Bu yerlərdən getməyən Məmməd Araz

02-12-2019 18:32

Təsəvvür edək ki, hansısa kanalda süjetə baxırıq, məşhur mahnı səslənir: – "Vətən oğlu, çoban qara, yay sürünü yaylaqlara...” Aparıcı çıxışına başlayır: – Çoban nəğmələri şifahi xalq ədəbiyyatı nümunələrindən biridir. Uşaqkən necə həvəslə oxuyurduq: 

Göydәki göy buludlar
 Yorğanıdır çobanın.
 Yastı-yastı tәpәlәr
 Yastığıdır çobanın.
 Yumru-yumru qayalar.
 Yumruğudur çobanın...

Çoban adı çəkilincə Abdulla Şaiqin "Keçi” şeirini, "Kitabi-Dədə Qorqud”un Qaraca Çobanını, "Pəri ilə çoban” əfsanəsini, Nizami Gəncəvinin "Ağıllı çoban”ını və bu mövzuda yazılmış digər əsərləri xatırlayırıq. Biz də bu gün verilişimizi çoban peşəsinə həsr etmişik. Yaxınlaşırıq qəhrəmanımıza...
Verilişi izləyirik, sonra çoban haqqında oxumaq üçün kitablara üz tutur, Azərbaycan Milli Ensiklopediyasından belə bir məlumat öyrənirik:
"Bukolika, bukolik poeziya (yun. bukolikós – çoban) – Ellin və Roma dövrünün (e.ə.III əsr – eramızın V əsri ) çoban məişətini əks etdirən antik poeziya janrı. Bədii əsasını siciliyalı yarımmifik çoban Dafnis, onun məhəbbəti və ölümü haqqında mahnılar təşkil etmişdir. Yunan bukolikasının yaradıcısı və klassiki Feokrit, Roma bukolikasının banisi Vergili hesab olunur. Kiçikhəcmli, təhkiyə və ya dialoq formasında, hekzametrdə yazılan şeirlərdə təbiət gözəllikləri, kənd həyatının füsunkarlığı, çobanların sadə məişəti təsvir edilir. Bukolik şeirlər fərq qoymadan idilliya (hərfi mənada – lövhə), yaxud eqloqa (hərfi mənada – seçmə) adlanırdı; sonralar şərti olaraq hesab edilirdi ki, idilliya daha çox hiss, eqloqa isə fəaliyyət tələb edir. Yeni Avropa ədəbiyyatında XII-XIII əsrlər folkloru ilə qovuşan bukolika XIV-XVIII əsrlər pastoralının müxtəlif formalarını meydana gətirdi. Lonqun mənsur "Dafnis və Xloya” romanı da bukolik poeziyaya aid edilir”.

Üstəlik çobanla bağlı "Çobanın könlü olsa, tәkәdәn pendir tutar”, "Çobanı özündәn olanın qoyunu dişi doğar”, "Keçinin әcәli çatanda çobanın dәyәnәyinә sürtünәr” məsəllərini xatırlayırıq.
Roma ədəbiyyatının Vergili, Bokkaçosunun, yunan şairi Feokritin, rus şairi A.Sumarokov, V.Jukovski və A.Delviqin yaradıcılığını axtarmaqda, bukolika, pastoral, ekloqa terminlərini ələk-fələk eləməkdə məqsədim var – Məmməd Arazın bircə bəndindən yazmaq. Nizaminin ağıllı çoban obrazına işgəncəsinə görə haqq qazandıra bilmirəm. Maarifin təbliği üçün gözəl əsər hesab olunan Abdulla Şaiqin "Çoban”nına da fərd kimi yazığım gəlir. Ruhuma təkcə Məmməd Arazın "şairi”, "şeiri” olan çoban obrazı yaxındır. Kimi maarif, kimi ədalət, kimi də ibrət dərsi üçün yaradıb bu obrazı. Məmməd Arazsa onu adi insanlardan yüksəkdə görüb və ucaldıb.
Hər kəsin əzbər bildiyi "Əlvida, dağlar” şeirindən danışmağa əvvəlcə Nizami Muradoğlunun "Sözün Məmməd Araz zirvəsi” kitabındakı aşagıdakı hissə ilə tanışlıqdan başlayaq.
"Əlvida dağlar” qoşmasının özündə də dağlarla canlı olaraq vidalaşmaq arzusu əks olunmuşdur. Azərbaycan türklərinin az qala hamısının dilində əzbər olan bu şeirdə dağa sevgi ilə birlikdə ayrılığın gətirdiyi bir həsrət, nisgil də öz poetik ifadəsini tapmışdır. Dağ ilə, dərə ilə vidalaşarkən sanki buludlar ağlayır, onun ardınca göz yaşı-su səpirlər ki, nə vaxtsa şair yenidən bu yerlərə qayıtsın. Bu ayrılığa dözə bilməyən nərgizlər saralır, qartallar qıy vurub uçub gedir, qaragöz pəri də dərdli-dərdli yolları izləyir. Gələndə şairi dağların gülü-çiçəyi qarşılamışdı, gedəndə sanki güllər, çiçəklər solmuş, boz biçənəklər həsrətlə boylanaraq əllərini yelləyir, ayrılığın sədasını küləklər çaylara çatdırır, çaylar da öz növbəsində bulana-bulana ağrılı-acılı nəğmə oxuyur. Şeirdə olan ayrılıq notları oxucunun qəlbinə bir hüzn gətirsə də, sonluq nikbin ruh təlqin etməkdədir. Belə ki, dağların əbədi sirdaşı olan çoban həmişə dağların yanındadır. Çoban xalqın, millətin ümumiləşmiş obrazıdır. Zəhməti ilə halallıq anlayışını özündə birləşdirən çobanın simasında xalqın gücü, qüvvəti, sözü, söhbəti, varı, bərəkəti cəmləşmişdir”
İndi isə "Az sözlə çox şey demək və ya bukolikasız bukolika” başlığı verdiyim duyğularımdan ibarət sətirləri gözlərinizdən keçirin. Şeir haqqında bu fikrə əsasən də müəyyən qədər izah vermək olar. Bilmirdim nə vaxtsa bu şeir haqqında yazacam, amma bilirdim ki, misralar ruhumdan yoğrulub. Bütün bölgələrdə onu nəinki aşıqlar, həyət-bacasında odun yaran, yer şumlayan hər kəs oxuyur. Təkcə kənd həyatı ilə məhdudlaşdırmaq olmaz. Elə şəhərdən gedənlər də, evdəkilərə: – "Bəlkə, bu yerlərə bir də gəlmədim” söyləyir. Hara getmişəmsə bu misraları eşitmişəm. Adları çəkilən müəlliflərin ölkəsində bukolik əsərlər yazılıbsa deməli, bizimkini də lokal hesab etmək olmaz. İnsanların bir-birinə etinasız yanaşdığı bir vaxtda dumanı, dağı fərd kimi dəyərləndirmək, ondan ayrılmağın belə ağır olmağını təsvir etmək üçün böyük ürəyə sahib olmalısan. 
Aşıqların yanıqlı səsi qulaqlarımdan getmir. Şeir artıq Məmməd Arazın deyil, dağların, çobanların, Azərbaycanındır. Doğrudur, güclü bukolika yoxdur, amma bircə bəndlə hisslərimizə elə toxunur ki, təsəvvürümüzdə çoban həyatı canlanır: "Bu qoca dağların biri də sənsən, şairi də sənsən şeiri də sənsən” Misra Məmməd Arazın insanlara münasibətindən, sadəliyindən, sadə olduğu qədər də əzəmətindən xəbər verir. Mənə elə gəlir kimsə şeiri məndən qat-qat üstün təhlil edər, amma məni qədər ordakı ruhu duya bilməz. Bəlkə də, gədəbəyli olmağın – dağ-dərəni, el-obanı, sazı-sözü sevməyin təsirindəndir. Gərək elə təhlil edəsən ki, yazının dil açıb danışmağı bir yana, o, ayaq tutub yeriyə də bilə. Bunu dağ-daşla dərdləşən, belə şeirlərin "dilini” bilən kəs yaxşı bacarar. Mən hisslərə qapıldığımdan ədəbiyyatşünas kimi yaza bilmirəm.
Anam məni dərəyə-təpəyə, meşəyə buraxmırdı. İcazə versə belə gərək bir ay əvvəldən etibar etdiyi ağbirçəklər minnət edərdilər. Kəndin içində kənd həsrəti çəkirdim. Onda sevmişəm bu şeiri. Dağlara duman çökəndə qəribsəyirdim. Hardasa da aşıq oxuyurdu: – "Bəlkə, bu yerlərə bir də gəlmədim, duman, salamat qal...” Aman Allah, bu nə səsdir, necə misralardır! Erkən itirdiyim özümdən kiçik qardaşım da sevə-sevə oxuyurdu. O da o yerlərə bir də getmədi. Məmməd Arazın olmadı şeir, özü Məmməd Araz oldu, çoban oldu, leysan oldu, mən oldum. Bu şeir sizsiniz – yüzlərlə kənd sakini, minlərlə azərbaycanlı. Yetər ki duyasan. İfa edən aşıqların az qala ruhunu görmək olurdu. Başını saza qoyub yana-yana oxuyanda sanki kənd özü susub dinləyirdi. 

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımca su səpir yoxsa buludlar? – 
Leysan, salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan salamat qal, ax – salamat qal!
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən – 
Çoban, salamat qal, sağ-salamat qal.


Bir bəndi bukolika, bir bəndi peyzaj. Bütövlükdə isə Azərbaycan, Məmməd Araz. 
Bu gün duman, dağ, leysan, qaragöz pəri, çaylar, çoban şairinə sağ-salamat qal söyləyir. Bu gün Məmməd Araz cismən son ünvanına yola salınır. Bu gün onun barmaqlarının istisinə çoxdan həsrət qalan qələm buza döndü. Əslində isə şairim bu yerlərdən getməyib. O, "qara torpaq üstündə üfüqə doğru gedən ağ yoldur

Pərvanə Bayramqızı
Dalidag.az
 


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 02-12-2019 18:32
Baxış sayı: 31 064
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını