O gəzdirdiyi yalquzaq ruhunu, türklük avazını təxəllüsünə də yansıdıb

28-10-2019 18:35

Tural Turan və ya 30 yaşlı söz!..
Tural Turan

Zaman-zaman ədəbiyyatımız dövrlərə, nəsillərə bölünərək tədqiq olunub, aşılanıb. Hazırkı çağımızda da ədəbiyyatın istər nəsr, istərsə də nəzm, poeziya sferasının bir hissəsini dövrün ədəbi gəncləri təşkil edir ki, bu da daha bir yeni nəslin varlığını ədəbiyyatda ehtiva edir.

Türk dünyasının böyük şairi Rüstəm Behrudi onun şeirlər kitabına ön söz yazarkən kitabdakı mətnlərin bədii məziyyətindən yola çıxaraq deyir: “Sənin şeirlərində fəlsəfi düşüncə misralarına süzülən istedadın işığında fərqli şəkildə boy göstərir. Sən təpədən-dırnağa şairsən!”. Bu yüksək dəyər olsa da təbii ki, ona verilən ilk dəyər deyildi. O yaradıcılığının ilk pillələrindən bu kimi göstərilən bütün dəyərləri böyük məhəbbətlə, iftixar hissi ilə qarşılayıb, gözləri ilə bağrına basırdı. Axı, onun haqqı idi...SÖZ haqqı...YOL haqqı...İSTEDAD haqqı!..

Hələ illər öncə universitetdə oxuyarkən müsabiqələrin birində Xalq şairi Ramiz Rövşən ona birincilik ödülünü təqdim edərkən barəsində bunları söyləyir: “Bu cür davam etsən, sənin öz cığırın, yolun olacaq. Hələ ki, çox gəncsən. Yol qabaqdadır. Heç kimə bənzəmirsən. Heç vaxt da bənzəmə”.

Bəli, əziz oxucu!

Haqqında söz açdığım şəxs əsrarəngiz ürəyə, bənzərsiz şəxsiyyətə, kreativ düşüncəyə, böyük istedada sahib olan SÖZümüzün, ƏDƏBİYYATımızın Tural Turanıdır.


Müasir Azərbaycan poeziyasının yeni nəsil şairlərindən olan Tural Turan 1989-cu ilin 28 oktyabrında Şəmkir rayonunun Alabaşlı kəndində dəmiryolçu ailəsində- kitaba Tanrı məhəbbəti bəsləyən Mətləb müəllimin, ürəyi saflığın, insanlığın ünvanı olan Sevil xanımın ocağında dünyaya gəlir. 1996-cı ildə doğulduğu kənddə birinci sinifə gedir. Hələ dörd yaşından olarkən latın və krill əlifbalarında yazıb-oxumağı bacaran balaca Tural ilk şeirini də elə birinci sinifdə yazır.

İllər beləcə ötür...Yeddinci sinifdə oxuyarkən yeniyetmə şairin şeirləri ilk dəfə mətbuatda dərc olunur. Belə ki, 2002-ci ilin noyabrında Şəmkir rayonunda nəşr olunan “Nur qapısı” məcmuəsininin səhifələrində onun şeirlərinə yer verilir. Təbii ki, bunu yaradıcılıq üfüqlərinə yeni-yeni ayaq açan şəxs üçün böyük uğur hesab etsəm yanılmaram. Amma yol burada da dayanmır, tükənmir...Gənc Tural bundan sonra əyalət və ümumrespublika səviyyəli mətbu orqanlarda “Tural Mətləboğlu” imzası ilə vaxtaşırı çap olunmağa başlayır.

Tural Turan müsahibələrinin birində qeyd edir ki, yeniyetməlik dövründə onun heç vaxt şeir dəftəri olmayıb. Şeirləri kağızlara, dəftər vərəqlərinə, qəzetlərin “ağ yerləri”nə, kitabların künc-bucaqlarına yazırmış. Sonra yazdığı şeiri nə qədər axtarsa da, tapa bilmirmiş. Sən demə gənc şairin şeirləri anası Sevil xanım tərəfindən soyqırıma “məruz qalırmış”. Ortalıqda olan vərəqləri boş kağız parçaları, qaralama dəftər vərəqləri sanıb yandırırmış...

Kitabın, elmin Tanrı kimi qəbul olunduğu bir ailədə böyüyən qəhrəmanımızın ən böyük arzularından biri də tələbə adını qazanmaq, cəmiyyətdə bir ziyalı kimi formalaşıb mövqe tutmaq və təbii ki, bunlarla bərabər yenə yaradıcılığı inkişaf etdirmək idi. Belə də olur...Gənc şair 2007-ci ildə orta məktəbi bitirib, o zamankı Qafqaz Universitetinin filologiya fakültəsinə daxil olur. Bundan sonra Tural Turan yaradıcılığının yeni bir mərhələsi daha da dərin qatlı, yeni ədəbi düşüncələrin sayəsində yaranmağa başlayır. Bu məqamda xüsusən vurğulayım ki, həmin illərdə onun ədəbiyyata baxışının dəyişməsində müstəsna rol oynayan universitet müəllimi, Azərbaycan Milli Elmlər Akademiyasının Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiridi, professor Akif Hüseynli olur. Tural Turan yazdığı yeni şeirlərində doğulduğu kəndin, uşaq vaxtı yaddaşında unikal obraz kimi dərin izlər buraxan yaşlı insanların portretlərini mətnlərə daşıyır. Amma yaradıcılıq tərəqqi dövrünü yaşamağa davam etdiyi üçün bu mərhələnin də ömrü uzun çəkmir.

Şair 2009-2010-cu illərdə uşaqlıqdan bəri içərisində gəzdirdiyi yalquzaq ruhunu, türklük avazını təxəllüsünə də yansıdır. O, “Turan” imzasını ilə mətbuat səhifələrində görünməyə başlayır. Bəlkə də bunu ancaq zaman bilirdi ki, illər keçəcək, gün gələcək, qəhrəmanımız, ərəb kökənli, rus sonluqlu “Mustafayev” soyadından imtina edəcək, atasının və dostlarının etirazlarına baxmayaraq, içinin səsi ilə “Turan” təxəllüsünü hətta özünə rəsmi soyad götürəcək...

2010-cu ildə Tural Turanın "Mənə bir az o dünyadan danışın" adlı ilk şeirlər kitabı işıq üzü görür. Ancaq yaradıcılığının daha da inkişaf etməsi illər sonra gənc şairin xalqın ruhundan yoğurduğu həmin kitabdan imtina etməsinə səbəb olur. Sonralar şair mətbuatda çıxışlarında da bu addımını dəfələrlə qeyd edib, kitabda toplanan mətnlərin onu qane etməməsini səbəb kimi göstərir.

Ədəbi prosesin ciddi imzalarından, iştirakçılarından hesab edilən Tural Turan respublikanın öncül ədəbi orqanlarında şeirləri, ədəbi mülahizələri, təhlilləri ilə çıxış edə-edə zamanı adlamağa başlayır. Amma bu addımlar da qiymətsiz qalmır. O müxtəlif dönəmlərdə çağdaş Azərbaycan ədəbiyyatının Musa Yaqub, Rüstəm Behrudi, Ramiz Rövşən, Zəlimxan Yaqub kimi fenomen ismlərindən öz dəyərini alır. Bu onda sənətə, ədəbiyyata olan məsuliyyəti daha da artırır, şövqlə çalışmağa vadar edir.

Bu minvalla gənc müəllifin 2015-ci ildə “Bələksiz qığılcım”, 2017-ci ildə “Tanrı Qağaya ismarış”, 2018-ci ildə “…Və bütün qaranlıq otaqlar” kitabları işıq üzü görür. Elə həmin il Tural Turanın “Qaranlığın aydınlıq adı” kitabı özbək dilində nəşr olunur. Səmərqənd şəhərində təqdimatı keçirilir.

İllər bir-birini əvəz etdikcə qəhrəmanımız tək ölkə ədəbi prosesində yox, Türkiyə, İran, Rusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistan mətbuatında da hər ölkənin öz dilində müntəzəm olaraq şeirləri ilə çıxış edərək ölkəmizin hüdudlarından kənardakı ədəbi proseslərdə də iştirak etməyə başlayır, ölkələr arasındakı ədəbi-mədəni əlaqələrin tərəqqisinə tövhələr verir.

Tural Turan 2011-ci ildə Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, bir il sonra İdarə Heyətinin üzvü, 2016-cı ildə isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç il sonra Gənclər Şurasının üzvü seçilir.

2019-cu ilin fevralında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə mükafatlandırılır. Gənc şairin yaradıcılıq uğurları istedadının, fəaliyyətinin, əməyinin müqabilində öz axarında davam etməkdə olur. Belə ki, o 2019-cu ilin aprel ayında Prezident Təqaüdünə layiq görülür.

Qəhrəmanımız 2018-ci ilin 13-17 noyabr tarixlərində Özbəkistanın tarixi Səmərqənd şəhərində ilk dəfə gerçəkləşən “Səmərqənd şeir axşamları”nda ölkəmizi layiqincə təmsil edir. İki ölkə arasındakı ədəbi əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə mükafatlandırılır. Hətta həmin izdihamlı tədbirdə səsləndirdiyi “Ay işığı” şeiri tədbir iştirakçılarının, oxucuların gurultulu alqışları ilə ayaq üstə müşayət olunur. Bundan başqa, yeri gəlmişkən qeyd edim ki, gənc şair müxtəlif illərdə Türkiyə və Gürcüstanda keçirilən ədəbi sümpoziumlarda ölkəmizi təmsil edib.

Şairin nəsldaşları da müxtəlif dönəmlərdə onun yaradıcılığı barəsində müsbət fikirdə olduqlarını dilə gətirib, şeirlərindəki özünəməxsusluğu, novatorluğu, fərqli şeir üslübunu ədəbi təhlillərlə vurğulayıblar. Eyni zamanda gənc qələm dostları şairin poetik obrazını bir cümlə ilə bu cür ifadə edirlər: 30 yaşlı söz!..

Ədəbiyyatımızın "2010-cular nəsli"nin parlaq, yenilikçi imzalarından olan Tural Turan həm də jurnalistdir. 10 ildən çoxdur ki, müasir Azərbaycan jurnalistikasında istedadı, savadı, vicdanı ilə xidmət edir. Belə ki, 2008-ci ildən üzü bəri Azərbaycan teleməkanında, mətbuatda, onlayn mediada, radioda – bir sözlə, jurnalistikanın bir sıra əsas sahələrində müxbir, reportyor kimi çalışır. Söz oynadan deyil, sözlə oynayan şair kimi, publisistikada da qələmini zamanın süzgəcindən keçirə-keçirə 30-a gəlib çatıb.

Əziz oxucu, sonda üzümü qəhrəmanımıza tutub demək istəyirəm:

Əzizim, Tural Turan!

Sən ruhunda bir xalqın nəfəsini, düşüncəndə ziyalılığın alicənablığını, yolunda bir şəxsiyyətin izini, sənətində, istedadında bir dünyanın ümumbəşəriliyini əks etdirirsən. Qələminin və sözünün beli bükülməsin, cənab 30 yaşlı söz!..

Emil Rasimoğlu

DALİDAG.AZ



Kateqoriya: Karusel / Yazarlar
Tarix: 28-10-2019 18:35
Baxış sayı: 567
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını