"Ödəmişəm ayrılığa borcumu..."- Yusif Hüseyn Şaiq Sadıqzadədən yazır

08-11-2019 11:08

Şaiq Sadıqzadə yaradıcılığı haqqında dördüncü yazım...

Kəlbəcər ədəbi mühitinin dərinliklərinə getdikcə adam heyrətlənmiyə bilmir. XIX əsrin axırlarından bu günümüzə kimi böyük bir yol keçmiş, mübarək bir məktəb yaratmışdır-“Kəlbəcər Ədəbi Mühiti”.
Ağdabanlı Şair Qurban, Onun oğlu, hələ sağlığında Dədə titulu almış Dədə Şəmşir, Ayrımlı Hazırcavab Əhməd, Alxaslı Bimar Əli, Zülfüqarlı Qara Ələsgərov, Əslən Göyçəli və Kəlbəcərdə yazıb yaratmım, Aşıq Ələsgər nəslindən olan Əli Qurban Dastançı, Onu da bir daha xatırladım ki, XX əsrin əvvəllərində Aşıq Ələsgər özü də bir müddət Kəlbəcərdə Ayrım dərəsində yaşamış və yaratmışdır. Bəhmən Vətənoğlu,  Sücaət, Ənvər Rza, Məmməd Aslan, Aşıq Allahverdi Qəmkeş, İdris müəllim Verdiyev, Cabir Umud, Əbülfət Sarıoğlu, Həbib müəllim Əhmədov, Əyyub və Yaqub Cabbarov qardaşları və hazırda böyük məsuliyyətlə yazıb yaradan neçə-neçə Kəlbəcərli şairlərin yaratdığı bir səlnamə: Adil Cəmil, Nəsib Nəbioğlu, Əlövsət Saldaş, Məhəbbət Kəlbəcərli, Elşən Əzim, Xəqani Həbiboğlu,İqbal Çəpli İsmayılov, İslam Əzimov, Etibar Şeyda, Cabir Ələsgəroğlu, Milli Daşqın Ziyəddin oğlu, Əhməd Əfsun, Kamil Təbib, Vaqif Hüseyin oğlu Səlimov, Elməddin Nicat və bu siyahıda adlarını çəkmək imkanım olmayan neçə neçə qələm sahiblərimiz.
O şairlər tarixin yaddaşına yazılır ki, onların şeirlərində zaman-zaman xüsusi bəndlər, xüsusi beytlər aforizm kimi dillərdə gəzir. Bu məqamda yuxarıda adlarını çəkdiyim şairlərin hər birindən yaddaşımda yaşayan heç olmasa bir bənd və ya bir beyti sizlərə xatırladacam ki, bunlar da sizlərin yaddaşını təzələyəcək:

“Bir nadan söz anlayınca,
Yüz qanan əldən gedər”.
- Ağdabanlı şair Qurban

***
“Cənnət bağı demək olmaz hər açılan güllərə”,
“Nanəcibə bel bağlayıb uyma yağlı dillərə”,
“Leyli deyib aşiqq olma hərcayi gözəllərə”,
“Təzə aşina axtarınca, köhnə yar əldən gedər”.
-Dədə Şəmşir

***
“Talehin hökmüylə tutulan gözə,
Qızıldan çeşməyin nə mənası var”?!
-Ayrımlı Hazırcavab Əhməd

***
“Qızıldan bədənə qondarılan qol,
Sınıb əyri bitən barmağa dəyməz”.
- Ayrımlı Hazırcavab Əhməd

***
“Kamil usta cəm eyləsə kamalı,
Lazım gəlməz yüz yol ölçə, bir dələ”.
-Bimar Əli

***
“Mən görmədim bu dünyada bir üzlü,
Ara, axtar, insanları bir də ələ”.
   -Bimar Əli

***
“Barilahim... Əsirgəmə, yaxşı karı mərdə ver,
Sağ gözünlə nəzər yetir bax, şikarı mərdə ver...
Namərdlərə imkan vermə, yıxar xalqın evini..
El qədrini mərdlər bilər, ixtiyarı mərdə ver”.
- Qara müəllim Ələsgərov

***
“Sürmə nə layiqdi sənin gözünə?!
Sürməni yöndəmsiz qaşa çəkərlər..
Qiymət verən kimdi bəzəyə, dona,
Ağılnan insanı başa çəkərlər”.
- Əli Qurban dastançı

***
“Ulağın oğlundan xahiş nə lazım,
Atası nə qanıb, oğlu nə qana”.
- Bəhmən Vətənoğlu

***
“Ağıl o ağıldı başı saxlasın,
Başı saxlamayan ağıla lənət..
Yüz fərsiz oğuldan bir qız yaxşıdı,
Başa qaxınc olan oğula lənət”.
- Bəhmən Vətənoğlu

***
“Pul- hörməti, əqidəni, məsləki,
Bu dünyada çox vurubdu daşa haa”.
-Sücaət

***
“Ancaq yuva dağılır, zalımların əlindən”...
“Şeytan söyüş aparır, fitnəsinnən- felinnən”.
“Bayquşun öləndə də “vayı” düşmür dilinnən”,
“Bülbül elə nəğməynən uçub geddir dünyadan”.
-Sücaət

***
“İlahi, insana ya bol namus ver,
Yadaki, yaradıb məxluq eyləmə”.
-Sücaət

***
“Ev tikmədik boz qamışdan, qarğıdan,
Qıy ummadıq yapalaqdan, qarğadan..
Utanmasan Qızılquşdan, Qırğıdan,
Toyuq kimi quş olmağa nə var ki”?!
-Ənvər Rza

***
“Mərd deyil ki, çıraq ilə axtarım,
Namərdlərə tuş olmağa nə var ki”?!.
-Ənvər Rza

***
“Kişilikdən dəm vuranda filankəs,
Yerindəcə daş olmağa nə var ki”?!
-Ənvər Rza

***
“Zora tab gətirməz dəmir qapılar,
Ayaq da çapılar, baş da çapılar..
Ən ağır dərdinə dərman tapılar,
Yetərki, vicdanın salamat olsun”.
-Məmməd Aslan

***
“Könlümün söz adlı qibləgahı var,
Yəni, La İlahə İllalahı var.
Məni dərs aldığım min-min dahi var,
Cəddinə arxayın insan deyiləm”-
Məmməd Aslan

***
“Bu gülü bülbül sevir,
Şirəsin arı çəkir”.
-Xəqani Həbiboğlu

***
“Etibar eyləmə zatı qırığa,
Desələr Allahın yaanından gəlir”.


***
“Qanana çəkəsən zəhmət çəkəndə,
Qanmazda itməyə bircə tikən də”.
-Vaqif Hüseynoğlu Səlimov

Bu yazımın ardı var və inşallah da oxuyacaqsınız.
Yazımın məqsədinə-məramına gəldikdə isə onu demək istəyirəm ki, daha bizlər Hegeldən, Aristoteldən, Albert Kamyudan..Viktor Hüqodan aforizmlər çəkməyi yadımızdan çıxarmalı və öz filosof fikirli şairlərimizin aforizmlərini yeri gəldikcə deməli və yaşatmalıyıq. Elə düşünürəm ki oxucularım da mənim bu fikrimlə həmrah olacaqlar.
İndi isə qayıdıram Kəlbəcərimizin nakam gənc şairi Şaiq Sadıqzadənin yaradıcılığındakı fəlsəfi fikirlərə və aforizmlərə. 27 yaş nədi ki, çox qısa bir zaman kəsiyi və nakam bir talehin sonluğu. Di gəl ki, yazdıqlarından pürani bir ağsaqqal hikmət sahibinin ustadanə kalamlarının sehrinə düşürsən. Bu Şaiq Sadıqzadə yaradıcılığı haqqında yazdığım dördüncü yazımdır ki, inşallah bu günlərdə Şaiqin ruhuna hörmətlə elektron kitab halında “Yusif Hüseyn Ofissial” səhifəmdən də oxuyacaqsınız. Və nə qədər ki, elektron dünyamız var, oxucular oxuyub yaşadacaqlar.
Başqasının dərdini öz dərdi kimi yaşamaq, insanlara qarşı ədalətli və yanımcıl olmaq, başqasının haqqını yeməmək, Şaiqin çox şeirlərinin ana xəttidir:

Aram yaxşı olub riyyaziyyatla,
Mən yaxşı bilirəm hesab çəkməyi.
Mən yaxşı bilirəm bir qəlb qıranda,
Gecə səhərəcən əzab çəkməyi.


Şair bir amal üstündə çalışıb-vuruşur, halallığın necə bir xoşbəxtlik olduğunu insanlara başa salmağa çalışır. Nəticəni, yenə də özünü dərk etmədə görür:

Heç vaxt düşünmədim təkcə özümü,
Könlüm həssas oldu, dərd bilən oldu.
Biriylə böləndə ortaq malımı,
Vicdanım arada tənbölən oldu.


Şair bu şerinin aşağıdakı bəndində talehin amansızlığını da tutarlı deyib:

Aldadır adamı zaman xəlbiri..
Yaxşını ayırmaz, pisi ələməz...
Bəxtin gətirməsə, işin tərs gedər;
Beşi üçə vursan, on beş eləməz..


Şerin digər bəndində ikiüzlü insanların yararsızlığını cəmiyyətə bir daha xatırladır:

Həyat başdan-başa riyazi tənlik,
Özündə saxlayır çox gizliləri..
İnsan var, sifəti həndəsi fiqur,
Nə qədər görmüşəm çoxüzlüləri.


Gənc olmasına baxmayaraq Şaiq bu şerin son bəndində, dünyanı dördəlli tutan tamahkarlara güclü bir mesaj ünvanlayıb. Nə yazıq ki, elə nəfsinə qul olan harınlar öz işindədilər:

İndidən düşün ki, müvəqqətisən,
Bunu anlamağın sonu gec olur...
Yığdığın var-dövlət ölüm gələndə,
Sıfıra vurulur hər şey heç olur.


Şaiq Sadıqzadənin bu şerində bir neçə beyt var ki, aforizm kimi gələcək nəsillərin dilində mübarək kalamlara çevriləcək. Mən buna əminəm.

“Mən yaxşı bilirəm bir qəlb qıranda,
Gecə səhərəcən əzab çəkməyi”


***
“Biriylə böləndə ortaq malımı,
Vicdanım arada tənbölən oldu”.


***
“Bəxtin gətirməsə, işin tərs gedər;
Beşi üçə vursan, on beş eləməz”.


***
“Yığdığın var-dövlət ölüm gələndə,
Sıfıra vurulur hər şey heç olur”...


Bəli, düşündürücüdür. Mən də bu son beytdəki fikri bir şeirmdə başqa prizmadan demişdim:

“Dünya varı əfsanədi,
İnsan torpaq olan yerdə”.
-Yusif Hüseyn

Bu məqamda təvəzökarlıqdan uzaq olsa da özümdən də bir neçə aforiz yazsam elə bilirəm ki oxucular məni qınamaz:

“Ağılsız bəndənin, havalı başın,
Əzabın həmişə ayaqlar çəkir”.
- Yusif Hüseyn

“Axmaq başın əzabını ayaqlar,
Köntöy dilin bəlasını baş çəkib”.
-Yusif Hüseyn

Bir gəraylısında şairin nə qədər duyğulu bir könül dünyası olduğunun şahidi oluruq:

Zəhmətin bar verməz bəzən,
Əkən gülər, biçən gülməz..
Hamıtək deyib-gülərsən,
Çölün gülər, için gülməz..


Bilinməz arxası, önü,
Hara gedir səmti, yönü?!
Bünövrəsiz bir körpünü,
Tikən gülər, keçən gülməz..


Az düşsə ömür payına,
Baxmaz gününə-ayına..
Zəhər qatılar çayına,
Süzən gülər, içən gülməz...


Şaiq Sadıqzadənin şeirlərində həmişə doğlun fikir oxucunu özünə bağlayır:

“Ödəmişəm ayrılığa borcumu,
Çox çəkmişəm o qaş-gözün həsrətin”...


“Ağrısını-əzabını üz bilər,
Gözdən axan bir cüt yaşın həsrətin”...


“Sağlığımda sevin məni, ay qızlar,
Çox çəkərsiz quru daşın həsrətin”...


Rəhmətlik xalq şairi Cabir Novruz deyirdi: “Sağlığında qiymət verin insanlara”.

“Ehh, sənin oğlun da bir gün qız sevər,
Onda haqq verərsən mənə nə vaxtsa”...


”Görüş yerimiz var, əbədi- torpaq,
Sonda qovuşarıq ona nə vaxtsa”...


Hörmətli oxucular, bu mövzu elə bir məzmun daşıyır ki, onu balaca bir yazıda etiva etmək mümkünsüzdür..İnşallah bu qəbildən olan yazılarımı zaman-zaman oxuyacaqsınız. Ta ki Allah rüsxət versin, ömür də möhlət. Şaiq Sadıqzadəyə Allahdan rəhmət diləyirəm. Ruhu şad olsun! Əzizlərinə, doğmalarına, dostlarına, müəllimlərinə və bütün Şaiqsevərlərə Allahdan səbir diləyirəm.Son qəmimiz olsun!

Yusif Hüseyn, şair- tədqiqatçı,
AYB üzvü,”Qızıl Qələm”mükafatı laureatı
07 noyabr 2019 cu il

Dalidag.az



Kateqoriya: Karusel / Tənqid-fikir
Tarix: 08-11-2019 11:08
Baxış sayı: 31 372
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını