Yusif Hüseyn:"Kəlbəcər- Kərbəlam, Məkkəm, Mədinəm, Dəlidağ- Müqəddəs Mina Dağımdı..." -ŞEİRLƏR

24-04-2020 19:26
Kəlbəcər ədəbi mühitinin tanınmış imzalarından biri də Yusif Hüseyndir. Klassik Azərbaycan şeirinin bütün janrlarında qələmini sınayan Y.Hüseyn ədəbiyyata bir-birindən gözəl şeirlər bəxş edib. Milyonların dərdi olan yurd həsrəti, torpaq itkisi onun da ruhunu göynədir və bu göynərti şeirlərinə, yazılarına yansıyır. Buna rəğmən nəsihət xarakterli yazıları da mövcuddur. Təqdirəlayiq hal odur ki, Y. Hüseyn təkcə şəxsi yaradıcılığını inkişaf etdirməklə kifayətlənmir. Kəlbəcər ədəbi mühitinin elə bir üzvü yoxdur ki, şair onun yaradıcılığını təhlil etməsin, haqqında yazılar yazmasın. Mütəmadi olaraq istər dünyasını dəyişmiş, istərsə də  həyatda olan kəlbəcərli ziyalıları- şair, yazıçı, elm adamlarını təbliğ edir. Bu böyüklük və əsl vətəndaşlıqdır. Söz aşiqliyi ilə yurd sevgisinin, vicdanla vətən oğlu olmaq məramının bariz nümunəsidi. Bu mənada Tanrı qatında, Söz ucalığında məqamı, məkanı var şairin. Eşq olsun,Yusif Hüseyn!

Dalidag.az Sevinc Qəribin təqdimatında Yusif Hüseynin şeirlərini təqdim edir:

***

Tanrı məqamında ruh verib mənə,
Çox kötüklər yanar közümün üstə.
Şerimi dizimin üstə yazsam da,
Çörəyim olmadı dizimin üstə..

Gecələr büdrədim, gündüzlər azdım.
Bir yolun əyrisin min yerə yozdum...
Tanrı sevgisini qəbimə yazdım,
Vətən sevgisini gözümün üstə..

Acılar görsəm də ömrün köçündə,
Alnıaçıq gəzdim ellər içində.
Nə vaxtsa,.nə vaxtsa güllər içində..
Uyuyub yatacam üzümün üstə...

Kimsə bilə-bilməz nədir gələcək?!
Kimlər ağlayacaq, kimlər güləcək?!
Zaman dəyişəcək, məqam gələcək,
Mamır göyərəcək izimin üstə..

Yoruldum dünyanın qeylü-qalından..
Doydum arzuların xam- xəyalından.
Beş arşın payım var, dünya malından,
Kimsə qumaş çəkməz bezimin üstə..

Yolum dolaşsa da Haqqın yoludu.
Yusif Haqq bəndəsi, Allah quludu,
Məni tanıyanlar məndən halıdı,
Ürəklə dayandım sözümün üstə...

***

Gəncliyim dağlarda itkin düşübdü,
Bu mənim yurd dərdim, binə dağımdı.
Bu doğma, bu köçkün ellərin dərdi,
Dərmanı olmayan sinə dağımdı!

İllərdi elimlə birgə köçkünəm.
Dərd imkan verdimi danışam, dinəm?!
Kəlbəcər- Kərbəlam, Məkkəm, Mədinəm,
Dəlidağ- Müqəddəs Mina Dağımdı.

Çəkdiyim ağrılar az olmayıbdı,
Ömrümə xöş günlər yazılmayıbdı.
Ay Yusif, gümanım azalmayıbdı,
Dağlar güvənc yerim, yenə dağımdı!

ÇOX AXTARDIM...


Çox axtardım, tapammadım, yoruldum,
Xan Tərtəri, Ağbulağı, Ağ çayı...
Duruluqdan gözəl nə var dünyada?!
Durulduqca gözəl olur dağ çayı...

Ay Dəlidaq, necə deyim dəlisən?!
Sən dağların gövhərisən, ləlisən...
Bilmirəm ki, dəli mənəm, dəli sən?!
O dağlarda qoyub gəldim, haqq çayı....

Mədinəmdi hər qayası, hər daşı...
Ürəyimin dağlar boyda sirdaşı...
Kəlbəcərin Tərtər adlı "göz yaşı",
Axır mənim gözlərimdən bax, çayı...

Yusif üçün Ulu Tərtər, Xan Tərtər...
Mən bilirəm nə çəkirsiz, cann..Tərtər...
Mən yanıram, mənim kimi yan, Tərtər...
Gəl çat, mənim gözlərimdən yığ çayı...

BİZ ZAMANA CİHAD, ÜSYAN BORCLUYUQ...


Zaman bizi sınağına çox çəkib,
Biz zamana cihad, üsyan borcluyuq.
Düşmənlərə qan udduran intiqam,
Haqsızlığa adil divan borcluyuq.

Can qıydınsa, bax ondadı qələbə,
Haqsızlığı yıxandadı qələbə.
Taleh gülsə, yaxındadı qələbə,
Ana yurda biz şəhid can borcluyuq.

Cənnət yoxmuş o dağlardan savayı,
İçimizdə qan ağlayır harayı.
Torpaqlara canımızdan can payı-
Şəhidlərə bir dünya qan borcluyuq.

YUSİF, çağır səsin çatsın Təbrizə,
Qoca dünya heyrət etsin qoy bizə.
Zəngəzurdan-Qarabağdan-DƏNİZƏ
Bütöv bir can, AZƏRBAYCAN borcluyuq.

"AĞRILI-ACILI DÜNYAM-KƏLBƏCƏR"


Görən qayıdarmı, ömrümə təzdən,
Analı-bacılı dünyam, Kəlbəcər?!
O qayğısız illər, o doğma komam,
O bağlı-baxçalı dünyam, Kəlbəcər?!..

Küsgün talehimlə barışdı, getdi.
Nağıl dünyasına qarışdı, getdi,
Yuxumda mənimlə danışdı, getdi..
"Qapılı-bacalı dünyam"-Kəlbəcər..

Bəxtimə yazılan taleh necə sərt..
Bu bəxt oyundusa, nə mərd, nə namərd?!.
Mənim ömrüm boyu çəkəcəyim dərd;
"Ağrılı-acılı dünyam"-Kəlbəcər...

Yusif, doğma dağlar bu gün xəyaldı,
Bir yanı zəhərdi, bir yanı baldı;
Orda gəncliyimin sevdası qaldı..
"Cavanlı-qocalı dünyam"-Kəlbəcər..

"DƏRDİMİ DAŞLARA DEDİM, ÇATDADI,
DƏRDİMİ DEMƏYƏ DAĞ GƏZİRƏM MƏN"


İllərdi ki, “dəmir çarıq geymişəm”,
Əldə “dəmir əsa”, Haqq gəzirəm mən..
Hələ Vətən acı, Yurd düşkünüyəm,
Elə bilməyin ki, tox gəzirəm mən.

Artıq Qarabağan keçdi, addadı...
Qarabağ töhməti bizi oddadı..
Dərdimi daşlara dedim, çatddadı,
Dərdimi deməyə Dağ gəzirəm mən..

Hərdən leysan olub, yağıb gedirəm..
Hərdən şimşək kimi çaxıb gedirəm..
Dərdimi sinəmə sıxıb, gedirəm,
Necədə arsızam, şux gəzirəm mən..

Cismim gedənlərin cərgəsindədi..
Canım əzrayılın pəncəsindədi..
Ruhum Dəlidağın zirvəsindədi,
Elə bilməyin ki sağ gəzirəm mən..

Yusif ömrü boyu ağıl axtarıb...
Şirin nağıllardan “noğul” axtarıb..
Hələ qeyrət adlı oğul axtarıb,
Hələ atını da “Ağ” gəzirəm mən...

OLUR


Bir həyat eşqi var bir damla suda..
Bir fidan boy verib, bir ağac olur..
Vaxt olur taxtı-tac viranə qalır...
Miras yad əllərdə xam- xərac olur...

Tanrı nəzərində külli-ixtiyar...
Kimi dərd içində,..kimi bəxtiyar...
Deyirlər bir dərdin min əlacı var...
Vaxt olur min dərdə bir əlac olur...

Bayquşlar ulayır doğma elimdə...
Solub çiçəyim də..solub gülüm də...
Yüz mahal dağılır haram əlində...
Bir halal insana ehtiyac olur..

Ehh..kimlər baxacaq Yusif dalınca?!
Ac qılınca çapar,..xəstə balınca...
Nə qədər görsə də bollu-bolunca...
Dünyadan köçənin gözü ac olur...

"YUSİF DƏ GEDƏCƏK, YANMA, EL OĞLİU,
 BU DAŞQIN ÇAYLARDA, SEL ARASINDA"


Varım olmasa da, bir təmiz adı,
Qorudum, gözlədim el arasında.
Haçansa sözlərim çiçək açacaq,
Gəzdiyin bağçada, gül arasında.

Yazdığım kiməsə sonda çatacaq,
Dediyim lazımı tonda çatacaq.
Mənası nə yazıq onda çatacaq;
Adım dolaşanda dil arasında.

Ömürdən olanım-olmazım getdi,
Ləlim xırdalandı, almazım getdi.
Solan çoxdan solub, solmazım getdi,
Közüm də itəcək kül arasında.

Könlüm də doludu, gözüm də dolu..
Ulular gedibdi getdiyim yolu!
Yusif də gedəcək, yanma, el oğlu,
Bu daşqın çaylarda, sel arasında!

***
Göz kor olsa, vicdan görər,
Vicdan, kor oldusa, heç nə.
Ağıl-kamal hesabında,
İnsan, "fır" oldusa, heç nə.

Tanrı, xalqın imdadıdı,
Öz doğması, öz yadıdı.
Səbir, Allahın adıdı,
Səbrin, dar oldusa, heç nə.

Bəndə necə yarısın ta?!
Şeytanların sırasında?!
Dörd divarın arasında,
Həyat, "gor" oldusa, heç nə.

Yusif, gəzmədi şöhrəti,
Nə dövləti, nə sərvəti..
Dünyanın, dərdi, möhnəti,
Sənə yar oldusa, heç nə!!!

GEDƏCƏM


Elə bilmə əbədiyəm,
Gedəcəm, sirdaş, gedəcəm!
Yol üstəyəm, gedəriyəm,
Olacam "yaddaş"-gedəcəm!

Sağollaşıb getməyəcəm,
Halallaşıb, getməyəcəm,
Dağdan aşıb getməyəcəm,
Bir "qaraca daş",- gedəcəm!

Dünya hansı yaşındadı?!
Ürəyim, yurd daşındadı.
Ruhum dağlar başındadı,
Bir köçəri quş, gedəcəm!

Bir talehin, savaşıyam,
Dərdin, qəmin sirdaşıyam.
Bir cüt doğma göz yaşıyam,
Yanaqlardan yaş, gedəcəm!

Qürubuna yenmiş günəm,
Dərd əlində yandı sinəm.
İnanma ki, geri dönəm,
Gedəcəm, birbaş gedəcəm!

Qalxmağa dizim qalmadı,
Deməyə sözüm qalmadı.
Dünyada gözüm qalmadı,
Ölümə qardaş gedəcəm!

Yusif dərddən halı getdi,
Gedər-gəlməz yolu getdi.
Kim dünyadan dolu getdi?!
Mən də əli boş gedəcəm!
Gedəcəm, sirdaş, gedəcəm!

"İKİ ƏLİM OLUR, AĞILSIZ BAŞIM,
 QIÇIM SIZIM-SIZIM SIZILDAYANDA"


Nadan nə bilir ki, nə çəkirəm mən,
İçim sızım-sızım sızıldayanda...
Bilmirəm dünyanın hansı üzünə
Köçüm, sızım-sızım sızıldayanda...

Çəkilib cövhərim, quruyub yaşım,
Daha nəyə gərək qorxu-təlaşım...
İki əlim olur, ağılsız başım,
Qıçım sızım-sızım sızıldayanda....

Yusif, talehində qəm qucaq-qucaq...
Çətin ki, isidə səni bu ocaq...
Ağlayan olacaq, yanan olacaq,
Köçüm sızım-sızım sızıldayanda...

ÜZ TUTUB GEDİRƏM, DAŞIMA SARI...

Ömrümün günləri vaxtsız-vədəsiz,
Çəkilib dolandı yaşıma sarı..
Payızın xəzanı səssiz-səmirsiz,
Ələndi, töküldü başıma sarı...

Üç-beş kəlmə dedim, ağızda getdi...
Bir sevdam var idi o qızda, getdi...
Bahar vaxtsız soldu, payız da getdi,
Yolum haçalanıb qışıma sarı...

Hardadı gəncliyin qumaş yolları?
Qarşıda Yusifin çaş-baş yolları..
Bu çınqıl yolları, bu daş yolları,
Üz tutub gedirəm, daşıma sarı...

"HARDANDI BİR BELƏ ƏCİNNƏ, YUSİF?!
 AZMIAM ŞEYTANLAR-CİNLƏR İÇİNDƏ"


Yaxşı da olubdu, pis də olubdu,
Mənim yaşadığım günlər içində...
Səsimə qoşulan səs də olubdu,
Haraylar içində, ünlər içində...

İnsantək yaşamaq deyilmiş asan,
Gərək ilan kimi qabıq qoyasan...
Bir comərd tapasan, ya tapmayasan
Bir belə milyonlar-minlər içində....

İnanma ağılın gücünə, Yusif...
Çətin ki, kiminsə vecinə Yusif...
Hardandı bir belə əcinnə, Yusif?!
Azmışam şeytanlar-cinlər içində...

BU OCAĞIN ƏTRİ, BU SACIN ƏTRİ...

İlahi, nə qədər əzizdir mənə,
Bu həyətin ətri, ağacın ətri...
Məni Kəlbəcərə apardı yenə,
Bu ocağın ətri, bu sacın ətri...

Yuva axtarıram, olmayan yerdə,
O dağlar özüymüş Ocaq da, Pir də...
Qayıda ömrümə, qayıda bir də,
O güllü-çiçəkli yamacın ətri...

İtdi arzuların ümid boxçası,
Soldu bu dünyanın bağı, baxçası...
Qayıtmaz anamın "taxtı-taxçası",..
O qucağın ətri, o saçın ətri...

BİR ŞAİR VAR...

Zaman-zaman haqsızlığın ağrısın,
Torpaq çəkib, millət çəkib, quş çəkib...
Yazıqlar ki, dərdimizin acısın,
Gözümüzdən axıb gələn yaş çəkib...

Torpaq kimdən əsirgəyib varını,
Yazın çiçəyini, qışın qarını?!
Ta əzəldən bu dünyanın barını,
Yaz gətirib, payız yığıb, qış çəkib...

Bizim ulu babalardan məsəl var;
Dərd gələndə, yer titrəyər, göy ağlar...
Axmaq başın əzabını ayaqlar,
Köntöy dilin bəlasını baş çəkib...

Yusif bu gün bu dünyanın köçündə,
Yox olacaq heçliklərin heçində...
Bir şair var, şairlərin içində,
Ömrü boyu daş daşıyıb, daş çəkib..

AXIRDA

Duman çökür, çalma başa dolanır,
Ağıl, kamal huşa dönür axırda...
Gün əyilir, ömür yaşa dolanır,
Yollarımız qışa dönür axırda...

Bir belə ki, quşürəklər görürük,
Bir belə ki, daşürəklər görürük,
Girdın başlar, boş ürəklər görürük,
Ömrümüz də boşa dönür axırda...

Vaxt ələyir, dən də dəndən ayrılır,
Dağlar bizdən günü-gündən ayrılır...
Cisim candan, ruh bədəndən ayrılır,
Deyirlər ki, quşa dönür, axırda...

Bənzəyirik budaqdakı yarpağa,
İnsan ömrü aya-günə sadağa...
Varlığımız gor qoynunda torpağa,
Yoxluğumuz yaşa dönür, axırda...

Şair Yusif, ömür ucuz, gün baha..
Baxan kimdi bu amana, bu aha?!
Ümid adlı yol gedirik sabaha,
Ünvanımız , daşa dönür, axırda..

Yusif Hüseyn

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 24-04-2020 19:26
Baxış sayı: 41 272
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını