Eşqin:"Qəzaya uğramış gəmi kimi çoxdan tərk edilmişəm..." -ŞEİRLƏR

06-03-2020 21:20
"...Artıq həqiqət idi  
Qarşımda yeni dünya  
Bilirdim, Vətən qalıb, 
Məndən çox-çox uzaqda..."


Dalidag.az gənc şair Eşqinin şeirlərini təqdim edir:

SON ÜMİD 

Payız məni darıxdırır, İlahi! 
Qəribliyim sanki yenə qalıbdır. 
Sevinc addım-addım ötür yanımdan, 
Arzularım çiskin-çənə qalıbdır. 
 
Nə zalımmış bu ömrümü düzəldən, 
Bir ömür ki, düz çıxmayıb yüz əldən... 
Mənim bəxtim belə gəlib əzəldən, 
Sabahlarım min dünənə qalıbdır. 
 
Axı necə çıxım, gedim xoş yerə? 
Bəsdi ruhum, bəsdir, məndən düş yerə. 
Ümidləri xərcləmişəm boş yerə 
O ümiddən bircə dənə qalıbdır. 
 
Uzaqlaşdın məndən yenə yüz qarış, 
Bu taleyim, vallah, mənə qışdı-qış... 
Gah borandı, gah tufandı, gah yağış, 
Son ümidim sönə-sönə qalıbdır. 
 
SƏN
 
                 
Bilmirdin nə vaxtsa ağlayacaqsan ,  
Mənim gözlərimdə yaş qoyanda sən. 
Sevgi qalasını mən tək tikərdim 
Yadın yuvasına daş qoyanda sən. 
  
Əllərin əclafın kobud əlində , 
Bir zaman solacaq təravətin də , 
Hər dəfə ağrılar tutur sinəmdə, 
Özgə sinəsinə baş qoyanda sən. 
  
O səni tərk edib gözlərin yaşda 
Necə bağışlayım, deyir bağışla, 
Bilmirdin əllərin qalacaq boşda? 
Eşqinin ürəyin boş qoyanda sən. 
 
GÜNAHSIZLAR

           
Bir şeyi anlamam itə, pişiyə
Biz heyvan ismini vermişik niyə?
Bir halda dünyada kamildi insan
Niyə biz onlara vurmuşuq ziyan?
Filin sümüyünü kəsəydik gərək ,
Nə var özümüzə düzəldək bəzək.
Meşədə can verən yaralı ceyran,
Öldürüb dünyada bəyəm bir insan?
Heyvanlar haqlıdır, əlbətdə -əlbət
Sən demə yoximiş bizdə mərhəmət.
Niyə biz bülbülü sıxaq qəfəsdə?
Əgər ölürüksə "Azadlıq" üstə.
Əyilməz vəfasız gülün eşqinə ,
Tikanlar üstədir azadlıq yenə.
Əgər inkişaf etsək qəlbdəki hisdə,
Vicdan böyütmüşük qəlbimiz üstə.
Gözlərim önündə bədbəxt bir qoca,
Hərəkət eylədi  "yaşından uca"
Əyilib o yerdən götürüb daşı,
Vurmaq istəyirdi günahsız quşu
Kənardan izləyib bir az bu hayı,
Dözmədim, axırda söylədim dayı,
O daşı atmağa vermə sən qərar, 
Quşunda dünyada yaşam haqqı var.
Olmazsa Yerdə heyvanlar əgər,
İnsanlar çəkərlər təklikdən kədər.
Ey Eşqin, bu haqda yazdın kiçik söz,
Gəlin dünyamızı qoruyağın biz! 
 
***
                                               
Hardasa, naməlum bir ada yaxınlığında  
Qəzaya uğramış gəmi kimi
Çoxdan tərk edilmişəm.
Boz rəngli havalarda
Küləklər,
Yağışlar,
Məni çox döyüb.
Yarpaqlarım çoxdan torpaq olub,
Mamırlamış budaqlarım
Qırıq - qırıq ,
Xırda- xırda ,
Enir yerə .
Artıq qurumağın vaxtıdır.
Onsuz sən də məni təmiz unutmusan
Köhnə şəkillər  kimi
Gec- gec
Yadına düşürəm.
Tək buludun nə yağışı olar ki?
Topa halda bu dünyaya yağmasa... 
 
YARATDIĞIM QADIN
 

Sən kədərli danışma,  
Sevinc səndən inciyər. 
Çünki , bizim sevinci.. 
Çoxdan tutub qəm, kədər. 
 
Səni qucaqlayanda  
Ulduzlar kimi məndən... 
Anlayırdım uzaqsan, 
Hər səmaya baxanda. 
 
Deyirsən daha bəsdi , 
Olaq özmüzdən uzaq  
Biz ki, bir olmamışdıq, 
Axı necə ayrılaq? 
 
Amma yenə görüşdük  
Ağrı gəlmir içimə. 
İşlənmiş şeyləri, 
Xoşlamıram incimə.
 
Səni çox sevərdim  
Tanrını hətta ciddi.
Olmayanları sevmək  
Məndə köhnə adətdi. 
 
RUSİYAYA GEDƏN YOL 1999-cu il 

 
Sağ ol deyib, vətəndən  
Atamın arxasınca .... 
Uzaq bir yola düşdüm ,  
Bir qaranlıq qatarda . 
 
Pul olmadı kupeyə  
Onçün aldıq plaskart 
Nənəm, babamdan ötrü  
Darıxırdım hər saat. 
 
Gah işıq yanıb – sönür  
Arada bala kəsəyən 
Çörək oğurlayanda  
Qorxurdum düzü bəzən. 
 
Sevmirdim bu səfəri  
Ağlayıb istəyirdim , 
“ Tetrisdəki “ maşınlar  
Qaytarsın məni geri . 
 
Bəlkə var tanışlarım  
Düşüncəsiylə baxıb, 
Yad insanlar tapırdı  
Ancaq sərt baxışlarım  
 
Betonkaya çatırdıq  
Biz artıq addım - addım  
Hətta darıxmaq üçün , 
Səbirsiz darıxırdım. 
 
Var idi orda bayraq  
Üçrəngli formada  
Amma onda yox idi  
Nə ulduz, nə ay para . 
 
Artıq həqiqət idi  
Qarşımda yeni dünya  
Bilirdim, Vətən qalıb, 
Məndən çox-çox uzaqda. 
 
Bəzən durnalarla  
Elə salam deyib, ancaq .. 
Bilirdim ki , bu quşlar  
Bizlərdə olmur qonaq . 
 
Gəldiyim reslər üstə  
Mən uşaq ağılıyla  
İstəyirdim hey qaçam
Üzü elə - obaya.

Eşqin

Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-03-2020 21:20
Baxış sayı: 22 359
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını