İLyas Əfəndiyev- Xəncər (Hekayə)

07-11-2019 19:59

Dalidag.az İlyas Əfəndiyevin hekayəsini təqdim edir:
                                                           XƏNCƏR

Bu əhvalat İran Azərbaycanının kiçik bir şəhərində oldu. Şəhərin arxa tərəfi meşə,qabaq tərəfi isə göz işlətdikcə uzanıb gedən geniş düzənlik idi.Palçıqdan hörülmüş hündür barılar içində yerləşən və demək olar ki,hamısı bir mərtəbədən ibarət kərpic evlərin yalnız damları görünürdü.
Bir ilə yaxın idi ki,şəhər xoşbəxt günlər keçirirdi...Bir ilə yaxın idi ki,İran Azərbaycanında milli hökumət qurulmuşdu.Dukanların üzərindən farca lövhələr götürülmüş,yerinə AZƏRBAYCAN dilində yazılmış lövhələr vurulmuşdu.Küçələrin adları dəyişdirilib Azərbaycanca olmuşdu.Adamlar "ana dili",milli hökumət, "AZƏRBAYCAN" sözlərini indi tez-tez təkrar edirdilər.Elə bil ki,onlar bu sözlərin tələffüzündən sonsuz bir zövq duyurdular...Elə bil ki,onlar bu sözlərlə öyünür,fəxr edirdilər...Səhər tezdən tacir və peşəkarlar Azərbaycan qəzetinin təzə nömrəsini alıb oxumağa tələsirdilər.Onlar Azərbaycan dilində çap olunmuş xəbərləri,şeir və hekayələri böyük ləzzətlə oxuyurdular.
Bir ilə yaxın idi ki, qəsəbədə açılmış təzə məktəbdə gənc qız Südabə xanım,atası sərraf Məşədi Tağının iradəsi xilafına çıxaraq müəllimlik edir,uşaqlara Azərbaycan dilində dərs deyirdi.
Məşədi Tağı qəsəbənin ən varlı taciri olub,yeganə övladı Südabəni fars və firəng dillərində oxutduraraq yüksək təhsilə çatdırmışdı.
Qızı Südabə xanım milli hökumət qurulandan sonra müəllimliyə getmək istədiyini bildirdikdə o,əvvəlcə o qədər əsəbiləşdi ki,az qaldı vurub ev-eşiyi dağıtsın...Sonra qızının öz fikrində möhkəm durduğunu görüb,işi mülayimliklə yoluna qoymaq istədi...
-Bu qədər var-dövlətlə mənim qızımın gedib itin-qurdun uşaqlarına dərs deyib pul alması mənim üçün biabırçılıqdır,-dedi.
Lakin qız itə-qurda deyil,öz həmvətənlərinə xidmət etmək istədiyini bildirdikdə,ağıllı və hiyləgər Məşədi Tağı işin nə yerdə olduğunu anlayıb susdu.19 yaşlı tacir qızında bu üsyan ruhu haradan yaranmışdı? Məşədi Tağı bunu anlaya bilmirdi.Ömrünün 50 ildən artıq bir dövrünü pul kisələri arxasında keçirən,qızılların cingiltisindən başqa bir şey görüb duymayan bu qoca sərraf,az müddətdə bütün gəncliyin qəlbinə,ruhuna hakim kəsilən vətənpərvərlik duyğusunun hökmündəki sirri anlaya bilmirdi...
Onun qəlbi də qarşısındakı qızıllar kimi soyuq və ölü idi...
Südabə xanım ucaboylu,nazikbədənli,ağ və zərif üzü iri,ala gözlərinin mehriban ifadəsi ilə işıqlanmış sakit və mülayim bir qız idi.
Südabədə milli hissin oyanması tarixi çox kiçik və adi təsadüfdən başlanmışdı.Bir dəfə rəfiqələrindən birinin evində ziyafətdə o,gözəlliyi,dövlət və rütbəsi ilə qızlar arasında şöhrət qazanmış gənc bir fars zabiti görmüşdü.Zabir ona baxıb yanındakı qıza demişdi ki:"Gözəl qızdır,amma heyif ki,azərbaycanlıdır".Fars zabitindən təsadüfən eşitdiyi bu sözlər gənc qızın izzət-nəfsini yaralamışdı.
Buna görə də Südabə İran Azərbaycanında qalxan azadlıq hərəkatına ürək yanğısı ilə qoşuldu və bu hərəkatın gözəgörünməz coşğun dalğaları onu öz ağuşuna alaraq çox uzaqlara apardı.Həyatında ilk dəfə olaraq bu gənc qızda milli qürur hissi baş qaldırıb,bütün varlığına hakim kəsildi. O,ürək çırpıntıları ilə səhərlər yerindən qalxır,bir stəkan çay içib məktəbə tələsir,öz şagirdlərini elə təşviş,həyəcan və ehtirasla qarşılayırdı ki,elə bil onları itirəcəyindən,onlara bir şey olacağından qorxurdu.
Çoxları cın-cındır içində olan bu yarımac körpələrin şikayətsiz,tələbsiz baxışları gənc müəllimənin qəlbini odlayırdı.O,bu solğun və müəzzəb üzlərə həyəcanla baxır,göz yaşları içində düşünürdü:"Bax,bunlar mənim həmvətənlərimdir."
Bir dəfə tənəffüs zamanı bayırda bərk səs-küy eşidib,qapını açaraq arakəsməyə çıxdı.Şagirdlər,yaxşı geyinmiş və qorxusundan ağappaq ağarmış bir uşağın üstünə dartınan və əlində xəncər olan 14 yaşlı arıq,qarabuğdayı bir oğlanı güclə saxlayırdılar. Oğlan dartınır:-.Buraxın.Mən ona kimi bişərəf olduğunu gostərərəm-deyə qəzəblə qışqırırdı.
Bu hal müəlliməni çox əsəbiləşdirdi.O,uşaqları aralayıb,əlində xəncər olan oğlanın yanına gəldi.Oğlan onu görərək sakit oldu.Yoldaşları onun qolunu buraxdılar və o,xəncərini arxasında gizlədərək başını aşağı saldı.
--Bunlar niyə dalaşır?-deyə müəllimə şagirdlərdən soruşdu.
Bax,təqsir bundadır,-yaşca o birilərindən böyük və diribaş oğlan,yaxşı geyinmiş uşağı göstərib izah etdi.--İldırım əlində xəncər olan uşaq deyirdi ki,ajanlar bişərəf adamlardır.Bu da deyir bişərəf sənsən.Çünki özünün atası farsların vaxtında ajan olub...
Müəllimə əlində xəncər olan oğlanın qolundan yapışıb müəllimlər otağına apardı.Onun təmiz,lakin onlarca yamağı olan köhnə libasına,qara qıvrım saçlarına,müqəssir halda yerə dikilən gözlərinə baxıb-Xəncəri ver bura-deyə acıqla səsləndi.Oğlan xəncəri arxasında tutb,cavab vermədi.
--Ver xəncəri-deyə müəllimə təkrar etdi. Bu zaman oğlan onun üzünə baxmadan,istər-istəməz xəncəri ona uzatdı.Müəllimə ağ sümük qəbzəli və almaz kimi iti tiyəli xəncəri nəzərdən keçirdi.
--Şagird də özü ilə xəncər gəzdirərmi?-deyə acıqla oğlana baxdı.
Oğlan nəzərlərini yerdən çəkməyərək susdu.
--Demək,xalqın uşağını öldürmək istəyirdin?-müəllimə onu diqqətlə nəzərdən keçirdi.
Birdə oğlan başını qaldırıb şəvə kimi parlaq gözlərini müəllimənin ala gözlərinə dikərək:
--O,xalqın uşağı deyil,ajanın oğludur-dedi.
Onun səsindəki kin və qətiyyətdən müəllimənin qəzəbi dərhal soyudu və o,daha da maraqla uşağa baxaraq:
--Necə məgər,ajan xalqdan deyil?-deyə gizli bir təbəssümlə soruşdu.Oğlan ona xəncər kimi kəskin nəzər salıb,təkrar yerə baxdı.Müəllimə bu ani baxışın mənasını anladı.
--Yaxşı get.Bu dəfə sənin təqsirindən keçirəm.Ancaq bir də belə iş etmə.Eşitdinmi?
Lakin oğlan yerindən tərpənmirdi.
-Niyə getmirsən?
Oğlan başını qaldırıb yavaş, lakin möhkəm səslə:
-Xəncəri verin!-dedi.
-Lazım deyil,get.Məktəb uşağı xəncər gəzdirməz.
Bir neçə saniyəlik sükutdan sonra oğlan güclə yerindən qopub,ağır addımlarla qapıya tərəf getdi və qapıya çatanda dayanıb geri çevrilərək:
-Xəncəri verin,müəllimə-dedi.
Müəllimə onun alışıb-yanan qara gözlərinə baxıb:
-Dedim ki,şagird xəncər gəzdirməz-dedi.
-Yox, verin-deyə oğlan bu dəfə titrək səslə təkid etdi.
-Çıx bayıra-deyə müəllimə qışqırdı.Oğlan başını aşağı salıb yerindən tərpənmədi və acıqla ona baxan müəllim,oğlanın qarabuğdayı yanağından yavaş-yavaş yuvarlanan bir damla göz yaşı gördü.
-Sabah mən bunun əvəzində sənə başqa bir şey bağışlayaram.Axı,xəncər sənin nəyinə lazımdır?
Müəllimənin səsindəki mərhəmət oğlanın qəlbini kövrəltdi .O,yalvardı.
--Məni bağışlayın,müəllimə-dedi,-Vallah bir də heç kəslə savaşmaram.
Ancaq xəncəri verin.
--Dedim ki, sənə bundan da qiymətlisini bağışlayacağam...
-İstəmirəm.Xəncəri verin.O,atamınkıdır.
--Eybi yoxdur.Mən atanla danışaram.
-Atam yoxdur.
-Vəfat edib?
--Bilmirəm.Ajanlar dörd il bundan qabaq tutub apardılar.
Müəllimənin iri-iri açılmış gözləri oğlanın quru atəşlə yanan gözlərinə zilləndi.Bayaqkı bir damla göz yaşı oğlanın yanağında qurumuşdu.
-Necə.Bəs o vaxtdan heç bir xəbər yoxdur?
-Yoxdur.
Bu sözü oğlan elə mükəddər,ümidsiz və yanıqlı ifadə ilə dedi və onun yanan gözləri elə bir ehtirasla müəllimənin əlindəki xəncərə dikildi ki,gənc qız bütün vücudu ilə titrədi və qeyri-ixtiyari hərəkətlə əlini yavaş-yavaş qaldırıb,xəncəri oğlana verdi.
Qız bu hərəkəti müqəddəs bir ayin icra edirmiş kimi elədi.
Oğlanın gözləri sevinclə parladı və o,xəncəri alıb otaqdan çıxdı.
Müəllim bir neçə saniyə onun ardınca baxıb ah çəkdi.
O günü dərsdən çıxıb evə gələndə müəllimə qəsəbə adamları arasında nə isə bir həyəcan hiss elədi.Elə bil ki, onlar hara isə tələsir,nədən isə ehtiyat edib susurdular.Qarşısına çıxan adamlar indi müəlliməni görərkən dünənki şən və mehriban ifadə ilə gülümsəmir,soyuq bir ehtiramla baş əyib,cəld ötürdülər.
Bu nə demək idi?
Axşam ögey anası Zərintac xanım gəlib onu atasının hüzuruna çağırdı.
Başında araqçın,çiynində əba olan Məşədi Tağı tirmə döşəkçənin üstündə oturub sulu qəlyan çəkirdi.
Onun üzündə adəti xilafına olaraq narahat ifadə var idi.
Südabə ayaq üstə onun qarşısında dayanıb :
-Nə buyurursan, ata? -deyə ehtiramla soruşdu.Bir neçə dəqiqə sükutdan sonra Məşədi Tağı başını qalıdırıb qızının üzünə baxmadan:
-Yəqin ki,təzə xəbəri eşitmisən.-dedi.
-Hansı xəbəri, ata?-deyə qız maraqla soruşdu.
-Necə hansı xəbəri ?-Məşədi Tağı zəhərli bir təbəssümlə gülümsəyib əlavə elədi-Görünür,əclaflar (o, demokrat partiya üzvlərini belə adlandırırdı).
başlarını götürüb qaçanda sənə xəbər verməyə macal tapmayıblar.
O,"qaçanda" sözünü xüsusi bir vurğu ilə tələffüz etdi.
-Heç kəs qaçmayıb,ata-deyə qız acığını boğaraq cavab verdi.
--Bu barədə mübahisə etməyin indi mənası yoxdur,qız.-Məşədi Tağı bu dəfə tamamilə sakit və mülayim bir ahənglə sözünə davam etdi.-Əgər qaçıblarsa,çox ağıllı iş görüblər.Şahın qoşunları dünən Zəncana varid olub,demokratların hamısını -uşaqdan-böyüyə qılıncdan keçiriblər.
Sabah,biri gün burada olacaqlar.
Məşədi Tağı susub qəlyandan iki qulab alandan sonra yenə də onun üzünə baxmadan tam sakit və mülayim səslə:
-Dayanmaq lazım deyil.Tezdən maşın gəlib səni Tehrana aparacaq.Aralıq sakitləşənə kimi gedib orada əmingildə qalasan,görək sonra nə olar...
-Mən heç bir yerə getməyəcəyəm.
Bayaqdan bəri birinci dəfə olaraq Məşədi Tağı başını qaldırıb qızının gözlərinə içinə baxaraq:
-Necə.?Sən bu dəfə də mənim üzümə ağ olursan?-deyə qorxunc bir görünüşlə soruşdu.
-Mən xalq müəlliməsiyəm.
--Demək,boğazdan asılmaq istəyirsən.
Məşədi Tağı ayağa qalxdı.
-Xalq nə cür,mən də elə...Pis gündə mən onu qoyub düşmən qərargahına qaça bilmərəm.
Məşədi Tağı yenə də sakit bir ifadə ilə:
-Ağlını başına yığ,qız.Onlar sənin ucundan məni də bihörmət edərlər.-dedi.
-Mən heç bir yeə getməyəcəyəm,ata-Müəllimə çevrilib çıxmaq istədi.
--Dayan-deyə atası arxadan qışqırdı və onun üzü müdhiş şəkil aldı.
Alnının damarları qızarıb şişdi.Gözləri təhlükə qarşısında olan canavar gözləri kimi vəhşi və küt ifadə parladı.-Bu gecədən sonra mənim sən adlı övladım yoxdur.Allah sənə lənət eləsin!Çıx mənim evimdən!.Bu saat çıx!-O kobud hərəkətlə müəlliməni itələyib bayıra saldı.
Kişinin səsinə qızın ögey anası gəldi:
-A kişi,bu gecə vaxtı,soyuqda-qiyamətdə yazığı hara qovursan?
Keç belə!,-deyə kişi qışqırdı.
Müəllim yerindən qopub ağır addımlarla qapıya tərəf getdi.
Ögey ana qızın paltosunu gətirib darvazanın ağzında ona verdi.
Müəllimə paltosunu geyib ata qapısından çıxdı...
-Get.Aqibətini görərik!
Qaranlıqdan gələn bu səs qızın tüklərini ürpətdi.
Göz-gözü görməyən zülmət gecə idi.Qar qarışıq külək uğuldayırdı.Müəllimə büdrəyə-büdrəyə gedirdi.Lakin haraya bilmirdi.Qəsəbədə yaxın bir kəsi yox idi.Mehmanxanayamı getsin? Mümkün deyil,pulu yoxdur.
Soyuq dekabr küləyi qarı sovurur,gecə quduz canavar kimi uğuldayır,müəllimə isə gedirdi...
-Salam,müəllimə xanım.
Qız diksinərək başını qaldırıb,belində odun şələsi,qarşısında dayanaraq qaranlıqda işıldayan gözlərini ona zilləmiş İldırımı gördü və oğlanın cingiltili səsinin şən ahəngi onun qəlbini birdən-birə yüngülləşdirdi
-Belə gec vaxtda meşədənmi gəlirsən?-deyə müəllimə öz dərdini bir an unutmuş kimi təəccüblə soruşdu...
-Bəli,meşədən gəlirəm.Bəs siz bu vaxt hara gedirsiniz?
Müəllimə bu dəhşətli gecədə tək-tənha meşədən odun yığıb gətirən və əynində isti bir paltarı belə olmayan bu 14 yaşlı oğlanın səsindəki həyat qığılcımına,şənlik və cəsarətinə heyrət edərək cavab vermədi. Onlar bir neçə dəqiqə sükut içərisində getdilər.Birdən müəllimə ayaq saxlayıb,qəti ifadə ilə:
-Evdə kiminiz var?-deyə soruşdu.
-Heç kəs müəllimə,bir mənəm,bir də anam.
-Məni bu gecə qonaq saxlayarsınızmı?
--Niyə saxlamırıq,müəllimə,lap istəyirsiniz bir il qalın.
-gedək.
-Həmişə odunumuzu erkən gedib gətirirdim...Bu gün başım dərsimə qarışıb,gecikmişəm.
-deyə oğlan həvəslə danışırdı.
-Bəs belə qaranlıqda qorxmursan, meşəyə tək gedirsən?
-Nədən qorxacam.Oğlan qaranlıqda dişlərini ağardıb gülümsədi.Sonra birdən qaşqabağını tökərək:-Atamın xəncəri yanımda olanda heç nədən qorxmuram-dedi.Onlar qəsəbənin uzaq və dar küçələrindən birində,balaca darvazanın qabağında dayandılar.Oğlan toxmağı vurdu.
Az keçmiş qapı açıldı...
-hardasan,ay bala? Demirsən qurd-quş səni basar yeyər?
Qapını açan arvad əvvəlcə oğluna,sonra müəlliməyə baxıb təəccüb etdi:
-Yeri evə paltar sal.Müəllimə bizə qonaq gəlib,-deyə oğlan sevinclə dilləndi.
Ana hörmətlə geri çəkilərək:
-Buyurun,müəllimə xanım.-dedi
Onlar kiçik bir otağa daxil oldular.Otaq çox yoxsul,lakin təmiz idi. Ortada dəmir soba var idi.Sobanın yanına köhnə bir palaz salınmışdı.Ana evin arxa tərəfinə yığılmış yükdən köhmə,lakin təmiz döşəkçə çıxarıb xəcalət çəkə-çəkə palazın üstünə saldı:
-Əyləşin,müəllimə xanım.
Müəllimə oturdu.İldırım sobanı qaladı.Ananın üzündə pərişan və həyəcanlı bir ifadə var idi.O,ümidsiz və məyus səslə:
-Bu nə işdir,başımıza gəlir,müəllimə xanım-dedi-Qonşımızın oğlu fədai Hüseyn bir az bundan qabaq Zəncandan gəlib.
Deyir,şahn qoşunları camaata bir divan tutub ki,qan su yerinə axıb...
Müəllimə dinmədi.Aralığa sükut çökdü.
-Tezliklə yəqin burda olarlar,-deyə ana vahimə içində oğluna baxıb,sonra Südabəyə dönərək-Şəhərdə qalmayın,müəllimə.Çıxın bir tərəfə gedin.
-Yox,mən heç yerə getməyəcəyəm-deyə Südabə ananın üzünə baxmadan cavab verdi və bunu elə bir ifadə ilə dedi ki,elə bil qadına deyil,öz atasına cavab verirdi.
-Heyifsiniz,müəllimə xanım.Deyirlər onlar arvadlara,uşaqlara da rəhm eləmirlər.
Kimdən bir az şübhələnirlər,boğazdan asırlar...
-Nə edək bacı.Bu şəhərdə mən tək deyiləm.
Elə bu zaman qapı döyüldü.Ana qorxmuş halda müəlliməyə baxdı.Müəllimə soyuqqanlı və sakit səslə:
-Gör kimdir?-deyə oğlana müraciət elədi.
İldırım yüyürüb qapını açdı.Çadraya bürünmüş bir qadın içəri daxil oldu,o,üzünü açdıqda müəllimə analığı Zərintac xanımı gördü.
Qadın göz yaşları içində qızlığına dedi
-Bayaqdan bəri səni axtarmamış yer qoymamışam.Bu həyətə girdiyini bir uşaqdan bildim.İnad eləmə,qızım.Səhər tezdən gərək buradan çıxasan.Özünə yazığın gəlsin.Deyir,onlar sənin kimilərini sorğusuz-sualsız asırlar.
-Sən necə bilirsən ana,7 aydır mən camaatın uşalarına tərbiyə verirəm.Onlara düşmənə nifrət etmək öyrədirəm.İndi təhlükə onların başının üstünü alanda qaçıb həmin düşmənə pənah gətirsəm,mənə nə deyərlər?
Ögey ana mat-məbhut qalıb,cavab vermirdi.
İldırım iri-iri açılmış gözləri ilə müəlliminə baxırdı.
Birdən müəllimə bir şeydən qorxmuş kimi diksinərək:
-Yox,-dedi.-Bu mümkün deyil.Mən heç bir yerə getməyəcəyəm .Qoy mənim 7 ay dərs dediyim şagirdlər məni gələcəkdə lənətlə yad etməsinlər.
Bu sözlər qeybdən gələn fövqəladə bir səs kimi anaların qəlbini əzəmət və ilhamla doldurdu.
Ögey ana ayağa qalxıb
--ALLAH sənə yar olsun,qızım-deyə vüqarla otaqdan çıxdı.
Müəllimənin üzü dəhşətli əzab və çətinliklərdən xilas olub,nəhayət ağ günə çıxan adamların üzü kimi aydın və xoşbəxt bir hisslə işıqlandı və o,həyatın ürəkaçan,adi,xoş hadisələri barədə danışmağa həvəsləndi.Şagirdinin bayaqdan bəri ona zillənib qalmış və çıraq işığında şəvə kimi qapqara bir maye kimi qaynayan parlaq gözlərinə baxaraq,şən təbəssümlə
-İldırım sizı incitmir ki,xala?-deyə anadan soruşdu...
Onun bu qəribə nəşəsi bir anda ana ilə oğula da sirayət elədi.Ana gülümsədi və bu təbəssüm onun vaxtından əvvəl qocalıq şaxtası vurmuş üzünə ani bir gənclik gətirdi.
-Yaman nadincdir,müəllimə,-ana oğluna baxdı.Lakin onun baxışı məzəmmət deyil,məhəbbət və fərəh ifadə edirdi.-Ancaq sizi çox istəyir.Evdə eyzən sizdən danışır.Neçə dəfə istəmişəm gəlib rizaməndlik eləyəm.
Onlar gecə yarısınadək oturub söhbət elədilər.Ev sahibəsi öz dərdini danışdı .Əri xalça karxanasında işləyərmiş.Açıqfikirli demokrat imiş.4 il bundan qabaq həbsə alınmış və xəbərsiz-ətərsiz yox olmuşdu...
--Təbrizə gedib Pişəvərinin özünə dedim,-deyə qadın dərd ilə yanan quru gözlərini yerə dikib nağıl edirdi.--Hər tərəfi axtardı,haç yerdə gördüm deyən olmadı.
-Belə soyuq bir gecədə gəlib apardılar...-deyə ana ah çəkib gözlərini yerə dikdi.
-Ajan böyüyü çox bişərəf adam idi.Qapıda anamı itələyib yerə yıxdı.Görsəm bu saat tanıyaram.Üzü arvad üzü kimi qırmızı bir kişi idi.,-deyə İldırım nəzərləri hələ də yerdə olan anaya baxdı və onun qara gözləri kinli,amansız bir atəşlə parladı.
O gecə müəllimə uzun zaman yata bilmədi.Qısa və müztərib bir ömrün kədərli xatirələri,son 7 aylıq həyatının əziz xəyalları onun yuxusunu ərşə çəkirid.O,bu 7aylıq həyatının indi artıq çox uzaq və irişilməz olan səadəti ilə vidalaşırdı,GÖZƏL VƏ MƏYUS VƏTƏNİ AZƏRBAYCAN HAQQINDAKI NƏĞMƏNİ SOZ DƏFƏ ŞAGİRDLƏRİNƏ OXUTMAQ ÜÇÜN SƏHƏRİN AÇILMASINA TƏLƏSİRDİ...
Səhər açıldı...
Müəllimə geyinib İldırımla məktəbə gedərkən əhali arasında bir qarğaşalıq gördü.Tacirlər yazılmış lövhələri götürüb,yenə farsca yazılanları asmışdılar.
Mürtəce tacirlər
-Sabah-şərəfiniz xeyir,ağa.Gözünüz aydın,deyir,gəlirlər.-deyə bir-birini təbrik edir və gülümsəyirdilər.
Əsnafın,yoxsulların,xırda laverçilərin üzləri isə tutqun və kədərli idi.Onlar salamlaşmadan bu nə işdir,dadaş.-deyə həyəcanlı pıçıltı ilə bir-birindən xəbər alırdılar.
Müəllimə məktəbə çatıb, zəngi vurdurdu və paltosunu çıxarıb sinfə girdi.Lakinuşaqların yarıdan çoxu gəlməmişdi.
Axırıncı dərsdə o,şagirdlərinə AZƏRBAYCAN NƏĞMƏSİNİ oxutdurdu.Dünən qəlbi fərəhli,xoş duyğularla qanadlandıran bu nəğmə indi onda həsrət və hicran doğururdu. Elə bil ki, onun Vətəni haqqında olan bu mahnı indi uzaqlardan, çox uzaqlardan gəlirdi.
O,yaşarmış gözlərini uşaqlar görməsin deyə,üzünü pəncərəyə çevirdi.Elə bu zaman ayaq səsləri eşidildi,bir fars zabiti ilə iki sərbaz içəri girdi.Mahnı uşaqların boğazında qırılıb qaldı.Ucaboylu fars zabiti
-Deyən,Azərbaycan haqqında nəğmə ğyrədirsiniz,xanım.-deyə istehzalı bir təbəssümlə soruşdu.
-Bəli,ağa,Azərbaycan haqqında nəğmə öyrədirəm.Bəs siz niyə silahlı əsgərlə sinif otağına girirsiniz
-Ağayi sərhəngin əmrinə əsasən biz sizi narahat etməli olacağıq,xanim.Buyurun,bizimlə gedək.-zabir qapını göstərdi.
Müəllimə danışmağın mənasız olduğunu hiss etdi.
Zabir bu dəfə sərt halda
-Bizi ləngitməyiniz.-dedi.
Müəllimə çevrilərək qorxmuş gözləri ona dikilib qalan uşaqlara baxdı.İldırım ayaq üstə dayanmışdı.İndi onun gözləri marıta yatıb öz ovu üzərinə atılmağa hazırlaşan pələng balasının gözlərinə oxşayırdı.
-Sağ olun,uşaqlar.Məni yadınızdan çıxarmayın,bəlkə bir daha görüşmədik...Böyük oğlanlar olanda Vətəniniz uğrunda mübarizə edin.Heç bir zaman yaddan çıxarmayın, bunlar, o,fars zabitini göstərdi bizim ən qəddar düşmənimizdir.
-Rədd kon-deyə zabit farsca sərbazlara qışqırdı.
Lakin müəllimə onların özünə toxunmalarına yol verməmək üçün cəld paltosunu geyib qabağa düşdü.Onlar küçəyə çıxanda iki-iki fars sərbazlarının qabağında qolu bağlı aparılan tanış demokratları gördü.Onların ardınca gözüyaşlı arvadlar,bənizləri ağappaq ağarmış uşaqlar gedirdilər.
Qəsəb ağır və dəhşətli bir sükut içində idi.Bu qorxunc sükut içində adamların evlərindən çıxarılırb qolubağlı aparılması müəllimə Varfolomey gecəsini xatırladırdı.O gecədə əd insanları beləcə sükut içində qırırdılar.
Qəsəbə ilə meşənin arasındakı açıqlığa çatanda müəllimə,meydanda qurulmuş dar ağaclarını gördü.Dar ağaclarının yanında isə bir dəstə qolubağlı demokrat durmuşdu.
Onlardan da on addım kənarda 20 nəfər fars sərbazı və 3 zabit dayanmışdı.
Cavan zabit,yoğun və qıpqırmızı sifəti olan eynəkli sərhəngə təzim edib,müəəliməni gətirdiyini və onun rəftarını ərz elədi.
Sərhəng gözlərini qıyaraq qıza diqqətlə baxıb cavab vermədi. Beş dəqiqədən sonra biri qoca,digəri cavan və gözəl bir oğlan olan iki nəfər də gətirdilər.
Onların ardınca köhnə kəlağayısı altından qar kimi ağ saçları dağınıq halda çıxmış,günəşdən yanıb qaralmış arıq sinəsi və üzü dırnaqları ilə cırıq-cırıq edilmiş bir qarı gəlirdi.
Qarı sərhəngin qabağında dayanıb
-Onu öldürmə -deyə təzə gətirilən cavanı göstərdi- Allah dərgahında cavab verə bilməzsən. Onun günahı yoxdur.
-ANA-deyə oğlan qışqırdı.
Ana onu eşitmədi. Sərhəngin qolundan yapışıb dedi
-Bu saçlardan,çalın- çarpaz dağ çəkilən bu sinəmdən qorx. 7 oğuldan bircə o qalıb.
-Bu köpəyi susdurun-deyə sərhəng üz-gözünü bürüşdürdü.İki cavan zabit ananın qolundan yapışıb kənara çəkdilər.Ana,üzündə müdhiş bir təbəssümlə oğluna baxdı.
-Çıxar siyahını oxu-deyə sərhəng yavərinə əmr etdi
Müəllimənin adına çatanda sərhəng gözlərini yenə də qıyaraq ona baxdı.
-Bu hansı Məşədi Tağının qızıdır.Sərraf Məşədi Tağınınmı-soruşdu.
-Bəli -deyə yavər cavab verdi.
-Onu tapın bura gətirin.
Yavər Məşədi Tağının ardınca iki sərbaz göndərərək siyahını oxuyub qurtardı.
-Daha qalan yoxdur ki,-deyə sərhəng sakitcə soruşdu.
-Xeyr,deyə zabit cavab verdi.
Bu vaxt Məşədi Tağını da gətirdilər.
-sən nı vaxtdan kommunist olmusan,məşədi-Sərhəng gözlərini qıyıb ona baxdı.
-Nə sarıdan belə hökm verirsiniz,ağayi sərhəng-Məşədi Tağı sakit və məğrur bir görünüşlə cavab verdi.
-Bu kimi qızıdır-Sərhəng müəlliməni göstərdi.
Məşədi Tağı Südabəyə baxmadan,mənfur sakitliklə cibindən bir kağız çıxarıb təqdim elədi.
Sərhəng kağızı açıb bu sətirləri gözdən keçirdi.Mən qızım Südabə Məşədi Tağı qızını üzümə ağ olub mənimiradəmin xilafına hərəkət etdiyi üçün,aşağıda imza edilən şəxslərin şəhadəti ilə bu dəqiqədən etibarən övladlıq şərəfindən məhrum edirəm..Nə ölüsünə,nə də
dirisinə sahib deyiləm,onun heç bir hərəkətində özümü cavabdeh bilmirəm.
Sərhəng məktubu axıra qədər oxumadı,sərbazlara əli ilə başlamaq işarəsi verdi.
Qabaq cərgədə duranlardan müəllimlə bərabər gətirilən qarının oğlunu və qoca kişini dar ağcınıb altına gətirdilər.
-Kimin bunlardan çikayəti var-deyə sərhəng güc ilə ora yığılan camaata müraciət elədi.Bu qəribə sual hamını təəccübə saldı.
-Mənim şikayətim var,-camaatın arasında bir gənc səsi eçidildi və bunun ardınca İldırım irəli çıxıb sərhəngin yanına gəldi.
Sərhəng onu başdan-başa süzüb
-Şikayətin hansındandır?
Oğlan Südabəni göstərərək
-Bax,o müəllimədən,-dedi.
-Sən bunun şagirdi olmusan?
-Bəli,-deyə oğlan sakit və nəzakətli səslə cavab verdi.
-Hə bu çox maraqlıdır.De görüm şikayətin nədi?.Qorxma
Sonra yavərinə müraciətlə:
-Bu uşağın dediklərini yazarsan.
-Mən ancaq onu sizin qulağınıza demək istəyirəm-deyə oğlan pıçıldadı.
-Çox maraqlıdır-deyə təkrar elədi.Sonra uşağa dönərək.
-Hə gəl,de görüm nə deyirsən.-deyə qulağını ona tərəf tutdu.
Oğlan yanaşı onun qulaına pıçıldadı ki,
-Mən səni tanııyıram.4 il bundan qabaq mənim atamı da tutub aparan sənsən.
Söz ağzından qurtarmamış qolunun içində gizlətdiyi xəncəri var gücü ilə onun xirdəyinə soxdu.
Sərhəngdən boğuq xırıltı eşidildi və o,silkələnib yıxıldı.Adamlar gözlərini sərgəngdən çəkib ona baxana qədər İldırım izdihamın arasından keçib meşəyə girdi.
4 zabitin tapancası onun ardınca gurladı.Lakin sonra məlum oldu ki,güllələrin heç biri onu tutmadı.Meşəni nə qədər arayıb-axtardılarsa,oğlandan heç bir nişanə tapmadılar.

Dalidag.az



Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 07-11-2019 19:59
Baxış sayı: 39 115
Müəllif: İlkin
Tarix: 20 dekabr 2023 19:47
Super metndi
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını