Süleyman Abdulla:"Ayağın altındakı torpaq küsüb səndən əllərini göylərə tapşırandan sonra..." -ŞEİRLƏR

10-04-2020 16:05
"...ilahi bir təmizlik varmış dağın başında,
niyə üşüməyəsən bəyaz qarın eşqinə?
Bir vida vadisinə cismin hələ çatmamış
göy üzünə baxasan buludların eşqinə..."


Dalidag.az Sevinc Qəribin təqdimatında Süleyman Abdullanın şeirlərini təqdim edir:

DARIXMAQLIĞIN VƏSFİ


Əllərini göyə tapşırandan
ayaqlarının altında
üşüdüyünü hiss edirsən torpağın,
əli soyuq, ürəyi isti olanlardansan, çünki...
Təkcə dua oxumaqla deyil,
ən gözəl görüşlərin baş tutacağı bir yer olmalı
addımlarını möhkəm atmağa.
Havadan asılı qalmaq olmur hər vaxt,
üstünə çökməyə
bir yamac yaşıllıq da lazımdır
fikirlərin dumanda azdığı vaxt...
Qaya mamırlarındakı həna
isti ilə soyuğun görüş yerindən nişanədir əslində
Ən uzaq qütblər arasında
bir həlim hava cərəyanı dövr edir demək
Sərt iqlim olmur,
uzlaşmayan səmtlər olur səma çaylarının axınında,
Rüzgarların qopardığı tozanaq var
qasırğaların hiddətində,
qum fırtınası gözlərinin önündə oynamaqdadırsa
Unutma ki,
unudulacaq çox şey var həyatda
gözlərini qapa və atıl burulğanlara
yerlə göyün vəhdəti var əksliklərin bətnində.
Yağan dolunun şaqqıltısı altında inləyən
şam ağaclarının ahını dinlə... dinlə... dinlə!
Bir daha dönməyəcək o nağıl,
bir daha qayıtmayacaq o kölgə
bir daha yaşanmayacaq o duyğular...
hər yan kədər dolu...
Baxma bu şəhərin boşluğuna,
bir urək qədər deyil səhraların sonsuzluğu.
Ayağın altındakı torpaq küsüb səndən
əllərini göylərə tapşırandan sonra...
ağlamağı titrəyən buludlara qaytar!

KÖLGƏLƏRİN İNADI


Ağrımaqla olmur ey, ağlamaqla heç deyil,
Çarə,- dərddən sıyrılıb dikəlməkdir,- deməli.
Ayaq altda qalmaqmı...
heç vaxt heç nə gec deyil,
Qalxıb soruşulmalı:-... əl üstə kimin əli!

Qalxıb soruşulmalı:- bu nə oyundur, adam,
Çox cəza kəsdirməyə, çox məhkəmə qurmağa.
Ev yıxmaqda peşəkar, olursan qurmaqda xam,
Millətin kürəyində yer qalmadı vurmağa.

...Yer qalmadı vurmağa yara üstündən yara,
Kimdir öyrədən səni hamının başını kəs.
Vətən xəritəsidir bürünən ağrılara,
Göy duaya qapalı, yerdəki haqq eşitməz.

Yerdəki haqq eşitməz, səsini çıxar görək,
Kim nəyə çəpik çalır, kimlərə kim verir dil.
Bir az özünü toxta, tətiyi dabana çək,
Ağlamaqla deyil ey...
ağrımaqla heç deyil!

ÜRƏK-DİRƏK

Qorxmayın, bu şəhərdə dəhşətli deyil ölmək,
Çox sərçənin dimdiyi qalıb dənin altında.
O gördüyün, canlı yox, gəzərgi başdaşıdır,
Bir adam dəfn olunub hər kölgənin altında.

Çıxmağa tapmır macal altda qalanın canı,
Mini acından gedir, beşi kefdə-damaqda.
Ölmək ölməkdir, amma, beyqəfildən adamın,
Nəfəsini kəsirlər, olmur xırıldamaq da.

Yalandı bu ölkədə vətən daşı doğulmaq,
Çalış ürəyindəki Haqqın səsini susdur.
Yaşatmazlar əyrilər burda...
Düz olanları,
öldürən nə mikrobdur, nə koronavirusdur.

Sən nəyə dözmədin ki, ey günü qara gəlmiş,
Çox da aclıq çəkirsən, bir azca da ağrı çək.
Fələyə yardım edər qansızlar öz qanından,
Qorxmayın, bu şəhərdə dəhşətli deyil ölmək!

VAR


Elə də daş deyil sinəmdə vuran,
Hərdən ağrımağı, sıxılmağı var.
Ayağa durmaqsa davanın sonu,
Qəfil yıxmağı var, yıxılmağı var.

Nədir bu fitnə-fel, sənliksə əməl,
Sərçə mədəsində dənliksə əməl...
Məchullu-məlumlu tənliksə əməl,
Həllin vurulmağı-çıxılmağı var.

Keçməz boğazından söz, ara darkən,
Kəcliyə çəkirsən düz yolu varkən...
Ağzında haramı halal udarkən,
Boğazda ilişib tıxılmağı var.

SON GÖRÜŞ


Yellər saçlarımı qarışdırmada,
Qoymur ürəyimdə əsəni görüm.
Fikrimdi dağılan...
kədərim deyil,
Ay evi tikilən, gəl, səni görüm.

Bəxtdə ayrılıqdır, Tanrı nə yazsa,
Özüm haqq deyiləm, haqqım tarazsa...
Zəhlən də tökülsə, zəndin də azsa,
Demə, nə it-qurdu, nə səni görüm!

Ən sona saxladım mən ilk cəhdimi,
Adın sevincdimi, ya fərəhdimi?...
Gedim,- kəndirimi...
gəlim,- əhdimi,
Durum,- ümidimi kəsəni görüm.

BİRDƏN


Birdən anlayım ki, qırıldı qolum,
Birdən hiss edim ki, gücüm tükəndi.
Dişimin dibində xırçıldasın qum,
Mat qalım, üstümü kəsən nə çəndi.

Dilim də tutulsun susmağa dərdi,
Bütün gileyləri unutdum elə.
Haqq ki, var,- batdığım...
boyum qədərdi,
Bulud gözlərini, Tanrım, yum elə.

Yenə də gecikib qalım səbirdə,
Baxım ki, çatası mətləb qalmayıb.
Gözümü açanda görüm ki, bir də,
Tezdən ayılmağa səbəb qalmayıb.

MÜMKÜN OLMAYAN


Yalandan adı çıxıb doğru təsadüflərin,
İndi hamı bilir ki,heç nə səbəbsiz olmur.
Qurtaranda bilərsən mənasını miflərin,
Nə yazırsan yaz, amma, yaratmaq təbsiz olmur.

Çox çətindi rəng qatmaq sözün hər çalarına,
Bağ deyil ki, payızda sevinəsən barına...
Sinə gərmək olmur ey, ürək ağrılarına,
Dərdsiz-dərmansız olmur, iynəsiz-həbsiz olmur.

Arada deyinirəm özümlə hər xüsusda
Bir az dil boğaza qoy, din də, danış da, sus da...
Savadı qıcqırana demək olmur, ay usta,
Heç nə təlimsiz olmur, heç nə məktəbsiz olmur!

SU KİMİ ŞEİR


Gedənlər dönəcəkmi,- canına susamışlar,
Min ilin səhrasında bir damla su tapılmaz.
Üz-gözündən axar tər, ayağın altından qum,
Çox gəzərsən əlində boş camla, su tapılmaz.

Dodaqları çatlamış üfüqlər udur cığı,
Süd yolunun acıdır zülmətlərin ən sıxı.
İlğımda qərq olmağa bəs etmir ay işığı,
Tək çınqıya tamarzı min şamla su tapılmaz.

Sonda dəyəri qalmaz yaxşıların, pislərin,
Qatmaqarışıq düşər yel ağzında izlərin.
Qaçarsan üzərinə xəyal oazislərin
Yanğını ya yarıla, ya tamla,- su tapılmaz.

Saçına qum yağırsa gözün üstə çək səsi,
İçində bir şübhənin fırfıradır şəkk səsi.
Bir-birinə qarışmış ləpirlə külək səsi,
Nə tapılar, bilmirəm, adamla su tapılmaz.

AĞ ŞEİR

...bəli, qurtardı cığır,
tükəndi son nəfəs də...
bir ahlıq külək keçdi üz-gözünü yalayıb.
bütün uçurumların dibi müəmma dolu,
özünü buraxırsan səssiz üçəcən sayıb.
ilahi bir təmizlik varmış dağın başında,
niyə üşüməyəsən bəyaz qarın eşqinə?
Bir vida vadisinə cismin hələ çatmamış
göy üzünə baxasan buludların eşqinə.
...sonra, tappıltı səsi...
...bir anlıq kəskin ağrı...
lay divarlar titrəyər zil qaranlıq rəngində.
uzaqda...
lap uzaqda bir ağız hıçqırıq...
və...
ananın ağ saçları küləklərin çəngində...

HARMONİYA


Orda güllər var idi, ağappaq, al qırmızı,
Orda yamyaşıl idi otlar, ağaclar, kollar.
Elə masmavi idi göylərin dərinliyi...
Gah qapqara olurdu, gah da sapsarı, - yollar.
Tutmuşdu balçiçəyi arıların gözünü,
Çobanyastıqlarıydı köks ötürən dərindən.
Böcəklər vermişdilər ağız-ağıza, şən-şən,
Nəğmələr uçuşurdu qaymaqçiçəklərindən.
Zirvənin qurşağından sürünürdü bəyaz çən,
Üstündə gəzdirirdi boz qaya dalğınlığı.
Qartalın uçuşuymuş adrenalin deyilən,
Qanımı coşdururdu rənglərin çılğınlığı.
Çırpırdı yamaclara biçənəyi küləklər,
Üfüqlərdə üzürdü buludların alayı.
Quşların cəh-cəhində yuyunurdu su səsi,
Durnagözü axırdı dərədəki dağ çayı.
Bənövşə titrəyirdi sübh şehinin nazından,
Göz doluydu gözəllik hər tonda rəng çaları.
Meh dolça düzəldirdi büllur su zanbağından,
Nərgizlər göz vururdu qımışan şüalara.
Üzü şər vaxtınaydı badyaların süd ağzı,
Narın çisəklər idi qarışan dağ sisinə.
Sürü-sürü axırdı örüşdən arxaca yol,
Qarışırdı buzovlar quzu mələrtisinə.
...Sonra, hər şey dəyişir önə qaçır kadrlar,
Gözlərimin içindən keçir yaşanmış ömür.
Rəngbərəng fraqmentlər qarışır bir-birinə,
Bir az nimdaş...
bir az cod...
bir az şıltaq...
bir az kür.
Uşaqlaşır qəlbimin incələn sarı simi,
İçimdə duyğuları yenə titrədir zaman.
Burda saç-saqqalımda ilahi bir bəyazlıq,
Orda yamyaşıl idi arzularım bir zaman.

SONA UÇUŞ


Hər kəsin özünə görədir doğrusu,
hər kəsin öz həqiqəti...
İniltiyə görə bilmək olur başqasının ağrısını,
yoxsa,
kimdir anlayan
səssizlikdə ürəyi partlayanları...
bir gün xəyal qırıqlığında atılmaq var özündən,
boşluqlar heyrətlə izlər uçuşunu ümidsizliyin.
qandal bəhanədir,
qısılmaq istədiyin qucaq açılmayacaqsa...
paraşüt misalıdır kəndiri kəsilmək,
aşağıda gözləyən...
yuxarıda seyr edən...
hələ ki,
sona bir nəfəs dərmək də var,
bir udumluq hava...
bir sinədolusu ah...
ağrılardan qurtulmaqdır əsası,
sonra,
nə ola...
ola...

SƏHV

Əslində, oyun deyilmiş,
Uduzub, uddum sandığım.
Əlini məndən üzübmüş,
Əlindən tutdum sandığım.

Gec bildim o eşq umanı,
Azdırdı zəndi, gümanı...
Demirəm çəni-dumanı,
Gözü buluddum sandığım.

Dərd varmı canı sıxmayan,
Dəm varmı evi yıxmayan?!
Əvvəl, ağlımdan çıxmayan,
Sonra, unutdum sandığım.

MİZAN-TƏRƏZİ

Sığmır dərisinə xırdalar daha,
Quyruq böyələyi başa fil çıxır.
Olmur hər kələyin üstünü vurmaq,
Hər işin altından bir zibil çıxır.

Qürur mənbəyidir alıb-aldatmaq,
Qırmızı yalanlar daha ağ olmur.
Elə bəzənir ki, saxta adamlar,
Gerçək olana da inanmaq olmur.

Əl-əl gəzməkdəyik Haqq deyiləni,
Bir doğru min yerə yozulan gündən.
Bini-bərəkəti qaçıb ölkənin,
Dünyanın nizamı pozulan gündən.

Ölçülər, ülgülər düşüb baş-ayaq,
Qarışıb özünə başı Tanrının.
Laxdır Həqiqətin təməli, dostum,
Yağmır başımıza daşı Tanrının.

Hər gün kəşf olunur yeni usul, çəm,
Hələ biz bilməyən nələr var daha.
Elə böyüyüb ki, cılız adamlar,
Sığmır dərisinə xırdalar daha.

ÇİÇƏKLİ YOLLAR

Daha çiçəklərin sıxma canını,
Əl dəyən hər könül gülüstan olmur.
Xoş hava adamı aldadır bəzən,
Hər can söyləyənə cavab can olmur.

Yuxu gətirəndir yasəmən ətri,
Şirin röyalarda çox yol azılıb.
Nə olsun, çökmüsən yaşıl otluğa,
Adamın alnına getmək yazılıb.

Yolun damarını qırmaq var hələ,
Beş gün piyada get, bir gün atlı keç.
Niyə pəsinirsən qurddan, quzudan,
Adam olan yerdən ehtiyatlı keç.

Kompasa oxşamır dolu qumquman,
Susuz səhraların dərya qumu var.
Ayağı sürüşən çoxdu düz yerdə,
Bunun dərəsi var, uçurumu var.

Sənin dağ dediyin güvəncədir, get,
Sərt yoxuş xeyirə çıxılar, dostum.
Hər kəs bir heykələ dırmaşmaq istər,
Hər kəs bir şəkildən yıxılar, dostum.

Çiçəkli yollarda şər qarışan vaxt
Nömrəsiz zəng gələr telefonuna.
Axşama düşəndə saata baxma,
Vaxtsız səfər də var ömrün sonuna.

Süleyman Abdulla

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 10-04-2020 16:05
Baxış sayı: 4859
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını