Rafiq Yusifoğlu:"Təzə sözümüzü köhnə dərdlərin yalın ayağına geyindiririk..." -ŞEİRLƏR

26-03-2020 12:57

"...Özüm tək qaçqındı könül dincliyim,
Hələ də ürəyim dərd közündədi…
Dəcəl uşaqlığım, qaynar gəncliyim
Yanan körpülərin o üzündədi…"


Dalidag.az Rafiq Yusifoğlunun yeni şeirlərini təqdim edir:

AÇILAN SƏHƏRLƏR,PARLAQ ULDUZLAR

“Bu nəhəng şair, dəyərli alimimizlə mən hər görüşəndə ondan nəsə öyrənirəm. O, açılan səhərlər, parlayan ulduzlar kimi həmişə təzədir. Allah möhkəm can sağlığı versin. Həmişə yazıb yaratsın”...(Əşrəf Veysəlli)

Əgər düşüncələr gəlirsə haqdan,
Sözün ləngərindən dərə tərpənir...
Dağın sinəsinə çəkilən dağdan
Axı nə xəbəri dərə-təpənin?

Nələr görməmişik gözü böyüdən?
Yurdsuzluq qəlbimi ağrıdır, qardaş...
Şairi böyüdən, sözü böyüdən
İçindəki dərddi, ağrıdır, qardaş...

Deşir qulağımı bayağı səslər,
Hamı kül üfürür xalqın gözünə.
Adının önündə xalq olan kəslər,
Necə çıxacaqlar xalqın üzünə?!

Həsrət selləriylə dərd yumalıyıq,
Hikmət göylərində uçan nə gəzir?!
Hərəmiz bir nəhəng dərd yumağıyıq,
Onu çözələyib açan nə gəzir...

Yarasa gözlülər inləyir dərddən,
Qaranlıq bəbəklər qığılcım udur...
Bərq vuran ulduzlar dərd qaynaq edən
Şair qələminin qığılcımıdır...

Zaman da üyütmür bu namərdləri,
Yatan ürəkləri döyündürürük.
Təzə sözümüzü köhnə dərdlərin
Yalın ayağına geyindiririk...

Gəlmişik ağrını söz eləməyə,
Ciyər para-para, qəlb cadar-cadar.
Bizim ömrümüzü təzələməyə
Təkcə Yaradanın qüdrəti çatar...

Haqq nuru məlhəmdi şair sözünə,
Yaradan göylərdən izləyir bizi...
Ay qardaş, nə vaxtsa haqqın üzünə
Açılan səhərlər gözləyir bizi...
20.12.2019

HƏYAT EŞQİ

Gözəlliyə, sədaqətə baş əyən
İnsan oğlu sevə bilməz riyanı.
Qəlbimizə iman nuru düşəndən
Çin elədik neçə şirin röyanı!

Sinəsində çiçək bitən daşa bax,
Ürəkdəki sevgiyə bax, yaşa bax!
Haqqımızdı insan kimi yaşamaq,
Kim görüb ki, bu həyatdan doyanı?

Həsrət odu sinəmizi dağlayır,
Ümid bizi bu dünyayaya bağlayır,
Ay çıxanda sevgi seli çağlayır,
Gün çıxanda ürək nura boyanır.

Könlümüzü gözəlliyə verəndə,
Təbəssümü çiçək kimi dərəndə,
Qönçələyən budaqları görəndə,
Qəlbimizdə həyat eşqi oyanır.

Yusifoğlu, gördün ağı, qaranı,
Ürəyində hikmət nuru yaranıb,
Bu dünyada qədrini bil hər anın,
O dünyada vaxt onsuz da dayanır…
27.02.2020

VAXTIM OLMAYIB

“Heç qocalmamısınız” deyən bir gözələ

Titrək ayaqlarım yer tutan gündən,
Gəzib dolanmışam bu yer üzünü...
Mənə də pay düşüb toydan, düyündən,
Duymuşam həsrətin qaynar közünü.

Yolumu salmışam neçə gülşəndən,
Göz yaşım şeh olub çiçək gözündə.
Qəlbimə ilk sevgi nuru düşəndən,
Sərgərdan qalmışam bu yer üzündə...

Zirvəyə qalxanda durub sübh çağı,
Görmüşəm yamacda xeyli bulaq var.
Məcnun tək gəzmişəm səhranı, dağı,
Mənə gəl-gəl deyib Leyli bulaqlar...

Gecələr gözümə getməyib çimir,
Gözəl mənzərələr durub qarşımda.
Görəndə dənizdə ay necə çimir,
Sevgi şimşəkləri çaxıb başımda...

Heyrətlə baxmışam qövsi-qüzehə,
Məni əfsunlayıb neçə mənzərə...
Çiçəyin gözündə bərq vuran şehə,
Baxanda ürəyim bələnib zərə...

Yad əldə dinməyib qəlbimin simi,
Daşı da sevgiylə dindirmişəm mən.
Sevgi əzabını ac arı kimi
Şirin nəğmələrə döndərmişəm mən.

Nanə yarpağına dönübdür ürək,
Dincliyim dumana bürünüb, itib.
Hər yağış yağanda çöldə gül-çiçək,
Qəlbimdə təptəzə sevgilər bitib...

Könlümdən keçib ki, gələndə bahar
Güllərin ovcunda şəbnəm içim mən.
Məni xoşbəxt edib şirin əzablar,
Sevgi qoşunları keçib içimdən...

Məcnun tək sevmişəm payızı, qışı,
Vəzifəm olmayıb, taxtım olmayıb.
Sevib-sevilməyə qarışıb başım,
Mənim qocalmağa vaxtım olmayıb...
02.02.2020

SABUN VƏ QİYAMƏT ELÇİSİ

“Ay baba, Yer kürəsini sabunlayıb yumaq olsaydı,
canımız qurtarardı tez-tez əllərimizi sabunlayıb yumaqdan…”

Nəvəmin sözlərindən

Heyrətdən çiçək də dönüb daş olar,
Başına min oyun açıblar Yerin.
Bu acgöz, qaniçən, cəllad naşılar
Dünyanı nə hala salıblar görün?

Dəliyik, qanmazıq ya biz, ya bunlar? –
Maska taxanlara baxıb qımışdım…
Əlimi yusam da, bu gün sabunla,
Dünyadan əlimi çoxdan yumuşdum…

Bəs biz harda idik bu çağa kimi?
Bir şey duymurduqmu seldən, doludan?
Qına çəkilməklə tısbağa kimi
Qorunmaq mümkünmü gələn bəladan?

Vəlvələ yaradıb qorxu canında,
Yazıqdı, bədbəxtdi bu el, bu ulus…
Acgöz insanların nəfsi yanında
Toya getməlidi koronavirus…

Gəlir üstümüzə bir qorxunc bəla,
Onun səbəbini duyasan gərək.
Əlləri yumaqla iş bitmir, bala,
Dünyanın özünü yuyasan gərək…

Əsil üz görünər boya itəndə,
Haqqın öz meyarı, ölçüsü gələr…
Abır olmayanda, həya itəndə
Yerə qiyamətin elçisi gələr…

Səhraya çevrilib nə qədər gülşən,
Çiçək açılmasa, bülbül ötərmi?
Natəmiz əllərlə bu günə düşən
Dünyanı yumağa sabun yetərmi?!…
15.03.2020

BİLMİRDİK AXIRI BELƏ OLACAQ

Natəmiz əlləri saldıqca işə,
Bizi dalanlara dirədi virus.
Nankor insanların kürkünə düşən
Bir qəddar, amansız birədi virus....

Daha fayda vermir fəğanlar, ahlar,
Boğulub kor oldum mən öz tüstümə,
Bir vaxt etdiyimiz gizli günahlar
İndi virus olub gəlir üstümə...

Küçəyə çıxmaq da olubdur yasaq,
Axır ki, başımız dəydi toxmağa.
Bir vaxt pis işləri maskalamasaq,
Məcbur olardıqmı maska taxmağa?

İllərlə özümüz seçdik bu yolu,
Yada quyu qazan özü də düşər.
Həkim boğazından kəsilən pulu,
Koronavirusa xərcləyir bəşər...

İndi yuxumuz da çəkilib ərşə,
Qaynar köksümüzdə sönüb od, ocaq.
Biz asi olanda aya, günəşə
Bilmirdik axırı belə olacaq?!
23.03.2020

TƏMİZ ƏLLƏR


Qəlbdən keçənləri əzrayıl duyub,
Virusla qorxudur ellərimizi...
Hər gün neçə dəfə sabunla yuyub,
Spirtlə silirik əllərimizi...

Düşmənin əmrinə olub müntəzir,
Çox daşlar atmışıq biz dost dağına...
İndi küçələrdə viruslar gəzir,
Hamımız dönmüşük ev dustağına...

Çıxmağa qorxuruq el arasına,
Elə bil dönübdür ölkə yumağa,
Gedə də bilmirik dostun yasına,
Hər əl qadirdimi ləkə yumağa?

Təmiz arzuları apardı sellər,
Təbəssüm itəndə, qəm üzə çıxar...
Rüşvət virusuna yoluxan əllər
Çətin ki, sabunla təmizə çıxa...

Özümüz salmışıq borca dünyanı,
Daha insanlara hava, su çatmır.
Yarası qan verir qoca dünyanın,
Elə bil onun da havası çatmır...

Yağış əlac etmir solan güllərə,
Qəlbimdə nə qədər ağrı, acı var.
Bu çirkli dünyanın təmiz əllərə
Bilirsən nə qədər ehtiyacı var?!
25.03.2020

YALANLAR

Atalar deyirdi dünya dağılsa,
Yalan ayaq tutar, yeriyə bilməz...
Dağa dağ çəkilər küllük dağ olsa,
Hönkürən ürəyim kiriyə bilməz...

Qəlbim də yurdum tək viranə qalıb,
İçimdə arzular qızıl qan qusur...
Yalan Qarabağda yurd-yuva salıb,
Yurdundan didərgin həqiqət susur...

İnləyən qəlbimiz qırıq kamança,
Dağlar gözümüzə olub göz dağı.
Həqiqət gözünü açıb-yumunca,
Yalan alovunda çıxar cızdağı...

Kimə uzadasan axı əlini? –
Adam heç kəsə bel bağlaya bilmir.
Kükrəyib çağlayan yalan selini,
Həqiqət bəndləri saxlaya bilmir...

Yalanlar pis günə qoyar dünyanı,
Xəzinədar olub ilanlar yenə.
Həqiqət yağışı yuyar dünyanı,
Sudan quru çıxar yalanlar yenə...
15.12.2019

ZAMANIN YANAN KÖRPÜLƏRİ
VƏ HƏSRƏT SELLƏRİ


İşı çalxanmaqdı qədim nehrənin,
Ürəkdən gələn yaş gözü göynədir,
Geriyə yol yoxdu, zaman nəhrinin
Yanan körpüləri bizi göynədir …

Könlüm viranədir, dağılıb huşum,
Nələr qazanmışam mən yetmiş ilə?
Şəkilə çevrilib əllim, atmışım,
Nəfəs-nəfəsəyəm mən yetmiş ilə…

Dadmışıq taleyin ömür payından,
Arzular beşiyi olub qəlbimiz.
Adlayıb zamanın neçə çayından
Üzü gələcəyə can atmışiq biz…

İçimdə bir körpə uşaq ağlayır,
İnsanın xoş günü keçmişindədi.
Zamanın çayları, coşur çağlayır,
Ömür dəyirmanı öz işindədi…

Həsrət ayazında bir sazaq idim,
Bu da son, indidən dərd məni alıb…
Əllidəndən, atmışdan yüz uzaq idi,
Yetmişdən üç addım məsafə qalıb…

Geriyə dönərmi ömrün axarı,
Meydan oxusaq da biz dağa, daşa?
Onsuz da dünyanın yoxdu axırı,
İstər əlli yaşa, istər yüz yaşa!

Dərd abıra salıb neçə arsızı,
Xoşbəxt günlərimiz arxada qalıb.
Anamın gözündə qalan arzusu
Qəlbimi ağrıda-ağrıda qalıb…

Vətənsiz bir ömür ömür-gün deyil,
Zaman arzumuzu verdi yellərə…
Dönmək istəsək də, bu mümkün deyil
Atalı, analı xoşbəxt illərə…

Özüm tək qaçqındı könül dincliyim,
Hələ də ürəyim dərd közündədi…
Dəcəl uşaqlığım, qaynar gəncliyim
Yanan körpülərin o üzündədi…

Ağrı elə ağrı, dərd elə dərddi,
Onun qocamanı, körpəsi yoxdu.
Zamanın dəyişməz qanunu sərtdi,
Həsrət sellərinin körpüsü yoxdu…
27.12.2019


ARXA PLANDAKI QARLI DAĞ

Bu səhər oğlum mənə Amerikadan bir şəkil göndərib. Altında isə bu sözləri yazıb.“Arxa plana baxsan, qar görəcəksən… Bizim küçə…”

Küçəniz uzanır zirvəyə sarı,
Şəkili böyüdüb dağlara baxdım…
Düşüb aramıza hicran hasarı,
Sinəmə çəkilən dağlara baxdım.

Mənim xəyalımdan nələr keçmədi?
–Sanki başı qarlı Kəpəzə qalxdım.
Elə bil gözlərim bir cüt çeşmədi,
İçindən Bərgüşad, Həkəri axdı…

Ayrılıq əzabı çəkir dağ mənə,
Həsrət şehə dönüb ləçəyə düşür…
Arxa plandakı qarlı dağ mənəm,
Şəfəqi sizin də küçəyə düşür…
28.12.2019

Rafiq Yusifoğlu

Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 26-03-2020 12:57
Baxış sayı: 41 455
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını