Aqil Şirinov:"Kəlbəcərdə tək bir erməni ailəsi belə, yaşamırdı..."

02-04-2020 13:59
Bu gün doğulub boya-başa çatdığım Kəlbəcərin işğalı günüdür. 
Təqribən bir ay bundan əvvəl youtube-da bir video materiala rast gəldim. 2017-ci ildə çəkilmiş bu videoda bir erməni jurnalistin Kəlbəcərdə məskunlaşmış dırnaqarası erməni tarixçisindən aldığı müsahibə öz əksini tapmışdı. Bu dırnaqarası tarixçi Kəlbəcərin qədim erməni şəhəri və guya 1870-ci ilə qədər ermənilərin məskunlaşdığı bir yer olduğunu və köçəri türklərin bura daha sonra gəldiyini iddia edirdi. Haşiyə çıxaraq qeyd edim ki, Kəlbəcərdə nəinki bir erməni kəndi və ya məhəlləsi, tək bir erməni ailəsi belə, yaşamırdı. Bu şəxs öz iddiasını isbat etmək üçün Kəlbəcərdə heç bir məscidin olmadığını, amma çox sayda xristian məbədinin mövcud olduğunu dedi. Hətta utanmadan Qafqaz Albaniyasına məxsus məbədlərdən birinin adını da çəkdi. Bu şəxs adını çəkdiyi xristian məbədlərinin ermənilərlə və Qriqoryan kilsəsi ilə heç bir əlaqəsinin olmadığını yaxşı bilirdı, sadəcə əlində fakt olmadığı üçün yalan “faktlar”a əsaslanmağa çalışırdı. Amma Kəlbəcəri utanmadan öz “ata yurdu” adlandıran bu erməni bir faktı bilmir və bilə də bilməz, bilməsi üçün babaları Kəlbəcərdə yaşamalı idi. Onun bilmədiyi bu faktı mənim uşaqlıq yaddaşıma ağsaqqal və ağbirçəklərimizin verdikləri məlumatlar həkk etdirmişdi. Bəli, Kəlbəcərdə, həm də o erməninin müsahibə verdiyi Kəlbəcər şəhərində yaşı yüzillərlə ölçülən məscid var idi. Bu məscidlə əlaqəli Kəlbəcərin ağsaqqal və ağbirçəklərinin hafizəsində çox acı xatirələr var idi. 1930-cu ildə Azərbaycanın bir çox yerində olduğu kimi Kəlbəcərdə də Sovet hakimiyyətinə qarşı qiyam başlamışdı. Bu qiyama yaşlı nəslin nümayəndələri rus dilindəki “восстание” sözününü təhrif olunmuş variantda tələffüz edərək “vastanya” deyirdilər. “Vastanya”-nın başçısı sözügedən məscidin axundu Məşədi Saleh Hacı Şirin oğlu (1875-1930) olmuşdur. Məşədi Saleh camaat arasında “Məşə Salah” adı ilə tanınırdı. O, Sovet hakimiyyətinə qədər fəaliyyətini davam etdirən və uşaqların təhsil alması üçün nəzərdə tutulmuş bir məktəbxana (mədrəsə) da açmışdı. Təqribən 10-15 gün davam edən bu üsyan Sovet qoşunlarının müdaxiləsi nəticəsində amansızcasına yatırılmış, çox sayda insan, o cümlədən ruhanilər qətlə yetirilmiş və ya Orta Asiyaya sürgün edilmişdi. Məşədi Saleh də Nargin adasında güllələnmişdi. Yaşlılar deyərdi ki, məscidin iki minarəsi olub və bu minarələri Sovet məmurları üsyandan sonra sökmuş, məscidin özünü isə anbara çevirmişdilər. Aşıq Ələsgər də vaxtilə bu məscidi və minarələrini vəsf edərək belə demişdi: “Gəşt elədim, bu dünyanı dolandım, Kəlbəcərin xeyir-şəri yaxşıdı. Məscid, minarəsi, məktəbxanası, Torpağı şirindi, yeri yaxşıdı”. Kəlbəcərin məsciddən də qədim bir qəbiristanlığı var idi. Qəbir daşları arasında çox sayda at və qoç heykəllərinə rast gəlmək olurdu. Bunun özü belə, bu diyarın qədim türk-oğuz yurdu olduğunun sübutudur. Məscid haqqındakı xatirələrdən fərqli olaraq, erməni bu qəbiristanlıq haqqında yaxşı məlumatlıdır, çünki işğaldan sonra öz soydaşları dağıdıb. Amma o, bu çoxəsirlik qəbiristanlıq haqqında danışmadı, susdu, çünki danışsa özü-özünü təkzib etmək məcburiyyətində qalacaqdı. Kəlbəcərə yenidən qayıdacağımıza və bu tarixi məscidi bərpa edəcəyimizə inanıram. Aprel zəfərinin Kəlbəcərin işğalı ilə demək olar ki, eyni günə təsadüf etməsi bu inamı daha da artırır.

Aqil Şirinov, İlahiyyat üzrə fəlsəfə doktoru,
Azərbaycan İlahiyyat İnstitutunun
Elm və innovasiyalar üzrə prorektoru 

Dalidag.az




Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 02-04-2020 13:59
Baxış sayı: 3795
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını