Rafiq Yusifoğlunun poetik möcüzəsi

06-03-2020 13:40
Esse

Görkəmli alimlərdən biri demişdir ki, bəşəri ixtiralar (kəşflər) oyun nəzəriyyəsindən başlayır, həqiqətdir. Bir də ona görə ki, anadan doğulan uşaqlar iməkləyən gündən oyuncaqlara sevgi bəsləyirlər. Bu maraqlı oyuncaqlara o qədər aludə olurlar - ana südünü əmməyə də gecikirlər. Məhz “oyun” sözündən “oyuncaq” anlayışı yaranmışdır. Bu bəşəri hissi bir analar daha həssas duyurlar, bir də şairlər. Maraqlı instiktivdir. Çağdaş şairlərimizdən Zahid Xəlil, Mir Sabir, Aləmzar Əlizadə - peşəkarlar; qeyri peşəkarlardan - arabir yazanlar və nəhayət, Rafiq Yusifoğlu yaradıcılığında oyuncaq fenomeni özünə lazımi yer tutur. Mən istedadlı şair Rafiq Yusifoğlunun poeziyası haqqında xeyli sayda məqalələr yazmışam və hər bir yazımda şairin uşaq dünyasına akkazion-fərdi yanaşmasını önə çəkmişəm; görünür, Rafiq Yusifoğlu uşaqlığından hələ (nə yaxşı) ayrılmamışdır, yuxusunda (bu adda “Yuxu” şeiri də yazıbdır) o kövrək, əlçatmaz, həzin hisslərinə qayıtmaq istəmişdir. Qayıtmışmı? Bu sualı şair dostuma heç vaxt vermək istəməmişəm, nə üçün? Bu suala cavabı da özümdən almamışam. Elə nəsnələr var ki, sirr olaraq qalsa qızıla dönər. Amma bu dəfə pozası olacağam - gümanımda kaş yanılmayaydım.
Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı şeirləri (“Göyərçin” dərgisinin 2019-cu ilk sayında) qışın soyuqluğunu etiraf eləməyən bir günündə oxudum, yenə də öz üslubuna sadiqlik, cocuqların şıltaq həyatını duyan, kövrələn qələmilə yazan bir şairin sönməyən ilhamının şahidi oldum. İlk yaşadığım hisslər uşaq duyğularının həzinliyi, hətta yaşın səngiyən çağını nəzərə almayan şair “insafsızlığı”nı! Axı şair bu psixoloji “davranışı” niyə nəzərə almamışdır? Bəlkə özü o uzaq üfüqlərdən boylanan o cocuqluğun xatirələrindən hələ də ayrılmamışdır. Ayrılsa o, uşaq dünyasını yaşaya bilməz, şedevr şeirləri yaddaşından süzülüb itərdi. Axı bu missiya poeziya aləmi üçün bir “poetik davranış”dır. Yoxsa “Ovcumda qar üşüyür”, “Şarımı niyə deşdim”, “Qərib külək” və “Mənim oyuncaqlarım” şeirləri yaranmazdı. Bu nümu-nə¬lərdə obraz öz gələcəyini “görən”, “proqnozlaşdıran” və həzin-ləşən uşaqdır. Bu, necə cocuqdur - onun üçün qar, külək və oyun-caq bir canlı obrazdır (böyük hərflə də yaza bilərdim), Özünü onlarda axtarır, çünki ağıllıdır, düşünməyi bacarır, böyüklər kimi darıxır, həzinləşir, desəm ki, həyatın qəribəliklərini təsəvvürünə gətirə bilir - oxucular məni hissiyyata qapılmış iradəsində başa düşməsinlər. Mənimçün bu uşaq Mirzə Ələkbər Sabirin buzla “məzələnən” və ona tutarlı elmi cavab verən uşağın nəslindəndir. Amma dünyagörüşləri fərqlidir, yaşca ulu babasından kiçikdir. Təbiətə münasibətində də başqa bir duyum vardır: qışın soyuğunu, yağan qarın “xasiyyəti”ni anlayır və tələsmir, çünki məktəbə getmir. Şair konkretliyə yox, təsvirin epikliyinə yer ayırır, hərəkətdə təsvir edir:

Çapıb gəlir uzaqdan,
Olubdur ağ atlı qış.
Bir gecənin içində
Hər yeri ağartdı qış.


Və bu qara ilk izini həkk edən də uşağın özüdür.

Bir bax, qarlı həyətdə
Düşən ilk iz mənimdir.
Şaxtanın öpüşündən
Qızaran üz mənimdir...


Bu uşaq ağıllı olmaqla bərabər, hissiyyatı güclüdür, qışın xasiyyətini dəqiqləşdirməyi bacarır və yenə daxilinə qayıdır. Qış-soyuqluq insana nə bəxş edər: bədənin hərarətini alar, titrədər, bunlar bir yana - zahirən də dəyişdirər. Deməli, soyuq hava insanı baharlığından çıxarar; bu isə “qılınc kəsərliyi” deməkdir; uşaq obrazlı fikirləşir:

Qar ələnib saçıma,
Üstüm-başım bəmbəyaz...
Üşüyürəm yamanca,
Qılınc tək kəsir ayaz


Və bu uşaq narahatlıq keçirir, bəlkə də ilk dəfədir belə bir mənzərəylə qarşılaşır, lazım gəlir bu mövcud halını babası ilə bölüşdürsün.
Bəlkə də belə bir möcüzənin sonu üçün çox narahatdır, axı onun saçı qapqaradır, üst-başı tərtəmizdir və üşüməmişdir. İndi ayazın qüdrətinə bax ki! Babasını inandırmağa çalışır və əyani özünü göstərir ki!

Ay baba, sənin nəvən
Elə bir qar qız olub.
Lap qardan da soyuqdu,
Əllərim bumbuz olub.


Və bu dəfə də şairin uşaq obrazı obrazlı danışır, deməli o, metaforik təfəkkürlüdür, qarlı qışın davranışına səssiz etirazını bildirir:

Qarlı qış at oynadır,
Çöldə nə var üşüyür...
Əlim elə soyuqdu -
Ovcumda qar üşüyür...


Yadımıza salaq ki, Sabirin uşağı ayağa qalxandan, üst-başını çırpandan sonra buza demişdi ki, yaz gələr, əriyib suya dönərsən, axıb çaya gedərsən. Amma qəmlənəcəksən, a buz. Rafiqin uşağı isə öz hərarətini nikbinliklə ifadə edir ki, soyuq qarın özü ovcumda üşüyür, adamı üşüdən uşaq ovcunda üşüyür.
Və ulu babasından az məlumatlı olmadığını da gizlətmir. “Yasamal” adını eşidib, bəlkə də bu yerdə yaşayırlar, amma adın etimologiyası ilə maraqlanır və babasından soruşur:

-Yasamal nə deməkdir,
Baba, başa sal bizə!
-“Yasamal” söyləyirlər
Dağ üstə olan düzə…


Bu uşaqda mənim yozumumda hisslər “qabaqlayıcı”dır - psixologiya elmi də bu cəhəti qeyd edir: bir hadisə (əhvalat) assosiasiyalar doğurur və mövcud vəziyyəti proqnozlaşdırır, təbii ki, bu hiss böyüklərə məxsusdur. Uşaqlarda isə belə yönüm oyun zamanı yaranır, oyuncaqlarda nəyisə fikirləşib nəticə çıxarmaq istəyir.
Rafiq Yusifoğlu bir şair təxəyyülü ilə mövzunu (“Şarımı niyə deşdim”) tapmışdır, qalır bu predmetin qəhrəmanını necə təqdim etsin: sadəcə seyrçimi, başını qatanmı, yoxsa içində hissiyyatını oyadan fakta münasibət kimi? Üçüncünü seçir uşaq, çünki şarda onun nəfəsi var, ruhunu orada qoyubdur. Uşaq bilir ki, nəfəs onun azadlığıdır, yaşamasıdır. Bir də onun nəfəsi cansız əşyanı - şarı hərəkətə gətirib və havaya qaldırıb. Axı deyirlər ruh - nəfəs kainata uçur və oranı özünə məskən seçir; hələlik bu müəmmalı yozumdan uşağın xəbəri yoxdur.

Mən piləyib havayla
Öz şarımı doldurdum.
Ağzına sap bağlayıb
Onu göyə qaldırdım.
Hey əyləndim, oynadım,
Birdən itdi həvəsim.
Şar içində dustaqdı
Axı mənim nəfəsim.


Uşaq öz əyləncəsindən qəfil ayılır, nəfəsi içindən çıxıb, başqa bir predmetə qoşulubdur, fəlsəfədə deyildiyi kimi: maddə heç vaxt itmir, başqa nəyəsə çevrilir. Uşaq bu formuladan xəbərsizdir, amma üç yaşından cocuqların daxilində, beynində gələcəyin bəzi prosesləri yaranır və zamanını gözləyir. Şairin bu uşaq obrazını belə təsəvvürümə gətirdim, bəlkə hissiyyata qapılmışam, balalarımızın heç də qərb uşaqlarından az intellektə malik olmadığına inamından irəli gəlir? İsrarımda qalıram!
Nəfəs öz məkanına - bədəninə qayıtmalıdır. Məkansız qala bilməz, o, ruhdur. Amma uşaq daha hikmətlə qərarını verir:

Sanki qəlbim sıxıldı,
Əməllicə darıxdım.
Şarı deşib, havanı
Azadlığa buraxdım.


Belə xarakterli uşaqlar kövrək, canıyanan, qəribliyi qiymətləndirən olurlar. Belədir ki, o, küləyin biməkanlığına heyifslənir, gücü çatsaydı, bu “halına” imkan verməzdi, təəssüfü ilə kifayətlənir.

Hey uçur eldən-elə,
O, çox yerlər görübdü.
Küləyin yurdu yoxdu,
O, hər yerdə qəribdi…

Belə xarakterli uşaqlar humanist, artıq hərəkətlərindən peşimançılıq çəkən olurlar. Budur:

Bir kimsənin xətrinə
Gərək dəyməyim daha.
Topu təpiklə vurdum,
Küsüb qaçdı uzağa…


Belə uşaqlar “hikmətlə” düşünürlər, nə gizlədim, sanki yaşa dolublar vaxtsız və cocuq illərinə qayıdıblar.
Etiraf edəcəyəm: “Mənim oyuncaqlarım” şeirini oxuyan-dan sonra əllərimin titrədiyini hiss elədim, nə yazacağımı belə vərəqdə dondurdum.
Rafiq Yusifoğlunun “oyuncağı” bir obraz idi, yaşa dolmuş insanların qəlbini sızlatmaq üçünmü qələmə almışdı? Bilirsiz, böyüklər üçün belə şeirlərlə kövrəlmək də, ötənlərə qayıtmaq da mümkündür və elə də hünər deyil. Amma uşaqlar üçün yazdığın şeirlə isə... Bu uşaq artıq oyuncaqları ilə vidalaşıb, oyuncaqlar da ki, indi atılıblar bir yana, ömürdən qırılan günlər kimi. Bu uşaqlar hey baxır, düşünür, onların taleyini yaşamaq istəyirlər.

Bir vaxt canlı idilər,
İndi şam tək sönüblər.
Mənim oyuncaqlarım
Oyuncağa dönublər…


Nə qəribə, nə obrazlı düşüncə və daxildə peşimanlama.
Bu uşaq “Mənim oyuncaqlarım” deyir, məgər indi onunku deyil? Haqlıdırmı, belədirsə, nə üçün? Şair bu sualları uşağın dilindən söyləmir, ancaq hisslərinin diliylə pıçıldayır, axı bu uşaq nankor deyil, kövrək qəlblidir.

Hiss eləmirlər qəti
Sığal çəkən əlimi.
Böyümüşəm, ta onlar
Anlamırlar dilimi.


- demək bir vaxt uşaq da, oyuncaqlar da bir-birlərini necə də anlamışlar. Bir-birlərini kəşf etmişlər.
Biz dedik axı, dünyanın ən böyük kəşfləri oyuncaqlardan başlayır. Bu oyuncaqlar ki, daha uşağın dilini anlamırlar - onun xasiyyətini kəşf etmişdilər. Amma bu uşaq hələ ümidini, əlini oyuncaqlarından üzməmişdir - inama və optimizmə bax! Amma bu uşaq tərəddüd də edir, “oyuncağa dönən oyuncaqlar”ın onunla barışacaqlarına gümanı azdır. Verəcəyi suala ən etibarlı cavabı anasından olacaqdır.

Niyə adiləşibdir
Oyuncaqlarım, ana?!
Ötən günlər qayıtsa,
Onlar gələrdi cana! -


Sual vermir anasına, ona görə ki, hələ uşaqlığından ayrılmamışdır. Sual versəydi hər şey sona çatardı və bu uşaq adiləşərdi. Bir vaxt əyləndiyi oyuncaqlar üçün darıxmışdı, həvəslə oynayırdı, ağılına gətirmirdi, uşaqlığından addım-addım uzaqlaş-dıqca o oyuncaqlar xatirələşirlər, əbədiləşirlər və bütləşirlər. Amma bu uşaqda qəlb kövrəkliyinə bax ki, o həvəsin, o istəyin qayı¬da¬cağına inamına şübhəylə yanaşır və bu dəfə anasına sualla üz tutur:

Geriyə dönəcəkmi
Əvvəlki həvəs görən?
Mənim uşaqlığımmış
Onlara nəfəs verən! –
Fəlsəfi nəticə.
Bəs mənim nəticəm?


Şair Rafiq Yusifoğlunun bu şeirləri son dərəcə şedevr (bu termini yerində işlətməliyik) bədii məhsullardır, böyük bir istedaddan doğan ovqatın payıdır. Bəlkə də özündən bixəbər diqtə olunmuşdur. Təbii hissdir. Bu şeirlərdəki obrazlılıq düşündürə biləcək qədər uşaq psixologiyasına məxsusdur, hadisəni məxsusi detallaşdırır. Bu şeirlər böyükləri belə “uşaqlaşdırmaq” qüdrətinə malikdir. Mən bu hissi yaşadım. Mən yaşamışamsa. Mən möcüzəyə inanmışam.

Allahverdi Eminov
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent

Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 06-03-2020 13:40
Baxış sayı: 31 024
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını