Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi işlədiyi dövrdə mən də orda polis işçisi kimi fəaliyyətə başladım. Həmin illərdə mən və iki həmyerlim ərizə yazıb könüllü olaraq Kəlbəcərin müdafiəsinə yollandıq. Kəlbəcər mənim ana vətənimdir, doğma yurdumdur. Mən Kəlbəcəri heç də orda boya-başa çatanlardan az istəmirəm. Kəlbəcərin işğalından sonra uzun illər özümə gələ bilmədim, ürəyim atlanırdı, həmişə hansısa yollar axtarırdım, fikirləşirdim ki, necə edim mən Kəlbəcərə gedim. Kəlbəcər sevgim yaşayır və bu əbədi sevgiyə heç nə mane ola bilməz. Gələcəkdə - Kəlbəcər işğaldan azad olunandan sonra mütləq kəndimizə dönüb, orda özümə ev qurmaq arzusundayam. Əlbəttə bu bütün Kəlbəcərlilərin arzusudu. Ola bilər kimlərsə indi məskunlaşdığı yerdə özünə ev-eşik qurub, rahat yaşayışa sahib olub daha yurd yerinə dönmək istəmir. Ancaq belələri 3-5 nəfər ola bilər. Təəssüflənirəm ki, az da olsa bu düşüncədə olan adamlar var.

-Bir neçə gün əvvəl xalqımız baharın gəlişini, Novruz bayramını qeyd etdi. Kəlbəcərli bahar bayramlarınızı necə xatırlayırsınız?

-Bizim “Kəlbəcər yolu” İctimai Birliyinin fəaliyyət ilə yəqin ki, tanışsınız. Bir çox kəlbəcərli ziyalıların üzv olduğu birliyin də bayram ərəfəsində əsas mövzusu Novruz bayramı oldu. Novruzla bağlı məlumatlar, Kəlbəcərdə bayramın necə qeyd olunması, özünəməxsus adət-ənənələr və mərasimlər  haqqında söhbətlər edildi. Daha çox uşaqlıq illərində keçirdiyim bayramlar hopub yaddaşıma. Bayrama xas olan papaq atdı, qapı pusdu, su üstünə getmək kimi ənənələri mütləq həyata keçrdirdik. Bundan əlavə bir ay öncədən lopalar düzəldir, neftdə saxlayardıq. Bayram günü məşəl kimi yandırıb səhərə kimi kəndi işıqlandırardıq. Maraqlı epizodlarla dolu, şən keçərdi bayramlarımız. Hamının üzündə sevinc, əsl bayram əhval-ruhiyyəsi olardı. Təəssüf ki, həmin illəri geri qaytarmaq mümkün deyil. Onu da deyim ki, nə Kəlbəcərdə keçirilən bayramlara, nə də Kəlbəcərin gözəlliyinə heç harda rast gəlmədim. 

-Yaşadığınız yerdə milli adət-ənənələrimizi yaşada bilirsinizmi, hər hansı məhdudiyyət və ya  qadağa varmı?

Bacardığımız qədər adət-ənənələrimizi yaşatmağa çalışırıq. Hər il mart ayı gələndə biz də səməni qoyuruq, bayram yer-yemişi, qoz-fındıq alınır evə. Milli dəyərlərin unudulmaması, övladlarımızın da yaddaşına hopması və davam etməsi üçün əlimizdən gələni edirik. Hər il Novruzun ocaq çatmaq, tonqal qalamaq kimi atributunu da həyata keçirdirdik. Bu il tonqal üçün seçdiyimiz məkan yaşayış massivinə nisbətən yaxın olduğuna görə aidiyyəti orqanlar tərəfindən  etiraza  səbəb oldu. Hər nə qədər bayram adətimizin bir hissəsi olduğunu desək də, vəzifə borclarını yerinə yetirdiklərini bildirdilər. Ümumilikdə isə heç bir qadağa yoxdu, millətindən asılı olmayaraq hər kəsin bayram keçirmək hüququ var. Necə ki, biz rus xalqının dilinə, dininə, mədəniyyətinə hörmət edirik onlar da eyni ilə. Yəni münasibət qarşılıqlıdı. 

-Yurd həsrətinə son qoymaq, Kəlbəcərə qovuşmaq üçün silahlar işə düşməlidirmi sizcə?

-Qanla alınan torpağı, heç vaxt heç kim xoşluqla qaytarıb verməz. Əlbəttə ki, silahlar işə düşməlidi. Heç olmasa bir həftə müharibə getməlidir ki, ermənilər də dərs götürsünlər. Aprel döyüşləri zamanı xalqımızda əhval-ruhiyyə yaranmışdı, hətta biz də cəhd göstərdik  gələk. Əlimizdən gələn müəyyən köməkliklər etdik təbii ki. Həqiqətən o günlərdə ruh yüksəkliyi var idi xalqımızda. Yəni şərait yaradılsa, daha doğrusu imkan verilsə, on günə də döyüş yolu ilə müharibəni udmaq, torpaqlarımızı geri qaytarmaq olar. Hətta İrəvanı və Zəngəzuru da. Torpaqlarımız zorla işğal olunub və  xoşluqla da heç kim qaytarası deyil. Doğrudur, qanun-qayda deyilir, ATƏT-in ,Minsk qrupunun fəaliyyətindən danışılır. Ancaq bu zaman itkisidi və boş vəddən başqa bir şey deyil. İndiyənə qədər  əlimizdən alınan hansı torpağımız  geri qaytarılıb. 20% torpağımız  işğal olunub deyirik. Bu Qarabağ müharibəsində itirdiyimizdi. Bəs ona qədər itirdiyimiz torpaqlar? Dərbənd, Zəngəzur, Borçalı, İrəvan qarışıq 56-57% torpaqlarımıza sahibləniblər. Böyük Azərbaycan hissə-hissə parçalanıb,şimala, cənuba bölünüb. Və bütün zəbt olunmuş torpaqların sülh yolu ilə geri qaytarılması mümkün deyil. Ona görə də müharibə mütləq lazımdı. Əsas odur ki, birliyimiz olsun. Rusiyaya ümid bağlamaq, güvənmək səhvdir. Bizə qarşı düşmən mövqeyində olduğu bəllidir. Çeçenistanın keçmiş  prezidenti Cövhər Dudayev deyirdi ki, Rusiya faşistlərdən də betərdi. Yəni o dövlətin müdaxiləsi olmasa, bütün torpaqlarımızı qaytarmaq olar.

-Söhbət üçün təşəkkür edirəm. İnşallah Kəlbəcərdə görüşmək ümidiylə, sağ olun.

Çox sağ olun. İnşallah, ümidlərimiz göyərər. Kəlbəcərə qovuşmaq bütün kəlbəcərlilərin arzusudu. Tanrı xalqımızı qorusun. Var olun! 

Söhbətləşdi:Sevinc Qərib
Dalidag.az





Kateqoriya: Kəlbəcər / Müsahibə
Tarix: 01-04-2020 18:41
Baxış sayı: 4430
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını