"Kəlbəcərə Qayıdış" İctimai Birliyinin Milli Məclisə MÜRACİƏTİ

07-05-2020 14:50
"Qarabağ probleminin birdəfəlik və tezliklə həll edilməsi üçün, qəti addımlar atılmalı, Ali Baş Komandanın əmri ilə müharibə qərarı verilməli və dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün müqədəs savaşa başlanılmalıdır". 
Dalidag.az xəbər verir ki, bu fikirlər "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin Milli Məclisə ünvanlanan müraciət məktubundandır. Elektron poçtumuza daxil olan həmin müraciətin tam mətnini təqdim edirik:

"Azərbaycan Respublikasın Milli Məclisinə
“Kəlbəcərə Qayıdış” İctimai Birliyinin üzvləri tərəfindən  

M Ü R A C İ Ə T

Hörmətli Millət vəkilləri!

“Kəlbəcərə Qayıdış” İctimai Birliyi 2019-cu ildə bir qrup kəlbəcərli məcburi köçkün tərəfindən təsis edilib. İctimai Birliyin fəaliyyət istiqamətləri, əsasən, vətənpərvərlik hisslərinin təbliği, Qarabağın unudulmaması üçün davamlı olaraq ideoloji təbliğatların aparılması, eyni zamanda erməni terrorunun xaqlımıza qarşı törətdiyi bəşəri cinayətləri ölkə ictimayətinə və birliyin imkanları daxilində beynəlxalq aləmə tanıtdırmaqdan ibarətdir. Bu istiqamətlərdə bir sıra vacib addımlar atılıb və  bu gün də davam edir.

Hörmətli Millət vəkilləri!

Artıq 30 ilə yaxındır ki, Azərbaycanın tarixi torpaqları erməni terrorçuları tərəfindən işğal edilib. Böyük dövlətlər və beynəlxaql təşkilatlar bu illər ərzində dəfələrlə Azərbaycan dövlətini mənasız danışıqlara çəkməklə, işğal müddətini uzadaraq ermənilərə əl-qollarının açılması üçün geniş imkanlar yaradıblar. Hər kəsə gün kimi aydındır ki, bu günə qədər aparılan danışıqlar münaqişənin həlli istiqamətində heç bir müsbət sonluğa varmayıb.Bütün bunlar sadəcə siyasi protokol qaydalarından, səyahət xarakterli səfərlərdən, cəfəng bəyanatlardan başqa bir şey olmayıb.

Hörmətli Millət vəkilləri!

“Kəlbəcərə Qayıdış” İctimai Birliyi hesab edir ki, Qarabağ probleminin birdəfəlik və tezliklə həll edilməsi istiqamətində qəti addımlar atılmalı, Ali Baş Komandanın əmri ilə müharibə qərarı verilməli və dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüquq normaları ilə təsbit olunmuş haqlı savaşa başlanılmalıdır.
Azərbaycanın qanunverici orqanını təmsil edən Milli Məclisin deputatları olaraq hər birinizin üzərinizdə böyük və tarixi bir məsuliyyət var. Son vaxtlarda Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına, hələ də cəsarətli və kəsərli diplomatik iradə sərgiləyə bilməyən Azərbaycanın Xarici İşlər Nazirliyinin yetərli cavabları olmadığı üçün parlament Qarabağla bağlı ciddi müzakirələrə başlamalı və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması haqda özünün tarixi qərarlarını verməlidir.
“Kəlbəcərə Qayıdış” İctimai Birliyi adından Milli Məclisin rəhbərliyindən və xalqın mandat verdiyi üzvlərindən tələb edirik:

1. Milli Məclisdə Qarabağla bağlı geniş müzakirələrə başlanılsın;

2. Parlament Qarabağla bağlı nəticəsiz danışıqların dayandırılması üçün qərar qəbul etsin;

3. Milli Məclisdə Qarabağ Komitəsi yaradılısın;

4. Yeni yaradılacaq komitədə Qarabağla bağlı ziyalıların, ictimaiyyət nümayəndələrinin təklif və tələblərinin müzakirə olunması təmin edilsin;

5. Parlamentdə media qurumlarının iştirakı ilə Qarabağ münaqişəsinin həlli istiqamətində ictimai dinləmələr keçirilisin.

Hörmətlə,  
“Kəlbəcərə Qayıdış” İctimai Birliyinin üzvləri"


Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 07-05-2020 14:50
Baxış sayı: 4789
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını