Mətləb Həsənov:"Vətənsiz qızıl libas geyinsəm də üryan görünürəm..." -MÜSAHİBƏ

01-04-2020 10:48

Bütün ağrılara bir təsəlli, bir məlhəm tapmaq olar bəlkə də. Bütün itkilərin bir ovunmaq nöqtəsi,  əvəzlənməsi mümkün olmasa da, bir tutunma səbəbi olar. Bir tək torpaq ağrısı, yurd-yuva itkisi heç bir təsəlliylə ovunmaz, heç bir məlhəm sağaltmaz bu yaranı. Tez-tez düşündüyüm, özümə sual verdiyim bir məqam var. Əslən işğal olunmuş torpaqlardan olub, hansısa səbəbdən ölkədən xaricdə yaşamaq məcburiyyətində qalan soydaşlarımızın yurd ağrısı nə rəngdədi? Görəsən qürbətdə yaşayanlar daha çox ağrıyır, yoxsa, bir neçə yüz kilometr o yanda yolunu gözləyən dağlara əli çatmayan, məcburi köçkün adıyla kiçilən bizlər? Bəlkə onların bir təsəlli amili var, oralarda yurd yerini andıran, küçə, dalan, yollar...yoxdu, əllərini gözlərinin üstünə qoyub qarşıya boylananda düşmən tapdağında inləyən yurd yerlərini görüb için- için sızlamırlar. Bəlkə də yox, daha çox ağrıyırlar, ikiqat dərd çəkirlər... Cavabsızdı özümə suallarım. Yəqinlərlə, bəlkələrlə “döyüşümün” sonunda qərara  gəldim ki, qürbəti məskən seçmiş həmvətənlərimdə axtarım sualımın cavabını. Kəlbəcərin işğalı günü ərəfəsindəyik. 27 illik göynəyə necə dözdüyünü  öyrənmək və  illərdir beynimi yükləyən sualıma cavab almaq üçün üz tutdum kəlbəcərli yurddaşımız Mətləb Həsənova.

Dalidag.az əməkdaşımızın qürbətdə yaşayan kəlbəcərli iş adamı Mətləb Həsənovla müsahibəsini təqdim edir:

-Salam, Mətləb  bəy! Vətəndən gələn salam, qarışıq duyğular fonunda həm də xoşdur sanıram.

-Salam, Sevinc xanım! Salam, ürəyi mənim kimi nisgilli, yurdsuz doğmalarım! Namiq Dəlidağlıyla bərabər, ürəyi vətən həsrətiylə çırpınan hər kəsə salam.Əlbəttə, xoşdur vətən salamı...

-Neçə ildi Rusiyada yaşayırsız?

-Artıq 24 ildi Rusiyanın Novosibirsk şəhərində yaşayıram.

-Qürbətdə yaşamaq çətindi, ümumiyyətlə, orda sizlərə münasibət necədi?

-Qaçaq Kərəmdən soruşublar ki, hansı həyat yaxşıdı. Qaçaq Kərəm deyib:”türmədən qaçaqlıq yaxşıdı, qaçaqlıqdan ölüm yaxşıdı”. Yəni vətənsiz yaşamaqdansa, şəhidlik zirvəsi bir şərəfdi.

"...atamın məzarına oxşar məzar tapa bilmədim..."

-Kəlbəcərin işğalı günü ərəfəsindəyik, artıq 27 ildir düşmən tapdağında inləyir torpağımız. Ağrılarınızı necə ovudursuz?

-Burda Kəlbəcər təbiətinə bənzər yerlər gördüm, gəzib çox dolandım ”Qornıy  Altay”da. Amma hansı məzarıstana gedib baxdımsa, atamın məzarına oxşar məzar tapa bilmədim...

- Kəlbəcərlə bağlı daha çox nəyi xatırlayırsınız?

-Mən Kəlbəcərdən çıxandan 3 il sonra Novosibirsk şəhərinə gəlib hüquqşünaslıq akademiyasnı qurtarmışam. O zamandan indiyə kimi Kəlbəcəri və kəlbəcərliləri hər vaxt xiffətlə xatırlayaraq, ürəyimdə bir donmuş sevgiylə ömrün sonuna günbəgün yaxınlaşıram. Amma o xatirələr, elə o zamankı kimi qəlbimdə bir yurd sevgisi yaşadır. Kəlbəcərli xatirələrimin qisasını ancaq gözlərimdən ala bilirəm. İki balaca nöqtəyə bənzər  gözlər bir okeana dönüb. Elə bil mənimlə bəhsə girib heç qurumurda...

-Çoxdandır beynimi yoran bir sual var. Qürbətdə yaşayanlarmı daha çox ağrıyır yurd ağrısıyla, yoxsa, yalın o üzündə evini görüb, əli çatmayan, için-için qovrulan yurdsuzlarmı?  

- Sevinc xanım, mən bu qərib ölkənin nə istisini gördüm, nə də qızıl libasını. Vətənsiz nisgilli ürəyim donur, vətənsiz qızıl libas geyinsəm də üryan görünürəm.

-Necə düşünürsüz, artıq zamanı yetməyibmi silaha sarılmanın? Məncə çox gecikmişik...

-Vətən üçün silaha sarılmağın vaxtı çoxdan çatıb. Biz danışıqlara ümid bağlayıb, sülh yolu ilə torpaqlarımızı azad etmək siyasətinə güvənməklə vaxt itiririk. İllər sürətlə keçir, zaman bir yerdə dayanmır, biz də yaşa doluruq. Vətən həsrəti, qürbətin soyuğluğu, Kəlbəcər  yarası...ürəyimiz dərd dolu, ömrün də vəfası yox. Narahatlıq içimi bürüyür ki, bizim həmyaşıdlarımız da dünyasın dəyişəndən sonra Kəlbəcərimiz və işğalda olan digər yurd yerlərimiz tamamilə unudulacaq. Artıq səbr kasası dolub, hərəkət zamanıdı. Mən də öz gənc oğlumla bərabər döyüşməyə, torpaq uğrunda lap ölməyə hazıram.

-Söhbətdaşım olduğunuz üçün təşəkkür edirəm. Kəlbəcərə qovuşmaq, yurd yerində görüşmək arzusuyla, sağ olun.

-Mən də sizə təşəkkür edirəm. Suallarınız məni bir anlıq xəyalən vətənimə və xalqıma qovuşdurdu. Amma yenə də yazıq gözlərim mənə həmdəm oldu...

Söhbət etdi: Sevinc Qərib
Dalidag.az



Kateqoriya: Kəlbəcər / Müsahibə
Tarix: 01-04-2020 10:48
Baxış sayı: 4561
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını