İsmayıl İmanzadə:"Başınız sağ olsun, kəlbəcərlilər..."

02-04-2020 18:20
Oğuz elimiz Kəlbəcərin işğala məruz qaldığı 1993-cü il 02 aprel gecəsi qatarla Bakıya getdiyimdən, rayonun nankor qonşularımız tərəfindən ələ keçirildiyindən xəbərsiz idim. Hardasa saat on bir radələrində “Azərbaycan” nəşriyatında əzəli dostum Adil Cəmillə görüşəndə onu çox məyus halda görüb, səbəbini soruşdum. Adil müəllim üzümə təəccüblə baxıb: “Xəbərin yoxdumu, mənim beşiyim-ata ocağım Kəlbəcərin damı-daşı uçub üstümə tökülüb. Görürsənmi, qəddimi də düzəldə bilmirəm” - dedi...
Adı dillərdə əzbər olan Kəlbəcər mənim aləmimdə yurdumuzun şah damarı, yenilməz qalası-bürcü idi. Onun işğalından üç-dörd ay keçməmiş növbə Ağdama, Ağdərəyə, Füzuliyə, Cəbrayıla, Qubadlıya və sonra da Zəngilana çatdı...
Bilənlər yaxşı bilir ki, Qarabağın hər bir guşəsi insanları valeh edirdi. Kəlbəcərdə olduğu kimi bizim Cəbrayılda da yalçın qayalar, sərt yoxuşlar, sayı-hesabı bilinməyən bulaqlar, yaşıl donlu meşələr göz oxşayırdı. Bununla belə, Kəlbəcər ana təbiətin şah əsəri, Ulu Tanrının ən möhtəşəm abidəsi idi.
İlk dəfə 1978-ci ilin iyun ayının əvvəllərində Kəlbəcərdə, İstisuda, “Taxa düzü”ndə, “Ceyran bulağı”nda, “Bağıtsaq” yaylağında olmuşam. Elə o vaxtlardan bəri Kəlbəcər mənim yaddaşımda gözəlliklər diyarı kimi iz salıb. Cəbrayılın işğalından sonra Mingəçevirdə müvəqqəti olaraq məskunlaşdığım ilk vaxtlardan Kəlbəcər camaatının böyük bir qismi ilə dostlaşdım. Ulu aşıq sənətinin bölgədə təbliğində böyük zəhmətləri olan Dumanın, Qoşqarın, Qaraxanın, Fərəcin, Ziyadxanın... adları dilimdən düşmədi. Bu gün Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinə qələmə aldıqları əsərlərlə yerli yazarlarla birgə “zinət” verən Sönməz Ələkbər, Məhyəddin Məhərrəmoğlu, Zümrüd Rəhimova, Elşən Əzim, Xəqani Həbiboğlu, Səxavət Kəlbəcərli, Rəfael Dəmiroğlu, Mikayıl Xanlarov, Məhəmməd Nəbiyev... (Allah rəhmət eləsin!) və Ruslan Ələkbərlinin uğurlarına həmişə sevinmiş, Kəlbəcər ədəbi mühitinin zənginliyi iləigili qürur hissi keçirmişəm. Taleyin bəxşişinə bax ki, iyirmi il qabaq kəlbəcərlilərlə dost olduğum kimi həm də qohum olmuşam...
Kəlbəcər uğrunda gedən döyüşlərdə minlərlə insanın şəhidlik zirvəsinə yüksəlməsindən, əsir-girov düşənlərin sonrakı talelərindən də yetərincə xəbərim var. “Zatı-kökü” bilinməyən bir bəlanın dünyamızı dolaşdığı bir gündə yurd həsrətinin iyirmi yeddinci aşırımını adlayan Kəlbəcər camaatının hansı iztirablar keçirdiyi hamımıza məlumdur. Bu hüzn dolu bir gündə tanıyıb-tanımadığımdan asılı olmayaraq Kəlbəcərin ağsaqqal-ağbirçəklərinə, ziyalılarına, cavanlarına xitabən deyirəm: - “Allah cəmi şəhidlərimizə, o cümlədən o ulu məkanın ölüm-dirim savaşında ölümün üzünə şax baxan insanlara Ulu Tanrı qəni-qəni rəhmət eləsin!”” Başınız sağ olsun, Kəlbəcərlilər, gün o gün olsun ki, doğma ata-baba ocaqlarınıza təzədən qayıdasınız...
Elə bu ovqatla da Kəlbəcərlə bağlı iki şeirimi sağalmaz yurd yaralarınızın üstünə məlhəm kimi yaxmaq istəyirəm...

İSTİSUDA

Dədə Şəmşir, İstisuda
Sazın dindi, yaşa-dedim.
İlk sözümü Dəlidağda,
Sal qayaya, daşa-dedim.

Salam verdim Ağdabana,
Cığır dindi handan-hana.
Gülümsədi günəş ana,
Bəxtəvərsən meşə-dedim.

“Yelligədik” yaşıl ada,
Gəzdim şehə bata-bata.
Məmməd Aslan düşdü yada,
Bir də gəllik qoşa-dedim.

Yamacda qar damcı-damcı,
Daşlar üstə çəkdi qamçı.
Günəş ahıl dəyirmançı,
Gözəlmiş bu peşə-dedim.

Çeşmələr nəğməli-sözlü,
Yoxuş-yamac lalə üzlü.
Duman yolu kəsdi gizli,
Əcəb düşdüm işə-dedim.

Tərtər boyu gəzə-gəzə,
Söz sinəmdə döndü közə.
Ulu dağlar, keşkə sizə,
Bir də yolum düşə-dedim.
iyun, 1978

SALAM DE

Şair Bəhmən, taleyimə acıma,
Yurd həsrəti qar ələyib saçıma.
Kəlbəcərli qardaşıma, bacıma
Perik düşən ellərimdən salam de!

Qəriblikdə nə xoş ovqat, nə həvəs
Bizi yaman sıxcalayır bu qəfəs.
Desələr ki Dəlidağın hanı bəs,
Bürcüm uçdu, yağmalandı qalam, de!

Qırov düşdü simlərinə sazımın,
Çəhlimində güllər açmır yazımın.
Beş il qabaq “xaç nişanlı” tazının
Qarşısında ağlar qalan lalam, de!

Başımıza kül ələdi zamana,
Dünya qalmaz naxələfə, yamana.
Bir ox kimi qoyulmuşuq kamana,
Bu yaşımda bir sızlayan “valab”, de!

Ulu Tanrı yaratmayıb sərt bizi,
Arxa bilir ərən bizi, mərd bizi.
Köynəyindən keçiribdi dərd bizi,
İsmayıla qardaşım de, balam de!
1996

İsmayıl İmanzadə
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-04-2020 18:20
Baxış sayı: 4862
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını