Həbsdən çıxan məmur niyə “kral kimi” yaşayır? - Video

20-05-2020 11:53
Həbs edilən korrupsioner məmurların bəzisi cəzasını çəkib, azadlığa çıxdıqdan sonra rüşvət yolu ilə əldə etdikləri mülklərində yenidən oliqarx həyatı yaşamağa davam edirlər. Bu vəziyyət onların əmlaklarının müsadirə olunması məsələsini gündəmə gətirir.
Ümumiyyətlə, rüşvətə görə həbs edilən bu məmurların mülklərinin müsadirə olunması prosesi necə həyata keçirilir? Necə olur ki, onlar həbsdən çıxandan sonra rüşvət yolu ilə taladıqları sərvətdən gen-bol istifadə edə bilirlər?
Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, cinayət hadisəsinin predmeti olmuş əmlak cinayət qanunvericiliyinə əsasən müsadirə olunur.
“2012-ci ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar əmlakın müsadirə edilməsi cəza növü kimi Məcəllədən çıxarılıb. Yalnız cinayətin predmeti olan əmlakın müsadirə olunması nəzərdə tutulur. Hazırda həbs edilən vəzifəli şəxslərin cinayət yolu ilə əldə etdikləri əmlakın taleyinə gəldikdə isə onu qeyd edim ki, əgər həmin vəzifəli şəxsin hərəkətlərindən zərər çəkmişlər sırasında fiziki şəxslər də varsa, bu cinayət hadisəsi kompleks araşdırılaraq, həmin şəxslərin zərərinin ödənilməsinə yönəldilməlidir. Bu cinayət qanunvericiliyində vəzifə olaraq istintaq orqanına tapşırılıb. İstintaq orqanının vəzifəsi həmin zərərin ödənilməsi ilə bağlı tədbir görməkdir. Lakin burada bir nüansı da qeyd etmək lazımdır. Əgər bu cinayət hadisəsi nəticəsində yalnız dövlət zərər çəkibsə, bu halda dövlət o şəxsin əmlakının müsadirə edilməsi ilə bağlı məsələ qaldırıla bilər. Cinayət törətmiş şəxsin məhkəmə hökmü ilə hər hansı cəzanı çəkməsi onu zərərin ödənilməsi öhdəliyindən azad etmir”, - S.Vəkilov bildirib.
Hüquqşünas qeyd edib ki, vurulmuş zərər tam ödənilməlidir:
“Hazırda həbs edilən vəzifəli şəxslərin əməlləri araşdırılarkən çirkli pulların yuyulması və digər pozuntular da aşkar edilə bilər. Bu halda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun müddəaları da tətbiq edilməlidir”.

Dalidag.az





Kateqoriya: Sosium
Tarix: 20-05-2020 11:53
Baxış sayı: 3423
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını