Artur Konan Doyl -Göy yaqut( Hekayə)

08-11-2019 14:25
Dalidag.az ingilis dedektivinin atası sayılan  Artur Konan Doylun "Şerlok Holmsun macəraları" silsiləsindən bir hekayəsini təqdim edir:
                                                       
     GÖY YAQUT
Milad bayramından iki gün sonra dostum, Şerlok Holms məni yanına çağırmışdı. Mən otağa girəndə Holms divanda oturub qəlyanını fısqırdırdı. Səhər qəzetləri də yanında idi. Divanın yanında ağacdan qayrılmış bir stul, onun arxasında isə köhnə bir keçə şlyapa asılmışdı. Stolun üstündə qoyulmuş lupa və maqqaşdan aydın etmək olurdu ki, Holms həmin şlyapanı diqqətlə yoxlayırmış.
- Siz məşğulsunuz, bəlkə bir azdan gəlim, – deyə mən onun işinə mane olmaq istəmədim.
- Eybi yoxdur. Mən çox şadam ki, işlərimin nəticələrinin
müzakirəsində dostum da iştirak edir. İş o qədər də çətin deyildir,
amma bu işin içərisində maraqlı şeylər çoxdur.
Mən dostumun sobaya yaxın qoyulmuş kreslosuna əyləşdim və əllərimi sobada qızdırmağa başladım. Hava çox soyuq idi. Bayırda şaxta pəncərəyə buz kristallarından zərif naxış çəkmişdi.
- Məncə, bu köhnə şlyapa sizə bir neçə sirri, bəlkə də bir cinayəti aydınlaşdırmaq üçün açar olacaqdır.
- Yox, yox. Burada cinayət yoxdur. – Holms güldü. –Siz bizim binada işləyən Petersonu tanıyırsınızmı?
- Bəli.
- Bu köhnə şlyapa onundur.
- Bu onun şlyapasıdır?
- Yox, yox. O, bunu tapıbdır. Bu şlyapanın sahibi məlum deyildir. Bu şlyapa Milad bayramı günü, indi Petersonun sobası üstündə qızardılan yağlı bir qazla buraya gətirilmişdi. Olan faktlar bunlardır. Milad bayramı günü, təxminən saat dörd radələrində Peterson Oksford küçəsi ilə evə gəlirmiş. Onun qabağınca əlində ağ qaz aparan hündürboylu ağsaç bir kişi gedirmiş. Küçənin tinində bir qrup oğlan bu yad adama hücum edirlər, onun şlyapasını vurub yerə salırlar. Həmin kişi əl ağacını qaldırıb özünü oğlanlardan müdafiə etmək istəyir, ancaq o, əl ağacını qaldıranda arxadan vitrinə dəyib onu sındırır.
… Peterson bu hadisəni görən kimi yad adama kömək etmək üçün ona tərəf qaçır. Amma həmin adam görür ki, vitrini sındırıb, həm də əynində forma olan bir nəfər ona tərəf qaçır. O, bunu görən kimi qorxur, əlindəki qazı yerə atır və kiçik bir küçəyə dönərək qaçıb gözdən itir. Oğlanlar da Petersonu görən kimi yerə düşmüş şlyapanı və Milad bayramı üçün alınmış kök qazı orada qoyub aradan çıxırlar.
- Sonra Peterson şlyapa və qazı sahibinə qaytardı?
- Əziz dostum, burada əsas məsələ var. Qazın sol qıçına “Xanım Henri Beyker üçün” sözləri yazılmış kiçik kağız bağlanmışdı. Siz bu şlyapanın içərisində yazılmış “H.B.” hərflərini də görə bilərsiniz. Amma bu şəhərdə minlərlə Beykerlər, yüzlərlə Henri Beykerlər vardır. Şlyapanı və qazı onlardan hər hansına qaytarmaq o qədər də asan deyildir.
- Peterson sonra nə etdi?
- Həmin gün, yəni Milad bayramı günü o, şlyapa və qazı mənim yanıma gətirdi. Peterson düşündü ki, bu mənim üçün də maraqlı olar. Bu səhərə kimi qazı saxlamışdıq, sonra qərara aldıq ki, yaxşı olar ki, qazı Peterson evlərinə aparıb bişirsin. Mənə isə Milad bayramı naharını itirmiş naməlum cənabın şlyapası qaldı.
- Onun şlyapasında maraqlı bir şey tapa bildinizmi?
Şerlok Holms şlyapanı götürdü və ona diqqətlə baxdı.
- Buradan bir neçə şey göstərir ki, şlyapanın sahibi çox ağıllı bir adamdır. Həmçinin o, son üç ildə çox varlı olub, ancaq indi isə həddindən artıq kasıblayıb. İndi o, içir və arvadı da daha onu sevmir.
- Əzizim Holms, zarafat edirsiniz.
- Heç də yox. Onu da deyə bilərəm ki, o çox da cavan deyildir.
Bu adamın saçı sarışındır və son yaxın günlərdə saçını qırxdırmışdır.
- Mən çox ağılsız olmalıyam, ancaq başa düşə bilmirəm ki, siz haradan bilirsiniz ki, bu adam çox ağıllıdır və daha nələr…
Cavab vermək üçün Holms şlyapanı öz başına qoydu və onu burnunun üstünə endirdi.
- Görürsünüz, bu adamın başı böyükdür, ona görə də ağıllı olmalıdır.
- Və o, üç il bundan əvvəl varlı olub, indisə kasıb?
- Bu növlü şlyapalar yalnız üç il bundan əvvəl satılıbdır. Bu şlyapa ucuz deyildir. Əgər bu müddət ərzində o, başqa şlyapa almayıbsa, deməli, indi onun çox az pulu vardır. Başqa faktlar ondan ibarətdir ki, o, cavan deyildir, saçını yaxın günlərdə vurdurmasını şlyapadan aydınca görmək olar, çünki vurulmuş bir neçə sarışın tük şlyapanın içərisində qalıbdır.
- Bəs onun arvadı? Siz dediniz ki, o, ərini çox sevmir.
- Bu şlyapa xeyli müddətdir ki, təmizlənməyib.
- Bəlkə o, heç evli deyil.
- Xeyr. O, bu qazı evə arvadına aparırmış. Qazın ayağındakı yazılmış kağızı xatırla.
- Siz hər şeyə cavab verirsiniz, ancaq orada heç bir cinayət yoxdur. Sadəcə olaraq bir qaz itmişdir. Bəs nə üçün bütün faktları toplayırsınız? Şerlok Holms ağzını açıb cavab vermək istəyirdi ki, bu vaxt qapı açıldı və Peterson otağa daxil oldu.
- Cənab Holms, qaz! Qaz, cənab! – o qışqırdı.
- Nə olub? Qaz dirilib, yoxsa mətbəxin pəncərəsindən uçub gedib?
- Oy, yox, cənab! Baxın, görün, arvadım onun çinədanından nə tapıbdır.
O, əlini açdı və göy rəngdə parlaq bir daşı bizə göstərdi.
- Yaxşıdır. – Şerlok Holms dedi.- Bu qiymətli daşdır. Bilirsiniz, nə tapıbsınız? Bu Qrafinya Morkarın yaqutudur. Bu Kosmopolitan mehmanxanasında itirilmişdi. Onlar bu qiymətli daşı tapana 1000 funt sterlinq verəcəklərinə söz veriblər.
- Min funt sterlinq? – Peterson heyrət içərisində dilləndi. – Bu çox böyük məbləğdir. Bunu nə vaxt itiriblər?
- Beş gün bundan əvvəl, dekabrın 22-də. Bir xidmətçi, ConHorner xanımın geyinmə otağında işləyirdi. Bir neçə müddət Rider adlı başqa bir xidmətçi də onunla birgə işləyirdi. Sonra onu harasa çağırıblar. Geri qayıdanda Ceyms görür ki, Horner yoxa çıxıb, Qrafinyanın qiymətli göy rəngli daşı saxlanılan qutu isə boş halda stolun üstündə qalıb. Bu vaxt Rider həyəcan siqnalı verir və həmin axşam Horner həbs olunur. Həmin qiymətli daş isə tapılmır. Horner əvvəllər də bir dəfə oğurluq üstündə həbs edilmişdi. Buna görə də bu qiymətli daşın da onun tərəfindən oğurlanmasına heç kəs şübhə etmədi. İndi Horner həbsdədir.
- Belə… Görürsən, Uotson, – Şerlok Holms davam etdi. – biz indi bu daşın mehmanxanadan oğurlanıb, sonra isə qazın çinədanına necə düşməsi məsələsini aydınlaşdırmalıyıq. Əvvəlcə, biz küçədə şlyapasını və qazını itirən Cənab Henri Beykeri tapmalıyıq. Bu sirrin bir hissəsi olacaq. Biz bütün axşam qəzetlərinə elan verəcəyik. Zəhmət olmasa, mənə qələm və bir vərəq kağız verin. Oraya aşağıdakı sözləri yazacağam: “Oksford küçəsinin tinində bir qaz və bir keçə şlyapa tapılmışdır. Cənab Henri Beyker bu axşam saat 6:30-da Beyker küçəsi, 22 b ünvanına gələrsə, onları geri ala bilər”.
- Peterson, indi aşağı idarəyə düş və de ki, bunu bütün axşam qəzetlərində dərc etsinlər. Bir də ki, geri qayıdanda bir qaz alarsan. Əgər Cənab Henri Beyker elana cavab olaraq bura gəlsə, o, qazı ona verməliyik.
- Yaxşı, ser. Bəs bu daş?
- Onu seyfə qoyacağam. Qrafiniyaya yazarsınız ki, o, bizdədir.
Peterson gedəndən sonra Şerlok Holmsdan soruşdum:
- Necə düşünürsünüz, Horner günahkar deyil?
- Hələlik deyə bilmərəm.
- Bəs Henri Beyker?
- Mənim fikrimcə, Henri Beyker günahkar deyil, qazın çinadanındakı qiymətli daşdan da xəbərsizdir. Ancaq mən buna yazdığım elana cavab alandan sonra daha asanlıqla əmin olacağam.
- Buna qədər heç bir şey etmək fikrində deyilsiniz?
- Heç bir şey.
- Elə isə mən gedim. Axşam gələrəm.
Axşam saat 7-yə qalmış mən yenə də Beyker küçəsində idim. Evə daxil olanda qapıda hündürboylu bir adamın gözlədiyini gördüm. Qapı açılarkən o da mənimlə birlikdə Holmsın otağına getdi.
- Cənab Henri Beyker? – doctum kreslodan qalxaraq qonağa yer göstərdi. – Buyurun, sobanın yanındakı bu, stulda əyləşin, hava soyuqdur. A…a, Uotson, siz də lap vaxtında gəlmisiniz. Cənab Beyker, bu sizin şlyapanızdır?
- Bəli, ser. Bu mənim şlyapamdır.
O, ucaboylu, böyükbaşlı, alicənab görkəmli, az saqqallı bir adam idi.
- Şlyapan budur, qazı isə yemişik. Onu başqa günə saxlaya bilmədik.
- Qazı yemisiniz! – qonaq stuldan qalxaraq qışqırdı.
- Bəli, – Holms dedi, – ancaq burada həmin çəkidə başqa bir qaz var. Siz onu evə apara bilərsiniz.
- Oh, çox sağ olun! – Cənab Beyker cavab verdi.
- Zəhmət olmasa deyin görək, – Şerlok Holms sözünə davam etdi, – bu qazı siz haradan almışdınız? O, çox gözəl quş idi.
- Əlbəttə, ser, – Cənab Beyker dedi, – bizlərdə az adam tapılar ki, Britaniya Muzeyi yaxınlığında, Alfa mehmanxanasında Cənab Uindiqeyt tərəfindən təşkil edilmiş Qaz klubuna üzv olmasın. Biz hər həftə bir neçə pens oraya veririk və Milad bayramından əvvəl hər birimiz gedib o klubdan qaz ala bilər. Qazın alınma tarixçəsi bu qədər, qalanını isə artıq siz özünüz bilirsiniz, ser.
Bu sözləri deyərək, Cənab Henri Beyker bizimlə xudahafizləşdi və otağı tərk etdi.
- Görürsən, Uotson, – Şerlok Holms dedi.- Cənab Henri mavi rəngli qiymətli daş barəsində heç nə bilmir. Gəl, onun dediyi Qaz klubuna gedək, bəlkə oradan bir şey əldə edə bildik.
Və biz birlikdə Alfa mehmanxanasına yollandıq. Biz bara daxil olduq və Holms bar sahibinə iki bakal pivə sifariş etdi.
- Sizin pivəniz də qazlarınız kimi əla olmalıdır. – Holms dedi.
- Mənim qazlarım?! – Bar sahibi təəccüblə baxdı.
- Bəli, mən yarım saat bundan əvvəl sizin qaz klubunun üzvü olan Cənab Henri Beykerlə bu barədə danışırdım.
- A…a! Bəli, bilirəm. Ancaq bilirsiniz, ser o, qazlar mənim
deyildir. Mən onları Kovent Qardendən , Brekinric adlı bir nəfərdən almışdım.
- Mən onu tanımıram. Yaxşı sizin sağlığınıza! Gecəniz xeyrə qalsın!
- İndi biz Cənab Brekinricgilə gedəcəyik, – deyə biz küçəyə çıxanda Holms davam etdi.
Biz tezliklə Kovent Qarden bazarına gəldik. Burada ən böyük mağazalardan biri olan Brekinricin mağazasını tapdıq. Sahib bir oğlanla köməkləşib pəncərə qapaqlarını yerinə qoyurdular.
- Axşamınız xeyir. Hava soyuqdur. – Holms dedi.
Mağaza sahibi dilləndi:
- Bəli.
- Görürəm ki, bütün qazları satmısınız, – deyə Holms boş qalmış ləmələrə baxaraq sözünə davam etdi. – Alfanın sahibi mənə bura gəlməyi məsləhət gördü.
- A…a, bəli. Mən ona iyirmidən artıq qaz göndərmişdim.
- Onlar həm də gözəl quşlar idi. Bu quşlarə siz haradan almışdınız? – dostum soruşdu.
Mənim bu sualı təəccüblə verdiyimi görən mağaza sahibi çox hirsləndi.
- Bilmirəm, bu adamlar qazlar haqqında nə bilirlər. Elə hey gəlib onları soruşurlar; qazlar haradadır? Onları kimə satmısınız? Mən qazları 117, Brikston Roud 249 – da yaşayan Xanım Okşotdan almışdım. Vəssalam! – deyə mağaza sahibi əsəbi halda sözünü tamamladı.
Şerlok Holms mağaza sahibinə təşəkkür etdi və biz Kovent Qarden bazarını tərk etdik.
- İndi biz, – dostum dilləndi. – Xanım Okşotgilə gedək, yoxsa bunu sabaha saxlayaq? Mağaza sahibinin dediklərindən aydın olur ki, bu qazlarla başqa adamlar da maraqlanırlar.
Mağazadan bir az aralanmışdıq ki, bu vaxt mağaza sahibinin yenə də kiminləsə yüksəkdən danışdığını eşitdik. Biz arxaya dönəndə mağaza sahibinin qapıda dayanmış alçaqboylu, qırmızısifətli adamla əl-qol ata-ata danışdığını gördük.
- Cəhənnəm olsun, sizin qazlarınız da! – deyə o, qışqırdı. – əgər siz bir də bura gəlib bu axmaq söhbətlərinizlə məni əsəbləşdirsəniz, onda iti açıb üstünüzə buraxacağam. Siz Xanım Okşotu bura gətirin, mən ona cavab verərəm. Sizinlə isə danışmaq belə istəmirəm.. Məgər qazları sizdən almışam?
- Xeyr, ancaq onlardan biri mənim idi, – balaca adam dedi.
- Onda bunun üçün Xanım Okşotdan soruşun.
- Xanım da dedi ki, sizdən soruşum.
- Daha bəsdir. Rədd ol, burdan! – Brekinric ona tərəf cumdu.
Bunu görən qırmızısifət kişi dərhal qaranlıqda gözdən itdi.
- Gəl, bu, balacaboylu kişini tapaq. Onunla hökmən danışmaq lazımdır, – Holms dedi.
Biz həmin adamın getdiyi küçə ilə iti addımlarla onu qabaqlamağa çalışdıq. Birdən Holms onu gördü. Ona yaxınlaşanda bilərəkdən qoluna toxundu. O, çiyni üstündə geri döndü, sifəti xeyli dəyişdi.
- Nə olub? Nə istəyirsiniz? – o, qorxmuş halda astadan soruşdu.
- Bağışlayın, – Holms dedi.- mən indicə sizin mağaza sahibinə verdiyiniz sualı eşitdim. Məncə, bu işdə sizə kömək edə bilərəm.
- Siz?! Siz kimsiniz? Siz bu işlər haqqında nə bilirsiniz?
- Mən Şerlok Holmsam. Sənətim başqalarının bilmədiklərini bilmək, tapa bilmədikləri şeyləri axtarıb tapmaqdan ibarətdir.
- Ancaq siz bu iş barəsində bir şey bilmirsiniz ki.
- Bağışlayın, mən artıq sizin düşündüyünüz o, məsələ barədə hər şeyi bilirəm. Siz Brikston Roudda yaşayan Xanım Okşotdan Brekinricin aldığı qazı tapmağa çalışırsınız. Buradan da həmin qaz, Alfada Cənab Uindiqeytin qaz klubundan həmin klubun üzvü olan Cənab Henri Beyker tərəfindən alınmışdı.
- A..a, ser! Siz elə mənim görüşmək istədiyim adamsınız, – deyə balacaboy kişi həyəcandan qışqırdı. – Mən bu işlə çox maraqlanıram.
- Bəli, bunu bilirəm. – Şerlok Holms dedi. – Biz bu barədə rahat bir otaqda danışmalıyıq, belə bir soyuq küçədə yox. Zəhmət olmasa, əvvəlcə adınızı deyin.
Balacaboylu kişi bi az susdu, sonra dedi:
- Adım Ceyms Riderdir.
- A…a, Kosmopolitan mehmanxanasında baş xidmətçi.- Holms dedi. – Zəhmət olmasa, mənimlə gedək. Sizi maraqlandıran hər şey barədə tezliklə məlumat alacaqsınız.
Balacaboylu kişi əvvəlcə Şerlok Holmsa, sonra isə mənə baxdı. Sonra bizimlə getməyə razı oldu. Yarım saatdan sonra biz Beyker küçəsində Holmsın qonaq otağında oturmuşduq. Soyuq olduğundan hörmət əlaməti olaraq qonaq sobanın yanında qoyulmuş kresloda oturmuşdu.
- Deməli, siz qazların başına hansı əhvalat gəldiyini bilmək istəyirsiniz, – deyə Holms sözə başladı.
- Bəli, ser.
- Bəli, siz yalnız quyruğunda qara zolaq olan ağ qaz haqqında bilmək istəyirsiniz?
Rider həyəcanlı halda qışqırdı:
- A…a, ser! Deyə bilərsiniz, həmin qaz haraya getdi?
- O, buraya gəldi.
- Buraya?
- Bəli. O, çox maraqlı bir quş idi. Ölümündən qabaq buraya balaca parlaq rəngli bir yumurta da qoya bildi. Mən onu bura, muzeyimə qoymuşam.
Holms seyfi açdı və oradan mavi rəngli yaqut daşını götürdü. Rider qorxmuş halda ayağa qalxdı, ancaq danışa bilmədi.
- Rider, indi hər şeyi özün danış.- Holms sakitcə dedi.
-Susmayın! Əyləşin. Uotson, ona bir az su verin! Belə… İndi yaxşıdır.
Riderin gözlərindən qorxu yağırdı, gözlərini Şerlok Holmsdan çəkmirdi.
- Əlimdə bütün faktlar vardır, ancaq siz də bir balaca əlavə
etməlisiniz. Əgər siz mənə kömək etsəniz, mən bu işi sona çatdırmış olacağam. Rider, siz Qrafinya Morkarın mavi rəgli daşı haqqında eşitmisinizmi?
- Bu barədə mənə Katrin Kuzak danışmışdı. – Rider astadan dilləndi.
- Bilirəm. Qrafinyanın qulluqçusu. Beləliklə, siz tez bir zamanda varlanmaq qərarına gəlmisiniz. Siz bilirdiniz ki, Horner bir dəfə oğurluq üstündə tutulubdur. Bu dəfə də ondan gözləmək olardı. Siz sonra nə etdiniz? Sonra siz Horneri bəzi xırda işlər üçün harasa göndərirsiniz. O, gedən kimi siz daşı qutusundan oğurlayırsınız və həyəcan siqnalı verirsiniz. Yazıq Horner həbs edilir. Sonra siz…
- Rəhm eləyin, – Rider qışqırdı. – atamı, anamı düşünün. Mən bir də belə iş etmərəm! Məni məhkəməyə verməyin!
- Əyləşin! – Holms acıqlı halda dedi. – Sizin ucbatınızdan həbsdə yatan yazıq Horneri düşünün! İndi isə hər şeyi danışın; daşın qazın çinədanına necə düşməsini, qazın mağazaya necə gəlməsini. Danışın! Rider bir anlığa susdu, sonra danışmağa başladı:
- İndi mən sizə necə olmuşdusa, hamısını danışacağam, ser.
Horner həbs ediləndə bu daş mənim cibimdə idi. Mən bu daşı bacardıqca tez gizlətmək qərarına gəldim, çünki polislər onu mənim otağımda tapa bilərdilər. Mehmanxanada daşı gizlətmək üçün münasib yer tapa bilmədim. İş bəhanəsilə mehmanxanadan çıxıb bacımgilə getmək qərarına gəldim. Bacım, Okşot Brikston Roudda ərdədir. Onun qazları vardı. Həmin qazları o, mağazaya verirdi. Mən bacımgilə gələndə o, mənim rəngimin qaçdığını gördü. Mən ona dedim ki, mehmanxanada bir oğru vardı. Sonra mən daşı harada gizlədəcəyim barədə düşünərək həyətə girdim.
Bacımın qazlarını həyətdə görəndə birdən ağlıma bir fikir gəldi. Bacım mənə demişdi ki, Milad bayramı münasibətilə mənə qaz verəcək. Buna görə də mən indi istədiyim qazı seçə bilərdim. Mən qazların içərisində quyruğunda qara zolaq olan ağ bir qazı seçdim. Bu qaz həm də başqa qazlara nisbətən çox kök idi. Sonra mən həmin qazı tutudum, dimdiyini aralayıb əlimdəki qiymətli daşı bacardıqca qazın boğazına itələdim. Qaz daşı dərhal uddu və onu yenidən qazların içərisinə buraxdım. Mən qazı tutanda bacım görmüşdü.
- Cem, o quşla nə edirsən? – Bacım məndən soruşdu.
- Axı, sən mənə demişdin ki, Milad bayramı münasibətilə sənə qaz verəcəyəm. Buna görə də mən onların ən kökünü seçmək istəyirəm.
- Cem, biz artıq sənin üçün eləsini seçmişik. Bax, o, böyük ağ qazı seçmişik. İndi o, böyük ağ qaz sənindir. Burada cəmi iyirmi altı qaz var. Onlardan biri sənin, biri bizim, qalan iyirmi dördünü isə mağazaya verəcəyəm.
- Sağ ol, Maqi, – mən dedim.- ancaq bunların hamısı eyni şeydir.
Mən elə indicə seçdiyim qazı götürərəm.
- Çox yaxşı. Onda elə indi kəs, apar.
Bacımın dediyi kimi də etdim. Qazı yenidən tutub kəsdim və dostumgilə apardım. Mən nə etmişdim hamısını dostuma danışdım. Dostum o ki, var güldü. Sonra biz bıçağı götürüb qazı parçaladıq. Amma həmin daş qazın içərisində yox idi. Mən səhv etdiyimi başa düşdüm və dərhal bacımgilə qaçdım, həyətə nəzər saldım. Həyətdə bircədənə də olsa, qaz görünmürdü.
- Maqi, qazlar hanı?! – deyə qışqırdım.
- Mağazaya apardılar.
- Hansı mağazaya?!
- Kovent Qardenə, Brekinricə.
- Qazların içərisində quyruğunda qara zolaq olan başqa qaz da var idi?
- Bəli, Cem. Həmin nişanda iki qaz vardı. Onlardan birini sən apardın, o birisini isə mağazaya apardılar.
Sonra mən hər şeyi başa düşdüm. Ayağım tutduqca Brekinricə qaçdım. Ancaq mən ora çatanda, o, bütün qazları satmışdı. O mənə qazları kimə satdığını demədi. Bunu siz özünüz eşitdiniz. Bacım düşünürdü ki, mən dəli olmuşam. Bunu bəzən özüm də fikirləşirəm.
Bu, balacaboylu kişi ağlamağa başladı. Birdən Şerlok Holms ayağa qalxaraq gedib qapını açdı.
- Çıxın! – Holms dedi.
- Nə..ə ser?! Oy, çox sağ olun!
- Heç bir söz lazım deyil. Çıxın, gedin!
Və o, heç bir söz demədi. Balacaboylu kişi sakitcə otaqdan çıxıb və özünü tezliklə küçəyə çatdırdı.
- Bəli, Uotson, – Şerlok Holms dedi. – Əminəm ki, bu adam bir daha belə iş görməyəcək. O, həm də çox qorxmuşdu.
Biz göy rəngli yaqut daşı sahibinə qaytaran kimi Horner həbsdən azad olacaq.

Dalidag.az


Kateqoriya: Karusel / Tərcümə
Tarix: 08-11-2019 14:25
Baxış sayı: 41 161
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını