"Kəlbəcər getsə, bilin ki, mən ölmüşəm..."- Ülfət Kərimovun şəhadətə qovuşduğu gündür

27-03-2020 13:01
Vətən onu qoruyan, uğrunda can verən qəhrəman oğullarının sayəsində var olub, var və var olacaq. Xalqımız qəhrəman xalqdır deyimi zamanla tarixin yaddaş səhifələrində özünü doğruldub. Qarabağ müharibəsi başayandan şücaəti, igidliyi ilə xalqın qəhrəmanına çevrilən, son damla qanınadək vətən uğrunda vuruşan, şəhidlik zirvəsinə ucalan yüzlərlə oğullar əməlləri ilə sübut etdilər ki, həqiqətən də torpaq uğrunda ölən varsa. Vətəndir. Şərəf və qürur ünvanımız olan igid şəhidlərimizdən biri də Ülfət Kərimovdur. Bu gün qəhrəman kəşfiyyatçı, əfsanəvi döyüşçü Ülfət Kərimovun şəhadətə qovuşduğu gündür...
Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub.1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi oldu. Ü.Kərimov Ağdaban uğrunda döyüşlərdə qəhramancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı. Onun qəhrəmanlığını əks etdirən, rəsmi qeydə alınmış materiallardan bəzilərini nəzərinizə çatdırırıq:
Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir. Yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması münkün olan nailiyyətləridir.
Qeyd edək ki, Ülfət Kərimov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Haqqında yazılar yazılıb, sənədli film çəkilib. Azərbaycanın "Milli Qəhrəman"ı adı verilməsə də, Ülfət xalqın qəhrəmanıdır və  milli qəhrəman adını xalq tərəfindən qazanıb.
Ülfət kimi oğullarımız bizim qürurumuz və şərəfimizdir. Və işğalda olan torpaqlarımızı azad etməklə, şəhidlərimizin ruhunu şad etmək bizim borcumuzdur. Tezliklə zəfər marşı çalınacağına ümid və inam hissi ilə qəhrəman şəhidimiz Ülfət Kərimova Tanrıdan rəhmət diləyir, ruhun şad olsun deyirik.
Sevinc Qərib
Dalidag.az


Kateqoriya: Manşet / Karusel / Kəlbəcər
Tarix: 27-03-2020 13:01
Baxış sayı: 41 223
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını