Firuzə Məmmədli: "Getmişdim bir payız durna köçündə, durnalar qayıtdı, mən də qayıtdım..." -ŞEİRLƏR

05-12-2019 12:50
"...Sevmə ağılsız sevgini,
Ağla ağrısız sevgini.
Dilsiz-ağızsız sevginin
Ağrısı gözə çəkilir..."


Dalidag.az Firuzə Məmmədlinin şeirlərini təqdim dir:

İLLƏRİN

Birdən-birə nə düşmüşdü yadına,
Vərəqlədin keçmişini illərin.
Saydın, seçdin, seçmələdin nə yaxşı
Əllisini, yetmişini illərin...

Bu seçdiyin ürəyincə deyilsə,
Ələ gələn gərəyincə deyilsə,
Donluq olub, çörəyincə deyilsə,
Nə gəzirsən itmişini illərin???

Nəyi vardı xəlbirlədin, ələdin,
Acısını, şirininə caladın.
Çagaydımı laylaladın, bələdin..
Daha vaxtı ötmüşünü illərin..

Sözgəlişi dedim bunu incimə
Hövüllənmə savaşına, dincinə.
At zamanın sənə düşən küncünə..
Gəlmişini ,keşmişini illərin.

Nə qədər ki, yerişinlə dirisən,
Canım-gözüm beş adamdan birisən.
Çəkmə..çəkmə..çəkəmməzsən geri sən..
Ömrü talan etmişini illərin..

Eh..il vardı vaxt əlində saz idin..
Bir sarışın, bir alagöz qız idin
Gərək onda arayaydın ,gəzəydin
Düzü əyri bitmişini illərin..

Karvan gedib, izi qalıb yollarda,
Zaman adlı gözü qalıb yollarda,
Qaytar geri tozu qalıb yollarda,
Qəfil yada düşmüşünü illərin....

DURNALAR QAYITDI

Baharda oyanan xatirələrin
Qoluna girib də kəndə qayıtdım.
Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.
 
Bir dəstə bənövşə, bir qom kol dibi,
Baxırdı torpaqdan, dərim, dərməyim?!
Ruhumu oyadan yaşıl yol oldu
Kəndə qayıtmağım, kəndə gəlməyim.
 
Çox şey dəyişmişdi o vaxtdan, çox şey,
Qalan nə idi bəs?.. Vallahi, heç nə.
Nə kənd həmin kənddi, nə qonum-qonşu,
Dəyişən nə imiş, İlahi? Heç nə!
 
Bu adlar, soyadlar tanış gəlsə də,
O vaxtkı deyildir kənd adamları.
Oğlanlar - şortikdə, qızlarsa - cinsdə,
Həm kənd başqalaşıb, həm adamları.
 
Uşaqlar ağlını test ilə ölçür,
Qadınlar danışır kişi səsilə.
Cavanlar üzbəüz gəlsələr belə,
Salam-kəlam edir esemes ilə.
 
Daban-dabanadı hər qapı hər tin,
Bu evin o evə həniri yetməz.
Mağar da qurula, toy da vurula,
Qonşudan-qonşuya səmiri yetməz.
 
Dəyişib... Yazdığım şeirin belə
Üzündə təbəssüm sətri qaçıb.
Təkcə çiçəklərdi öz mizanımda, -
Nə rəngi dəyişib, nə ətri qaçıb.
 
Bənövşə rəngini gözümdə gördü,
Çəmən yaşılını geydim əynimə.
Şəftəli budağı tərpənişilə
Çəhrayı şalını saldı çiynimə...
 
Getmişdim bir payız durna köçündə,
Durnalar qayıtdı, mən də qayıtdım.

NİYƏ

Bu ocağın odu sönmüşdü çoxdan,
Bu can bir cəsədə dönmüşdü çoxdan.
Bu ruh yaşamırdı, ölmüşdü çoxdan,
Onu bu uyğudan oyatdın niyə?
 
At üstündə çapan qara gün idi,
Vaxt sürüydü, çoban qaragün idi.
İtirən mən... Tapan qara gün idi,
Qara gün içindən boy atdım niyə?
 
Bir az sünbül idim taxıl baxtıma,
Dedilər, iməklə, yıxıl baxtına.
Allah, məni də yaz paxıl baxtına,
Ömrümə sığmasın həyatım niyə?
 
Eylə dərdlərinə mükafat məni,
Qəlbinin küncündə ocaq çat məni.
Cənnət də - bir bazar; apar sat məni,
Mən kimi bir səhvə qayıtdım niyə?
 
Çökdü vicdanına nəfsim, ağrıdı,
Dilləşdim şerimlə, səsim ağrıdı.
Oldu bu taleyə təslim, ağrıdı,
Susdu qoşmam niyə, bayatım niyə?

***
Gün asılıb yaxasından,
Göylər gündüzə çəkilib.
Batıb gül-çiçək içində -
Dərələr düzə çəkilib.
 
Gənclik - anın gözəlliyi,
Ömür, hanı gözəlliyin?
Düz dünyanın gözəlliyi
Bircə bu qıza çəkilib.
 
Sevmə ağılsız sevgini,
Ağla ağrısız sevgini.
Dilsiz-ağızsız sevginin
Ağrısı gözə çəkilir.

***
Çəkib bağladım qapısın,
Nə bilim, kimindi bu ev.
Pəncərə gözü də baxmaz,
Hansı miskinindi bu ev?
 
Maşa burda, kömür burda,
Niyə ocaq sönüb burada?
Kimin sonu gömüb burda?
Kimin ilkinindi bu ev?
 
Qapısını açanı yox,
Qəfil döyüb qaçanı yox.
«Harda»sı yox, «haçan»ı yox,
«Yox»un, itkinindi bu ev.

***

Səbrimin ətəyilə
Gözümü sildim, yetər.
Bir ümidin yolunda
Ölüb-dirildim, yetər.
Sirdi, hikmətdi, nədi...
Öyrənib, bildim, yetər.
Daha bildiklərimi
Bəyan etmək vaxtıdır.
 
Yerini bilməyənlər
Özünü başda görür.
Haqqa nahaq deyənlər
Sülhü savaşda görür.
Əli gəlmir atmağa,
Günahı daşda görür.
Daşatan zamanlara
Qiyam etmək vaxtıdır.
 
Dayan, qisas adamı,
Zamanla az kəllələş.
Dəniz kimi hirsini
Qumlara yaz, kəllələş.
Bəlkə bəxtin gətirdi,
Qəbrini qaz, kəllələş.
Doğru, dürüst, hər nə var,
Yalan etmək vaxtıdır.

GEDİM

İlahi, İlahi, mən bu günlərin
Hansı sifətini ötürüm gedim?!
Ömürlə açdığım bu yoldan bəlkə,
İzimi, sözümü itirim gedim.

Ta qanım qaynamır bu gündüzlərə,
Bozaran üzlərə, dönük üzlərə.
Ayətəl-kürsümü bəlkə yüz kərə
Oxuyub, bəşərə üfürüm gedim.

Daha yorulmuşam, daha bezmişəm,
Bu yolda kölədən-şaha bezmişəm.
Dünyaca naləyə, aha bezmişəm,
Qaçım dərə, təpə, uçurum, gedim.

Səbrim əliboşdur baxt itkisində, -
Gəlişi olmayan vaxt itkisində.
Bəlkə bu zamansız haqq itkisində
Vaxtımı bir təhər keçirim gedim.

Bəs necə sevmişəm bu dar dünyanı?
İtinə, qurduna bazar dünyanı.
Allah, özün yol tap, qurtar dünyanı, -
Sevgisin qəlbimə köçürüm gedim.

***

Qoy başını dizim üstdə,
Uzan yat, dərdin anası.
Kimsə səni yatırmasın,
Özün yat, dərdin anası.

Yat bir körpə həvəsiylə,
Yat "zövqüylə", "səfasıyla".
Dərdin soyuq nəfəsiylə
Qızın yat, dərdin anası.

Hardakı dərd, haçankı dərd,
Səhər-axşam - azançı dərd.
Dərd alanın qazancı - dərd,
Qazan yat, dərdin anası.

NƏ VARDI

Bu dünyanın yalanı da düz idi,
Düzüb-qoşan, özümüzdük, biz idik.
Aralıqda hər nə idi, söz idi,
Sözdən-sözə calanmağa nə vardı?!
 
Bir məhəbbət nəğməsiydi hər bulaq,
Ömür - nağıl, igidimiz - Nərbala.
Yolumuzun dərd satanı - dərd alan,
O vaxt dərdə qalanmağa nə vardı?!
 
Ürək dolu arzulara yar idik,
Abır idik, həya idik, ar idik.
Ağıl-kamal bağçasında bar idik,
Baxışlarda talamağa nə vardı?!
 
Ümidlərə yol kəsəydi yüz kərə,
Can-ciyərdi əyri gedən, düz gələn.
Qəlbimizdə xəzinəydi söz-kəlam,
Bircə sözlə can almağa nə vardı?!

BAHAR
         
Bax, indi gündüzə kim qonaq gedir,
Gecədən nə qalıb şeh yanağında.
Bir qönçə qızılgül alyanaq gedir,
Öpür incə-incə meh yanağından.
 
Nəfəsi kəsilən ilkindi çağı,
Gündüzü küçədən yığammır daha.
Yağsa, yağışlar da çiçəkdən yağır, -
Göylər təndirlənib, yağammır daha.
 
Təpələr dərəyə axır ətəkdən,
Qaratikan belə ağ gül gətirib.
Arı zümzüməsi daşır pətəkdən,
Bağlar budaq-budaq bülbül gətirib.
 
Baxıb təbiətin cavanlığına,
Əli qələm gəzir qoca şairin.
Yazdıqca ayağı yerdən üzülür,
Xəyalı göylərdən uca şairin.

Firuzə Məmmədli

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 05-12-2019 12:50
Baxış sayı: 3802
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını