Ötən ilin məzunları hansı qaydalarla imtahan verəcək? — AÇIQLAMA

28-05-2020 15:34

Artıq bir neçə gündür ölkənin ali və orta ixtisas məktəblərinə tələbə qəbulu başlayıb.
Dalidag.az
xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2020-cu ildən tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi imtahanlarının və ali təhsil müəssələrinə qəbul imtahanlarının yeni modelini açıqladı. Bu il ölkənin bütün ATM və orta ixtisas məktəblərinə karantin rejimi qaydalarına uyğun olaraq imtahanlar keçiriləcək.
Maraqlıdır, əvvəlki illərin məzunlarının ali təhsil müəssisələrinə qəbul imtahanları hansı qaydada aparılacaq? Onlar yenidən buraxılış imtahanı verəcəklərmi?
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a müsahibəsində bildirdi ki, ötən ilin məzunları ali təhsil müəssisələrinin I, II, III, IV və V ixtisas qruplarına, həmçinin 11 illikdən kolleclərə qəbul üzrə müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 12 may-6 iyun tarixləri arasında elektron sənəd qəbulunda iştirak etməlidirlər.
''Bu zaman onlar müvafiq olaraq I-IV ixtisas qruplarından hər hansısa birini, eyni zamanda V ixtisas qrupunu, eləcə də 11 illikdən kolleclərə qəbulu ərizə qəbulu zamanı qeyd edə bilərlər. Bütün bunları qeyd edən əvvəlki illərin məzunlarından 100 AZN ödəniş tələb olunsa da, 80 AZN ödəniş edirlər. Səbəb V ixtisas qrupu ilə 11 illikdən kolleclərə qəbulun eyni nominallı imtahan olmasıdır. Bu zaman 11 illikdən kolleclərə tələb olunan 20 AZN abituriynetlərdən tələb olunmur. Bundan əlavə qeyd edim ki, əvvəlki illərin məzunları sadəcə I-IV ixtisas qruplarından birini seçdikləri halda onlardan 40 AZN tələb olunur. Belə olan halda onlar həm qəbul imtahanlarının I mərhələsi hesab olunan buraxılış mərhələsində, həm də blok mərhələsində iştirak edə bilirlər. Əgər əvvəlki illərin məzunları bu ilədək ümumiyyətlə istər ali təhsil müəssisələrinə, istərsə də 11 illikdən kolleclərə qəbul üçün müraciət etməyiblərsə, onlardan ödəniş tələb olunmur."
Ekspert qeyd etdi ki, əvvəlki illərin məzunları I-IV ixtisas qruplarından hər hansı biri üzrə müraciət edərsə, o zaman onlar həm buraxılış, həm də blok mərhələsində iştirak etməlidirlər.
''Ötən il Nazirlər Kabinetinin verdiyi qərara əsasən 2018/2019-cu tədris ilinin yekun qiymətləndirilməsi (buraxılış imtahanları) zamanı əldə olunan nəticə 2 il müddətində qüvvədə qaldığı üçün onlar buraxılış imtahanında iştirak etməyə də bilərlər. Amma ötən ildən əvvəllərdə məzun olmuş şəxslərə bu qərar şamil olunmur. Buraxılış mərhələsi üzrə 300, blok mərhələsi üzrə isə 400 bal əldə oluna biləcək ən yüksək nəticələrdir ki, bunlar da üst-üstə cəmlənir. 700 ballıq sistem üzrə müsabiqə şərtlərini ödəyənlər ixtisas seçim mərhələsinə buraxılırlar. Əvvəlki illərin məzunları əgər təkcə V ixtisas qrupu üzrə müraciət ediblərsə, bu zaman onlar yalnız buraxılış imtahanları formatında olan imtahanı verirlər və onun əsasında qabiliyyət imtahanlarında iştirak edirlər. Qabiliyyət imtahanlarından da məqbul qiymət alanlar ixtisas seçim mərhələsinə buraxılırlar.''
Elçin Əfəndinin sözlərinə görə əvvəlki illərin məzunları əgər təkcə 11 illikdən kolleclərin müsabiqəsində iştirak etmək istədiklərini qeyd ediblərsə, o zaman onlar yenə də bu müsabiqədə buraxılış imtahanı formatında olan imtahanda iştirak edir və onun nəticəsində müsabiqə şərtlərini ödədikləri halda ixtisas seçiminə buraxılırlar.

Bəs subbakalavrların ərizə qəbulunda dəyişiklik varmı?

"Subbakalavrlara gəldikdə isə 2012-ci ildən bu tərəfə və ümumiyyətlə diplomunda subbakalavr dərəcəsi verilmiş şəxslər 1-16 iyun aralığı ərizə qəbulunda iştirak etməlidirlər. 1 iyundan etibarən həmin şəxslər bitirdikləri orta ixtisas təhsil müəssisələrindən SQK-lara təqdim etmək üçün arayış almalı və ya onlar haqqında olan informasiyaların DİM tələbə-məzun sisteminə işləmələrini tələb etməlidirlər. 1-16 iyun aralığında sənədləri təqdim edən şəxslər müsabiqədə imtahansız iştirak edəcəklər. Onların yerləşdirilməsi abituriyentlərin yerləşdirilməsindən sonra baş tutacaq. Qeyd edim ki, ötən il sənəd vermiş şəxslərin arayış almalarına ehtiyac yoxdur. Birabaşa təsdiq edə bilərlər. Həmçinin subbakalavr dərəcəsi olan şəxslər 12 may-6 iyun aralığı abituriyentlərin ərizə qəbulunda iştirak etməklə də imtahan verə bilərlər. Onlar müsabiqə zamanı hər iki faktordan istifadə edə bilərlər''.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.
V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaq.
V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün hər bir abituriyent ərizə qəbulu zamanı V ixtisas qrupunun müsabiqəsində iştirakını qeyd etməlidir. V ixtisas qrupu ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarının formaladığı qrupdur. Bu ixtisas qrupu üzrə müsabiqə cari ilin məzunları üçün buraxılış imtahanları əsasında, əvvəlki illərin məzunları üçün isə buraxılış imtahanları formatında həyata keçirilir. Yəni hər ikisi eyni nominallı imtahandır. Burada əldə olunan ən yüksək nəticə 300 baldır. 300 baldan müvafiq olaraq müsabiqə şərtini ödəyəcək balı toplayan namizədlər qabiliyyət imtahanlarında məqbul qiymət alarlarsa o zaman ixtisas seçim mərhələsində iştirak edə bilərlər. Əgər qabiliyyət imtahanlarında məqbul qiymət ala bilməyən namizədlər olarsa, bu zaman onlar elektron ərizə qəbulu zamanı 11 illikdən kolleclərin müsabiqəsində iştirak edəcəklərini qeyd etdikləri halda məhz 11 illikdən kolleclərə ixtisas seçim mərhələsində iştirak edə bilərlər.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 28-05-2020 15:34
Baxış sayı: 3468
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını