Ə

19-05-2020 17:33
GƏLİM

Könlüm istər görmək üçün vətəni,
Gedib Kəlbəcəri dolanım gəlim.
Çatım Boyaxlıya, yorulum yolda,
Özüm dizin-dizin sürünüm gəlim.

Tərtər öz səsiylə eyləsin nalə,
Qayıdım vətənə, torpağa, elə.
Dağılmış, talanmış uçuq evlərə,
Başına yüz dəfə dolanım gəlim.

Sinəmdən getməyir vətən yanğısı,
Bu dərd xalqımıza alın yazısı.
Əlövsətəm bu qəlbimin ağrısı,
Bütöv Qarabağı qaytarım gəlim.

GƏZƏYDİM SİZİ

Başlıbel, Xallanlı, Şahkərəm, Çovdar,
Yallama at minib gəzəydim sizi.
Ey cənnət məkanlar, ey gözəl dağlar,
Kaş geri qayıdıb görəydim sizi.

Başlıbel seyidlər yurdu, məkanı,
Qonaqpərvər ağsaqqalı, cavanı.
Qonaq edər nəyə olsa gümanı,
Dünyaya nümunə verəydim sizi.

Xallanlı kəndində yaşayan kəslər,
Dünyanı dolanıb gəzib gələrlər.
Hər bir işdə alış-veriş edərlər,
Dağlarda alverə çəkəydim sizi.

Şahkərəmin turş suyunda oturub,
Göy çəməndə çəmən süfrə saldırıb.
Kabab çəkib, badələri qaldırıb
Su içməyə dəvət edəydim sizi.

Çovdar təbiətin möcüzəsiydi,
Min cürə gül-çiçək xəzinəsiydi.
Əlövsət bu kəndin öz körpəsiydi
Bircə yol bağrıma basaydım sizi.

DAĞDADI

Hər səhər dururam ümid içində,
Fikirim, xəyalım elə dağdadı.
Dedilər köçməyin kənddən köçəndə,
Bələn tər çiçəyə, gülə dağdadı.

Gözünlə baxasan gözlərin doymaz,
Yayında, qışında qar əskik olmaz.
Gözəlliyi görən gəzər, yorulmaz,
Kərəmsiz qayıtmır lələ, dağdadı.

Əlövsət, xəyallar yaylağa getdi,
Atlandı "Kəhərə", bulağa getdi.
İlk dəfə gördüyü oylağa getdi,
Sevdiyin axtardı görə dağdadı?!

GƏLƏYDİM

Çovdardan bir ata minib yallama,
Başlıbelə çapa-çapa gələydim.
Deyəydilər bu toy büsat burdadı,
Qapıdakı toy mağara gələydim.

Mənim-sənin bilməz idim heç kimi,
Yaxın-uzaq seçməz idim heç kimi,
Qəm-qüssəli görməz idim heç kimi,
Kaş yenə də o ünvana gələydim.

Təbiətin cənnətiydi dağlarım,
Xoşbəxtliyin zirvəsiydi vaxtlarım.
O qədər şən nəğməliydi baharım,
"Tərəkəmə" oynamağa gələydim.

Əlövsətə çətin gəlir şəhərdə,
Yaz gələndə lap qalıram qəhərdə,
El-obalı, qardaş-bacı bir yerdə,
Halınızı soruşmağa gələydim.

TALAN KƏLBƏCƏR

Mənim həyatımdı, mənim varlığım,
Düşmən tapdağında qalan Kəlbəcər.
On ildi gözümüz yollarda qalıb,
Vədlərdə olubdu yalan Kəlbəcər.

Şahlara heç zaman əyilməz olan,
Dağları vüqarlı, əl çatmaz olan.
Oğlu da, qızı da həm qorxmaz olan,
Ev-eşiyin oldu talan, Kəlbəcər.

Özünə qalsaydı məğlub olmazdı,
Heç kimə torpağı əsir qoymazdı.
Xalqı başbilənlər allatmasaydı,
Verməzdi yağıya aman Kəlbəcər.

Qayası bir səngər olan torpağı,
Qoymazdı yaxına gəlsin bir yağı.
Əlövsət, inşallah lap Qarabağı,
Alarıq göstərər zaman, Kəlbəcər.


GÖZLƏRİM

Könlüm elə kövrək olub dindirmə,
Əlli yerdən yaş tökəcək gözlərim.
On ildir ki, vətənini görəmmir,
Belə getsə nə edəcəkgözlərim.

Hamı gözləyir ki, qurtarar dava,
"Dağılar buludlar, açılar hava"
Yenə yol gedərik üzü Murova,
Sona kimi gözləyəcək gözlərim.

Dümüşəm elimdən, obamdan uzaq,
Vətəndə vətənə olmuşam qonaq.
Sülh bağlana, el-obaya qayıdaq,
Görün necə sevinəcək gğzlərim.

Müharibə yara vurub qəlbimə.
Əlövsətəm, çarə tapın dərdimə.
Hansı günü qayıdacam kəndimə,
O torpağa su səpəcək gözlərim.

ANA

Sən məni həyata gətirdin özün,
Mən səni yaşada bilmədim, Ana!
Yüz cürə əziyyət çəkdin mənimçün,
Mənə heç əziyyət vermədin, Ana!

Ha istədim sənin nazını çəkim,
Çatmazdı heç buna mənim cürətim.
Çəkdin ev-eşiyin, yurdun həsrətin,
Heç kimə dərdini demədin, Ana!

Gözlədin sülh olar, dönnük vətənə,
Heyf ki, bu sülh də  düşüb düyünə.
Əlövsətin imkan keçsə əlinə,
Aparar, vətəni görərdin, Ana!

O DAĞLARA

Gözləyirəm vaxt gələcək
Gedəsiyəm o dağlara.
Yenə birgə qoşalaşıb
Çıxasıyam o dağlara.

Gələcəkdi yaxşı zaman,
Ürəyimdə qalıb güman.
Əcəl bircə versə aman,
Dönəsiyəm o dağlara.

Yaradana ümidliyəm,
Gündə məqam gözləyirəm.
Ayaq üstü at üstəyəm,
Köçəsiyəm o dağlara.

Hüt yaylağı qəribsəyib,
Bizi hər zaman gözləyib.
Əlövsətdən söz istəyib,
Deyəsiyəm o dağlara.




Kateqoriya: ---
Tarix: 19-05-2020 17:33
Baxış sayı: 380
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını